Month: October 2025

  • Direktorların vatsap qrupunda qalmaqal

    Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib.

    Teleqraf-ın əldə etdiyi məlumata görə, İ.Mehdiyev həmkarını onun şərəf və ləyaqətini alçatmaqda, işgüzar nüfuzunu ləkələməkdə ittiham edib.

    Tərəflərin mübahisəsi isə mediasiya təşkilatının rəhbərlərinin daxil olan vatsap qrupunda başlayıb.

    Məhkəmədə ifadə verən N.Hüseynzadə bildirib ki, 2025-ci ilin yanvar ayında Y.Abdullazadə adlı şəxs ona müraciət edərək ərinin və özünün Yevlax rayon qeydiyyatı olmasına baxmayaraq, Bakı mediasiya təşkilatından ona sənəd gəldiyini bildirib. Vətəndaşın bununla bağlı şikayət edib və İlham Mehtiyevin rəhbəri olduğu Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoruna Yevlax rayonuna aid işi icraatına götürdüyü üçün töhmət verilib.

    Bundan sonra N.Hüseynzadə qrupda İlham Mehdiyevi “sənəd oğrusu”, “saxta arayış verən” adlandırıb.

    Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadə 1000 manat məbləğində cərimə edilib.

  • İranda qalmaqal: Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi

    İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimiyə qarşı məhkəmə işi açılıb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

    Məlumata görə, Faizə Haşimiyə atasının daxili qüvvələr tərəfindən öldürülməsi ilə bağlı açıqlamasından sonra məhkəmədə hüquqi iş qaldırılıb.

    Hökumətyönlü media onun səsləndirdiyi fikirləri “dəqiq olmayan məlumat” kimi qiymətləndirib və Faizə Haşimi izahat vermək üçün məhkəməyə çağırılıb.

  • “Qarabağ”ın “Çelsi” ilə oyununa satılan biletlərin sayı açıqlanıb

    Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.

    Bu barədə Ağdam klubunun Mətbuat Xidməti bildirib.

    Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

  • Bakıda restoranda qadınlara söz atan şəxs həbs edildi

    Səbail rayonunda yerləşən “Yaban” restoranında dava-dalaş salan müştəri həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə oktyabrın 26-da, gecə saat 00.30 radələrində baş verib.

    1988-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş V.B. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.

    Məlum olub ki, V.B. tanışı ilə restoranda yeyib-içərək sərxoş olub. Bundan sonra təqsirləndirilən şəxs içkinin təsiri altında restoranda olan qadınlara sataşıb, onları narahat etməyə başlayıb. Restoran rəhbərliyi onu sakitləşməyə və nizam-intizama dəvət etsə də, həmin şəxs heç bir səbəb olmadan nalayiq ifadələr işlədib. Bu zaman onların arasında münaqişə yaranıb. Təqsirləndirilən şəxs restoran administratorunu vurmağa cəhd edib.

    Məhkəmənin hökmü ilə V.B. 10 gün müddətinə həbs olunub.

  • Ermənistanda hərbi xidmət müddəti azaldıla bilər

    Ermənistanda məcburi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı qanun layihəsi hökumətin gündəliyinə daxil edilib.

    Layihədə sıravi əsgərlər üçün hazırda qüvvədə olan 24 aylıq xidmət müddətinin 2025-ci ilin qış çağırışından etibarən 18 aya endirilməsi təklif olunur.

    Yerli media yazır ki, bu dəyişiklik 2027-ci ilin ikinci yarısından etibarən hərbi xidmətin təşkilinə çəkilən xərcləri azaldacaq. Belə ki, 2025-ci ilin qış çağırışına daxil olan və 2026-cı ilin yanvarında xidmətə başlayan əsgərlərin 18 aylıq müddəti 2027-ci ilin iyulunda başa çatacaq.

  • İspaniya Türkiyədən 45 ədəd HÜRJET alacaq

    İspaniya hökuməti Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi olan HÜRJET-in alınmasına razılıq verib.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

    Bildirilib ki, İspaniyanın Türkiyədən 45 ədəd HÜRJET təyyarəsi alması ilə bağlı qərar Nazirlər Şurasının iclasında qəbul edilib.

    Müqavilənin dəyəri 3 milyard 120 milyon avro təşkil edir və anlaşmanın icrasına 2029-2030-cu illərdə başlanılacağı gözlənilir.

    Ümumilikdə, müqavilə 30 noyabr 2035-ci ilədək qüvvədə olacaq və uzadılma imkanı nəzərdə tutulmur.

  • Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırıldı

    Bakıda Heydər Əliyev Mərkəzi Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə bu ölkənin bayrağı ilə proyeksiya olunub.

    Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

    “Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir”, – paylaşımda qeyd olunub.

  • Binə qəsəbəsində yol PROBLEMİ: “Nə taksi, nə də təcili yardım gəlir” – Video

    Binə qəsəbəsi, 179-cu küçə adlanan ərazidə yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.

    Sakinlərdən birinin sözlərinə görə, yaşayış məntəqəsinə yollardakı vəziyyətlə bağlı nə taksi, nə də təcili yardım gedir.

    “Dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Deyirlər ki, bizlik deyil. Bizim əks-küçəyə asfalt çəkilib. Bir bu yol qalıb”, – deyə digər sakin qeyd edib.

    Xəzər Rayon İcra Hakimiyyətindən Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunanlarla əlaqədar Binə qəsəbəsi, 179-cu küçəsi də daxil olmaqla qəsəbə ərazisində istismara yararsız yolların əsaslı təmiri və yenidənqurulması işlərinin dövlət investisiya proqramına əlavə olunması üçün müvafiq məlumatlar hazırlanıb və 15 aprel 2025-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilib.

    Daha ətraflı videomaterialda:

  • “Barselona”nın yarımmüdafiəçiəsi Pedri bir neçə həftəlik sıradan çıxıb

    “Barselona” klubunun mərkəz yarımmüdafiəçisi Pedri zədələnib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    22 yaşlı futbolçu sol budundan zədə alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilmir.

    Lakin KİV-in proqnozlarına əsasən, Pedri təxminən üç həftə oynaya bilməyəcək.

    Xatırladaq ki, Pedri bu mövsüm 13 oyunda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib.

  • Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırıb. Saqr Qobaş bildirib ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ilin sentyabrında Azərbaycana, Şuşa şəhərinə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayır.

    Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransının yüksək səviyyədə təşkil edildiyini deyən Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri vurğulayıb ki, bu tədbir ölkəmizin konstitusional dəyərlərə və suverenliyə nə qədər sadiq olduğunun və əhəmiyyət verdiyinin bariz nümunəsidir.

    Qonaq Azərbaycanın inkişafına toxunaraq, bunun Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu vurğulayıb. Saqr Qobaş paytaxt Bakının gözəlliyinin və memarlığının onda dərin təəssürat hissi yaratdığını deyib.

    Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və xalqına çatdırmağı xahiş edib.

    Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla həm Əbu-Dabidə, həm də Azərbaycanda Bakı və Şuşa şəhərlərində görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırlayıb.

    Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin sabiq prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın uzaqgörən siyasəti və ölkə rəhbərliyinin ardıcıl səyləri nəticəsində Birləşmiş Ərəb Əmirliklərinin uğurlu nümunəvi inkişafını qeyd edib.

    Ulu öndər Heydər Əliyevin BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyan ilə 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Sammitində görüşü xatırlanaraq, məhz həmin görüşdə ölkələrimiz arasında hazırkı münasibətlərin təməlinin qoyulduğu vurğulanıb.

    Qonaq regionda sülhün təmin olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

    Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalından sonra hər iki tərəfin hazırda sülh şəraitində yaşamağa uyğunlaşdığını bildirib.

    Prezident İlham Əliyev bundan sonra da ölkəmizin regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRIPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcəyini deyib.

    Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olunub. Bu xüsusda “Masdar” şirkətinin Azərbaycana bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC əməkdaşlığına, qarşılıqlı investisiyalara toxunulub.