Month: September 2025

  • Şərurda çörək sexində ciddi nöqsanlar aşkarlandı

    Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Şərur rayonunun Siyaqut kəndində fəaliyyət göstərən Rafiq Mədətova məxsus çörək sexində ciddi nöqsanlar müəyyən edilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və obyektin cari təmirə ehtiyacının olduğu aşkarlanıb.

    Aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı sahibkara müvafiq göstərişlər verilib.

  • Direktor müavini şagirdi və xadiməni döydü, cəzasız qaldı – VİDEO

    Lənkəran rayonu Zövlə kənd tam orta ümumtəhsil məktəbində direktor şagirdi və xadiməni döyüb.

    Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

    Qurban adlı tərbiyə işləri üzrə direktor müavini məktəbin şagirdini döyərkən məktəbin xadiməsi və qadın tədris işləri üzrə direktor müavini uşağı onun əlindən almaq istəyib. Lakin Qurban bu dəfə xadiməyə əl qaldırıb.

    İddialara görə, məsələ araşdırılsa da, məhkəmə yenidən Qurbanı işinə bərpa edib. Məsələ məktəbin həmkarlar təşkilatında müzakirə edilib və həmkarlar təşkilatının sədri Qurbanın qardaşı olduğu üçün ona töhmət verilməsi ilə kifayətlənib.

  • Sevgilisi model Razi Əliyevanı Adnan Əhmədzadəyə görə döyüb?

    Jurnalist Samir Feyruzov hazırda həbsdə olan SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə ilə bağlı sensasion məlumatlar paylaşıb.

    Median.Az musavat-a istinadən xəbər verir ki, jurnalist iddia edib ki, Adnan Əhmədzadə 2023-cü ildə model Razi Əliyevanı döyməkdə suçlanan Ziya Hüseynzadənin həbsdə qalmasına çalışıb: “2023-cü ilin may ayında tanınmış model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi ilə bağlı yerli mediada xəbərlər tirajlanmağa başladı. Döyülmə faktı ilə bağlı CM-in 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlandı və modeli döyməkdə şübhəli bilinən sevgilisi Ziya Hüseynzadə həbs olundu. Lakin “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” şirkətlərinin sahibi olan Z.Hüseynzadəyə qarşı müəmmalı şəkildə yeni ittihamlar irəli sürüldü. Model sevgilisini döyməsi ilə gündəmə gələn Z.Hüseynzadə həm də vəzifə saxtakatlığı, dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirli bilindi. Nəhayət 2025-ci ilin mart ayının 10-da məhkəmənin qərarı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi”. Jurnalistin iddiasına görə, Z.Hüseynzadə model sevgilisini – Razi Əliyevanı Adnan Əhmədzadə ilə olan əlaqələrinə görə döyüb: “O, sevgilisini qısqanıb və nəticədə zorakılığa yol verib. Lakin proses bununla yekunlaşmayıb. A.Əhmədzadə R.Əliyevanın könlünü almaq üçün Z.Hüseynzadəni ciddi şəkildə cəzalandırmaq qərarına gəlib. Bununla da, Z.Hüseynzadəyə qarşı irəli sürülən ittihamların sayı çoxalıb və onun qısa müddətdə azadlığa çıxmaq şansı tamamilə sıfırlanıb”.

  • Azərbaycanın İsrailə görə “Avroviziya”dan imtinası xəbərlərinə MEDİA-dan açıqlama

    Sön dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur. Yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer almışdır.

    Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

    “Azərbaycana qarşı dezinformasiya yayan yuxarıda qeyd olunmuş media resurslarının saxta xəbərlərinin təsiri altında Türkiyə mediasında və sosial media seqmentində bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur.

    Beynəlxalq ictimaiyyəti, media resurslarını, jurnalistləri və ictimai fəalları bu kimi dezinformasiya və saxta xəbərlərə inanmamağa çağırır, belə hallara qarşı prinsipiallıq, sayıqlıq nümayiş etdirməyə səsləyirik”, – açıqlamada deyilir.

  • Qubada qardaş bacısını bıçaqladı – 3 gün əvvəl qaçırılmışdı

    Qubada qardaş bacısını bıçaqlayıb.

    Hadisə Qubanın Xucbala kəndində baş verib.

    Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

    İlkin məlumata görə, hadisəyə səbəb, 3 gün əvvəl kənd sakini E. Salıyev Sumqayıt şəhərində yaşayan Ş.Kərimovanı qaçırıb.

    Qadının qohumları onun yerini öyrənərək kəndə gəliblər. Burada yaranan mübahisə zamanı qadının qardaşı M. Məhərrəmov bacısına bıçaqla ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.
    //unikal.az

  • Qadın sürücülərin iştirakı ilə qəzalarda 16 nəfər ölüb

    Bu ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə 107 yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

    Qeyd edilib ki, nəticədə 16 nəfər həlak olub, 159 nəfər xəsarət alıb.

  • Kitabxana müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ!

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə keçmək istəyən namizədlər üçün qeydiyyat mərhələsi başlanıb.

    BŞTİ-dən bildirilib, qeyd edilən vəzifə üzrə namizədlər sentyabrın 26-sı saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

    Namizədlərin orta ixtisas təhsili olduğu halda 5 ildən az olmayaraq, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsili olduğu halda isə 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı olmalıdır.

  • Qızıl mağazasından oğurluq edən şəxs kameraya düşdü – VİDEO

    Mingəçevirdə yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

    “Unikal”ın məlumatına görə, hadisə Heydər Əliyev prospekti 49 ünvanında qeydə alınıb.

    Belə ki, mağazadan qızıl oğurlayan şəxsin görüntüsü təhlükəsizlik kamerasına düşüb.

    Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu ölkədə qarayara xəstəliyi aşkarlandı

    Monqolustanın Arxanqay vilayətində qarayara xəstəliyi aşkarlanıb.

    “Unikal” xəbər verir ki, bu barədə ölkənin zoonoz infeksiyalar üzrə tədqiqat mərkəzi məlumat yayıb.

    Bildirilir ki, Sum sakini 60-dan çox iribuynuzlu heyvanın kəsilməsində iştirak edib və qarayara şübhəsi ilə rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində təcrid olunub. Xəstənin ailəsinin yaşadığı əraziyə qismən karantin tətbiq edilib.

  • Qanunsuz saxlanılan silah-sursat götürüldü

    Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, sentyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 17 qumbara, 9 alışdırıcı, 1 partladıcı, 10 tüfəng, 21 patron darağı, 1842 ədəd müxtəlif çaplı patron və 3 ədəd süngü bıçaq aşkar edərək götürüblər.