Month: November 2025

  • Bakıda ana azyaşlı qızının bədəni yandırdı, kəmərlə döydü – TƏFƏRRÜAT (FOTO)

    Bakıda azyaşlı qızına qarşı dəfələrlə fiziki zorakılıq etməkdə, işgəncə verməkdə ittiham olunan 23 yaşlı Fatimə Ramazanovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, cinayət işi materiallarında Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızına verdiyi dəhşətli işgəncələr ortaya çıxıb.

    Azyaşlının uzun müddət müxtəlif alətlərlə döyülməsi, yandırılması və təhqiredici davranışlara məruz qalması məlum olub.

    Fatimə Ramazanova heç bir əsas olmadan azyaşlı qızına müxtəlif dövrlərdə oxlov, elektrik naqili, dəri kəmər və digər əşyalarla zərbələr endirib. Bundan başqa, kəfkiri sobada qızdıraraq uşağın sol əlinin ovuc səthinə, sol qoluna və burnunun üstünə basdırmaqla termiki yanıq xəsarətləri yetirib.

    Sonuncu dəfə isə 2 mart 2025-ci il tarixində isə yenə də uşağın yemək yeməməsi bəhanəsi ilə dəri kəmərlə döymə nəticəsində azyaşlının bədənində çoxsaylı hematomalar, qançırlar və sıyrıqlar yaranıb.

    Fatimə Ramazanova ifadəsində uşaqlıq dövründən etibarən ailə zorakılığına məruz qaldığını, 13 yaşı olanda atasının intihar etdiyini, anasının isə normal həyat tərzi keçirmədiyini bildirib.

    15 yaşında evdən qaçaraq işləməyə başlayan Fatimə uzun müddət müxtəlif ünvanlarda yerləşən kafelərdə ofisiant olaraq işləyib. 18 yaşından sonra Elçin adlı şəxslə birgə yaşayıb və onların ailə mühitində də zorakılıq halları baş verib.

    Elçinin narkotik istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunmasından sonra Fatimə yeni iş yerində Əsmər adlı qadınla tanış olub və həmin şəxsin evinə köçüb. Bu müddətdə hamilə qaldığını öyrənib və 2021-ci ildə qızı dünyaya gəlib.

    Uşağın doğumundan sonra uzunmüddətli iş rejimi səbəbindən Mələk adlı azyaşlı bir neçə ay Almaz adlı qadının evində qalıb. Daha sonra azyaşlı başqa dayənin – Samirənin yanına verilib. Fatimə uşağına baxdığına görə Samirə adlı qadına gündəlik 20 manat ödəniş edirmiş.

    Fatimənin dediyinə görə, qızı Samirənin evində olduğu müddətdə onun qidalanma və davranış problemləri yaranıb. Buna görə də Samirə ilə onun arasında gərginliklər yaranıb. Fatimə deyib ki, buna görə uşağı cəzalandırmağa başlayıb.

    Azyaşlı yemək yemədiyi üçün anası tərəfindən işgəncələrə məruz qalıb. Fatimə iddia edib ki, qızının yemək yeməməsinin səbəbi Samirə adlı qadın olub. Onun sözlərinə görə, Samirə onun qızını övladlığa götürmək istəyib, lakin o, bununla razılaşmayıb. Fatimə deyib ki, Samirə adlı qadın qızına yemək yeməməsini tapşırıb.

    Fatimə qızını döydüyünü etiraf etsə də, onun bədənini yandırmadığını söyləyib. Bildirib ki, qızı Samirənin evində qaldığı zaman qızı qotur xəstəliyinə tutulduğu üçün bədənində yaralar əmələ gəlib və həmin izlər də həmin xəstəlikdən sonra yaranıb.

    Azyaşlının ifadəsi…

    Yetkinlik yaşına çatmayan azyaşlı zərərçəkmiş qismində psixoloqun müşayiəti ilə ifadə verən zaman bildirib ki, anası onu mütəmadi olaraq kəmər, dəmir dabankeş və kəfkirdən istifadə edərək döyüb. Qulağına isti su töküb, saçından dartaraq təhqiramiz davranışlar edib, gecələr bir ayaq üstdə saxlayıb.

    Azyaşlının ifadəsindən məlum olub ki, onun bədənindəki siqaret yanıqları anası ilə birgə yaşayan Roma adlı şəxs tərəfindən edilib. Azyaşlı, həmçinin, ifadəsində bildirib ki, anası ilə yaşayan Roma adlı şəxs ona zorakılıq barədə danışmasını qadağan edib, danışacağı təqdirdə onu döyməklə hədələyib.

    Azyaşlının işgəncələrə məruz qalmasını əks etdirən videogörüntünün sosial şəbəkələrdə yayılmasının təfərrüatı da məlum olub.

    Belə ki, Fatimə Ramazanova qızına işgəncələr verdiyi, bir ayağı üstdə saxladığı videogörüntünü Samirə adlı qadına göndərərək baş verənlərin günahkarı kimi onu göstərib. Fatimə Samirə adlı qadına deyib ki, uşağının yemək yeməməsinin səbəbi odur və buna görə də əsəbiləşərək qızına qarşı bu davranışları edir.

    Azyaşlı gecələr çığıraraq yuxudan oyanırmış…

    “Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə isə ifadəsində bildirib ki, azyaşlı onların sığınacağına gətirilən zaman ilk günlər danışmaqdan imtina edib, bədənindəki xəsarətlər səbəbindən 2 ay ərzində ona toxunmaq belə mümkün olmayıb.

    Sığınacaq rəhbəri əlavə edib ki, azyaşlı gecələr çığıraraq yuxudan oyanıb, uzun müddət anasının yanına qaytarılacağı qorxusu ilə yaşayıb.

    Fatimə analıq hüququndan məhrum ediləcək…

    Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi isə bildirib ki, Fatimə Ramazanovanın valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət olunub. İş hazırda Suraxanı Rayon Məhkəməsindədir.

    Məhkəmə hökmünə əsasən Fatimə Ramazanova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Qeyd edək ki, azyaşlının bu fotoları sığınacağa yerləşdirildiyi ilk gündə (bu ilin mart ayının əvvəlində) çəkilib.


  • “Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir” – Deputat

    “Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da genişləndirlməsi xətti xüsusi yer tutur. Prezident İlham Əliyevin bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır”.

    Bunu “Unikal”a açıqlamasında deputat Samir Vəliyev deyib. O bildirib ki, bu, dünyada cərəyan edən ziddiyyətli proseslər, mövcud geosiyasi reallıqlar fonunda çox böyük əhəmiyyət daşıyır:

    “Ortaq dəyərlərə və üst-üstə düşən strateji maraqlara malik olan ölkələrimiz bir-biri ilə sıx inteqrasiya edirlər. Qeyd edək ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər, Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub. Belə intensiv siyasi dialoq ölkələrimiz arasında münasibətlərin nə qədər yüksək səviyyədə olmasının əyani göstəricisidir. Bu kontekstdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin davamlı olaraq genişlənməsi də böyük məmnunluq doğurur”.

    Deputatın sözlərinə görə, respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir:

    “İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq kimi səciyyələndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir”.

    Samir Vəliyev təmasların möhkəmlənməsində liderlərin dostluq münasibətlərinin və onların mütəmadi hal alan qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib: “Təkcə son bir il yarım ərzində beş yüksəksəviyyəli səfər olub. Bütün bunlar iki ölkə arasındakı münasibətlərin yüksək dinamikasını əyani şəkildə göstərir. Keçən ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri baş tutub, bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib. Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib”.

    Milli Məclisin deputatı vurğulayıb ki, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq müxtəlif sahələrdə, o cümlədən də iqtisadi sektorda əməkdaşlıq da davamlı olaraq genişlənir:

    “Müsahibədə də qeyd olunduğu kimi, hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində – sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. Bu günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb”.

    “Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə malikdir. 2024-cü ildə ölkələrimiz arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir”, – Samir Vəliyev bildirib.

  • Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

    Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “BMW” markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb.

    Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı İ.Qarayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

    Qeyd olunub ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə İ.Qarayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.

  • Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?

    Azərbaycanda gələn ildən fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisinin dərəcəsi 14 faizdən 10 faizə endiriləcəyi gözlənilir.

    Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb. Yeni yanaşma fiziki şəxslərin vergi yükünün azaldılması, eləcə də kirayə bazarının stimullaşdırılması məqsədi daşıyır.

    Vergi dərəcəsinin azaldılması kirayə bazarının ümumi inkişafına və dövlət büdcəsinə necə təsir göstərəcək?

    Median.Az-in məlumatına görə, Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov AZƏRTAC-a bildirib ki, kirayə üzrə gəlir vergisinin endirilməsi müsbət haldır. Onun sözlərinə görə, bu, bütün hallarda vergidən yayınmanın qarşısının alınması məqsədi daşıyır.

    “Aparılan monitorinqlər göstərir ki, bu sahədən büdcəyə daxilolmaların həcmi çox deyil. Xüsusən də nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir. Bu kontekstdən gəlir vergisinin 14 faizdən 10 faizə endirilməsində məqsəd həm bu sahənin “ağardılmasına”, həm də dövlət büdcəsinə həmin mənbədən daha çox vəsaitin daxil olmasına nail olmaqdan ibarətdir. Nəticə etibarilə digər ölkələrin də təcrübəsi göstərir ki, kirayə vergiləri bütövlükdə gəlir vergilərində vergi növlərindən biridir. Ona görə də bu istiqamətdə şəffaflıq, kirayə müqavilələrinin sayının artırılması əsas səbəblərdəndir. Bütün bunlarla yanaşı, eyni zamanda, biz kirayə üzrə gəlir vergisinin daha da azaldılmasını təklif edirik”, – deyə o qeyd edib.

    V.Bayramov əlavə edib ki, digər ölkələrin təcrübəsinə görə, kirayə sektorunda vergi dərəcələrinin aşağı olması kirayə müqavilələrinə marağı artırır: “Bu da həmin mənbədən dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan verir. Təbii ki, kirayə üzrə gəlir vergisi dərəcələrinin azaldılması təqdirəlayiqdir. Gözlənilir ki, bu addım həmin sahədə kirayə müqavilələrinin sayının artmasına və büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq”.

    Gəlir vergisinin ödənməsi bundan sonra necə tənzimlənəcək və bu məsələnin rəsmi qaydada aparılması üçün hansı addımların atılması gözlənilir?

    Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə verilməsi əməliyyatları vergiyə cəlb edilən əməliyyatlar olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatların mövcudluğu davam edir.

    “Əməliyyatların rəsmiləşməsi üçün sadə inzibatçılıq və aşağı vergi yükü təşviqedici amil kimi çıxış edir. 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota alınmadan agent şəxs (hüquqi və ya fiziki şəxs) müəyyən etməklə öz vergi öhdəliklərini yerinə yetirilmək vəzifəsini həmin şəxslərə həvalə etmək hüququ verilib. Kirayə gəlirlərindən vergilərin bəyan olunması və ödənilməsi üzrə inzibatçılığın sadələşdirilməsi kontekstində növbəti addım kirayə gəlirləri üzrə vergi yükünün azaldılmasıdır.

    Qanunvericiliyin qüvvədə olan müddəalarına əsasən, fiziki şəxslərə məxsus daşınmaz əmlakın icarəyə (kirayəyə) verilməsindən əldə olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir olmaqla xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. Kirayə bazarı üzrə “ağarmaya” və könüllü əməletməyə nail olunmaq məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan kirayə haqları üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14 faizdən 10 faizə endirilməsi nəzərdə tutulur. Daşınmaz əmlakların sahibkarlıq fəaliyyəti ilə bağlı icarəyə verilməsindən əldə olunan gəlirlər üzrə isə mövcud qaydada 14 faiz dərəcə ilə vergilənmə davam etdirilir”, – deyə qurumdan bildirilib.

    Vergi dərəcəsinin azalması kirayə bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilərmi, həmçinin bu yenilik ev sahibləri və kirayəçilər üçün bazarda hansı müsbət təsirləri yarada bilər?

    İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirib ki, Vergi Məcəlləsində kirayə vergisi üzrə vergi yükünün azaldılması sahəsində hökumətin atdığı bu addım müsbət haldır. O vurğulayıb ki, hazırda həm kirayədən, həm də icarədən 14 faiz vergi tutulur və dəyişikliklər təsdiq olunarsa 2026-cı il yanvarın 1-dən etibarən icarə anlayışı kirayə anlayışından fərqləndiriləcək və fiziki şəxslər arasında mənzilin kirayə verilməsi ilə əlaqədar vergi yükü azalacaq.

    “Hökumətin əsas məqsədi ondan ibarətdir ki, insanların vergi yükü azalsın. Eləcə də fiziki şəxslər arasında kirayə məsələsində vergidən yayınma halları azalmış olsun. Fiziki şəxslər vergidən yayınmaq üçün öz aralarında qeyri-formal münasibət yaradaraq rəsmiləşdirilmə aparılmadan, vergi bəyan etmədən kirayə müqaviləsi bağlayırdılar. Artıq hökumət də bu sahədə nəzarəti artıracaq. Burada əsas məqsəd kirayə müqavilələrinin rəsmiləşdirilməsini təmin etmək, vergidən yayınma hallarının qarşısını almaqdır. Təbii ki, bütün bunlar kirayə bazarında şəffaflığın artırılması, vergi yığımının stimullaşdırılması ilə nəticələnəcək”, – deyə o qeyd edib.

    X.Kərimli əlavə edib ki, digər bir əsas məqsəd əhalinin Vergi Məcəlləsinə daha yaxşı riayət etməsi üçün iqtisadi stimulun yaradılmasıdır: “Bu dəyişiklik daşınmaz əmlak bazarında gəlirlərin leqallaşmasına gətirib çıxaracaq. Vətəndaşlar artıq kirayə mənzillərindən qazandıqları gəlirləri də rəsmi gəlir kimi göstərə biləcəklər”.

    Ekspert vurğulayıb ki, vergi yükünün azaldılması ilə bağlı hökumətin həyata keçirdiyi proqressiv tədbirlər 2026-cı ildə qiymətlərə həlledici təsir etməyəcək. Onun sözlərinə görə, yalnız şəffaflaşmadan sonra verginin bazara təsiri haqqında danışmaq olar.

    “Çünki kirayə bazarında şəffaflaşmaya 2026-cı ildə start veriləcək. Bir çox vətəndaş vergidən yayındığına görə, faktiki olaraq bu, ya əmlak bazarında kirayə qiymətlərinin bahalaşması hesabına, ya da kirayə verənlərin gəlirlərinin azalması hesabına kompensasiya oluna bilər. Bu, həm də kirayə bazarında formalaşan tələb-təkliflə əlaqədar məsələlərdən asılı olacaq. Hazırda kirayədən gələn gəlirin ümumi kirayə bazarının neçə faizini təşkil etdiyinə dair rəsmi məlumatlar olmadığına, həmçinin atılacaq addımların bu bazara necə təsir edəcəyinə dair proqnozlar mövcud olmadığına görə kirayə vergisinin optimallaşdırılmasının bazara təsiri haqqında danışmaq hələ tezdir”, – deyə X.Kərimli qeyd edib.

    Kirayə müqaviləsi bağlanarkən vergi orqanlarına məlumat verilməzsə hansı məsuliyyət tədbirləri tətbiq oluna bilər?

    Vəkil Roman Qaraşov bildirib ki, kirayə müqaviləsi bağlanarkən bu barədə vergi orqanlarına məlumat verilməməsi, yəni kirayə gəlirinin bəyan edilməməsi, İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən vergidən yayınma kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır. O qeyd edib ki, bu maddəyə görə, az miqdarda – yəni 50 min manatdan yuxarı olmayan məbləğdə vergilərin və ya sığorta haqlarının ödənilməsindən yayınma halında, şəxsə vergidən yayınmış məbləğin 30 faizindən 70 faizinədək cərimə tətbiq edilir.

    “Başqa sözlə, kirayə gəliri bəyan edilmədikdə və dövlət büdcəsinə ödənilməli vergi tutulmadıqda, həmin məbləğin üçdəbiri ilə təxminən üçdə ikisi arasında maliyyə sanksiyası tətbiq oluna bilər. Bununla yanaşı, qanunvericilikdə müəyyən edilmiş mühüm bir güzəşt də mövcuddur: Əgər şəxs bu əməli ilk dəfə törədibsə və vergidən yayınma nəticəsində yaranmış zərəri tam şəkildə (yəni ödənilməli olan vergi və sığorta haqlarını) ödəyərsə, o, inzibati məsuliyyətdən tam azad olunur. Bu norma həm vergi intizamını təmin etmək, həm də vergi ödəyicilərinə könüllü şəkildə öhdəliklərini yerinə yetirmək üçün əlavə stimul yaratmaq məqsədi daşıyır. Nəticə etibarilə kirayə gəlirlərinin vaxtında və düzgün bəyan olunması həm hüquqi məsuliyyət riskini aradan qaldırır, həm də dövlətlə vergi ödəyicisi arasında qarşılıqlı etimadın və şəffaf münasibətlərin formalaşmasına xidmət edir”, – deyə vəkil diqqətə çatdırıb.

    Onun fikrincə, bu qərarın məqsədi yalnız vergi yükünü azaltmaq deyil, həm də icarə münasibətlərinin leqallaşdırılması, vergi bazasının genişləndirilməsi və vergi intizamının gücləndirilməsidir.

    “Yüksək vergi dərəcələri uzun illər ərzində icarə gəlirlərinin bəyan edilməməsinə, yəni qeyri-rəsmi münasibətlərin genişlənməsinə səbəb olmuşdu. 10 faizlik dərəcə bu istiqamətdə könüllü bəyanetmə motivasiyasını artıracaq və vergi ödəyicilərinin rəsmi leqallaşmaya meylini gücləndirəcək. Bu yanaşma iqtisadi nəzəriyyədə “Laffer effekti” ilə izah olunur. Yəni vergi dərəcəsinin azaldılması bəzi hallarda dövlətin ümumi gəlirlərinin azalmasına deyil, vergi bazasının genişlənməsi nəticəsində artmasına gətirib çıxarır. Ev sahibləri üçün bu qərar həm psixoloji, həm də hüquqi baxımdan rahatlıq yaradır. Onlar artıq yüksək dərəcə səbəbindən qeyri-rəsmi fəaliyyətə meyilli olmayacaq, rəsmi müqavilələr bağlamaqla həm öz hüquqlarını qoruyacaq, həm də gəlirlərini legitim əsasda əldə edəcəklər. Bu, mülki münasibətlərdə hüquqi müəyyənliyi gücləndirəcək və uzunmüddətli icarə əlaqələrinin sabitliyini təmin edəcək. Həmçinin kirayəçilər üçün də dəyişiklik bazarda qiymət sabitliyinə müsbət təsir edəcək. Bu baxımdan qiymət artımı tempinin zəifləməsi və bazar likvidliyinin yüksəlməsi mümkündür. Təbii ki, bu proses bazar strukturundan və inflyasiya təzyiqlərindən asılı olaraq fərqli formalarda təzahür edəcək”, – deyə o bildirib.

    R.Qaraşov əlavə edib ki, makroiqtisadi planda bu, daşınmaz əmlak bazarında hüquqi etimadı və institusional sabitliyi də möhkəmləndirəcək: “Xarici təcrübə göstərir ki, oxşar mexanizmlər digər ölkələrdə də uğurlu nəticə verib. Məsələn, Polşada 2022-ci ildən fiziki şəxslərin icarə gəlirlərinə 8,5-12,5 faiz arası sadələşdirilmiş dərəcə tətbiq edildikdən sonra qeyri-rəsmi icarə müqavilələrinin payı 30 faizdən çox azalıb. Estoniyada bu siyasət nəticəsində kirayə gəlirlərinin 70 faizdən çoxu rəsmi uçota düşüb. Litvada və Macarıstanda isə oxşar vergi stimulları icarə bazarının şəffaflığını və dövlət büdcəsinə daxilolmaları əhəmiyyətli dərəcədə artırıb. Bu kontekstdə Azərbaycan üçün də bu addım həm sosial ədalət, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyətli nəticələr doğura bilər. Ümumiyyətlə, 10 faizlik vergi dərəcəsi balanslaşdırılmış qərardır – bir tərəfdən bazar iştirakçılarını leqallaşmaya təşviq edir, digər tərəfdən isə dövlətin fiskal sabitliyini qoruyur”.

  • Qadın şahmatçılarımız dünya çempionatında çıxış edəcəklər

    Qadın şahmatçılardan ibarət Azərbaycan millisi noyabrın 17-24-də İspaniyanın Linares şəhərində keçiriləcək komandalararası dünya çempionatında iştirak edəcək.

    Bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib.

    Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.

    Azərbaycan A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmaları ilə eyni qrupda yarışacaq. B qrupunda Çin, Gürcüstan, Ukrayna, Fransa, Özbəkistan və Hindistan yığmaları çıxış edəcək.

    Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva mübarizə aparacaqlar. Komandanın kapitanı İlahə Qədimova olacaq.

  • Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?

    Dabaq xəstəliyinin yaratdığı ajiotaj nəticəsində heyvan ətinin qiyməti kəskin bahalaşıb. Son 10 gün ərzində isə qiymətlər sürətlə artmağa başlayıb.

    Median.Az Bizim.media-ya istinadla xəbər verir ki, əvvəl bir kiloqramı 22-23 manata satılan quzu əti hazırda 32 manata təklif olunur. Mal ətinin qiymətində isə 2-3 manat artım var.

    Bahalaşma davam edəcək?

    Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında bildirib ki, bahalaşmanın iki səbəbi var:

    “Birinci səbəb odur ki, ölkəmizdə heyvanların sayı ilbəil azalır. Belə olan təqdirdə tələb təklifi üstələyir və bahalaşma davam edir. Üstəlik payız-qış aylarında ət məhsullarına tələbat artıb. Bu da qiymətlərə təsir edən əsas amillərdəndir.

    Amma hazırkı bahalaşmanın əsas səbəbi süni əngəllərdir. Məlumdur ki, dabaq xəstəliyi ilə bağlı bölgələrdəki heyvan bazarları bağlanıb. Eyni zamanda heyvanların daşınması da qadağan edilib. Bununla belə Bakıda və digər şəhərlərdə restoran və şadlıq evləri öz fəaliyyətlərini davam etdirirlər. Ət qıtlığından şikayət edən də yoxdur.

    Deməli, kimlərsə müxtəlif yollarla yenə də heyvan daşıyırlar. Bu daşıma isə məlum səbəblərdən kifayət qədər baha başa gəlir. Ona görə də ətin qiyməti bu qədər bahalaşır. Bahalaşma ən azı qadağalar aradan qaldırılana qədər davam edəcək”.

  • Rumıniya Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını pisləyib

    Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyib.
    Nazirlikdə qeyd ediblər ki, noyabrın 14-də gecə saat 1:00 radələrində raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketin (Rusiya) Kiyevdə Azərbaycan səfirliyinin ərazisinə düşməsi Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır.
    “Diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır. Azərbaycan Xarici İşlər Nazirliyi və azərbaycanlı həmkarlarımızla tam həmrəyliyimizi ifadə edirik”, – Rumıniya XİN-də bildiriblər.
    Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

  • Daşkənddə İlham Əliyevin Özbəkistan prezidenti ilə təkbətək görüşü olub


    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.


  • Колумбия провела бомбардировки рядом с границей Венесуэлы, есть жертвы

    Колумбийские военные провели бомбардировки рядом с границей Венесуэлы. Девять человек погибли.

    Об этом сообщает Agence France-Presse.

    “9 повстанцев (группировки, промышляющей наркоторговлей – ред.) погибли”, – рассказал агентству неназванный источник из минобороны Колумбии. Военный чиновник не уточнил, к какой именно группировке принадлежали погибшие.

    Операция военных, по данным агентства, проводилась в рамках борьбы президента страны Густаво Петро с наркоторговцами в департаменте Араука.

    Издание напоминает: на этой неделе военные Колумбии нанесли авиационные удары в регионе Амазонки. В результате погибли 19 членов диссидентской группировки, отколовшейся от Революционных вооруженных сил Колумбии (FARC).

  • Kolumbiya Venesuela sərhədi yaxınlığında bombardman həyata keçirib: Ölənlər var

    Kolumbiya hərbçiləri Venesuela sərhədi yaxınlığında bombardman həyata keçiriblər.

    Median.Az bu barədə “Agence France-Presse” agentliyinə istinadən xəbər verir.

    Kolumbiya Müdafiə Nazirliyindən adı çəkilməyən mənbə agentliyə bildirib ki, doqquz üsyançı (narkotik alveri ilə məşğul olan qruplaşma – red.) həlak olub. O, həlak olanların dəqiq hansı qruplaşmaya aid olduğunu açıqlamayıb.

    Agentliyin məlumatına görə, hərbi əməliyyat Kolumbiya Prezidenti Qustavo Petronun Arakua departamentində narkotacirlərə qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.

    Agentlik xatırladır ki, bu həftə Kolumbiya hərbçiləri Amazon regionunda hava zərbələri endiriblər. Nəticədə Kolumbiya İnqilabçı Silahlı Qüvvələrindən (FARK) ayrılan dissident qruplaşmasının 19 üzvü həlak olub.