Month: November 2025

  • BVF Ukraynaya 8 milyard dollarlıq yeni kredit proqramı təklif edir

    Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Ukrayna üçün 8 milyard dollarlıq yeni kredit proqramı hazırlayıb.

    Bu barədə Ali Radanın Büdcə məsələləri komitəsinin sədri Roksolana Pidlasa sosial şəbəkələrdə bildirib.

    O qeyd edib ki, yeni proqram üzrə rəsmi danışıqlar zamanı Ukraynanın 2026-cı il büdcəsinin detalları BVF missiyasının rəhbəri Qevin Qrey və həmkarları ilə müzakirə olunub.

    “BVF-nin Ukraynaya təklif etdiyi proqramın ümumi həcmi dörd il ərzində təxminən səkkiz milyard dollar təşkil edir. Bu, gözlədiyimizdən və ehtiyacımızdan azdır, lakin BVF proqramı digər tərəfdaşlardan, o cümlədən reparasiya kreditindən maliyyə əldə etməyin açarıdır”, – deyə o əlavə edib.

    Pidlasanın sözlərinə görə, proqramın işə salınması və ilk ödənişlər yanvarda gözlənilir.

    Bununla yanaşı, proqramın başlanması üçün fondla razılaşdırılmış kəsir çərçivəsində 2026-cı il büdcəsinin təsdiqi tələb olunur.

  • Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı – VİDEO

    Xalq artisti Flora Kərimovanın nəvəsi Loren ilk dəfə efirə çıxıb.
     
    Median.Az bizim.media-ya istinadla xəbər verir ki, “Hər zaman musiqi” verilişində əfsanəvi sənətkara sürpriz edilib.
     
    Kərimovanın qızı Zümrüdün oğlu Loren studiyaya çıxarılıb.

  • 8 gün əvvəl qəzaya düşmüşdü – Bu gün öldü

    Noyabrın 9-da Şəkidə baş verən qəzada xəsarət alan sürücü xəstəxsnada ölüb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki,noyabrın 9-da Şəkinin İnçə kəndi ərazisində “Mercedes” markalı avtomobillə toqquşan “Chevrolet”in sürücüsü, 35 yaşlı Famil Şəmiyev Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb. 

    Qeyd edək ki, hadisə zamanı bir neçə nəfər də xəsarət almışdı.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

  • “Adi cızığa görə maaşımızdan 200 manat tutulur” – ŞİKAYƏTƏ RƏSMİ CAVAB

    Bakıda 13 nömrəli marşrut xətt üzrə sürücü işləyən vətəndaş avtobusa dəymiş ziyanın sürücülərin hesabına ödənilməli olması şərtindən şikayətçidir.

    Median.Az xəbər verir ki, Oxu.az-a müraciət ünvanlayan sürücü bildirib ki, sıradan çıxan detalların qiyməti olduqca bahadır:
    “Metronun “20 Yanvar” stansiyası yaxınlığında idarə etdiyim avtobusun güzgüsü ağaca dəyərək sınıb. Təkcə bu güzgüyə görə mənə 600 manat cərimə yazıblar. Mən həmin şüşənin şəklini və aktı sizə göndərirəm. Qiymətlərin niyə bu qədər baha olmasını soruşanda isə deyirlər ki, servis qiymətlərimiz belədir. Sürücü olaraq bu cür yüksək qiymətlərdən əziyyət çəkirik. Başqa yerdə də düzəltdirməyə icazə vermirlər. Adi bir cızığa görə maaşımızdan 100-200 manat tutulur”, – deyə şikayətdə bildirilir.

  • Qubada hindistanlı turisti avtomobil vuraraq öldürüb

    Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

     
    Hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. 1985-ci il təvəllüdlü, Hindistan vətəndaşı Mansur Xanı avtomobil vurub. Xəsarət alan şəxs dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
    Fakt araşdırılır.

  • Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı

    Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, insident Təzəkənd kəndində qeydə alınıb.
    Kənd sakini, 56 yaşlı Əbülfəz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
    İlkin məlumata görə, Əbülfəz Həsənov həmkəndlisi, 51 yaşlı Əlövsət Həsənov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb.
    Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

  • Ərdoğan: Gürcüstan və Azərbaycan faciənin ilk anlarından etibarən bütün imkanlarını səfərbər etdi

    Gürcüstan və Azərbaycan faciənin ilk anlarından etibarən bütün imkanlarını səfərbər etdi.


    Median.Az APA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O bildirib ki, Gürcüstanda C-130 tipli hərbi yük təyyarəsinin qəzaya uğraması zamanı Gürcüstan və Azərbaycan tərəfi hadisənin ilk anlarından etibarən bütün imkanlarını səfərbər edib.
    “Qalıqların tapılması, axtarış-xilasetmə qruplarının hadisə bölgəsinə çatdırılması və ərazinin təhlükəsizliyinin təmin edilməsində gücləri səfərbər etdik”– deyə Ərdoğan əlavə edib.

  • Bakının bu rayonlarında qaz olmayacaq

    Sabah Bakının üç rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
    Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 18.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
    Təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonu üzrə Təbriz, Ə.Əliyev, F.Yusifov, N.Hacıyev və A.Nemətulla küçələrinin, Binəqədi rayonu üzrə 8-ci Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin, DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Ə.Xaqani, M.Hüseynzadə, M.S.Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Sabunçu rayonu üzrə isə “7 Gözəl” və “Göy Qurşağı” MTK-ların, H.Əliyev və Ə.Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Əməkdaşlarının evlərindən çıxarılmaları ilə bağlı FHN-dən açıqlama

    Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin balansında olan xidməti yaşayış sahələrindən əməkdaşların guya qanunsuz çıxarılması ilə bağlı görüntülər yayılıb.

    Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında yerləşən xidməti yaşayış sahələrindən “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin 102-ci maddəsinin tələblərinə uyğun olaraq əmək fəaliyyətinə xitam verilmiş şəxslərin çıxarılmaları ilə bağlı tərəfimizdən Suraxanı Rayon Məhkəməsinə müraciət edilib, həmin şəxslərin Nazirliyə məxsus həmin xidməti mənzillərdən çıxarılmaları və mənzilləri Fövqəladə Hallar Nazirliyinə təhvil vermələri barədə məhkəmə qətnamələr qəbul edib və məhkəmə qətnamələri qanuni qüvvəyə minib.

    Qeyd edilib ki, qanuni qüvvəyə minmiş 7 məhkəmə qətnaməsi Suraxanı Rayon Məhkəməsi tərəfindən icra edilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilib və həmin şöbə tərəfindən məcburi icra hərəkətləri həyata keçirilərək, mənzillərin Nazirliyə təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

  • 4500 illik sirr açıldı: Şərq cəbhəsindəki kəşf alimləri həyəcanlandırdı

    Misir arxeologiyasında son illərin ən diqqətçəkən tapıntılarından biri qeydə alınıb.

    Qaynarinfo xəbər verir ki, Misir və Almaniyadan olan tədqiqatçıların birgə apardığı araşdırma Giza nekropolundakı üç əsas piramidadan ən kiçiyi olan Mikerinos (Menkaure) piramidasının şərq cəbhəsində indiyədək fərq edilməyən gizli bir giriş ola biləcəyini ortaya çıxarıb.

    Bəs piramidanın içində hansı sirlər gizlənir? Bu ikinci giriş itkin qəbirə, yoxsa hələ kəşf olunmamış otaqlara aparır?

    Qədim dünyanın bu nəhəng tikililəri min illərdir həm alimlərin, həm də tarixsevərlərin diqqətini üzərinə çəkir. Qüsursuz memarlığı və sirləri ilə piramidalar insanlığın ən böyük sirrlərdən biri olaraq qalır. Giza Platosundakı piramidalar isə xüsusilə gizli keçidləri, astronomik düzülüşləri və hələ tam aydınlaşdırılmamış inşa texnikaları ilə milyonlarla insanın marağına səbəb olur.

    İndi isə Mikerinos piramidasında edilən yeni kəşf, bu qədim tikililərin hələ də açılmamış böyük sirlər saxladığını göstərir.

    4500 illik sirr: Mikerinos piramidasında yeni bir qapı?

    E.ə. 2510-cu illərdə inşa olunan və təxminən 200 metr hündürlüyə sahib Mikerinos piramidası Keops və Kefren piramidlərindən kiçik olsa da, tarixi əhəmiyyəti son dərəcə böyükdür.

    Bu gün piramidanı əhatə edən müzakirələr yeni bir mərhələyə keçib. Münhen Texniki Universiteti (TUM) və Qahirə Universitetinin mütəxəssisləri piramidanın şərq cəbhəsində yerləşən eyni səviyyədə cilalanmış qranit blokların arxasında qeyri-adi struktur anomaliyalar aşkarlayıb.

    Prof. Kristian Qrosse aparılan işlərin nəticələrini “Giza üçün son dərəcə önəmli tapıntı” kimi qiymətləndirib. O bildirib: “Hazırladığımız test metodologiyası piramidanın daxili quruluşu barədə çox dəqiq nəticələr əldə etməyə imkan verir. İkinci giriş hipotezi getdikcə güclənir”.

    Radar, ultrason və elektrik tomoqrafiyası ilə axtarış

    Tədqiqatçılar piramidanın qranit səthinə zərər verməmək üçün radar axtarışı, ultrason görüntüləmə və elektrik müqavimət tomoqrafiyası (ERT) kimi invaziv olmayan üsullardan istifadə ediblər. Bu metodların birləşdirilməsi nəticəsində səthin arxasında iki ayrı boşluq müəyyən edilib:

    Aşkarlanmış anomaliyalar:

    Birinci boşluq:
    – Dərinlik: 1,4 metr
    – Hündürlük: 1 metr
    – En: 1,5 metr

    İkinci boşluq:
    – Dərinlik: 1,13 metr
    – Ölçülər: 0,9 × 0,7 metr

    Bu boşluqların yerləşməsi tədqiqatçıların fikrincə “ikinci giriş ehtimalını gücləndirəcək şəkildə” düzülüb. Xüsusilə piramidanın şərq tərəfində, yerə yaxın hissədə 4 metr hündürlüyündə və 6 metr enində düzbucaqlı sahə mümkün giriş nöqtəsi kimi qiymətləndirilir.

    Niyə məhz şərq cəbhəsi?

    Mütəxəssisləri bu bölgəyə yönəldən ən önəmli işarələrdən biri də şərq cəbhəsindəki qeyri-adi dərəcədə hamar qranit bloklar olub. Piramidanın əsas girişinin yerləşdiyi şimal cəbhəsində də oxşar qranit daşlar mövcuddur. Şərqdəki cilalanmış daşların varlığı, tədqiqatçılara görə, burada da qədim dövrdə giriş olduğunu, sonradan bağlandığını və ya zamanla unudulduğunu göstərə bilər.

    Bu fikir yeni deyil. Müstəqil tədqiqatçı Steyn van den Hoven 2019-cu ildə Mikerinos piramidanın ikinci girişə sahib ola biləcəyini irəli sürmüşdü. Lakin o vaxt fiziki sübut olmadığı üçün hipotez diqqət çəkməmişdi. İndi isə elmi ölçmələr bu nəzəriyyəyə güclü dayaq yaradır.

    Kəşf edilməmiş otaqlar ola bilər

    Hazırda turistlər piramidanın içindəki koridorları, nişləri və mövcud məzar otaqlarını ziyarət edə bilir. Lakin şərq cəbhəsində müəyyən edilən anomaliyalar piramidanın daxilində hələ aşkar olunmamış otaqların və ya keçidlərin ola biləcəyini göstərir.

    Tədqiqatçılar istifadə olunan texnologiyaların nüfuz dərinliyinin məhdud olduğunu, ona görə də aşkarlanan boşluqların piramidanın nə qədər içinə uzandığının tam bilinmədiyini bildirirlər. Nəticələrin geniş tərkibli elmi komissiya tərəfindən qiymətləndirilməsi planlaşdırılır.

    Araşdırmanın nəticələri “NDT & E International” jurnalında dərc olunub və piramidanın şərq cəbhəsində daha əvvəl qeydə alınmamış struktur anomaliyələrin ilk dəfə təsdiqləndiyi açıqlanıb.

    Yarım qalmış bir hekayə: Menkaurenin itkin sarkofaq

    Mikerinos piramidası yalnız struktur və memarlıq baxımından deyil, həm də böyük bir itkinin simvoludur. Firavun Menkaureyə aid olduğu düşünülən sarkofaq 1830-cu illərdə “British Museum”a aparılmaq üçün Beatrice adlı ticarət gəmisinə yüklənmişdi. Lakin gəmi 13 oktyabr 1838-ci ildə Maltadan ayrıldıqdan sonra müəmmalı şəkildə yoxa çıxmışdı. Gəmi və sarkofaq bir daha tapılmayıb. Bu səbəbdən piramidanın içində bu gün firavuna aid heç bir orijinal dəfn əşyası yoxdur. Yeni aşkarlanan boşluqların itkin sarkofaqla bağlı ipucu verib-verməyəcəyi isə böyük maraq doğurur.

    İnsanlığın ən böyük sirr sahəsi: Giza kompleksi

    Kahirənin qərbində yerləşən Giza platosu, Böyük Sfenks və Keops, Kefren, Mikerinos piramidalarında ev sahibliyi edir. Nəhəng daş blokların necə daşındığı, necə bu qədər dəqiq yerləşdirildiyi, piramidaların hansı məqsədlə inşa edildiyi kimi suallar hələ də cavabsızdır.

    Mikerinos piramidasındakı yeni tapıntılar bu sirrlərin açılması istiqamətində yeni bir mərhələnin başlanğıcı ola bilər.

    Arxeologiyada yeni bir dönüm nöqtəsi?

    Mikerinos piramidasının şərq cəbhəsində aşkar olunan hava dolu anomaliyalar alimləri həyəcanlandırıb. Tədqiqatçılar ikinci girişin mövcudluğunu sübut etməyə indiyədək olmadığı qədər yaxın olduqlarını bildirirlər. Əgər bu hipotez təsdiqlənərsə, kəşf həm Giza piramidalarının memarlığına, həm də qədim Misirin dəfn ənənələrinə dair yeni məlumatlar təqdim edə bilər.