Month: November 2025

  • Tramp BBC-ni məhkəməyə verəcək

    ABŞ Prezidenti Donald Tramp BBC-nin “Panorama” proqramının onun çıxışlarından birini dəyişdirdiyini bildirərək, kanala qarşı 5 milyard dollar məbləğində iddia qaldıracağını açıqlayıb.

    D.Tramp iddianın gələn həftə rəsmi olaraq təqdim ediləcəyini söyləyib.

    ABŞ lideri məbləğin 1 milyard ilə 5 milyard dollar arasında olacağını qeyd edib.

  • Qanunsuz silah-sursatla bağlı 11 fakt müəyyənləşib

    Ötən gün qanunsuz silah-sursat saxlanması ilə bağlı 11 fakt müəyyən olunub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirlib ki, narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

  • Daşkənddə binalar üzərində Azərbaycan bayrağı proyeksiya olunub

    Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü ərəfəsində Daşkənd şəhərindəki binalar Mərkəzi Asiya dövlətlərinin və Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb.

    Bu addım iştirakçı ölkələr arasında həmrəyliyi və dostluq münasibətlərini simvolizə edib, şəhərdə bayram ab-havası yaradıb.

    Qeyd edək ki, Prezident İlham Əliyev həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün Özbəkistanda səfərdədir.

  • Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında YANĞIN (Video)

    Bakının Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Qeyd olunub ki, Nazirliyin “112” qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 15 kvadratmetr sahədə yanıb.

    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

  • Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? – Video

    Son zamanlar müxtəlif sosial platformalarda gənc qızların və xanımların şəxsi fotolarının icazəsiz paylaşılması halları artıb.

    Əsasən “TikTok”, “İnstagram”, “Telegram”da bu kimi şəkil və videolar qeyri-etik başlıqlarla təqdim olunur.

    Bu azmış kimi, paylaşımların silinməsi qarşılığında müəyyən məbləğ də tələb olunur.

    Paytaxt sakinləri arasında keçirilən sorğu zamanı məlum olub ki, vətəndaşların bir çoxu bu kimi oxşar hadisələrlə özlərinin, və ya yaxınlarının üzləşdiyini bildiriblər.

    “Bir də gördüm ki, mənim adıma sosial şəbəkə səhifələri açılıb. Başqa bir adda. İki ildir, artıq üçüncü ilə keçir. Mənim hələ də şəkillərimdən istifadə edirlər”, – deyə sakinlərdən biri bildirib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Şəkidə sahibsiz it iki nəfərə hücum etdi

    Şəkidə iki nəfər sahibsiz itin hücumuna məruz qalıb.

    Oxud kənd sakini, 70 yaşlı Nəriman Məmmədov və Qoxmuq kənd sakini, 26 yaşlı Murad Məhərrəmov it dişləməsi nəticəsində xəsarət alıblar.

    Hər iki zərərçəkən hadisədən dərhal sonra Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

    Müayinə zamanı Nəriman Məmmədovun hər iki baldır nahiyəsində, Murad Məhərrəmovun isə qarın (göbək) nahiyəsində dişləmə xəsarətləri aşkarlanıb. Onlara dərhal tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub.

    Həkimlərin sözlərinə görə, hər iki şəxsin vəziyyəti qənaətbəxşdir. Onlar ambulator müalicə almaları üçün evə buraxılıblar.

  • Azərbaycan bentonit istehsalını 37 %-dən çox artırıb

    Bu ilin ilk yanvar-oktyabr aylarında Azərbaycanda 264,1 min ton bentonit istehsal edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,2 % çoxdur.

    Bu il noyabr ayının 1-nə, ölkədə 243,1 min ton hazır məhsul ehtiyatı olub.

    2024-cü ildə Azərbaycanda 253,1 min ton bentonit istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfə çoxdur.

  • Təhsilə ayrılan maliyyə yetərlidirmi?

    Gələn il üçün təhsil xərcləri 5 milyard 15 milyon 897 min manat məbləğində proqnozlaşdırılır. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, həmin vəsaitdən məktəbəqədər təhsilə 468 milyon 191 min manat, ümumi təhsilə 2 milyard 414 milyon manat, peşə təhsilinə 105 milyon manat, orta ixtisas təhsilinə 94 milyon manat, ali təhsilə 212 milyon manat, əlavə təhsilə 20 milyon manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 7 milyon 883 min manat, digər müəssisə və tədbirlərə isə 1 milyard 692 milyon manat ayrılması nəzərdə tutulur.

    Bu rəqəmlər Azərbaycanda təhsilin maliyyələşməsi ilə bağlı vacib sualları gündəmə gətirir: ayrılan vəsait kifayətdirmi? Maliyyələşmə zamanı hansı sahələrə daha çox diqqət ayrılmalıdır? Hansı yeniliklərə ehtiyac var?

    Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bildirir ki, son illərdə təhsilə ayrılan vəsaitlərdə ardıcıl artım müşahidə olunur. Onun sözlərinə görə, ayrılan vəsait təxminən dövlət büdcəsinin 10–12 faizini təşkil edir ki, bu, beynəlxalq təcrübədə yaxşı göstərici sayılır: “Dövlət büdcəsindən təhsilə 2021-ci il 3,1 mld manat, 2022-ci il 3,8 mld manat, 2023-ci il 4,4 mld manat, 2024-cü il 4,8 mld manat, 2025 (proqnoz) 5,1 mld manat ayrılmışdır. Büdcə xərclərinin 11 faizi təhsilə yönəlir; əsas məqsəd keyfiyyət və idarəetmə effektivliyinin artırılmasıdır. Göründüyü kimi, hər il təhsilə dövlət büdcəsindən ayrılan vəsaitdə artım var. Təhsil dövlətin əsas strateji istiqamətlərindən biridir”.

    Millət vəkili hesab edir ki, ayrılan vəsaitin struktur baxımından necə yönəldilməsi daha önəmlidir. Onun sözlərinə görə, hazırda xərclərin böyük hissəsi əməkhaqqı və infrastruktur layihələrinə gedir ki, bu da labüd haldır. “Keyfiyyət və məzmun islahatları, müəllim hazırlığı, rəqəmsallaşma və elmi tədqiqatlara nisbətən az pay düşür”, – deyə o vurğulayıb.

    Mehriban Vəliyeva maliyyələşmə zamanı diqqət edilməli əsas məsələləri də sadalayır. Onun fikrincə, ilk növbədə rəqəmsal təhsil mühitinin genişləndirilməsinə önəm verilməlidir: “Region məktəblərində texnoloji bərabərsizlik aradan qaldırılmalıdır. Təhsil tədqiqatları və innovasiya fondları – təhsil siyasətinin elmi əsaslara söykənməsi önəmlidir. İnfrastrukturun modernləşdirilməsi, xüsusilə də kənd məktəblərində təchizat, laboratoriyalar və internet təminatı gücləndirilməlidir. Eyni zamanda dövlət–özəl sektor tərəfdaşlığı inkişaf etdirilməlidir. Peşə təhsilinə ayrılan maliyyə vəsaiti artırılmalıdır ki, bu sahədə islahatlar genişlənsin”.

    Deputat əlavə edir ki, təhsilin maliyyələşməsində yeniliklərə ehtiyac var: “Maliyyələşmədə nəticəyönümlü modelə keçid vacibdir. Eyni zamanda rəqəmsal bacarıqlar fondu yaradılmalı, süni intellekt və texnoloji savadlılıq üzrə milli proqramlar hazırlanmalıdır. Məktəblərin idarəetmədə müstəqilliyi artırılmalıdır ki, büdcə planlamasında yerli qərarvermə səlahiyyəti genişlənsin. Təhsil startaplarına dəstək mexanizmləri tətbiq edilməlidir, innovativ pedaqoji layihələr üçün qrant mexanizmləri genişləndirilməlidir. Məktəbəqədər təhsilin əhatəliliyi baxımından yeni layihələr dəstəklənməli, təhsilin pillə və səviyyələri üzrə islahatlar aparılmalı, məzmun islahatları dərinləşdirilməlidir”.

    Təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru Vüsal Kərimlinin sözlərinə görə, gələn ilin büdcəsində təhsilə ayrılan vəsaitin artması müsbət hal olsa da, əsas məsələ bu vəsaitin necə xərclənməsidir. O deyir ki, təhsilə ayrılan maliyyənin elm istiqamətinə nə qədər yönələcəyi hələ də qeyri-müəyyəndir: “Müəllimlərin əməkhaqlarının artırılması vacibdir, lakin elm və elmi araşdırmaların maliyyələşməsi də diqqətdən kənarda qalmamalıdır. Təhsil adı ilə verilən qrantların istiqaməti bəzən suallar doğurur. Burada əsas məsələ maliyyənin çoxluğu yox, təyinatı üzrə xərclənməsidir”.

    V.Kərimlinin fikrincə, Elm və Təhsil Nazirliyinə ayrılan vəsait əsasən ümumtəhsil sahəsinə yönəlir, ali təhsil müəssisələri dövlət dəstəyindən kənarda qalır: “Bəzən universitetlər özləri Təhsilin İnkişafı Fonduna vəsait ödəyirlər. Halbuki ali təhsilin inkişafı üçün birbaşa maliyyə dəstəyi və elmi qrantlar ayrılmalıdır. Yəni, elm və ali təhsil istiqaməti tamamilə unudulub. Azərbaycan Elm Fondu fəaliyyət göstərsə də, onun büdcəsi məhduddur. Bu baxımdan, təhsilə ayrılan vəsaitin bölüşdürülməsi yenidən nəzərdən keçirilməli, elm və ali təhsilin inkişafı dövlət siyasətində prioritet yer tutmalıdır”.

    ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov isə bildirir ki, təhsil üçün ayrılan vəsaitin payı ÜDM-də hələ də istənilən səviyyəyə çatmayıb: “2025-ci ilin büdcə göstəricilərinə görə, təhsilə ayrılan 5 milyard ölkə büdcəsinin təxminən 10,5 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Estoniyada 17 faiz, Finlandiyada isə 19 faiz civarındadır. Bu, Azərbaycanın təhsil investisiyalarının hələ də inkişaf etmiş ölkələrin səviyyəsindən aşağı olduğunu göstərir.

    Mütəxəssis vurğulayır ki, təhsilin maliyyələşməsində diqqət yetirilməli əsas məsələ vəsaitin yalnız miqdarı deyil, həm də səmərəliliyidir: “Dünya Bankının 2023-cü il hesabatına görə, Azərbaycan təhsilə ayrılan büdcə xərclərinin effektivlik göstəricisində 100 bal üzrə 63 bal toplayıb. Yəni ayrılan vəsaitlərin tədris keyfiyyətinə, müəllim peşəkarlığına və öyrənmə nəticələrinə təsiri hələ də məhduddur. Bu, maliyyə artımının təkbaşına keyfiyyət artımına gətirmədiyini göstərir. Növbəti mərhələdə büdcə artımı ilə yanaşı, onun elmi əsaslı planlaşdırılması, bölgüsünün ədalətli və səmərəli aparılması, təhsil xərclərinin keyfiyyət göstəriciləri ilə əlaqələndirilməsi prioritet olmalıdır”.

    Mənbə: “Kaspi” qəzeti

  • Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanıldı

    Dələduzluğa görə axtarışda olan şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının noyabrın 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

  • Şəkidə 50 yaşlı kişi qətlə yetirildi

    Şəkidə 50 yaşlı kişi öldürülüb.

    “Unikal”ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Şəki rayonunun Turan qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.

    Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü olaraq polisə təslim olub.

    Faktla bağlı araşdırma aparılır.