Month: October 2025

  • Azərbaycanda yeni radio fəaliyyətə başlayıb – Video

    Müdafiə Nazirliyinin “Ordunun səsi” radiosu bu gündən etibarən fəaliyyətə başlayıb.

    Bu barədə nazirlik məlumat yayıb.

    Bildirilib ki, radio hər həftənin 5 günü səhər saat 6:00-dan 14:00-dək “YouTube” kanalında canlı yayımlanacaq.

    Şənbə-bazar isə təkrar yayım olacaq.

  • İlham Əliyev almaniyalı həmkarını təbrik etdi

    Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

    Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Sizin aprel ayında Azərbaycana səfəriniz geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verdi.

    İnanıram ki, Azərbaycan ilə Almaniya arasında dostluq münasibətlərinin inkişafı, bir sıra sahələr üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın davam etdirilməsi və yeni məzmunla zənginləşməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Casusluqda ittiham olunanların MƏHKƏMƏSİ: Fransa səfirliyindən verilən əşyalara dinləmə cihazı yerləşdirilib?

    Fransaya casusluqda ittiham edilən Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən proses Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunması ilə davam edib.

    Müəyyən olunub ki, tərəflər arasındakı müəyyən yazışmalarda Martin Rayan Azad Məmmədliyə klaviaturası işləmədiyi üçün Fransa səfirliyinin əməkdaşı Loran Löditin ona səfirlikdən klaviatura və siçan hədiyyə etdiyini bildirib və bunu təqdim edərkən səfirlikdə bir çox işlədilməyən texnikanın olduğunu deyib. Azad Məmmədlidə bu zaman şübhələr yaranıb.

    O, fransız diplomatların onları mənbə hesab etdiyini və Loran Löditin həmin əşyalara dinləmə cihazı və ya gizli kamera yerləşdirə biləcəyini düşünüb.

    O, Martinə bir-birini əvəzləyən fransız diplomatların onları dost kimi deyil, mənbə kimi gördüyünü də söyləyib:

    “Biz digər insanlardan fərqliyik. Biz Azərbaycanın geosiyasi vəziyyətindən məlumatlıyıq və hətta onları təhlil edib, məlumat da verə bilirik”.

    Yazışmalarda Martin Azada evində izləmə cihazı ola biləcəyindən şübhələndiyini bildirib. Ona bu məsələni mütəxəssislə dəqiqləşdirməsi təklif olunub. A.Məmmədli Martinin dediklərinin gizlin yazılmasının belə, onun üçün xəyanət sayıla biləcəyini də əlavə edib.

    Azad Məmmədli Martin Rayandan Fransa səfirliyindən hansısa xeyir əldə edə bilib-bilməyəcəyini soruşub. M.Rayan indiki vaxtda bunun təhlükəli olduğunu deyib.

    Söhbətin davamında Martin Rayan Azad Məmmədliyə kəşfiyyatçı Loran Qrardın “Siqnal” yazışma proqramı vasitəsilə Qarabağda antiterror əməliyyatı ilə bağlı informasiya almaq istəyə biləcəyini söyləyib. Lakin bundan əmin ola bilməyib. Çünki həmin vaxt o, daha öncə istifadə etdiyi “Siqnal” tətbiqini silib.

    Digər danışıqlarında təqsirləndirilən şəxslər bir-birinə Azərbaycanın İranla və ABŞ ilə münasibətləri, USAID-in bağlanmasının ölkədə yarada biləcəyi nəticələrlə bağlı dediklərindən və DTX tərəfindən izlənmə qorxusu olduğundan bəhs ediblər.

    Azad Məmmədlinin ifadəsinin tam elan olunması yekunlaşıb. Azad Məmmədli ifadəsini təsdiq edərək bildirib:

    “İfadəmdə dediyim kimi, mən agent olmamışam, mənbə olmuşam”.

    Növbəti iclas oktyabrın 24-ü şahidlərin dindirilməsi ilə davam edəcək.

    İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursat, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Rayana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.

    İttihama görə, Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Rayanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

    //oxu.az

  • Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb

    Cari ilin sentyabr ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18.52% təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ilin əvvəli ilə müqayisədə 1.96 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2.40 faiz bəndi artıb.

    Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 704.9 milyon manata bərabər olub.

    Kredit portfelinin 15 milyard 91.8 milyon manatı biznes kreditləri, 9 milyard 114.5 milyon manatı istehlak kreditləri, 4 milyard 498.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

  • Türkiyədə baş verən zəlzələdə 17 nəfər xəsarət aldı

    Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ zamanı 17 nəfər xəsarət alıb.

    Bu barədə şəhər valisi Davut Gül məlumat verib.

    Onun sözlərinə görə, 14 nəfər bina sakini panikaya düşərək özlərini binadan atdıqları üçün xəsarət alıblar.

    Qeyd edək ki, zəlzələ Tekirdağ bölgəsində, Mərmərə dənizi sahilində 6, 7 km dərinliyində 5 maqnituda gücündə baş verib.
    //Report

  • Zavod direktoruna “stop” qoyuldu

    Kür Ağzı Nərə Balıqyetişdirmə zavodunun rəhbərinə “stop” qoyulub.

    Bununla bağlı Şirvan Kommersiya Məhkəməsinin hakimi Rəmzi Nəbiyev qətnamə çıxarıb.

    İş materiallarından məlum olur ki, zavodun dövlət büdcəsinə 2445,39 manat borcu olub. Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi zavodun rəhbərini məhkəməyə verərək borc ödənilənədək onun ölkədən çıxışına “stop” qoyulmasını xahiş edib.

    Kür Ağzı Nərə Balıqyetişdirmə zavodu 2004-cü ildə qeydiyyata alınıb. Zavodun rəhbəri Zahidli Aqil Ehtiram oğludur.
    //valyuta.az

  • “MİDA” bu ərazidə 105 milyon manatlıq layihəyə başlayacaq

    “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi”nin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Saray qəsəbəsində həyata keçirilməsi planlaşdırılan üç tender elan edib.

    Valyuta.az xəbər verir ki, tikinti işlərinin ümumi dəyəri 105 milyon 840 min 882,33 manat təşkil edir.

    Birinci tender üzrə 4,5 hektar torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binaları, eləcə də 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisi nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 36 milyon 311 min 571,28 manat təşkil edir.

    İkinci tender çərçivəsində həmin ərazidə 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının inşası planlaşdırılıb. Bu layihənin dəyəri 27 milyon 349 min 902,47 manat həcmində qiymətləndirilir.

    Üçüncü tenderə əsasən, 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binaları, həmçinin 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulub. Bu hissənin ümumi dəyəri 42 milyon 179 min 408,58 manat təşkil edir.

  • Sənədli torpaq sahələri bahalaşır (VİDEO)

    Bakının mərkəzinə yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat artıb.

    Qiymətləndiricilər Palatasının məlumatına görə, torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb.

    Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində artım olub. Onun sözlərinə görə, bəzi yerlərdən artım daha yüksəkdir.

    Ekspertin sözlərinə görə, şəhərin mərkəzinə yaxın torpaq sahələri məhdud olduğu üçün bu ərazilərdə də qiymətlərdə yüksək artım var.
    Ekspert bildirir ki, Sumqayıt və Xırdalan şəhərlərində torpaq qiymətləri son 1 ildə 10-12 faiz arasında artıb. Ən az artım isə kənd təsərrüfatı torpaqlarında qeydə alınıb.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

  • Ermənistan vətəndaşlarının məhkəməsində Vətən müharibəsində Azərbaycan rayonlarına raket atılması ilə bağlı sənədlər elan olunub

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 2-də davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

    Əvvəlcə zərərçəkmiş şəxs İlham Məmmədov ifadə verib. O, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İ.Məmmədov deyib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyub. Bildirib ki, onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. Zərərçəkmiş həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib.

    Zərərçəkmiş şəxs baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında təqsirləndirilən şəxs Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və deyib: “O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqelərinə tərəf idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdi. Sonra məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər”.

    Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun, baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin, digər dövlət ittihamçıları Təranə Məmmədovanın və Vüsal Abdullayevin suallarını da cavablandırıb. İ.Məmmədov deyib ki, Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

    Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər L.Mnatsakanyanı tanımadığını, həmin vaxtkı vəzifəsini bilmədiyini söyləyib. “Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi”, – deyə əlavə edib.

    O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: “Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi verdilər. Orada hərbi kafedra var idi”.

    Əlavə edib ki, müddətli hərbi xidmət zamanı əvvəlcə arxa cəbhədə xidmət edib, sonradan ön cəbhədə xidmətə göndərilib. Tərxis olunana yaxın əsir götürülüb.

    Təqsirləndirilən şəxs L.Mnatsakanyan 2002-ci ildə belə bir hadisənin baş verdiyini, yəni azərbaycanlı hərbçinin əsir götürüldüyünü təsdiq edib. Həmin hərbçinin istintaqa cəlb olunduğunu, müstəntiqlər tərəfindən dindirildiyini və daha sonra isə aidiyyəti üzrə təhvil verildiyini qeyd edib. Bundan başqa, təqsirləndirilən həmin şəxsin işgəncəyə məruz qalmadığını, ona su və çörək verildiyini iddia edib.

    L.Mnatsakanyan dövlət ittihamını müdafiə edən prokurorun suallarına cavabında həmin dövrdə əsir düşmüş azərbaycanlının İ.Məmmədov olub-olmadığını bilmədiyini və onu tanımadığını deyib.

    Daha sonra təqsirləndirilən Melikset Paşayanın vəkili məhkəməyə müraciət edərək onlara konfidensial görüş verilməsini xahiş edib. Hakim Zeynal Ağayev fasilədə onlara bunun üçün şərait yaradılacağını deyib.

    Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək ona Azərbaycanda qeydiyyatdan keçmiş beynəlxalq qurumların və media qurumlarının siyahısının təqdim olunmasını xahiş edib. İclasda sədrlik edən bu məsələnin məhkəmənin səlahiyyətinə və fəaliyyətinə aid olmadığını deyib. Bildirib ki, Azərbaycanda beynəlxalq qurumların fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Həmin təşkilatlar leqal şəkildə fəaliyyət göstərir və ölkə qanunvericiliyinə hörmətlə yanaşırlar. Hüquqlarını müdafiə edən vəkil həmin təşkilatların siyahısını ona təqdim edə bilər.

    Hakim, həmçinin Davit İşxanyana bildirib ki, ötən iclasların birində nümayiş etdirilən və iş üzrə sübut kimi keçən Ermənistanın müdafiə nazirinin müavini olmuş Manvel Qriqoryanın videomüsahibəsi də təqsirləndirilən şəxslərin planşetlərinə yüklənəcək.

    Qeyd edək ki, həmin müsahibə məhkəmədə tədqiq olunduqdan sonra Davit İşxanyan videomaterialın tam şəkildə onların planşetinə yüklənməsini xahiş etmişdi.

    Məhkəmə prosesi cinayət işləri üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

    Əvvəlcə Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində azərbaycanlıların öldürülməsi, yaralanması, o cümlədən mina təxribatları nəticəsində baş vermiş hadisələrlə bağlı sənədlər elan edilib.

    Daha sonra 2023-cü il sentyabrın 19-20-də Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş cinayət faktları üzrə sənədlər elan olunub.

    Məhkəmədə işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin mina və digər növ partlayıcı qurğuların partlaması nəticəsində həlak olması və ya xəsarətlər almasına dair hadisələr üzrə sənədlər də elan edilib.

    Habelə telejurnalist Çingiz Fuad oğlu Mustafayevin (ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib – red.) öldürülməsi faktı üzrə sənədlər də elan olunub.

    Məhkəmə iclasında 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndində aparılmış hərbi əməliyyat, 1992-ci il aprelin 23-də Qazax-Barxudarlı dəmir yolu xəttində TEM-2-7065 nömrəli teplovoza hücum edilməsi, 1991-ci il sentyabrın 9-da Barxudarlı dəmir yolu stansiyasının atəşə tutulması və digər faktlar üzrə sənədlər elan edilib.

    Bundan başqa, Vətən müharibəsi zamanı Tərtər rayonunun atəşə tutulması, “TərtərPambıq” ASC-yə xüsusilə külli miqdarda zərər vurulması, Vətən müharibəsi zamanı Füzuli, Beyləqan, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəbrayıl rayonlarının (Cocuq Mərcanlı kəndinin – red.), Naftalan şəhərinin atəşə tutulması faktları ilə bağlı sənədlər elan olunub.

    Məhkəmədə Vətən müharibəsi zamanı Yevlax rayonu və Goranboy rayonunun Goran kəndi istiqamətdə raket atılması, Mingəçevir şəhərinin atəşə tutulması, 2020-ci il oktyabrın 22-də Siyəzən, Kürdəmir və Qəbələ rayonları istiqamətlərində raketlər atılması faktları ilə bağlı sənədlər də elan edilib.

    Elan edilən növbəti sənədlər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə törədilmiş dağıntılar, fərdi yaşayış evlərinə, qeyri-yaşayış obyektlərinə, mədəni irsə ziyan vurulması faktları ilə bağlı olub.

    Məhkəmədə Laçın rayonunun meşə fonduna külli miqdarda ziyan vurulması, Laçın rayonu və digər ərazilərdə evlərin məhv edilməsi faktları ilə bağlı sənədlər də elan olunub.

    Əhalinin qanunsuz məskunlaşdırılması, Qarabağ ərazisinə silah qaçaqmalçılığının həyata keçirilməsi, fosfor mərmilərindən istifadə edilməsi faktları ilə bağlı sənədlər də elan edilib.

    Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

    Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarqsyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Arutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Зеленский: Признателен Азербайджану за оказываемую поддержку

    Сегодня в Копенгагене я встретился с Президентом Азербайджана Ильхамом Алиевым. Мы обсудили вопросы энергетики и возможного сотрудничества в сфере обороны.

    Об этом написал президент Украины Владимир Зеленский на своей странице в соцсети X.

    “Поблагодарил Президента Азербайджана за принципиальную и последовательную поддержку суверенитета и территориальной целостности Украины. Мы также обсудили дипломатические усилия, направленные на достижение справедливого мира, а также вопросы энергетики и потенциального оборонного сотрудничества. Договорились о дальнейших контактах. Я признателен Азербайджану за оказываемую поддержку”, – подчеркнул Зеленский.