Month: December 2025

  • Qarlı havaya hazırlaşan Bakı yağışa TƏSLİM OLDU: Küçələri su basıb (Video)

    Bakı Metropoliteninin “28 May” stansiyasının yaxınlığında güclü yağışlardan sonra yollarda suyun yığılması nəqliyyatın hərəkətində çətinlik yaradıb.

    Oxu.az-a daxil olan görüntülərdən məlum olur ki, ərazidə kanalizasiya sisteminin işləməməsi nəticəsində yağış suları yolda toplanıb.

    Bu isə həm piyadaların, həm də sürücülərin hərəkətinə maneə törədir.

    Hazırda ərazidə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumların tədbir görüb-görmədiyi barədə məlumat yoxdur.

    Məlumat üçün bildirək ki, “Sədərək” ticarət mərkəzini də su basıb.

    Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.

    Qeyd edək ki, noyabrın 26-da qış mövsümünə hazırlıqla bağlı Bakının rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri başa çatıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yaymışdı.

    Məlumatda qeyd olunmuşdu ki, şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə BŞİH hər bir rayona cavabdeh şəxs təyin edib.

  • Bakıda yaşayış binasında dəhşətli yanğın – İkisi azyaşlı olmaqla 4 nəfər öldü (Video)

    Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

    Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, yanğının başvermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.

    Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.

    Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

    * * * * *

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.

    Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

    Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

  • Bu il əcnəbilərə 10 milyon manata yaxın “tax free” qaytarılıb

    2025-ci ilin yanvar – noyabr aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 9 milyon 819,7 min manat təşkil edib.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

    Qeyd edilib ki, hesabat dövründə ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 172 milyon 323,4 min manat olub.

  • FHN havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi (FHN) havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

    Nazirlikdən daxil olan müraciətdə bildirilib ki, qış fəslinin gəlişi və havaların soyuması ilə elektrik və qaz qızdırıcı cihazlarına olan tələbat xeyli artır.

    Belə olan halda məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, o cümlədən qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və ya partlayışa səbəb ola bilər.

    “Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəsizlik qaydalarına laqeyd yanaşma, o cümlədən yol verilən səhlənkarlıqlar sonda acı nəticələrə gətirib çıxarır, insan itkisi, eləcə də əmlaka və infrastruktura vurulan ziyanla nəticələnir”, – müraciətdə vurğulanıb.

    Qeyd olunanlarla bağlı FHN aşağıda göstərilən mühüm təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

    – nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihaz və qurğularından istifadə edilməməli;

    – elektrik və qaz təsərrüfatı daim saz vəziyyətdə saxlanılmalı;

    – elektrik və qaz şəbəkəsinin quraşdırılması, habelə təmiri yalnız mütəxəssisə həvalə edilməli;

    – elektrik xətləri və uzadıcıları həddindən artıq yüklənməməli;

    – şarj məqsədilə elektrik cihazları (telefon, kompüter və s.) nəzarətsiz halda şəbəkəyə qoşulu saxlanılmamalı;

    – elektrik və qaz cihazları uşaqlar tərəfindən istifadə edilməməli və daim nəzarətdə saxlanılmalı;

    – mənzil daxilində, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlanılmamalı;

    – mənzili tərk edərkən elektrik və qaz cihazları işlək vəziyyətdə qoyulmamalı;

    – mənzilə daxil olarkən qaz sızmasının baş vermədiyinə əmin olmadan işıq yandırılmamalı, elektrik və qaz cihazları işə salınmamalı, açıq oddan istifadə edilməməli, qaz iyi hiss etdikdə isə dərhal qapı-pəncərələr açılmalı, mənzilə qazın girişi bağlanılmalı və mütəxəssis çağrılmalı;

    – tam söndürülməmiş kibrit və siqaret kötüyü zibil qutusuna və ya eyvandan atılmamalıdır.

    “Yanğın baş verərkən təhlükəsizliyinizi təmin etmək üçün ağız və burnunuzu nəm parça materialı (dəsmal, şərf, paltar və s.) ilə tutub əyilərək və ya sürünərək hərəkət edin, yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun, yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın, mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin, binanı tərk etmək üçün liftdən istifadə etməyin. Yanğın çoxmərtəbəli binaların elektrik şaxtasında, mənzillərində və müxtəlif sahələrində baş verdikdə isə digər mənzillərin sakinləri xilasedicilər gələnədək mənzili tərk etməməli və giriş qapısının ətrafını nəm parça materialı ilə tutub tüstüdən qorunmalıdır.

    Göstərilən təhlükəsizlik qaydalarına əməl etməklə, həyat və sağlamlığa dəyə biləcək zərərlərin qarşısı alınmış olacaq!

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng vurun!”, – deyə FHN-dən qeyd olunub.

  • Hökumət: Ərəb holdinqi $5 milyardlıq layihə ilə gəlir, «Dərnəgül» və «Baksol» bazarı köçürüləcək – Sahibkarlar: «Vaxtı və qiyməti deyin»

    Bakı şəhərində ciddi infrastruktur dəyişiklikləri və ərazilərin yenidən qurulması prosesi, şəhərin indiyədək sakit həyatını yaşayan hissələrinə də gəlib çatıb. Bir neçə ay əvvəl ərəb holdinqi ilə bağlanmış və paytaxtda böyük ərazinin yenidən qurulmasını nəzərdə tutuna müqaviləyə əsasən bəzi ərazilərin köçürüləcəyi elan edilib.

    Median.Az xəbər verir ki, söhbət Bakıda Böyükşor gölünün ətrafındakı ərazilər, ümumiyyətlə Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərin köçürülməsindən və yenidən qurulmasından gedir. İlk baxışdan park və zavod fabrik sahələri təsiri bağışlasa da, Bakının iki böyük sənaye ticarət mərkəzi – «Dərnəgül» və «Baksol» adlanan ərazilərdəki tikinti bazarları da bu ərazilərə düşür. Dəyişikliklər çərçivəsində bu bazarların da köçürülməsi nəzərdə tutulur. Artıq məsələ barədə ən həssas təbəqənin, həmin ərazilərdə çalışan çoxsaolı sahibkarların məlumatlandırılmasına başlanılıb.

    FED.az xəbər verir ki, bu məsələ bir neçə gün əvvəl Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müxtəlif dövlət qurumlarının nümayəndələrinin sahibkarlarla görüşündə müzakirə edilib.

    KOBİA-nın sədri Orxan Məmmədov, AYNA-nın sədri Anar Rzayev, Bakı Şəhər İcra Hakimiyyəti, Biznesin İnkişafı Fondu, Dövlət Yol Polisinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər və nümayəndələrinin, eləcə də 100-dən artıq sahibkarın iştirak etdiyi görüşdə əsas məqsəd, Bakıda gözlənilən dəyişikliklər və bu dəyişikliklər nəticəsində sahibkarların hazırda işlədikləri ərazilərin köçürüləcəyinin açıqlanması idi.

    Tədbirdə iş adamlarına bildirildi ki, qarşıdakı illərdə Bakıda reallaşmağa başlayacaq iri infrastruktur layihələri ilə əlaqədar olaraq şəhərin infrastrukturunda və sahibkarların fəaliyyət göstərdiyi ərazilərdə dəyişikliklər olacaq. Daha dəqiqi, həmin ərazilər köçürüləcək və onun yerində xarici investorlar tərəfindən yeni ticarət və istirahət sahələri inşa ediləcək. Bununla bağlı Nazirlər Kabinetinin sərəncamı artıq qəbul olunub, əraziləri yenidən ouracaq investorla imzalanmış müqavilə də stolun üstündədir.

    Söhbət nədən gedir?

    Bu proseslərlə bağlı əsas sənəd Nazirlər Kabinetinin 15 sentyabr 2025-ci il tarixli sərəncamıdır. Həmin sərəncama əsasən Bakı şəhərinin bəzi əraziləri dövlət-özəl tərəfdaşlığı çərçivəsində razılaşdırılmış layihələr əsasında yenidən qurulacaq. Bu layihələrə investisiyaların cəlb edilməsi və investorlara dəstək verilməsi məqsədilə işçi qrup yaradılıb. Qrupun sədri baş nazirin müavini Samir Şərifov, müavinləri isə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdir. Burada bütün əsas dövlət qurumları təmsil olunur. İşçi qrupun işi investorların təqdim etdiyi yenidənqurma layihələrini qiymətləndirsin və ona icazələrin alınmasına dəstək versin.

    İşçi qrupun görəcəyi əsas işlərdən biri də yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsidir.

    Proses Böyükşor gölündən başlayıb

    Yenidənqurma prosesinin başlayacağı ilk ərazilər Böyükşor gölü ətrafı, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilər, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafıdır. Bu ərazilər xarici dövlət-özəl tərəfdaşlığı çərçivəsində razılaşdırılmış layihələr əsasında yenidən qurulacaq.

    Xarici investorları çox axtarmaq lazım olmayıb, sərəncamdan bir neçə gün sonra Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya forumunda Baş nazirinin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

    İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon Holding”in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi tərəfindən imzalanan sənədə əsasən Böyükşor gölü ətrafında 5 milyard dollarlıq investisiya ilə sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zona yaradılacaq.

    «Dərnəgül» və «Baksol» bazarları köçürüləcək

    Sözügedən layihə Binəqədi gölünün ətrafı ilə yanaşı, bu ərazilərdəki tikinti materialları və sənaye bazarlarının da köçürülməsinə səbəb olacaq. Hazırda yüzlərlə sahibkarın çalışdığı bu bazarlar aktiv fəaliyyət göstərir. Nazirlər Kabinetinin sərəncamına əsasən, layihəyə görə onlar da başqa ərazilərə köçürüləcəklər. KOBİA-nın tədbirinin keçiirlməsində də məqsəd bu barədə sahibkarlara xəbərdarlıq etmək və alternativ əraziləri təklif etmək idi. Tədbirdə bəzi alternatiav ərazilərin adı çəkildi – bildirildi ki, bunlardan biri Abşeron Ticarət Mərkəzi ola bilər. Yeri gəlmişkən, tədbir özü də Abşeron Ticarət mərkəzində keçirilirdi və burada mərkəzin nümaynədəsinin buradakı imkanları nümayiş olundu.

    «Nə vaxt köçürüləcək, bizə vaxtı, qiyməti və şərtləri deyin»

    Tədbirdə iştirak edən sahibkarları maraqlandıran əsas məsələ isə köçürülmə prosesinin nə vaxt başlanacağı və hansı şərtlərlə olacağı idi. Dövlət qurumlarına sual verən sahibkarlardan biri – inşaat materiallarının satışı ilə məşğul olan şirkətlərdən birinin rəhbəri «Baksol» bazarındakı obyektlərin gələcək taleyi ilə maraqlandı, bu obyektlər köçürüləcəkmi və əgər bu barəş verəcəksə proses nə vaxt başlayacaq, və obyektlərin alqı-satqısı necə baş verəcək?

    Suala cavab verən KOBİA nümayəndəsi bildirdi ki, «hökumətin qərarı ilə yaradılmış işçi qrup tərəfindən həmin ərazidə əmlakı, yəni torpağı və tikilisi olan və bununla bağlı mülkiyyət sənədi olan sahibkarları qeydiyyata alınır. Və bu ərazilər dövlət ehtiyacları üçün alınanda ona uyğun kompensasiya veriləcək».

    İş adamlarına bildirildi ki, həmin ərazilər köçürüləndə hətta sənədi olmayan sahibkarlar da nəzərə alınacaq: «Həmin ərazidə fəaliyyət göstərən sahibkarlar, kimin sənədi varsa, hətta olmayanlar da, işçi qrup bir-bir bütün sahibkarlarla görüşəcək, qeydlərini aparacaq, onlara kompensasiya kimi, ya ödəniş, ya da şəhərin başqa yerlərində torpaq sahələri verəiləcək.

    «Bəlkə bizə yeni layihədən obyekt verəsiniz?»

    Tədbirdə sahibkarlar təklif etdilər ki, əgər ərəb holdinqinin 5 milyard dollara tikəcəyi yeni layihədə ticarət obyektləri olacaqsa, belə varinat mümkündürmü ki, köçürülən bazarlardakı əmlakın pulu verilməsin, əvəzinə yeni layihədən ticarət obyektləri ayrılsın? İş adamları bildirirlər ki, gələcəkdə yeni tikilən ərazilərdən obğyekt almaq şərti ilə indiki obyektlərini satmadan da çıxa bilərlər.

    Amma dövlət qurumları bu təklifdən yerindəcə imtina etdilər – sahibkarlara deyildi ki, yeni layihədə bazar tipli ticarət obyektləri nəzərdə tutulmayıb: «Ora artıq sənaye ticarət zonası olmayacaq. Burada parklar, istirahət məkanları və sair olacaq. Ona görə də həmin ərazilərdən obyekt ayrılması mümkün deyil».

    «Dərnəgül» bazarı nə vaxt köçürüləcəksə, bizə dəqiq deyin, işimizi bilək»

    Tədbirdə «Dərnəgül» bazarında çalışan sahibkarlar bazarın küçürülüb-köçürülməyəcəyini, bu olacaqsa dəqiq vaxtını soruşdular.

    İş adamına bildirildi ki, «Dərnəgül» bazarı köçürüləcək, indi bununla bağlı hazırlıq işləri gedir: «Bizim görüşümüzün də məqsədi sahibka rları məlumatlandırmaq, köç başlayana qədər məlumat verməkdir». Köçürülmə prosesinin nə vaxt başlayacağına gəlincə, bildirildi ki, Nazirlər Kabinetinin bununla bağlı sərəncamında konkret müddət göstərilməyib: «Bununla bağlı yaradılmış işçi qrupu baş nazirə rəy hazırlayacaq və bu rəyə əsasən müddət müəyyən ediləcək. Yəqin ki, sahibkarların köçürülməsi üçün 1 ildən az olmayan müddət təyin ediləcək. Görüşün də məqsədi sizə çatdırmaq dır ki, köçürülmə prosesi əvvəl-axır baş verəcək və sahibkarlar indidən buna hazır olmalıdırlar» » – deyə bildirilib.

    «Kvadratı 3500 manata deyirlər, amma 5 min də azdır»

    Sözügedən ərazidə işləyən sahibkarlar köçürülmə ilə bağlı məlumatlıdırlar, onlar bunu artıq bir neçə aydır ki, bilirlər. Amma iş adamlarını maraqlandıran əsas məsələ. Prosesin nə vaxt və hansı şərtlərlə olmasıdır. Sahibkarlar bildirirlər ki, onların obyektlərinin kompensasiya qiymətinin hər kvadratmetrə görə 3500 manat olacağını, torpağın isə sotunun 20-25 min manat ətrafında olacağını eşidiblər. Amma qiymətin belə olacağına əmni deyillər, əksinə, bəziləri bu məbləğin də aşağı olduğunu bildirir: «Elə obyektlər var ki, dövriyyəsi və gəlirinə görə, kvadratı 5 min manata olsa da, aşağı qiymətdir».

    Xatırladaq ki, Bakıda Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması nəzərdə tutulur.

    Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. Sözügedən işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək İşçi qrupuna həvalə edilib.


  • Bakıda qadının meyiti evinin yaxınlığında tapıldı

    Bakıda qadının meyiti evinin yaxınlığında tapılıb.

    Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Şərq yaşayış sahəsində qeydə alınıb.

    65 yaşlı Qasımova Şadəstə Şəmi qızının meyiti yaşadığı evin yaxınlığında aşkarlanıb. mərhumun hansı səbəblə öldüyü bilinmir.

    Araşdırma aparılır.

  • ABŞ-də güclü zəlzələ oldu

    ABŞ-nin Nevada ştatında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir.

    Məlumata görə, yeraltı təkanların episentri Daytondan 6 km şərqdə müəyyən edilib. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur.

  • Fransada iki nəfərin MERS virusuna yoluxduğu aşkarlanıb

    Fransada Yaxın Şərq Tənəffüs Sindromu koronavirusu (MERS-CoV) ilə bağlı iki yeni yoluxma halı qeydə alınıb. Hər iki yoluxma ölkəyə xaricdən qayıdan şəxslərdə aşkarlanıb. Xəbər ictimaiyyət arasında narahatlıq yaratsa da, mütəxəssislər yeni epidemiya riskinin çox aşağı olduğunu bildirirlər.

    Fransa Səhiyyə Nazirliyinin 3 dekabr açıqlamasına əsasən, MERS-CoV virusu eyni səfərdə iştirak etmiş iki nəfərdə təsdiqlənib. Onların hər ikisi Ərəbistan yarımadasına səfərdən qayıtdıqdan sonra simptomlar ortaya çıxıb və müayinə edilib.

    Nazirlik xəstələrin xəstəxanaya yerləşdirildiyini və vəziyyətlərinin stabil olduğunu bildirib. Qeyd edilib ki, bütün zəruri tədbirlər – kontaktların müəyyənləşdirilməsi, testlərin aparılması, izolyasiya və simptomlara nəzarət – aktiv şəkildə həyata keçirilir.

    Məlumata görə, hələlik Fransada ikinci dərəcəli yoluxma, yəni insandan-insana ötürülmə halı aşkar edilməyib. Səfərdə iştirak etmiş digər şəxslər də müşahidə altına alınıb.

    MERS virusu ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında müəyyən edilib və SARS ailəsinə yaxın olan koronaviruslardan sayılır. O, COVID-19-dan daha ölümcül, lakin daha az yoluxucudur. Virus əsasən heyvanlardan, xüsusilə də dəvələr və yarasalardan insana keçir.

    Yaxın Şərq ölkələrində 2012–2015-ci illərdə MERS epidemiyası yüzlərlə insanın ölümünə səbəb olub. 2012-ci ildən 2025-ci ilin noyabrına qədər dünyada 2 640 yoluxma halı qeydə alınıb.

    İnsanda MERS-CoV infeksiyası hərarət, öskürək və tənəffüs çətinliyi kimi əlamətlərlə özünü göstərir. İnsandan-insana yoluxma nadir hallarda baş verir, lakin xəstələrlə birbaşa təmas zamanı, tibbi personalın müəyyən tibbi prosedurlar zamanı virusa məruz qalması hallarında və eyni evdə yaşayanlar arasında mümkündür. Virusun inkubasiya müddəti 5–15 gün arasındadır. Fransada son dəfə MERS halları 2013-cü ildə qeydə alınmışdı.

    Rəsmi qurumlar hazırda genişmiqyaslı yayılma riskinin çox aşağı olduğunu bildirirlər. Aşkarlanan iki halın hər ikisi eyni səfərlə bağlıdır və ölkə daxilində yoluxma zənciri qeydə alınmayıb.

    Səhiyyə Nazirliyi vəziyyətin nəzarət altında olduğunu, bütün profilaktik tədbirlərin görüldüyünü və ictimaiyyət üçün dərhal təhlükə olmadığını vurğulayır.

  • Yay fəsli 42 gün uzanacaq… – Amma bu, yaxşı xəbər deyil

    Yay fəsli bir az daha uzun çəksə, çoxları bunu istəyərdi. Amma bu arzumuzun gerçəkləşməsi planetimiz üçün heç də müsbət nəticə vəd etmir.

    Qaynarinfo xəbər verir ki, son araşdırmaya görə, xüsusilə ucuz enerji üçün kömür yandırmaq kimi insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi Avropada yayları 2100-cü ilə qədər tam 42 gün uzada bilər.

    Bunun əsas səbəbi Şimal qütbü ilə Ekvator arasındakı temperatur fərqini ifadə edən “enlik temperatur qradiyenti”nin (LTG) azalmasıdır. Normal halda yüksək LTG Atlantik okeanı üzərində külək sistemlərini formalaşdırır və mövsümi temperatur dəyişikliklərini təmin edir. Lakin LTG azaldıqca yay hava sistemləri və isti hava dalğaları qitə boyunca daha uzun çəkir.

    Araşdırmanın müəlliflərindən Dr. Laura Boyall deyir: “Nəticələrimiz bu vəziyyətin yalnız müasir bir fenomen olmadığını göstərir; bu, Yer iqlim sisteminin təkrarlanan xüsusiyyətidir. Lakin indi fərqli olan şey dəyişimin sürəti, səbəbi və intensivliyidir”.

    Min illərlə geriyə gedən iqlim izləri nə deyir?

    Avropanın iqlim tarixini araşdırmaq üçün alimlər göl dibindəki çöküntü qatlarını analiz edib. Mövsümi şəkildə yığılan bu tortular 10 min il əvvələ qədər uzanan qış və yay mövsümlərinin dəqiq zaman xəritəsini ortaya qoyur.

    Təxminən 6 min il əvvəl LTG-dəki təbii dalğalanmalar səbəbindən Avropa yayları təxminən səkkiz ay davam edirdi. Lakin bu gün vəziyyət fərqlidir. İstixana qazlarının təsiri ilə Arktika qlobal ortalamadan dörd dəfə daha sürətli istiləşir. Tədqiqatçılar LTG hər 1°C azaldıqda Avropa yaylarının təxminən altı gün uzandığını hesablayıb. Bu da mövcud iqlim proqnozlarına əsasən Avropanın 2100-cü ilə qədər əlavə 42 yay gününə malik olacağı anlamına gəlir.

    “Royal Holloway”də baş tədqiqatçı olan Dr. Kelia Martin-Puertas bildirir: “Araşdırmamız Avropa mövsümlərinin min illərdir temperatur qradiyenti tərəfindən tənzimləndiyini ortaya çıxardı. Bu, gələcək dəyişiklikləri daha dəqiq proqnozlaşdırmağa kömək edəcək mühüm məlumatdır”.

    O qeyd edib ki, nəticələr Avropa hava şəraitinin qlobal iqlim dinamikası ilə necə sıx bağlı olduğunu və keçmişi anlamağın sürətlə dəyişən planetin çətinlikləri ilə mübarizədə hansı dərəcədə həyati rol oynadığını göstərir.

    Bu araşdırma 19 noyabr tarixində “Nature Communications” jurnalında dərc edilib.

  • Bu doğum tarixləri “qızıl illər” hesab olunur

    Yaş artdıqca təcrübə qazanırıq, təcrübə isə bizə daha geniş baxış bucağı və müdriklik gətirir. İnsan böyüdükcə intuisiya, qabaqcadan duyma və daxili bilik güclənir. Həyatın daha yetkin çağlarında kim olduğumuzu, nəyə ehtiyac duyduğumuzu və bizi ali məqsədimizdən nəyin uzaqlaşdırdığını daha aydın şəkildə hiss edirik.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, təcrübəli numeroloqlar, astrologlar və mənəvi praktika ilə məşğul olanlar üç doğum tarixini xüsusi olaraq qeyd edirlər ki, bu tarixlərdə doğulanlar “qızıl yaşlarında” mənəvi qabiliyyətlərin və ekstrasensor duyumların daha güclü şəkildə inkişafına meyilli olurlar.

    Ayın 4-ü – intuitiv oyanış

    4-də doğulanlar yenilikçi təfəkkürü və yaradıcı zəkası ilə tanınırlar. Gənclikdə tez-tez özlərini “yad” və ya kənarda hiss edə bilirlər, lakin yaş artdıqca anlayırlar ki, onların fərqliliyi əslində bir hədiyyədir.

    Qızıl yaşlarında bu insanlar dərin mənəvi kəşflər edir, intellektlərini və intuitiv güclərini yüksək inkişaf üçün birləşdirə bilirlər.

    17-də doğulanlar – karmanın tarazlığı

    17-də doğulanlar çox vaxt erkən yaşlardan məsuliyyət yükünü hiss edirlər. Saturnun təsiri altında onlar intizam, obyektivlik və dürüstlük kimi keyfiyyətləri inkişaf etdirirlər.

    Qızıl yaşlarda isə onların təbii “aydın görmə” qabiliyyəti və nəticələri qabaqcadan hiss etmək bacarığı daha da güclənərək müdrik və yetkin qərarlar vermələrinə kömək edir.

    25-də doğulanlar – fövqəltəbii kanal

    25-də doğulanlar Neptunun təsiri sayəsində daha yüksək enerjilərlə əlaqələndirilirlər. Gənclikdə onların həssaslığı bəzən həddindən artıq ola bilər, lakin yaş artdıqca öz enerjilərində möhkəmlənməyi və tarazlıq tapmağı öyrənirlər.

    Qızıl yaşlarında isə onlar tam şəkildə “görən insan” qabiliyyətlərini ortaya qoyur, özlərinə və ətrafdakılara məsləhət, şəfa və mənəvi rəhbərlik verə bilirlər