Month: November 2025

  • Payız tətilinin vaxtı açıqlandı

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü 11 noyabrdır. Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində son iş günü 7 noyabr, bayramdan sonra ilk iş günü isə 12 noyabrdır.

    Bu barədə MÜTDA-dan məlumat verilib.

    Bununla yanaşı, qeyd edirik ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, ümumi təhsil müəssisələrində 16–20 noyabr tarixləri payız tətilidir. Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.

  • “Elektromobillər ƏDV-yə cəlb ediləcək” – Şahin Bağırov

    Gələn ildən elektrik mühərrikli avtomobillər əlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək.

    Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

    Şahin Bağırov bildirib ki, gömrük xətti ilə daxilolmalar adətən idxal əməliyyatlar ilə başa gəlir: “İdxal zamanı gömrük tarifləri tətbiq edilir. Bizim büdcə daxilolmaları əsasən ƏDV-dən formalaşır. Elektromobillər ƏDV-yə cəlb ediləcək. Bu güzəşt ləğv edilsə də, 5 ildən artıq müddətdir ki, tətbiq edilirdi. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1760 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”.

  • Gürcüstandan idxal olunan kartofda uyğunsuzluq aşkarlandı

    Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı “Foreign Fruit” MMC-nin Gürcüstan Respublikasından idxal etdiyi “Yunion Export 2024” müəssisəsinin istehsalı olan ümumi çəkisi 24,5 ton ərzaqlıq kartof məhsulu fitosanitar müayinə və ekspertiza aparılması məqsədilə laborator müayinəyə cəlb edilib.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilir ki, sınaq nəticəsində məhsul partiyasında karantin tətbiq edilən kartof gövdə nematodu aşkarlanıb.

    Məhsul partiyası ölkəmizin idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edilib.

  • Şəmkirdə 11-ci sinif şagirdi həbs edildi

    Şəmkirdə 11-ci sinif şagirdi həbs edilib.

    Oxu.Az-ın məlumatına görə, yeniyetmə Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindəki qəbiristanlıqda həmkəndlisini xüsusi amansızlıqla döyməkdə təqsirləndirilib.

    Təqsirləndirilən şəxs mübahisə nəticəsində həmkəndlisini döyərək, onun alın sümüyünü sındırıb.

    Faktla bağlı cinayət işi başlanıb, yeniyetmə saxlanılıb.

    Şəmkir Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il azadlıqdan məhrum edilib. O, cəzasını Penitensiar Xidmətin uşaq tərbiyə müəssisəsində çəkəcək.

  • Gəncədə heyvan mənşəli məhsulların emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

    Gəncə şəhəri, Gəncə-Şəmkir şosesində fəaliyyət göstərən “Azerpetfood” MMC-yə məxsus heyvan mənşəli məhsulların emalı müəssisəsində yoxlama keçirilib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, emal sahələrinin antisanitar vəziyyətdə olduğu, xammalın qəbulu və texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, istifadə olunan alət, avadanlıq və ləvazimatların təmiz saxlanmadığı, ümumilikdə məhsulların hazırlandığı sahələrin çirkli mühitə malik olduğu və digər nöqsanlar müəyyən edilib.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, hüquqi nümayəndəsi barədə inzibati protokol tərtib edilib, araşdırmalar davam etdirilir.

  • Paytaxtda 10 000 manatlıq oğurluq edənlər saxlanılıb

    Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10 000 manat dəyərində məişət əşyalarının talanmasını bildirib.

    Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Apteklərdə yoxlama aparıldı – Nöqsanlar üzə çıxdı

    Cari ilin oktyabr ayında ümumilikdə 77 aptekdə yoxlama aparılıb.

    Yoxlamaların 6-sı Bakı şəhərində, 71-i isə ölkənin rayonlarında keçirilib. Yoxlamalar nəticəsində satışdan 8 dərman vasitəsi kənarlaşdırılıb.

    Aparılmış planlı və plandankənar yoxlamalar nəticəsində 77 müxtəlif nöqsanlar aşkar olunub, İnzibati Xətalar Məcəlləsinin altı maddəsi üzrə ümumilikdə 30 protokol tərtib edilib.

  • Tanımadığınız nömrələrdən gələn linkləri açmayın! – ETX-dan xəbərdarlıq

    Son günlər “WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım müşahidə olunur. Kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar.

    Bu kod paylaşdığı halda, onun “WhatsApp” hesabı ələ keçirilir.

    Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək, şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.

    Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara “WhatsApp” hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

    * Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.

    * ⁠Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.

    * OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.

    * Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.

    * ⁠Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.

    * Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.

    * Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.

  • “Prius” sürücüsü ad gününə gedən qadını qarət etdi – Abşerondakı cinayətin TƏFƏRRÜATI

    Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət edilib.

    Hadisə rayonun Ceyranbatan qəsəbəsi ərazisində baş verib.

    Abşeron rayon sakini Rafiq Əzizov (adı və soyadı şərtidir) “Toyota Prius” markalı avtomobillə Bakıda, metronun “20 Yanvar” stansiyasının qarşısında taksi fəaliyyəti ilə məşğul olarkən ona bir xanım yaxınlaşaraq, Sumqayıta, rəfiqəsinin ad gününə getmək istədiyini bildirib. Rafiq xanımı avtomobilə əyləşdirərək, Sumqayıt istiqamətinə hərəkət edib və onu ünvana aparacağını bildirib. Onlar Ceyranbatan qəsəbəsi ərazisinə daxil olarkən, müştəri xanım ondan mağazalardan birinin yanında saxlamasını və su almaq istədiyini deyib. Rafiq qadına bildirib ki, suyu o alacaq və avtomobildən düşüb, mağazadan iki ədəd tərkibində spirt olan enerji içkisi alıb, xanıma verib. Müştəri həmin suyu içdikdən sonra özünü pis hiss edib və avtomobili saxlamağı xahiş edib. Rafiq həmin vaxt cibindən bıçaq çıxararaq, qadından üzərində olan pulları tələb edib. Məcburiyyət qarşısında qalan xanım çantasında olan 640 manatı taksi sürücüsünə verib. Rafiq bundan sonra qadının əlindəki mobil telefonu da alıb, onu avtomobildən düşürüb, hadisə yerindən qaçıb. Rafiq qadının telefonunu Sumqayıt şəhərində tanışına 50 manata satıb.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən R.Əzizovun yeri müəyyənləşdirilib və o, saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə R.Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib.
    //oxu.az

  • Bakıda əlillik dərəcəsi almaq vədi ilə dələduzluq edən QADIN SAXLANILDI

    Nəsimi rayonunda dələduzluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb.

    Onun bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi vədi ilə aldadaraq 3 500 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.