Month: September 2025

  • İlham Əliyev III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb (Yenilənib)

    Prezident İlham Əliyev “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin müraciətin mətnini təqdim edir:

    “Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.

    Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, bu mötəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Forum çərçivəsində müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi dairələrin nümayəndələrinin bir araya gəlməsi statistika sahəsində qabaqcıl bilik və təcrübələrin bölüşülməsi, eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühit yaradacaqdır.

    Müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha da artıraraq mühüm vasitələrdən birinə çevrilmişdir. Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır. Bu səbəbdən, Beynəlxalq Statistika Forumu metodoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal bir platforma kimi çıxış edir.

    Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir. Biz rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatlara xüsusi önəm veririk. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal inkişaf gündəliyinə töhfə verməyə səy göstərir.

    Bildiyiniz kimi, BMT-nin Statistika Komissiyasının qərarı ilə bu il oktyabrın 20-də “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında Ümumdünya Statistika Günü qeyd ediləcəkdir. Əminəm ki, həmin əlamətdar gün ərəfəsində baş tutan Forum statistika cəmiyyətinin bir araya gələrək gələcəyə yönələn önəmli təşəbbüslər irəli sürəcəyi, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparacağı məhsuldar müzakirələrlə yadda qalacaqdır.

    Hər birinizi qarşıdan gələn Ümumdünya Statistika Günü münasibətilə təbrik edir, Forumun işinə uğurlar arzulayıram”.

    * * * * *

    Prezident İlham Əliyev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, müraciəti Baş nazir Əli Əsədov oxuyub.

  • Müəllimləri daşıyan mikroavtobus aşdı – 20 yaralı var

    Gədəbəyədə yol qəzası olub.

    Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobusla minik maşını toqquşub.
    Qəzadan sonra mikroavtobus yolun kənarına aşıb. Qəza zamanı 9 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
    Məlumata görə, mikroavtobusdakı şəxslər müəllimlər olub. Onlar Gəncədən Gədəbəyə işə gedirmişlər.
    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yaşayış binasındakı YANĞIN məhdudlaşdırıldı

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

    Median.Az-a bu barədə FHN-dən məlumat verilib.
    Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
    Əlavə məlumat veriləcək.

  • Azərbaycanlı tanınmış hakim VƏFAT ETDİ

    Tanınmış şahmat hakimi Qüdrət İsmayılov vəfat edib.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, hakim ötən gün dünyasını dəyişib.
    Xatırladaq ki, Q.İsmayılov bir sıra beynəlxalq yarışların baş hakimi olub.

  • Müəllimlər Günü ilə bağlı – Xəbərdarlıq

    Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı xəbərdarlıq edib.

    Müraciətdə deyilir: 
    “Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. 
    Qeyd edilənləri nəzərə alaraq, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir”.

  • Taksi sürücüləri ilə əlbir oldu, 70 müəllimi aldadı – Azadlığa buraxıldı

    Yardımlıda 70-ə yaxın müəllimi sertifikatlaşdırma imtahanından keçirəcəyinə inandıraraq pullarını mənimsəyən 31 yaşlı qadın azadlığa buraxılıb.

    Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş Atayeva Jalə Əlövsət qızına Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunub.

    O, 70-ə yaxın müəllimə qarşı dələduzluq edib. Təqsirləndirilən 31 yaşlı qadın bir qrup müəllimi Elm və Təhsil Nazirliyində yüksək vəzifəli adamının olduğuna inandırıb. Hər bir müəllimdən ayrı-ayrılıqda 3000-4000 min manat arası pul alaraq guya onları sertifikatlaşdırılma imtahandan keçirəcəyinə inandırıb. Zərərçəkmişlər Yardımlı rayonun Telavar, Horonu, Gərsava, Şovut və Sığna kəndinin müəllimləri olublar.

    2024-cü ilin avqust ayında növbəti sertifikatlaşdırılma imtahanından keçə bilməyən bəzi müəllimlər hüquq-mühafizə orqanlarına şikayət etməli olublar. Aparılan araşdırma zamanı Jalə Atayevanın cinayət əməlini “Uber” şirkətində taksi fəaliyyəti ilə məşğul olan Xalid və Elnur adlı adlı şəxslərin vasitəsilə həyata keçirdiyi müəyyənləşib.

    O, 8 aprel 2025-ci ildən 11 sentyabr 2025-ci ilədək həbsdə saxlanılıb. Məhkəmənin hökmü ilə həbsdə keçirdiyi 5 ay 3 gün cəza müddətinə hesablanmaqla Jalə Atayevaya 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması təyin edilib.

    Qadın məhkəmə zalından azad olunub, barəsində başqa yerə getməmək qadağası qüvvədə saxlanılıb. O, cəza müddəti bitənədək elektron qolbaqla nəzarətdə qalacaq.

  • Bakıdakı maşın bazarında durğunluq yaşanır – Səbəb nədir? (Video)

    Bir zamanlar həftəsonu avtomobil əlindən tərpənmək mümkün olmayan Bakıdakı maşın bazarında durğunluq yaşanır.

    Satışla məşğul olanlar bir ağızdan deyirlər ki, 2-3 həftədir işləri getmir. İnsanların Çin avtomobillərinə olan marağı maşın bazarına ciddi təsir edib.

    Təsadüfi deyil ki, bu il Çin istehsalı avtomobillər dünyanın bütün nəhəng brendlərini satış həcminə görə geridə qoyub.

    Bəs Çin avtomobillərinə marağı artıran səbəblər nələrdir?

    Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı Baku TV-yə açıqlama verib.

    “Çin avtomobilləri üç səbəbdən avtomobil bazarında öz yerini tuta bilib. Birincisi, qiymətinin rəqabətədavamlı olması, ikincisi, sözügedən avtomobillərdə texnoloji yeniliklərdən istifadə edilməsi, üçüncüsü isə, reklam kampaniyaları üçün çox pul xərclənməsidir”, – deyə ekspert bildirib.

    Qeyd edək ki, Azərbaycan Çinin avtomobil bazarına böyük maraq göstərən ölkələrdən biridir. Təkcə bu ilin 8 ayı ərzində Çindən Azərbaycana 733 milyon dollar dəyərində 37 mindən çox avtomobil idxal olunub.

    Daha ətraflı videomaterialda:

  • “Hokka Mokka”da yoxlama: Maliyyə sanksiyası tətbiq olundu

    “Hokka Mokka” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə sanksiyası tətbiq edilib.

    Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əzizov Fərid Kamil oğlu olan MMC-də operativ vergi nəzarəti həyata keçirilib.

    Ötən ilin 19.07.2024-cü ildə yaradılan “Hokka Mokka” şirkəti barəsində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən, 3000 manat maliyyə sanksiyası tətbiq olunub.

    Qeyd edək ki, şirkət “Hokka Mokka” restoranlar şəbəkəsi əmtəə nişanı altında fəaliyyət göstərir.

  • Professor valideynlərə çağırış etdi: “Məsuliyyət sizin üzərinizə düşür”

    Bakıda qızdırması olan 3 yaşlı uşaq valideynləri tərəfindən aptekdən alınan çiyələk dadlı Nurofen siropu qəbul etdikdən sonra şoka düşüb. Dərmanı içdikdən sonra uşağın bədənində kəskin qaşınma və səpmə yaranıb.

    Uşaq əvvəlcə 1 saylı uşaq poliklinikasına aparılıb, vəziyyəti ağırlaşdığı üçün isə Ə. Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülərək nəzarət altına alınıb.

    Professor Adil Qeybulla məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, dərmanların həkim təyinatı olmadan istifadəsi ciddi fəsadlara səbəb ola bilər:

    “Ev şəraitində dərmanların, xüsusilə də infuziya formasında istifadəsi qadağan edilməlidir. Hər bir dərman yalnız həkim göstərişi ilə qəbul olunmalıdır. Əks halda məsuliyyət valideynlərin öz üzərinə düşür”.

    Professor əlavə edib ki, təkcə ABŞ-da hər il 500-dən çox uşaq parasetamol istifadəsi səbəbindən həyatını itirir:

    “Məsələn, Tramp və ABŞ Qida və Dərman Agentliyinin rəhbəri qeyd ediblər ki, Tylenol adlı, tərkibində asetaminofen olan preparat hamiləlik dövründə istifadə edildikdə uşaqda autizm riski yaradır. Bundan başqa, asetaminofen və parasetamol qaraciyər çatışmazlığına da səbəb ola bilər”.

  • Xaçmazda su kanalının səviyyəsinin artması təhlükə yaradır? – AÇIQLAMA

    Son günlər sosial şəbəkələrdə yağıntılı hava və güclü sel səbəbindən Samur-Abşeron kanalının Xaçmazdan keçən hissəsində suyun səviyyəsinin kritik həddə çatdığına dair məlumatlar yayılıb.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda şimal çaylarında bol sululuq müşahidə olunduğundan mövcud su ehtiyatları Samux-Abşeron kanalına yönləndirilir və oradan Taxtakörpü su anbarına ötürülür.

    “Görüntülərdə əks olunan vəziyyət normal hal kimi qiymətləndirilir, kanal öz həcmi səviyyəsində doludur, normal rejimdə və tam işlək vəziyyətdə fəaliyyət göstərir.

    Həmçinin Regional Su Meliorasiya Xidmətinin Samux-Abşeron Kanalının İstismarı İdarəsi prosesi daim nəzarətdə saxlayır. Bu səbəbdən vətəndaşların hər hansı narahatlığına əsas yoxdur”, deyə məlumatda vurğulanıb.

    Qeyd edilib ki, Samux-Abşeron kanalı vasitəsilə dolan Taxtakörpü su anbarı Bakı şəhərini içməli su ilə təmin edən əsas mənbələrdən biridir.