Month: October 2025

  • Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? – “Mehdiyev işi”nin DETALLARI

    Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub.

    APA etibarlı mənbələri vasitəsilə öyrənib ki, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib.

    Ramiz Mehdiyev nə vaxt hərəkətə keçib?

    Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub. Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub.

    Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb.

    Xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda – bu il mayın 9-da İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılan, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş Saleh Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından və biznes ortaqlarından biri hesab olunur.

    Ramiz Mehdiyevin hansı planı olub?

    Ramiz Mehdiyev planında dövlət hakimiyyətini zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını təklif edib. Bu plan 87 yaşlı köhnə bürokratın özünün rəhbər olmasını nəzərdə tutub. Məlumata görə, Mehdiyev rəhbərlik edəcəyi Dövlət Şurasında təmsil olunacaq şəxslərlə bağlı məlumatı da Rusiya ilə bölüşüb.

    Ramiz Mehdiyevin planı necə ifşa olunub?

    Məlumatlı mənbənin APA-ya bildirdiyinə görə, Azərbaycan və Rusiya prezidentlərinin görüşdüyü Düşənbədə Rusiya tərəfi özü Ramiz Mehdiyevin təklifi və onun şəbəkəsinin planı haqqında Azərbaycan tərəfinə məlumat verib.

    Görünən odur ki, 87 yaşılı Ramiz Mehdiyev artıq davamlı xahişləri və israrı ilə Rusiyanı da bezdirib. Ona görə də Rusiya heç bir perspektiv vəd etməyən Mehdiyevdən tamamilə imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını özü məlumatlandırıb.

    Ramiz Mehdiyev – Rusiyanın köhnə dostu

    Ramiz Mehdiyevin Rusiyaya yaxınlığı həmişə bəlli olub. O, hələ sovet dövründən Moskvanın agentura şəbəkəsinin üzvü kimi tanınıb. Ramiz Mehdiyev uzun illər öz imkanlarından istifadə edərək, Azərbaycan hakimiyyətində də Rusiyanın “dostları” olan məmurların vəzifə pillələrində, parlamentdə və mediada irəliləmələrinə şərait yaradıb.

    Vətən Müharibəsindən əvvəl isə Azərbaycanda rusiyapərəst məmurlar vəzifələrindən uzaqlaşdırıldı, Ramiz Mehdiyev də vəzifəsindən azad olundu.

    Bunun ardınca Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilən Ramiz Mehdiyev orda da intriqalardan əl çəkmədi. AMEA-dan da siyasi məqsədləri üçün yararlanan Ramiz Mehdiyev elm mərkəzində dözülməz mühit yaratdı, az qala AMEA-nın bütün institutları onun istefasını tələb etdi. 2022-ci il fevral ayının 14-də AMEA-da keçirilən iclasda yaşı ilə əlaqədar vəzifəsini tərk etdiyini və bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edəcəyini bildirdi. Fevralın 19-da AMEA-nın Ümumi Yığıncağı keçirildi və Ramiz Mehdiyevin istefası qəbul edildi.

    Ancaq martın 17-də Ramiz Mehdiyevin Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada Ramiz Mehdiyevin binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə – Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib.

    Yay aylarında isə Ramiz Mehdiyevin bir qrup sabiq məmurla Novxanıda görüş keçirməsi barədə mediada məlumat yayıldı. Görüşün məzmunu barədə məlumat olmasa da, görüş tarixi Rusiya Azərbaycan münasibətlərindəki gərginliyin pik vaxtına təsadüf etdiyini göstərir.

    Qeyd edək ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə törədilmiş qanun pozuntuları ilə bağlı cinayət işi var. Hesablama Palatasının 2020-2023-cü illəri əhatə edən yoxlamaları nəticəsində AMEA-da çoxlu sayda nöqsan və qanunsuzluqlar aşkarlanıb.

    Baş prokuror Kamran Əliyev bu il oktyabrın 1-də jurnalistlərə açıqlamasında bildirib ki, AMEA-dakı qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

    “Həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib”, – deyə Baş prokuror vurğulayıb.

    Ramiz Mehdiyevin ailəsi, sərvəti

    Ramiz Mehdiyevlə bağlı mediada yayılan qalmaqallardan biri onun kürəkəni, eks-deputat İlham Əliyevin Novxanı qəsəbəsindəki bağ evində qızı Fidan Əliyevaya toy etməsi idi. 2020-ci il avqustun 18-də, ölkədə sərt karantin rejiminin tətbiq olduğu vaxtda Mehdiyevin bağ evində 100-dən çox qonağın iştirakı ilə keçirilən mərasim aşkarlanandan sonra onun kürəkəni İlham Əliyev inzibati qaydada həbs edilmişdi.

    Mediada yayılan məlumatlara görə, Mehdiyev ailəsinin yüzlərlə hektar torpaq sahələri, saysız-hesabsız daşınmaz əmlakı, bank və böyük şirkətlərdə əmlak payları var. Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”ndə 1/2 hissə pay uğrunda mübarizəsi bu yaxınlarda Ali Məhkəmədə onun məğlubiyyəti ilə başa çatıb.

    Ramiz Mehdiyevin həyat yoldaşı Mehdiyeva Qalina Yuriyevna barəsində də məhkəmə iddiası qaldırılıb.

    Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası qaldıran şəxs “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) qanuni təmsilçisi Səidov Elmar Çingiz oğludur.

    Ramiz Mehdiyevin ailəsi, yəni həyat yoldaşı Qalina Mehdiyeva və oğlu Timur Mehdiyev onun külli miqdarda borclanmasına səbəb olublar.

    Yeri gəlmişkən, təkcə Novxanı qəsəbəsində Ramiz Mehdiyevin ailəsinə məxsus 155 hektar torpaq sahəsi olub.

    Kənd Təsərrüfatı Nazirliyinin 2015-2018-ci illər üçün açıqladığı rəsmi məlumatlara görə, Novxanı kəndində subsidiya alan cəmi 2 fermer təsərrüfatı olub. Onlardan biri Mehdiyeva Qalina Yuriyevna, digəri isə Mehdiyev Timur Ramiz oğluna məxsus olub.

    2017-ci ildə açıqlanan məlumata görə, Mehdiyeva Qalina Yuriyevna sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Timur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2 100 manat subsidiya alıblar.

    “Bank BTB” ASC də Ramiz Mehdiyevin ailəsinə məxsusdur. Belə ki, bu bankın səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Mehdiyeva Nigar İsmayıl qızına – Ramiz Mehdiyevin gəlininə məxsusdur.

    Ramiz Mehdiyev dövlət mükafatlarından məhrum ola bilər

    Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

    Bu maddələr isə onun Təhlükəsizlik Şurasının üzvü statusundan, eyni zamanda fəxri adlardan və dövlət mükafatlarından məhrum ediləcəyi ehtimalını yaradır.

    Ramiz Mehdiyev Azərbaycan Respublikasının “İstiqlal”, “Şöhrət”, “Şərəf” və Heydər Əliyev ordenləri ilə təltif olunub. O, həmçinin, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Həqiqi dövlət müşaviri, YAP Veteranlar Şurasının üzvüdür.

    YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə APA-ya Ramiz Mehdiyevin partiyadan çıxarılacağını deyib.

    AMEA Prezidenti İsa Həbibbəyli isə agentliyin bununla bağlı sualını eşidən kimi telefonu qapadıb.

    Hüquqşünas Şamil Paşayev APA-ya bildirib ki, Ramiz Mehdiyev xüsusilə ağır cinayət törətməkdə ittiham edilir: “Ramiz Mehdiyevin xüsusilə ağır cinayət törətməkdə ittiham olunmasını nəzərə alaraq, onun fəxri adlardan və dövlət təltiflərindən məhrum edilməsinin zəruriliyi məhkəmə tərəfindən müəyyən edilə bilər. Belə ki, xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə onun Prezident sərəncamı ilə verilmiş adlardan və təltiflərdən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə Prezidentə təqdimat göndərilməsi haqqında qərar qəbul edir”.

    Şamil Paşayev bildirib ki, digər dövlət orqanları tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilmə ilə bağlı isə məhkəmə özü qərar qəbul edir.

    Ramiz Mehdiyev barəsində cinayət işi və ittiham olunduğu maddələr

    Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

    Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib.

    Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

  • Taksi sifarişində niyə 2 manat əlavə pul tutulur? – FOTO

    “Metronun “Koroğlu” stansiyasının yaxınlığından Mehdiabada gedərkən “Bolt” taksi operatoru vasitəsilə taksi sifariş etdikdə sərnişinlərdən 2 manat əlavə ödəniş tələb olunur. Bir ilə yaxındır ki, müştərilərə qiyməti əvvəlcə ucuz, gediş bitdikdən sonra isə əlavə 2 manat ödəniş alırdılar. İndi isə açıq şəkildə sifarişi təsdiqləmə mərhələsində yola görə 2 manat əlavə olunacağı qeyd olunur”.

    Bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini İlyas Heydərov müraciət edib.

    Onun sözlərinə görə, sifarişə 2 manat əlavə olunması Böyükşor-Pirşağı avtomobil yolundan istifadə ilə əlaqədardır: “Həftədə 3 dəfə bu istiqamətdə taksi sifariş edirəm. Normalda həmin məsafəyə görə 8 AZN ödəniş yazılırdısa, artıq üzərinə 2 manat əlavə olunur. Yəni, 10 manat pul verməli oluruq. Bu, Böyükşor-Pirşağı avtomobil yolundan istifadəyə görə belədir. Əvvəl sürücüdən xahiş edirdik, o yoldan getmirdi, artıq onu da nəzərə almırlar”.

    Problemlə bağlı “Bolt” şirkəti ilə əlaqə saxladıq. Şirkətin PR meneceri Nigar Kazımova sorğumuza cavab olaraq bildirdi ki, sözügedən məsələ araşdırılıb və yaranan problem tezliklə aradan qaldırılacaq: “Qeyd olunan sifariş üzrə səfərin qiyməti düzgün hesablanıb. Lakin proqram təminatındakı nasazlıq səbəbindən qiymətin bölgüsü sistemdə səhv göstərilib. Ümumi məbləğ tətbiqdə tam və düzgün şəkildə əks olunub. Proqram təminatında qiymət bölgüsü ilə bağlı nasazlıqla əlaqədar baş ofisə artıq müraciət edilib və problemin yaxın zamanda aradan qaldırılması gözlənilir”.

  • Azərbaycanda Şahin ovlayan tutuldu

    “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxs saxlanılıb.

    Median.Az-a bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

    Bildirilib ki, xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, saxlanılan şəxsin idarə etdiyi 90-OB-135 dövlət qeydiyyat nişanlı “Niva” markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş diri halda çöl göyərçini və Şahin quşunun ovlanması üçün nəzərdə tutulmuş, istifadəsi qanunla qadağan olunan cələ aşkar edilərək maddi sübut kimi götürülüb. Çöl göyərçini isə təbiətə buraxılıb.

    “Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Xalid Abdullayev barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb”.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxslərə adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, eyni zamanda ovlanması qadağan olunan heyvan və quş növlərinin ovlanmasının yolverilməz olduğunu bildirib, ov ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə çağırıb.

    Qeyd edək ki, ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ov etməyə görə təqsirkar şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

  • Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanıldı

    Müdafiə Nazirliyinin İstirahət Evinin rəisi saxlanılıb.

    Oxu.az-ın məlumatına görə, mayor İlham Haqverdiyev korrupsiya cinayətində təqsirləndirilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb və o, məsuliyyətə cəlb edilib.

  • Füzulidəki ağır qəza: Dörd nəfər xəsarət aldı

    Bu gün saat 11:30-da Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az xəbər verir ki, “Mercedes” və “Daewoo” markalı minik maşınlarının toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Səfiyar Qubad oğlu Quluzadə, 1999-cu il təvəllüdlü Şamil Kamil oğlu Cəfərov, 1993-cü il təvəllüdlü Surət Mayılxan oğlu Nəcəfli və 1990-cı il təvəllüdlü İlqar İbadət oğlu Nəcəfov müxtəlif dərəcəli xəsarət alıblar.

    Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan 4 nəfər (kişi) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

    “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”.

  • Keçmiş məhkum Xəzər dənizində saxlanıldı

    Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı Suraxanı rayonu Qum adası adlanan ərazidə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tədbirlər nəticəsində 48 yaşlı Həşim Göyçayev və əvvəllər məhkum olunmuş 41 yaşlı Natiq İsgəndərov saxlanılıblar.

    Baxış zamanı onlardan 195 ədəd qanunsuz olaraq ovladıqları balıq, kustar üsulla hazırlanan ov alətləri, xüsusi mühərriklə təchiz edilən qayıq aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

    Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

  • Agentlik sədri: “Əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq və operativ mexanizmlərlə müəyyənləşəcək”

    “İstehsalat qəzaları nəticəsində vətəndaşın orqanizm funksiyasının pozulma dərəcəsi 30 faizdən yuxarı olurdusa, əlillik təyin olunur. Lakin 30 faizdən aşağı pozuntu hallarında qanunvericilikdə konkret mexanizm mövcud deyil. Bu isə praktiki olaraq boşluq yaradır”.

    Bu sözləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

    O bildirib ki, bu boşluğun aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşma hazırlanıb və qanunvericiliyə dəyişiklik təklifi parlamentə təqdim olunub:

    “Təklifə əsasən, artıq əmək qabiliyyətinin itirilmə dərəcəsinin müəyyən olunması qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Yeni qaydanın layihəsi artıq hazırlanıb və Nazirlər Kabinetinin təsdiqindən sonra hüquqi qüvvəyə minəcək. Bu qayda tətbiq edildikdən sonra əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq, vahid və operativ mexanizmlərlə müəyyən olunacaq. Həkim-ekspertlərimiz bu sahədə yetərincə təcrübəyə malikdir və yeni metodologiyanın tətbiqi ilə bağlı təlimlərə cəlb olunublar”.
    //oxu.az

  • Наримановский районный суд приговорил экс-дипломата к 5 годам лишения свободы

    Бывшему дипломату Рамизу Велиеву, задержанному Службой государственной безопасности (СГБ), вынесен приговор.

    Как сообщает Report, на процессе в Наримановском районном суде он приговорен к 5 годам лишения свободы.

    В качестве дополнительного наказания он лишен права занимать определенные должности сроком на 2 года.

    Отметим, что бывший дипломат Рамиз Велиев, работавший советником в посольстве Азербайджана в Египте, был задержан 8 декабря 2024 года в ходе операции СГБ.

    Ему было предъявлено обвинение по статье 308.2 (злоупотребление должностными полномочиями) Уголовного кодекса АР.

  • DTX tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə hökm oxundu

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevə hökm oxunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə o, 5 il müddətə azadlıqdan məhrum edilib.

    Əlavə cəza olaraq o, 2 il müddətinə müəyyən vəzifə tutma hüququndan da məhrum edilib.

    Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.

    Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

    R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda təqsirli bilinib.

  • Bakıda tüfeyli həyat tərzi keçirən kişi ticarət mərkəzində öldü

    Bakıda ticarət mərkəzində meyit tapılıb.

    Hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsindəki “Qaradağ” ticarət mərkəzində qeydə alınıb.

    1962-ci il təvəllüdlü Viktor Alekseyeviç Vorotnyuk ticarət mərkəzinin ərazisində dünyasını dəyişib. Onun meyitini sahibkarlar aşkar ediblər.

    Məlumata görə, V.Vorotnyuk tüfeyli həyat tərzi keçirirmiş. O, ticarət mərkəzi ərazisindəki mağazaların qarşısında gecələyirmiş. Onun xəstəlikdən öldüyü deyilir.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az