Month: September 2025

  • Məktəb direktorunun pul yığması iddiası ilə bağlı araşdırma aparılacaq

    “Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun pul yığması iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq”.

    Median.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

    “Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, – məlumatda qeyd olunub.

    Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi sözlərdən istifadə edir.

  • Xaçmazda yol kənarından meyit tapıldı

    Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yol kənarında meyit aşkar edilib

    Meyitin Padar kənd sakini Vəfalı Qabil oğlu Haqverdiyevə məxsus olduğu müəyyənləşib.

    Qeyd edək ki, onun hansı səbəbdən ölməsi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • DSX-dən İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılan var

    İrandan 16 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

    Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.

    Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.

    Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1989-cu il təvəllüdlü Hüseyn Rafiq oğlu Allahverdiyev saxlanılıb. Ona məxsus bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Qohum evliliyi üçün valideyn övladından imtina edə bilər?

    Azərbaycanda 2025-ci ilin iyulun 1-dən əmi, xala, bibi və dayı uşaqlarının evlilikləri qadağan edilib. Lakin hələ də bəzi bölgələrdə qohum evlilikləri baş tutsa da, bunu rəsmiləşdirə bilmirlər.

    Ailələr isə övladlarının evliliyini rəsmiləşdirmək üçün müxtəlif yollara əl atmaq istəyir. Məsələn, onlardan biri kimi, övladdan imtina etməklə valideynlər bu məsələni həll etmək istəyir.

    Bəs qanunvericilik nə deyir? Övladdan və yaxud valideyndən imtina etmək qohumluluq əlaqələrinin bitməsi hesab olunur?

    Mövzu ilə bağlı Qaynarinfo-ya danışan vəkil Rəşad Əliyev bildirib ki, Azərbaycan qanunvericiliyində ailə üzvündən, yaxud da qohumundan imtina anlayışı nəzərdə tutulmayıb:

    “Qanunvericilik bunu deyilən formada tənzimləmir. Məsələn, mən gedim oğlumdan, atamdan, qızımdan imtina edim deyə bir şey ola bilməz. Ona görə də belə bir halın olması mümükün deyil. Hesab edirəm ki, bununla bağlı yayılan fikir ya şaiyə ola, ya da kiminsə ağlına gələ bilər. Düşünərlər ki, bu evliliyin baş tutması üçün övladımdan imtina edim. Bu mümkün deyil. Sistemdə yenə də onların qohumluq əlaqələri görünəcək. Qadağan olunmuş qohumluq dərəcəsi ilə evlilik həyata keçiriləcksə belə, dövlət rəsmi qeydiyyata almayacaq”.

    Rəşad Əliyev vurğulayıb ki, qanunvericilikdə valideynlik hüququndan məhrumetmə var, bu isə başqa hal üçün nəzərdə tutulub:

    “Qanunvericilikdə nəzərdə tutulan valideynlik hüququndan məhrumetmə valideynin uşaq üzərində öhdəliklərinə və ya qohumluq əlaqələrinə xitam vermir, sadəcə hüquqlarını məhdudlaşıdırır, ya da uşağı böyüdə bilməsi üçün nəzərdə tutulan hüquqdan məhrum olunur. Bu da yalnız xüsusi hallarda mümkündür”.

    Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

    – yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

    – övladlığa götürənlər və övladlığa götürülənlər;

    – ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

    – bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

    – ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

    2025-ci ili iyulun 1-dən isə nikahın bağlanmasına mane olan halların sayı artırılıb. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilib.

    – qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

    – bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu.

  • Bu universitetdə dərslər onlayn keçiriləcək

    Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərslər onlayn formata keçirilib.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

    Bildirilib ki, “2025 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar 19 sentyabr tarixində əsas tədris binasında keçirilməsi nəzərdə tutulan bütün dərslər onlayn formata keçirilib.

  • Ölkədə uşaqların sayı niyə azalır? – Səbəblər və çıxış yolu

    “Təəssüflər olsun ki, bu qədər maarifləndirmə aparılmasına baxmayaraq, oğlan uşaqlarının sayı qız uşaqlarının sayından çoxdur. Ailələr sosial şəbəkələrdə baş verən, yaxud da qadınların ünvanına söylənilən müxtəlif fikirlərlə bağlı qız uşaqlarının dünyaya gəlməsindən narahatçılıq keçirir. Ailələr düşünür ki, uşaqlarını belə bir mühitdə böyüdə bilməyəcəklər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

    O, pandemiyadan sonra uşaqların sayında azalma müşahidə olunduğunu bildirib:

    “Öğlan uşaqları ilə bağlı vəziyyət olduğu kimi qalır. Bir az da karyera, müəyyən mənada kapitalın olması ən vacib şərtlərdən biridir. Amma uşaqların sayının azalmasının səbəbi əhalinin sosial durumu, imkanları, digər tərəfdən tərəflərin hər ikisinin işləməsi, uşağın təlim-tərbiyyəsi üçün əlavə xərclərin ortaya çıxması, bağçaların olmaması və s. bir-biri ilə bağlı olan məsələlərdir. Uşaq bağçalarında onlara qarşı baş verən hadisələr, şəkillər, videolar uşağın dünyaya gəlməsinə əngəl törədən amildir”.

    Sədrin fikirincə, uşağın böyüməsinə sərf edilən xərclərin hesablanması ailələrin bir uşaqla kifayətlənməsinə gətirir:

    “Xərcləri hesablayırlar. Bir qismi münasibətləri formalaşdırmağa çalışır ki, sonra mübahisələrdən uzaq olsun. Kimi aliment ödəmək istəmir, kimi uşağın təlim-tərbiyyəsi üçün iş yerini itirməlidir, kiminin də evi yoxdur və s. Ailələr üçün sosial paketlərin olması çox vacibdir”.

    Sədr sağlam ailə münasibətlərində kifayət qədər öhdəlik və məsuliyyətin olduğunu xatırladıb:

    “Əvvəlki nənə-baba dəstək proqramı olaydı vəziyyət ayrı cür olardı. Bu günsə nənə-baba da işləyir. Onlar da iş yerlərini itirmək istəmirlər. Bu səbəbdən də əksər ailələr bir uşaqla kifayətlənməli olur”

    Qeyd edək ki, 2025-cı ilin yanvar-iyul aylarında yeni doğulan uşaqların statistikası açıqlanıb. Bu müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54898 doğulan yeni körpə qeydə alınıb.

  • Hollywood filmlərini sızdırdı – 57 ay həbs cəzası aldı

    ABŞ-da beynəlxalq bir DVD şirkətinin sabiq əməkdaşı, yüzlərlə ön göstərim DVD və Blu-ray disklərini oğurlayıb internetə yaydığına görə 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. ABŞ ədliyyə nazirliyi cümə axşamı hökmü elan edib.

    Steven Heyl 2021–2022-ci illərdə çalışdığı şirkətdən filmləri gizli şəkildə götürüb elektron ticarət platformaları vasitəsilə satdığını etiraf edib. Onun sızdırdığı filmlər arasında “Dune”, “F9: The Fast Saga” və “Venom: Let There Be Carnage” kimi böyük maraq doğuran ekran işləri də olub.

    Ən böyük zərərin isə “Spider-Man: No Way Home” filminin yayılması ilə baş verdiyi açıqlanıb. 2021-ci ildə yalnız kinoteatrlarda nümayiş olunan film, pandemiya sonrası 1 milyard dollardan artıq gəlir toplayan ilk layihə olmuşdu. Lakin qeyri-qanuni kopyaların satışa çıxması səbəbilə istehsalçılar on milyonlarla dollar itki ilə üzləşib.

    Həmin dövrdə pirat nüsxələr o qədər geniş yayılıb ki, təhlükəsizlik şirkətləri saxta fayllara zərərli proqramların yerləşdirildiyini də hesabatlarda qeyd edib. Heylin orijinal Blu-ray diskdən hazırladığı yüksək keyfiyyətli kopya isə rəsmi satışdan təxminən bir ay əvvəl internetdə yayımlanıb.

    38 yaşlı Heylin əvvəllər silahlı qarət cinayətinə görə sabiqası olub. Bu iş üzrə 15 ilə qədər cəza ala biləcəyi bildirilsə də, prokurorluqla razılaşmaya görə müddət maksimum 5 ilə endirilib.

    Polisin evdə apardığı axtarışda içərisində güllə olan tapança və əlavə 13 patron aşkar edilib. Sabiqəli olduğuna görə silah gəzdirməsi qanunsuz idi. Buna görə o, “cinayətkar olaraq odlu silah saxlama” ittihamını da qəbul edib.

    Nəticədə, DVD oğurluğu və silah cinayətləri birləşdirilərək Tennessi federal məhkəməsi tərəfindən Steven Heyl 57 ay həbs cəzasına məhkum edilib.

    ABŞ ədliyyə nazirliyinin rəsmisi Mettyu R. Qaleotti açıqlamasında bildirib: “Bugünkü hökm, Amerikan yaradıcılığını piratçılıqdan qorumaq əzmimizin göstəricisidir. Başqalarının zəhmətini qısa müddətli qazanc üçün sui-istifadə edənlər, bu işdə olduğu kimi, ciddi bədəl ödəyəcəklər”.
    //qaynar.az

  • Azərbaycanda 78 yaşlı şəxs peşə məktəbinə qəbul olub

    İyulun 22-dən sentyabrın 13-dək 2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə 27 min 21 nəfərin tələbə qəbul olub.

    Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, qəbul olunan tələbələrin 84 faizi dövlət sifarişi əsasında, 16 faizi isə ödənişli əsaslarla təhsil almağa başlayıb.

    2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə aparılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olunanların 39 faizini qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaş 13, ən yüksək yaş isə 78 olub. Dual peşə təhsili proqramı üzrə 1777 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2590 nəfər qəbul olunub. Həmçinin 65 nəfər ali təhsilli, 298 nəfər orta ixtisas təhsilli şəxs, 84 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.

    2025-2026-cı tədris ilində 10 yeni ixtisasın tədrisinə başlanılıb. Hazırlıq işləri çərçivəsində texniki və yüksək texniki peşə təhsili səviyyələrində təhsil proqramlarında yeniliklər və müvafiq dəyişikliklər tətbiq olunub. Həmçinin cari tədris ili üçün tələbələrin bilik səviyyəsinin artırılmasına dəstək məqsədilə 72 adda dərslik çap olunub. Buraya həm yerli müəlliflər tərəfindən hazırlanmış, həm də xarici dildən Azərbaycan dilinə tərcümə edilmiş dərsliklər daxildir.

    Əmək bazarının tələblərinə uyğun olaraq, tələbələr arasında ən çox seçilən aşpazlıq, mühasibat uçotu, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, əməliyyatçı-mühasib, bərbər-vizajist-manikürçü, qrafik dizayn, avtomobil üzrə elektrik, veb dizayn və proqram təminatı, kompüterlərin təmiri və xidməti üzrə texnik, eləcə də veb dizayner və proqram təminatçısı ixtisasları olub.

  • Təyyarə qəzasından sonra ögey qardaşları ortaya çıxdı – VİDEO

    Ötən il təyyarə qəzasında həyatını itirən qusarlı bacı-qardaş – 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevə görə dövlətin təyin etdiyi kompensasiya onların heç bir ailə üzvünə verilməyib.

    Bu barədə “Bizim media” məlumat yayıb.

    Buna səbəb isə yaxın qohumlar arasında mübahisənin olmasıdır.

    Qeyd edilib ki, Qusar rayonunun Suduroba kəndindən olan mərhum bacı-qardaşı böyüdən ana nənələri Asiyət Balabəyova olub. Amma kompensasiya təyin ediləndən sonra onlar sağ ikən əlaqələrinin olmadığı 25 yaşlı ögey qardaşları Kamran Seyidov ortaya çıxıb. O, qəzada həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona verilməsini istəyir.

    Problemlə bağlı ögey qardaş K. Seyidovun vəkili Elçin Surxayzadə bildirib ki, hazırda hüquqi səviyyədə proseslər gedir, məsələnin nəticəsi olandan sonra hər kəs məlumatlı olacaq.

    Xatırladaq ki, Xədicə və Əlinin daha bir kiçik qardaşı var. Onun anası ilə ölkə xaricinə getdiyi, daha sonra onların itkin düşdüyü iddia olunur.

  • Sabiq qərargah rəisi dünyasını dəyişdi

    Azərbaycan Ordusunun 1993-cü ildə keçirdiyi uğursuz “Murovdağ qış əməliyyatı”nın iştirakçılarından biri, keçmiş 701 saylı briqadanın sabiq qərargah rəisi, ehtiyatda olan polkovnik-leytenant Eldar Həsənov vəfat edib.

    Bu barədə onun yaxınları məlumat yayıblar.