Month: October 2025

  • 16 yaşlı pilot iki aya 19 ölkəyə səfər etdi

    Avstraliyalı yeniyetmə aviasiya tarixinin ən gənc pilotu olmaq üçün dünya ətrafında uçuşu başa vurub.

    “Qafqazinfo” xəbər verir ki, bu haqda “ABC News” məlumat yayıb.

    Mənbənin sözlərinə görə, 16 yaşlı Bayron Uollerin uçuşu iki ay əvvəl, 15 yaşında olarkən başlayıb.

    O, avqustun 9-da yüngül təyyarəsi ilə Brisbendən yola düşüb və bütün səyahəti ərzində 240 uçuş saatı qeyd edərək 45.000 kilometr qət edib. Uoller 40 dayanacaq etməklə 19 ölkəyə səfər edib. O, oktyabrın 15-də yola düşdüyü hava limanına sağ-salamat enərək vətəninə qayıdıb.

    “Mən aviasiya tarixini yaratdım və insanlara istədiklərini edə bildiklərini göstərə bildim”, – Uoller bildirib.

    Onun rekordu hazırda Hava Limanları Federasiyası tərəfindən rəsmi təsdiqini gözləyir.

  • Son 3 ildə 160 minə yaxın xarici vətəndaşa tibbi xidmət göstərilib

    Son illərdə Azərbaycanda xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin həcmində sabit artım dinamikası müşahidə olunur.

    TƏBİB tərəfindən aparılan statistik təhlillər göstərir ki, ölkəmizdə tibbi xidmətlərdən yararlanan xarici vətəndaşların sayı ilbəil artmaqda davam edir və bu sahə üzrə müsbət tendensiya qeydə alınır.

    2023-cü ildə Azərbaycanda ümumilikdə 59 011 xarici vətəndaş müxtəlif tibbi xidmətlərdən yararlanıb. 2024-cü ildə bu göstərici 57 077 nəfər təşkil edib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində isə artıq 42 451 xarici vətəndaşa tibbi xidmət göstərilib. İlin sonuna qədər bu rəqəmin əvvəlki illərlə müqayisə edilə biləcək səviyyədə olacağı proqnozlaşdırılır.

    Ümumilikdə son üç ildə 158 539 xarici vətəndaşa tibbi xidmət göstərilib. Ən çox tibbi xidmət alan vətəndaşlar isə əsasən Rusiya, Gürcüstan, Türkiyə, İran və Özbəkistan kimi ölkələrdən olub. Təkcə 2025-ci ilin ilk doqquz ayında Rusiyadan 15 491, Gürcüstandan isə 9 510 nəfər vətəndaş ölkəmizdə müalicə alıb.

    Xarici vətəndaşlara göstərilən tibbi xidmətlərin strukturu geniş və müxtəlif ixtisaslaşmış sahələri əhatə edir. 2025-ci ilin ilk doqquz ayı ərzində 20 413 nəfər ixtisaslaşdırılmış ambulator tibbi xidmətlərdən, 16 916 nəfər laboratoriya xidmətlərindən yararlanıb. Eyni dövrdə 244 cərrahi əməliyyat, eləcə də yüzlərlə fizioterapiya və invaziv radioloji (angioqrafiya) xidmət göstərilib.

    Habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətində məhz turistlərə göstərilən xidmətdə rahat ünsiyyətin təmin olunması məqsədilə ingilis və rus dillərini bilən tibbi personallar formalaşdırılıb. Bundan əlavə, Bakı, Qəbələ, Naftalan, Quba və Şəki kimi turizm mərkəzlərində isə tibbi xidmətin sayı və çeşidi, xidmət əlçatanlılığı mütəmadi olaraq təkmilləşdirilir.

    Qeyd olunan göstəricilər Azərbaycanın regionda səhiyyə turizminin cəlbedici istiqamətlərindən birinə çevrildiyini təsdiq edir. Bütün bunlar ölkəmizdə dövlət tibb müəssisələrinin yüksək texnoloji imkanlara, müasir avadanlıqlara və peşəkar kadr potensialına malik olduğunu göstərir.

  • Puqaçovaya hər ay Rusiyadan bu qədər pul gəlir

    Ukraynada müharibənin başlamasından sonra Rusiyanı tərk edən müğənni Alla Puqaçova hələ də öz ölkəsində pul qazanmağa davam edir.

    Bu barədə Rusiyanın “Shot” teleqram kanalı məlumat yayıb.

    Nəşrin məlumatına görə, sənətçi Rusiyada Xalq artisti adı və aldığı dövlət mükafatları da daxil olmaqla aylıq 105 min rubl (təxminən 2200 AZN) təqaüd alır. Bildirilir ki, Puqaçova pulu bank hesablarına qoyur. Ümumilikdə hesablarına köçən illik ödənişlər 1,2 milyon rubldan (təxminən 25 min AZN) çoxdur.

    Qeyd olunur ki, müğənninin pensiyası hesablarında toplanır, ondan sonra onu xaricə köçürür.

    Daha əvvəl isə Alla Puqaçovanın yaşa görə 60 min rubldan çox pensiya aldığı bildirilirdi. Müğənninin kartı vergi, kirayəhaqqı və digər məişət xərclərini ödəmək üçün istifadə olunur.

    Qeyd edək ki, müğənni 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin və uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edib. Daha sonra bütün ailə İsraildə məskunlaşıb. Lakin orada münaqişə başlayandan sonra onlar yaşamaq üçün Kiprə köçüblər. Hazırda ailənin London və Yurmalada mülklərinin olduğu, orada yaşadıqları bildirilir.

  • Elektrikli nəqliyyat vasitələrində inqilab yarada bilər: Dörd dəfə daha soyuqda işləyir

    Yaponiyanın Tokio Elm İnstitutundan olan alimlər, mövcud texnologiyalardan dörd dəfə daha aşağı temperaturda işləyə bilən yeni nəsil hidrogen batareyası hazırlayıblar.

    Valyuta.az xəbər verir ki, bu kəşf, daha sıx, uzunömürlü və ekoloji cəhətdən təmiz elektrikli nəqliyyat vasitələrinin inkişafına təkan verə bilər.

    Hidrogenlə işləyən yeni batareya texnologiyası

    Alimlər tərəfindən hazırlanmış yeni sistemdə maqnezium hidrür anod, hidrogen qazı isə katod rolunu oynayır. Batareya həmçinin kristal quruluşa malik bərk elektrolitlə təchiz olunub. 18 sentyabrda “Science” jurnalında dərc olunan tədqiqatda bildirilir ki, bu yeni batareya 90°C temperaturda sabit işləyə bilir. Halbuki mövcud bərk hal hidrogen saxlama sistemləri üçün 300–400°C arası temperatur tələb olunur.

    İnovasiyanın gücü nədədir?

    Bərk hal komponentləri olan hidrogen batareyaları və yanacaq hüceyrələri artıq uzun müddətdir mövcuddur. Lakin hidrogen batareyalarının yüksək iş temperaturuna ehtiyac duyması və yanacaq hüceyrələrinin lityum-ion batareyaları qədər səmərəli olmaması onların geniş tətbiqinə mane olurdu.

    Yeni texnologiya sayəsində alimlər maqnezium hidrür anodunun nəzəri saxlama potensialını tam şəkildə istifadə etməyə nail olublar. Eyni zamanda, otaq temperaturunda yüksək ion keçiriciliyi təmin edilib.

    Batareyanın əsas üstünlüyü onun elektrolitindədir. Barium, kalsium və natrium hidrürdən ibarət bu maddə kristal quruluşu sayəsində aşağı temperaturda belə hidrogen ionları üçün yüksək kimyəvi sabitlik və keçiricilik yaradır. Batareya lityum-ion sistemlərinə bənzər prinsiplə işləyir, lakin burada müsbət ionlar deyil, mənfi yüklü hidrür ionları elektrolitdən keçir.

    Enerji axını necə baş verir?

    Boşalma zamanı katoddakı hidrogen qazı kimyəvi reaksiya nəticəsində hidrür ionlarına çevrilir. Bu ionlar elektrolit vasitəsilə maqnezium anoduna keçərək MgH₂ əmələ gətirir. Eyni zamanda, elektronlar xarici dövrə üzərindən axaraq enerji yaradır. Şarj mərhələsində proses əks istiqamətdə gedir – maqnezium hidrür yenidən hidrogen qazına çevrilir və batareya tam doldurulur.

    Daha güclü, daha təmiz, daha davamlı

    Yeni texnologiya sayəsində hidrogen qazı artıq istənilən vaxt bərk hal hüceyrə daxilində saxlanıla və sərbəst buraxıla bilər. Batareyanın tutumu hər qram üçün 2.030 mAh təşkil edir. Müqayisə üçün, lityum-ion batareyalarının tutumu adətən 154–203 mAh/q arasında dəyişir. Ən güclü smartfon batareyaları belə ümumilikdə təxminən 5.000 mAh səviyyəsindədir.

    Hazırkı versiya hələ gündəlik cihazlarda (məsələn, telefon və ya noutbuklarda) istifadəyə tam hazır olmasa da, texnologiya hidrogenin daha səmərəli və təhlükəsiz saxlanması üçün böyük addım hesab olunur.

    Aşağı temperaturda və yüksək təzyiq olmadan hidrogen saxlamaq imkanı, elektrikli nəqliyyat vasitələrində daha yüngül, davamlı və ekoloji batareyaların tətbiqini mümkün edə bilər. Bu, hidrogeni yenidən gələcəyin “yaşıl yanacağı” kimi ön plana çıxara bilər.

    Uzun müddət bəşəriyyətin təmiz enerjiyə keçidinin açarı hesab edilən hidrogenin istehsalı və saxlanması mürəkkəb olsa da, bu yeni texnologiya sənaye miqyasında tətbiq edilərsə, enerji sektorunda əsl dönüş yarada bilər.

  • Mis qiymətləri bahalaşır: Treyderlər yeni rekord proqnozlaşdırır

    Mis qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellin bu ay daha bir faiz endirimi elan etməsindən sonra bərpa olunub. Treyderlər metalın qiymətinin bir ton üçün 12 000 dollara yüksələcəyini yüksək qiymətləndirir.

    Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, mis 1,1 faiz bahalaşıb. Pauellin bəyanatları gərgin geosiyasi vəziyyət fonunda bir neçə günlük güclü dalğalanmalardan sonra əmtəə bazarlarını dəstəkləyib.

    Mis son aylarda tələbi dəstəkləməli olan FED siyasətinin yumşaldılması və bütün dünyada bir sıra böyük mədən kəsilməsi ilə dəstəklənib. Təchizatın azaldılması ilə yanaşı, kəsintilər mədənçilərin artan tələbatı ödəməkdə qarşılaşacaqları əhəmiyyətli çətinlikləri vurğulayır. Mis keçən həftə 2024-cü ilin may ayından bəri ən yüksək səviyyəyə qalxıb.

    Çinin nəhəng mədən şirkəti “CMOC Group”un ticarət rəhbəri Kenni İves ilin sonuna qədər qiymətlərin bir ton üçün 11,000 və hətta 12,000 dollara çata biləcəyini bildirib. Təchizatda fasilələr və əmtəələrə, xüsusən də metallara investisiyaların artması nəzərə alınmaqla qiymətlər kəskin şəkildə çox asanlıqla yüksələ bilər.

    Bu, mis üçün rekord yüksək olacaq. 2024-cü ilin may ayında metal London Metal Birjası tarixində ən yüksək qiymətə – bir ton üçün 11 104,50 dollara çatıb. Oktyabrın 15-də metal 1 faiz bahalaşaraq bir ton üçün 10 687 dollar olub.

    Sentyabrın 1-də London Metal Birjasında mis psixoloji səviyyəyə qalxaraq ton/tonu 10 min dollara çatıb. Avqust ayında metal zəifləyən dollar və nisbətən sabit tələb fonunda bahalaşıb. Mis sonuncu dəfə iyul ayında bir ton üçün 10.000 dolları keçib.

  • Azərbaycanda siqaret istehsalı artır

    Cari ilin yanvat-sentyabr aylarında Azərbaycanda 12 milyon 306 min 500 ədəd siqaret və siqarlar istehsal olunub.

    Valyuta.az xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 325 min 2,72% artım deməkdir.
    Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycanda istehsal olunan siqaret və siqarların sayı 11 milyon 98 min 600 ədəd olub.

    Qeyd edək ki, cari ilin oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 892 min 900 ədəd olub.

  • Kəmaləddin Heydərov idarə rəisini işdən çıxardı – FOTO

    Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.
     
    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rüfət Ağazadə FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsindən azad edilib.
     
    Qeyd edək ki, Rüfət Ağazadə 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ilin iyul ayında FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi təyin olunmuşdu. İxtisasca memar olan sabiq rəis Azərbaycan Memarlar İttifaqının üzvüdür.

  • Məşhur dilənçi qız oğurluğa görə saxlanıldı – VİDEO

    Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.
     
    Müraciət əsasında təhqiqat araşdırmaları aparılıb.
     
    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-“Tiktok” adı “Aysu”) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.
     
    Faktla bağlı araşdırmalar davam etdirilir.
     
    Qeyd edək ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı. 

  • Rusiya Tbilisiyə 253 milyon avro təzminatı ödəyəcək? – Peskov açıqladı

    “Rusiya 2008-ci ildə Gürcüstanda baş vermiş hadisələrlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) tələblərinə əməl etməyəcək”.

    “Unikal” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib.

    Belə ki, Peskov jurnalistin AİHM-in qərarının Rusiya və Gürcüstan arasındakı münasibətlərə necə təsir edəcəyi ilə bağlı sualına: “Bu, ayrı məsələdir, ayrı bir mahiyyətdir”, – deyə cavab verib.

    Qeyd edək ki, oktyabrın 14-də AİHM Gürcüstanın Rusiyaya qarşı dövlət iddiasını təmin edərək, 2008-ci il münaqişəsindən sonra insan haqlarının pozulması iddiası ilə Tbilisiyə 253 milyon avro təzminat təyin edib. İddia 2008-ci ildə qaldırılıb. Məhkəmə müəyyən edib ki, Rusiya “həddindən artıq güc tətbiqi”, “qəddar rəftar”, “qanunsuz həbslər” və “Gürcüstanın nəzarətində olan ərazilər arasında” sərhəddən hərəkətə “qanunsuz məhdudiyyətlər” daxil olmaqla pozuntulara yol verib.

  • Tanınmış müğənni infarkt keçirdi

    Müğənni və televiziya aparıcısı Fatih Ürekin səhhətində problem yaşanıb.

    Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhur infarkt keçirib və təcili xəstəxanaya aparılıb.

    59 yaşlı Fatih Ürekin ilkin müalicədən sonra reanimasiyaya yerləşdirildiyi bildirilir. Həkimlər sənətçinin vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Lakin qarşıdakı 6 saatın kritik olduğunu qeyd ediblər.