Month: December 2025

  • Bu şəxslər ağartı məhsullarından uzaq olmalıdır – ARAŞDIRMA

    Ağartı məhsullarının, süd, qatıq, kefir, pendir və kəsmiyin gündəlik qidalanmada geniş istifadə olunması onların sağlamlığa təsiri ilə bağlı müzakirələri də artırır.
     
    Bu məhsullar faydalı komponentlərlə zəngin olsa da, müəyyən hallarda sağlamlıq üçün risk də yarada bilər. Ağartı məhsulları ilk növbədə sümük və diş sağlamlığının möhkəmlənməsində mühüm rol oynayır. Süd və onun törəmələri kalsium, fosfor və D vitamini ilə zəngin olduğundan osteoporozun qarşısının alınmasına kömək edir.
     
    Qatıq və kefir kimi mayalanmış məhsullar bağırsaq mikroflorasını dəstəkləyən probiotiklərin əsas mənbəyi hesab olunur. Ağartı məhsullarındakı keyfiyyətli zülal orqanizmdə toxumaların bərpasını sürətləndirir, immun sisteminin fəaliyyətini gücləndirir və maddələr mübadiləsini aktiv saxlayır. Süd məhsulları həmçinin B qrupu vitaminləri, A vitamini və sink kimi vacib mikroelementlərlə zəngin olduğundan orqanizmin ümumi enerji balansında mühüm rol oynayır. Bununla yanaşı, ağartı məhsullarının bəzi risklər də daşıdığı bildirilir.
     
    Laktoza dözümsüzlüyü olan şəxslərdə süd məhsullarının qəbulu köp, ağrı və həzm pozuntusu yarada bilər. Tam yağlı pendir və yağlı südün çox istifadəsinin xolesterin səviyyəsini artırdığını, bunun da ürək-damar xəstəlikləri təhlükəsini yüksəltdiyini qeyd edilir. Süd zülalına allergiyası olan uşaqlarda və böyüklərdə isə qaşınma, şişkinlik və tənəffüs çətinliyi kimi ağır reaksiyalar mümkündür. Məhsulların keyfiyyəti də mühüm amildir. Bəzi süd və pendir növlərində hormonal qalıqlar və ya antibiotik izləri aşkarlana biləcəyi üçün vətəndaşlara etibarlı istehsalçıları seçmək tövsiyə olunur. Ağartı məhsullarının tamamilə rasiondan çıxarılmasının doğru olmadığını, lakin istehlak miqdarına və fərdi həssaslıqlara diqqət edilməsini vacib sayılır. Düzgün seçilmiş və normada qəbul olunan süd məhsulları həm uşaqlar, həm böyüklər, həm də yaşlı insanlar üçün faydalıdır.
    //sfera.az

  • Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi

    Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib.
     
    Bu barədə nazirlikdən məlumat verilib.
     
    Bildirilib ki, “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.
     
    Tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması, akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etmək imkanı verir.
     
    Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb.
     
    Hazırda “Müəllim” tətbiqi “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqin mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır ki, bu da təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına əhəmiyyətli töhfə verəcək.
     
    Qeyd edək ki, tətbiq həm iOS, həm də Android əməliyyat sistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiq platformalarda “Müəllim” adı ilə axtarış edərək yükləyə bilərlər.

  • Edam cəzası tətbiq edən ölkələr – ARAŞDIRMA

    Dünya uzun illərdir ölüm hökmünü insan hüquqlarına zidd, köhnəlmiş cəza mexanizmi kimi qəbul etsə də, 2024–2025-ci illərin statistikası göstərib ki, bir çox ölkədə edam cəzası hələ də ədalət sisteminin mərkəzində dayanır. “Amnesty International”n 2024-cü il üzrə son hesabatları edamların sayında ciddi artım olduğunu, xüsusən Yaxın Şərq və Asiya ölkələrində icra olunan edamların əvvəlki illərə nisbətən xeyli artdığını təsdiqləyib. Bu artım təkcə cinayətkarlıqla mübarizənin sərtləşməsi ilə yox, həm də siyasi gərginliklər, təhlükəsizlik böhranları və repressiv hüquq sistemləri ilə izah olunub.

    2024-cü ildə dünyada ən az 1 518 edam icra edilib ki, bu da 2015-ci ildən bəri ən yüksək göstəricilərdən biridir.
     
    Maraqlıdır ki, bu rəqəm rəsmi məlumatlara əsaslanır, amma Çin, Şimali Koreya və Vietnam kimi ölkələrdə məlumatlar məxfi saxlanıldığı üçün real sayın daha yüksək olduğu güman edilir. Ümumilikdə dünya üzrə 150-dən çox ölkə artıq edamı ləğv etsə də, təxminən 50–60 dövlət hələ də ölüm hökmünü qanunvericilikdə saxlayır.
    2024-cü ildə edamların çoxu cəmi bir neçə ölkənin payına düşüb – İran, Səudiyyə Ərəbistanı, Çin, İraq və Sinqapur.
    Xüsusilə narkotik qaçaqmalçılı ilə bağlı ittihamlar üzrə verilən edam hökmlərinin artması diqqət çəkib. “Amnesty”nin məlumatına görə, 2024-cü ildə qeydə alınan icraların əhəmiyyətli hissəsi məhz narkotik cinayətləri ilə bağlı olub. Bu isə beynəlxalq hüququn “ən ağır cinayətlər” meyarına uyğun gəlmir və geniş tənqid doğurub.

    İran 

    İran dünya üzrə edamların yarıdan çoxunu həyata keçirən ölkə olaraq ön sıradadır. Burada ölüm hökmü təkcə qətllərə görə deyil, həm də, narkotik maddələrlə bağlı cinayətlərə, “şəriət qanunlarının pozulması” sayılan əməllərə, dövlətə qarşı fəaliyyətlərə, bəzi hallarda dini və mənəvi xarakterli ittihamlara görə tətbiq edilib.
    İranın narkotiklərlə mübarizə qanunları dünyanın ən sərtlərindən hesab olunur və çox vaxt insan hüquqları təşkilatları tərəfindən “siyasi təsirli cəza mexanizmi” kimi qiymətləndirilib.

    Səudiyyə Ərəbistanı

    Edamların sayının ən çox artdığı ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. Ölkə həm qətllərə, həm də narkotik maddələrlə bağlı cinayətlərə görə edam verir. “Şəriət əsaslı hüquq sistemi”ndə bəzi əməllər də ölüm cəzası ilə nəticələnə bilir. Məsələn, terror fəaliyyəti, dövlətə qarşı cinayətlər, zorakı olmayan narkotik qaçaqçılığı.
    Bu ölkədə 2024-cü ildə narkotiklə bağlı edamların yenidən artması beynəlxalq narahatlıq doğurub.

    İraq 

    İraq edam cəzasının ən aktiv tətbiq olunduğu ölkələrdəndir. Ölüm hökmlərinin əsas səbəblərində isə terrorizm və İŞİD-lə əlaqəli ittihamlar, qətl, dövlət təhlükəsizliyinə qarşı ağır cinayətlər dayanıb. 
    Regionda uzunmüddətli münaqişələr və radikal qruplarla bağlı təhlükələr edam cəzasının tez-tez verilməsinə şərait yaradıb.

    Çin

    Çin edam cəzasını geniş tətbiq edən ölkələrdəndir, lakin rəsmi statistika açıqlanmır. Mövcud məlumatlara görə edamlar əsasən, qətl, narkotik maddələrlə bağlı cinayətlər, korrupsiya, ağır iqtisadi cinayətlərlə bağlı həyata keçirilir. Ekspertlər hesab edir ki, Çində hər il dünya üzrə bütün digər ölkələrin toplamından daha çox edam icra olunur.
     
    Sinqapur 

    Sinqapurda narkotik qaçaqçılığına görə ölüm hökmü avtomatik şəkildə tətbiq oluna bilir və bu ölkə narkotik qanunvericiliyin ən sərt olduğu dövlətlərdən biridir. 2024-cü ildə də bir neçə edam məhz narkotik maddələr üzrə icra edilib.

    Yaponiya 

    Yaponiya edamı yalnız qəsd və ağır cinayətlərə görə tətbiq edir. Edamlar az olsa da, ölkədə proses tam bağlı qapılar arxasında həyata keçirilir və bu səbəbdən beynəlxalq humanitar təşkilatlar Yaponiyanı “şəffaf olmayan edam sistemi”nə görə tənqid edir.

    Misir və bəzi Afrika ölkələri 

    Misirdə terrorla mübarizə adı altında yüzlərlə adam edam hökmü alır və çox vaxt məhkəmə prosesləri ilə bağlı ciddi suallar yaranır. Bir çox Afrika ölkəsində isə edam cəzası qanunda qalsa da, icra nadir hallarda olur. Lakin 2024–2025-ci illərdə bir neçə dövlət təhlükəsizlik vəziyyətini əsas gətirərək ölüm hökmünü yenidən gündəmə daşıyıb.

    Amerika Birləşmiş Ştatları

    ABŞ-də də bəzi ştatlarda (məsələn, Texas, Alabama) ölüm hökmü tətbiq edilir, baxmayaraq ki, bir çox ştat onu ləğv edib və ya moratorium elan edib.

    Pakistan

    Pakistan ölüm hökmünü qanunvericiliyindən tam çıxarmayan ölkələrdən biridir. Lakin son illərdə həm cəzanın tətbiqi, həm də onun əhatə dairəsi ilə bağlı ciddi dəyişikliklər qeydə alınıb. Bir tərəfdən, edamların sayı kəskin şəkildə azalıb, digər tərəfdən isə parlament bəzi cinayətlər üzrə ölüm cəzasını ləğv edib. Rəsmi sənədlərə görə, ölkədə son illər faktiki olaraq edam icrası həyata keçirilmir. 2020–2022-ci illərdə heç bir edam qeydə alınmayıb. Bu, Pakistanın hələ də ölüm hökmünü tətbiq edən ölkələr siyahısında olsa da, onun real icrasından uzaqlaşdığını göstərir. Qadının ictimai yerdə zorla soyundurulması, qaçırılmış şəxsi gizlətmə, insan alveri ilə bağlı bəzi hallar kimi maddələr üzrə ölüm hökmü ömürlük həbs və yüksək məbləğdə cərimə ilə əvəz olunub.
    Beynəlxalq təşkilatlar bildirib ki, ölüm hökmü cinayətin azalmasına sübut olunmuş təsir göstərmir, əksinə, daha çox siyasi təzyiq və qorxu mexanizmi kimi işlədilir.
    //sfera.az

  • Xoşqədəmin Aygün Bəylərlə bağlı paylaşımı: Övladları ilə… – VİDEO

    Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.
     
    O, mərhumun videosunu paylaşaraq bunları yazıb:
     
    “Elə insanlar var ki, onlara toxunmaq olmaz, çünki onlar xalqın qəlbində ucaldıqları yerdə toxunulmaz olurlar. Aygün Bəylər də həmin nadir insanlardandır.
     
    Böyük sənətkar, böyük səs, böyük istedad… Ola bilər ki, rəsmi olaraq “Xalq artisti” adını almayıb, amma o, bu adın həqiqi sahibiydi — səhnəyə çıxdığı ilk gündən.
     
    Bu xalqın yaddaşında səsi ilə, sənəti ilə, ləyaqəti ilə əbədi yer aldı. Onun ölümü mənə elə təsir etdi ki, sanki ən yaxınımı itirdim… Bu ağrı daim qəlbimdədir və onun xatirəsi heç vaxt silinməyəcək.
     
    Unutmayın, bəzi insanlar fiziki olaraq gedir, amma geridə elə bir iz qoyurlar ki, zaman belə o izi silə bilmir… Aygün Bəylər də məhz o izlərdən biridir”.

  • Yanğında çarəsiz qalan qadın belə xilas edildi – Vieo

    Ötən gün Pirallahı rayonu ərazisində yerləşən bir evdə yanğınla bağlı görüntülər yayılıb.
     
    Yanğın vaxtı həmin ərazidə xidmət aparan DYP əməkdaşları təcili müdaxilə ediblər. Yanğın zamanı polis əməkdaşları mənzilə daxil olaraq köməksiz vəziyyətdə qalan fiziki məhdudiyyətli qadını xilas ediblər. Hadisə yerinə Təcili Tibbi yardım və FHN əməkdaşları da cəlb olunub. Yanğın söndürülüb.

  • “Satılmayan ət sabaha saxlanılır” – Ekspert dönərlə bağlı riskləri açıqladı

    Dönərxanalarda satılan dönərlərin qiymətində kəskin fərqlər var. Bir yerdə 3-4 manata satılan dönərin eynisini başqa yerlərdə 1,5-2 manata almaq olur. 
     
    Qiymət fərqi dönərlərin keyfiyyəti ilə bağlı narahatçılığı artırır. Buna görə də məntiqli sual yaranır: dönər qiymətləri arasında fərq keyfiyyəti də göstərirmi? Ucuz dönər yemək sağlamlığımız üçün risklidirmi?
     
    Bununla bağlı sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qiymətin dönərin keyfiyyətini mütləq şəkildə ifadə etmədiyini bildirib:
     
    “Lakin texnoloji normalara əməl olunmaqla, təzə və düzgün seçilmiş ətlə hazırlanan dönərin real bazar qiyməti orta hesabla 3-4 manat olmalıdır. Biz istehlakçı hüquqlarını müdafiə edən qurum olaraq, vətəndaşların həm sərfəli, həm də etibarlı qida məhsulları əldə etməsinin tərəfdarıyıq. Azərbaycanda quş və ya mal ətinin şişə taxılıb 40°C-də şok dondurmadan keçirildikdən sonra, xüsusi şəkildə qablaşdırılıb soyuducu maşınlarla dönərxanalara çatdırılmasını təmin edən cəmi iki rəsmi müəssisə mövcuddur. Lakin təəssüf ki, dönər satışı ilə məşğul olan obyektlərin böyük əksəriyyəti bu müəssisələrdən məhsul almır. Əvəzində başqa mənbədən əldə olunan dönər kütləsinə sadəcə bir kağız yapışdıraraq, guya həmin markalı məhsulun istifadə edildiyini iddia edirlər”.
     
    Ekspertin fikrincə, Qida Təhlükəsizliyi Agentliyi elə bir nəzarət mexanizmi qurmalıdır ki, bişən dönərin hansı şişə aid olduğunu, həqiqətən də göstərilən istehsalçıya məxsus olub-olmadığını müəyyən etmək mümkün olsun:
     
    “Hazırda isə belə bir sistem praktiki olaraq mövcud deyil. Qiymətlərin yüksəldilməsi bəzi hallarda istehlakçını çaşdırmaq və keyfiyyət görüntüsü yaratmaq məqsədi daşıya bilər. Dönərxanalarda ən ciddi problemlərdən biri isə satılmayan  dönər ətinin sabaha saxlanılmasıdır. Bu, artıq sağlamlıq üçün təhlükəli sayılır. Eyni zamanda, tərkibə əlavə edilən keyfiyyətsiz mayonez və digər souslar da risk faktorudur”.

  • Sabah Bakıda leysan olacaq

    Azərbaycanda dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
     
    Median.Az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
     
    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
     
    Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75% təşkil edəcək.
     
    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
     
    Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

  • Faciəli şəkildə ölən Eltacın yığdığı pulla küçəyə asfalt salındı – Video

    Binəqədidə “Lake Hotel”də baş verən bədbəxt hadisə zamanı həlak olan ofisiantlardan Eltac Əliyevin yığdığı pulla küçələrinə asfalt çəkilib.
     
    Bununla bağlı mərhumun bacısı sosial şəbəkədə paylaşım edib.
     
    Onun sözlərinə görə, Eltacın yaxınları, onu sevənlər həmin küçəni “Eltac yolu” adlandırırlar: 
     
    “Eltac pul yığmışdı, özünə qismət olmadı. Onun pulu ilə küçəyə asfalt salındı. Eltacın səsi təkcə xatirələrdə deyil, indi addım atdığımız bu yolda yaşayır. Bəziləri sözlərlə xatırlanar, bəziləri əməlləri ilə… Eltac küçəyə yalnız asfalt yox, böyük iz qoydu. İndi bu yola hər kəs “Eltac yolu” deyir, illərlə belə deyiləcək. Səninlə hər zaman qürur duymuşuq, Eltacım”. 
     
    Xatırladaq ki, noyabrın 21-i Eltac Əliyev(2006) və daha üç restoran əməkdaşını –  Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) cərəyan vurub. Dörd əməkdaş hadisə nəticəsində həyatını itirib. //milli.az

  • Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə 4 il azadlıqdan məhrum edilmə cəzası istənilib

    Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
     
    Səbail Rayon Məhkəməsində keçirilən prosesdə sənədlər tədqiq edilib.
     
    Daha sonra cinayət işinə əlavə edilmiş videogörüntü prosesdə nümayiş edilib.
     
    Bununla da məhkəmə istintaqı yekunlaşıb. Daha sonra dövlət ittihamçısı çıxış edib.
     
    Prokuror Alzaman Mahdi Ali 4 il, Alghabr Mohammad Hussain 4 il, Alghabr Mahdi Mohammad 4 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.
     
    Zərərçəkən tərəf onları bağışladıqlarını bildirib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.
     
    Növbəti prosesi 16 dekabrda keçiriləcəkdir.
     
    Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
     
    Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
     
    Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

  • 8-ci mərtəbədən yıxılan oğlan öldü

    Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
     
    Hadisə dekabrın 9-u saat 11 radələrində qeydə alınıb.
     
    1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev yaşadığı X.Mustafayev küçəsi 443 ünvanındakı 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
     
    O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
     
    Faktla bağlı araşdırma aparılır.