Month: September 2025

  • Payızda daimi yorğunluğun əsas səbəbi nədir?

    Payızda insanlar enerjidə azalma və xroniki yorğunluq hissləri yaşayırlar.

    Bunu avstraliyalı həkim Meqan Rossi deyib.

    Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbi gündüz saatlarının azalmasıdır. Rossi izah edib ki, təbii işığın olmaması əhval-ruhiyyə, yuxu və enerji səviyyələrindən məsul olan serotonin və melatonin hormonlarının istehsalını pozur.

    Bundan əlavə, mövsümi dəyişikliklər sirkadiyalı ritmlərə təsir edir, bu da öz növbəsində bağırsaq mikrobiomuna təsir göstərir.

    “Bu, “yaxşı” antiinflamatuar bakteriyaların sayının azalmasına, həzm prosesinin pozulmasına və nəticədə bədənin enerji ehtiyatlarının tükənməsinə səbəb ola bilər”, – mütəxəssis qeyd edib.

    Vəziyyət gündəlik vərdişlərlə daha da ağırlaşır: yuxu olmaması, aşağı fiziki fəaliyyət və pəhrizdə təmizlənmiş karbohidratların çox olması. Payız yorğunluğu ilə mübarizə aparmaq üçün Rossi gündüz saatlarında açıq havada daha çox vaxt keçirməyi və müntəzəm yuxu rejiminə riayət etməyi tövsiyə edir. Ekspert sağlam qidalanmanın vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, xüsusilə payızda D vitamini və maqneziumla zəngin qidaları qida rasionunuza daxil etmək vacibdir. Buraya göbələk, balıq, yumurta, dəniz məhsulları, meyvələr, qoz-fındıq və toxumlar daxildir.

  • Qızılın bahalaşması nə vaxta qədər davam edəcək? – AÇIQLAMA

    “Əsaslandırmaq çətin deyil. Deməli, 2025-ci ilin yanvarından sentyabrına qədər qızılın 1 unsiyası 2,720 dollardan 3,700 dollara yüksəlib. Yəni, 9 ayda 35,7% artım baş verib”.

    Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu dinamika ilə davam edərsə, qarşıdakı 3 ildən bir az artıq müddətdə qiymətin iki dəfə yüksəlməsi ehtimalı var:

    “Başqa sözlə, ABŞ hökuməti hazırkı iqtisadi kursu dəyişmədən daha da gücləndirərsə, qızıl 6000 dolları keçə bilər. Bu mütləq rəqəm deyil, amma sükan arxasında Tramp əyləşdiyi üçün ehtimal yüksəkdir. Əslində, tarixi təcrübə də bunu təsdiqləyir. 2017-ci ildə Donald Tramp hakimiyyətə gələndə qızılın qiyməti təxminən 1200 dollar idi. Onun hakimiyyətinin son günündə, 2021-ci ilin yanvarında isə qiymət 1840 dollar olmuşdu. Yəni, Tramp dövründə qızıl 52-53% bahalaşdı. İndi də Tramp hakimiyyətdədir və qızıl durmadan bahalaşır”.

    İqtisadçının sözlərinə görə, Tramp ucuz dolların tərəfdarıdır: “Dollar ucuzlaşanda ABŞ ixrac malları xarici bazarlarda daha ucuz görünür və rəqabət qabiliyyəti artır. Tramp bu məqsədlə dəfələrlə FES rəhbərliyi ilə mübahisə edirdi. O, yüksək faiz dərəcələrinə qarşı çıxırdı, çünki yüksək faizlər dolları gücləndirir. Dollar gücləndikcə ABŞ-ın ixracı çətinləşir, istehsalçıları rəqiblərə rəqabətdə uduzur. Amma dolların ucuzlaşmasının başqa bir təsiri də var, qızıl bahalaşmasıdır. Çünki qızıl dollarla qiymətləndirilir. Dollar zəifləyəndə dünya bazarında qızıl daha cəlbedici olur, tələb artır, qiymət qalxır. Bundan başqa, zəif dollar dövründə investorlar risklərdən sığortalanmaq üçün qızıla üstünlük verirlər.

    Beləliklə, həm iqtisadi siyasət, həm də investor davranışları qızılı daim təhlükəsiz investisiya alətinə çevirir. Və bu gün də oxşar dinamika müşahidə olunur. Dolların dəyərsizləşdirilməsi siyasəti və qlobal risklər fonunda qızılın qiymətinin artımı davam edir”.

    E.Əmirov qeyd edib ki, hökumətlər, o cümlədən Azərbaycan hökuməti, ehtiyatlarını daha dayanıqlı etmək üçün qızılın payını 2027-ci ilin sonuna qədər hissə-hissə artırmaq barədə düşünə bilər:

    “Ona görə ki, 2028-ci ilin sonlarından başlayaraq qızılın qiymət artımında durğunluq yaşanacağını gözləmək olar. Eyni zamanda investisiya yatırmaq istəyən digər hüquqi və fiziki şəxslər üçün də bu yazdıqlarım dəyərləndirilə bilər. Amma tövsiyələrim qızılla bəzənib-düzənmək istəyənlərə aid deyil. Çünki bəzək-düzək məsələləri iqtisadiyyatın yox, həyatın estetik balansını qoruyan “investisiya”dır”.

  • İtkin düşən müğənnilərin meyitləri tapıldı

    Meksikada qastrol səfərində olan “DJ King” ləqəbli kolumbiyalı müğənni Bayron Sançes və Xorxe Luis Herrera ölü tapılıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 16-dan itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın meyitləri paytaxt Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində tapılıb.

    Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başladığını elan edib. Mətbuat sənətçilərin ölümünün narkotik alveri ilə bağlı ola biləcəyini yazıb.

    Kolumbiya prezidenti Qustavo Petro sənətçilərin ölümündə beynəlxalq mafiyaları və narkotik tacirlərini günahlandırıb.

    Sançes və Herreranın sonuncu dəfə sentyabrın 16-da Mexiko şəhərinin Polanko rayonunda idman zalından çıxarkən görüldüyü bildirilir. Həm ailələr, həm də prezident Petro Kolumbiyada yüksələn ulduzlar olan və səhnə performansları ilə diqqət çəkən Sançes və Herreranı tapmaq üçün Meksika səlahiyyətlilərinə müraciət etmişdilər. Meksika prezidenti Klaudiya Şeynbaum da gənc müğənnilərin tez bir zamanda tapılması üçün lazımi göstərişlər verib.

  • İsmayıllıda maşın aşdı, sürücü öldü

    İsmayıllıda maşın aşıb, sürücü ölüb.

    “Unikal”ın məlumatına görə, hadisə rayonunun Kürdeldarbəyli kəndi yaxınlığında baş verib. Həmin ərazidən Gideyli kəndi istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib – FOTO

    Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç sentyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiya Milli Assambleyasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç və digər rəsmi şəxslər qarşılayıblar.

  • İlham Əliyev və Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər (Yenilənib)

    Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

    Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak edir. “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Sessiya sentyabrın 30-dək davam edəcək.

    * * * * *

    Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahına gediblər.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı salamlayıb.

  • 18 yaşlı gəncin atası sürücü ilə barışmadı – Məhkəmə zalında həbs olundu

    Avtomobili ilə piyadanı vuraraq öldürən 50 yaşlı Elşən Hüseynovun məhkəməsi keçirilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

    Bildirilib ki, qəza bu ilin martında paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib.

    E.Hüseynov təyin edilmiş sürət həddini keçərək sükanı arxasında olduğu VAZ markalı avtomobilə nəzarəti itirib. Nəticədə, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına doğru istiqamətlənib və piyada 2007-ci il təvəllüdlü İsmayıl Mübariz oğlu Kazımovu vurub. “Sabunçu Tibb Mərkəzi” PHŞ-nin Reanimasiya şöbəsinə çatdırılan İsmayıl daha sonra özəl klinikalardan birinə köçürülüb. Lakin tibbi yardıma baxmayaraq, hadisədən 5 gün sonra vəfat edib.

    Məhkəmədə mərhumun atası sürücünü bağışlamadığını, heç bir ödəniş tələb etmədiyini, bunun mənəvi bir məsələ olduğunu deyib və E.Hüseynova ağır cəza verilməsini istəyib.

    Məhkəmənin 19 sentyabr tarixli hökmü ilə sürücüyə 5 il 1 ay həbs cəzası verilib. Onun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə dəyişdirilib. Sürücünün həbsdən sonra 1 il 9 ay nəqliyyat vasitəsi idarə etmə hüququ da məhdudlaşdırılıb.

  • “Kəşfiyyatçı Xanı” kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU ( Yenilənib)

    Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri Ağdamdakı mina hadisəsi ilə bağlı məlumat yayıblar.

    Median.Az bildirir ki, üç qurumun yaydığı birgə məlumata görə, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 1971-ci il təvəllüdlü, Baharlı kənd sakini Səyyaf Fiqan oğlu Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

    ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

    * * * * *

    Ağdam rayonunda mina hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Miraşelli kəndi ərazisində, keçmiş neytral ərazidə qeydə alınıb.

    Mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbçisi Səyyaf Əhmədov həlak olub.

    Qeyd edək ki, S.Əhmədov kəşfiyyatçı olub və o “Kəşfiyyatçı Xanı” ləqəbi ilə tanınıb.

  • “AzParking”dən işçilərlə bağlı ittihamlara cavab

    Sosial şəbəkələrdə yayılan iddialara görə, “AzParking” şirkətində çalışan əməkdaşlara iş saatları ərzində təbii ehtiyaclarını ödəmək üçün yalnız gündə bir dəfə icazə verilir. Bu isə əməkdaşların həm sağlamlığına, həm də iş şəraitinə ciddi mənfi təsir göstərə biləcək amil kimi qiymətləndirilir.

    “Azparking”dən qafqazinfo-ya bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və şirkət daxilində belə bir qərar qəbul edilməyib:

    “Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam şəkildə qorunur. Parklanma xidməti üzrə bələdçi vəzifəsində çalışan əməkdaşlarımızın iş rejimi əmək müqaviləsinə uyğun şəkildə növbəli qrafik əsasında tənzimlənir. Birinci növbə Bazar ertəsi–şənbə günləri saat 07:00-dan 14:30-dək, ikinci növbə isə bazar ertəsi–şənbə günləri saat 14:30-dan 22:00-dək müəyyən edilib. İş günü ərzində 1 saat nahar fasiləsi nəzərdə tutulub və bələdçilər tərəfindən məntəqələri nəzarətsiz saxlamamaq üçün növbəli şəkildə istifadə olunur. Əmək Məcəlləsinin 103.5-ci maddəsinə əsasən nahar fasilələrindən işçi öz mülahizəsinə uyğun istifadə etməkdə sərbəstdir. Əlavə olaraq bildiririk ki, əməkdaşların təbii ehtiyaclarının ödənilməsi ilə bağlı şirkət tərəfindən heç bir məhdudiyyət qoyulmayıb, rəhbərlik səviyyəsində bu istiqamətdə hər hansı qərar qəbul edilməyib, günün istənilən vaxtı fasiləyə çıxmaq imkanı təmin edilib. Müraciətdə qeyd olunan məsələ 12.06.2025-ci il tarixində sahə rəisi ilə parklanma xidməti üzrə bələdçi arasında baş vermiş qeyri-rəsmi xarakter daşıyan prosesdir və şirkətin rəsmi prosedurlarına, daxili qaydalarına və iş axınına aidiyyəti yoxdur. Sözügedən hal üzrə şirkət tərəfindən araşdırma aparılıb və sahə rəisi vəzifəsindən azad edilib. “AzParking” MMC olaraq əsas hədəfimiz vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərmək, eyni zamanda bu prosesdə əməkdaşlarımızın bütün hüquqlarını qorumaq və fəaliyyətimizi ədalət, etibar və qarşılıqlı dəyər prinsiplərinə əsaslanaraq həyata keçirməkdir”.

  • “Əziz qardaşım İlham Əliyevi təbrik edirəm”

    “Ermənistan-Azərbaycan arasında illərlə davam edən münaqişə ilə bağlı tərəflərə mövqeyimizi aydın şəkildə bildirmişik”.

    Median.Az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasında çıxışında bildirib:

    “Avqustun 8-i ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanan dayanıqlı sülh sazişini yüksək qiymətləndiririk. Bu münasibətlə bir daha buradan Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevi, ABŞ lideri Donald Trampı və Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edirəm”.

    R.T.Ərdoğan deyib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək.