Month: December 2025

  • Almaniyanın Kansleri Fridrix Merts Prezident İlham Əliyevə zəng edib

    Almaniyanın Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadla xəbər verir ki, Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb.

    Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib.

    Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

    Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    Kansler Fridrix Merts İlham Əliyevi Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib.

  • Kiberhücum cəhdinin qarşısı alındı: Mənzillərin seçimi uğurla başa çatdı

    Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alınıb.

    Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında deyilir.

    Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən, ümumilikdə 627 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyata keçirilmişdir.

    İlk mənzil seçimi 21-ci saniyədə baş tutub. Bu saata olan məlumata görə seçilmiş 627 mənzilin 584-ü üzrə vətəndaşların ərizələri elektron qaydada imzalanaraq uğurla təqdim edilmişdir.

    Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilmişdir. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı uğurla alınmışdır. Vətəndaşlar “Güzəştli mənzil” sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun istifadə etməli və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməlidirlər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdlər operativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemin təhlükəsiz fəaliyyəti daimi nəzarətdə saxlanılır.

    Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirmişdir.

    “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

    Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.

    Qeyd edək ki, 03.12.2025-ci il tarixində seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.

  • İsrail ordusu “Hizbullah”ın hədəflərinə silsilə zərbələr endirib

    İsrail ordusu “Hizbullah” hərəkatının hərbi hədəflərinə yeni silsilə zərbələr endirib.

    Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

    “SAXAL “Hizbullah”ın Livanın cənubundakı hədəflərinə zərbələr endirməyə başlayıb”, – deyə bildirilib.

  • “Qardaşımın məzarı yanında nalayiq hərəkətlər edirdilər” – Ərəblərin məhkəməsi

    Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə video çəkərək sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Teleqraf xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Hüseynov Ruhan ifədə verib.

    O bildirib ki, qardaşı Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub:

    “İbtidai istintaqa verdiyim ifadəni qəbul edirəm. Mən hər üç təqsirləndirilən şəxsdən şikayətçiyəm. Həbs edilmələrini məhkəmədən xahiş edirəm. Hadisəni sosial şəbəkələrdə görmüşəm. Qardaşımın məzarı yanında nalayiq hərəkətlər edirdilər. Şəhidlər hamınızın şəhididir. Kimsə gəlib Şəhidlər Xiyabanında belə nalayiq hərəkətlər edə bilməz”.

    Şahid Kəmalə Sadıqova ifadə verib:

    “Mən 17 ildir xadimə işləyirəm. Hadisə zamanı oraya camaat yığılmışdı. Bizə də ora yaxınlaşdıq. Ora yaxınlaşarkən ərəblərin atılıb düşdüklərini gördüm. Onlara dedim ki, burada qəbirlər var. Belə hərəkətlər etmək olmaz. Lakin onlar məni anlamırdılar. Əlimlə işarə etdim ki, olmaz. Ora gələn əcnəbilər çoxdur. Hamısı maraqlanıb öyrənirdilər. Dua edib gedirdilər. Belə şey birinci dəfədir görürəm”.

    Şahid qismində danışan Əliyeva Sevil isə hadisəni belə xatırladığını bildirib:

    “Mən həmin ərazidə xadimə işləyirəm. Hadisəyə uzaqdan şahidlik etmişəm. Səslər gəlirdi 3 nəfərin lağ-lağa edərək oynayıb gülürdülər”.

    Şahid qismində Ağayeva Bəsti də ifadə verib:

    “Ərazini təmizləyərək hadisə yerinə gəlib çatdıq. Gördük ki, 3 oğlan şəhidin məzarı yanında oynayır. Onlar orada çəkiliş aparırdılar. Onlardan biri qəbrin üzərinə çıxmışdı. Qəbrin üzərindən gülü götürüb meymun kimi gülürdülər. Onlara yaxınlaşdıq ərəb olduqlarını gördük. Dil bilmədiyimiz üçün oradan getdik”.

    Şahid qismində ifadə verən Heydərova Tamam 1992-ci ildən Şəhidlər Xiyabanında işlədiyini bildirib:

    “Gülüş səsləri eşitdim. Səs olan tərəfə yaxınlaşdım. Orada oynayan şəxslər gördüm. Biri məzarın üzərinə çıxıb çəkiliş edirdi. Digərləri atılıb düşürdü”.

    Növbəti məhkəmə prosesi dekabrın 9-na təyin edilib.

    İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.

    Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.

    Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

    Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

  • Azərbaycan daha iki ölkədən sarımsaq tədarük etməyə başladı

    Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 3,41 milyon ABŞ dolları dəyərində 2 525 ton sarımsaq gətirilib.

    “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.

    Hesabat dövründə Azərbaycana Çindən 1,27 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7 dəfə çox) 380,5 ton (+7 dəfə), İrandan 1,15 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 80,9 ton (+3 dəfə), Qırğızıstandan 514,2 min ABŞ dolları dəyərində 338 ton, Qazaxıstandan 263,4 min ABŞ dolları dəyərində (+7,7 dəfə) 172 ton (+8 dəfə), Misirdən 149,5 min ABŞ dolları dəyərində (+44 %) 115 ton (+44 %) məhsul idxal edilib.

    Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistandan (31 min ABŞ dolları dəyərində 24 ton) və Qırğızıstandan tədarük həyata keçirilib.

    2024-cü ildə Azərbaycana idxal edilmiş 978 ton sarımsağın 44,4 %-i Çinin, 37 %-i İranın payına düşüb.

  • ATƏT XİN Şurası: “Cənubi Qafqazda sülh prosesi başa çatan ilin ən vacib hadisəsidir”

    Vyanada dekabrın 4-də keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən bir çox iştirakçılar Azərbaycan və Ermənistan arasında sülh prosesini başa çatan ilin ən vacib hadisələrindən biri kimi qeyd ediblər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, günün birinci yarısındakı ən diqqətçəkən çıxış Lüksemburqun xarici işlər naziri Ksavye Bettelin bəyanatı olub.

    O vurğulayıb ki, sülh yolunda irəliləyiş və razılaşmalara nail olunması öz-özünə baş verən bir proses kimi qəbul edilməməlidir – bu, təqdir və dəstəyə layiq səylər tələb edir.

    İclasda çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da bu məsələyə diqqət yetirərək, baş verənləri uğur kimi dəyərləndirib.

    “Biz bu ilin avqustunda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə ikitərəfli sülh müqaviləsinin (Vaşinqtonda) paraflanmasını yüksək qiymətləndiririk. Avropa İttifaqı bundan sonra da bu prosesi bütün mümkün vasitələrlə dəstəkləyəcək”, – K.Kallas bildirib.

    Bolqarıstanın xarici işlər naziri Georgi Georgiyevin sözlərinə görə, Vaşinqtonda əldə olunan razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı davam edən danışıqlar “hər iki tərəfin onilliklərlə davam edən münaqişəyə son qoymaq istəyini əks etdirir”.

    “Bolqarıstan regional sabitliyə və iqtisadi əməkdaşlığa yol açacaq münasibətlərin tam şəkildə normallaşmasını səbirsizliklə gözləyir”, – o əlavə edib.

    Digər xarici işlər nazirləri, o cümlədən Fransa Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək ifadə ediblər. Bildirilib ki, bu, bütün region və Avropa üçün yeni imkanlar açır.

  • В импортированных в Азербайджан энергетиках Nitro Max обнаружено опасное вещество – Видео

    В партии энергетических напитков Nitro Max, импортированных в Азербайджан, обнаружено опасное вещество, использование которого в пищевых продуктах запрещено законодательством.

    Об этом Median.Az сообщает со ссылкой на Агентство пищевой безопасности Азербайджана (АПБА).

    Согласно результатам лабораторных испытаний, в напитках был обнаружен силденафил, используемый в составе лекарственных средств и запрещенный к применению в пищевых продуктах.

    Энергетические напитки в общем количестве 4 800 штук были уничтожены на специальном полигоне.

    Отметим, что силденафил используется при лечении ряда заболеваний. При отсутствии врачебного контроля он может оказать негативное влияние на жизнь и здоровье человека, вызвав серьезные осложнения.

  • Azərbaycanda satılan “Nitro Max”ın tərkibində sildenafil maddəsi aşkarlandı: Minlərlə məhsul məhv edildi – Video

    Azərbaycana idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Orxan 011” MMC tərəfindən idxal olunmuş “Nitro Max” əmtəə nişanlı energetik içkidən laborator sınaqların aparılması üçün nümunələr götürülərək müvafiq sınaq laboratoriyasına təqdim edilib.

    Sınaq nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən Sildenafil maddəsi aşkar edilib.

    Qeyd olunub ki, sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər.

    Uyğunsuzluq müəyyən edilən məhsul partiyaları barəsində qanunvericiliyə uyğun qərarlar qəbul olunub. Ümumi sayı 4800 ədəd olan energetik içkilər sahibkarın və Agentlik əməkdaşlarının iştirakı ilə xüsusi poliqonda məhv edilib.

  • Hüseynin özünü gülləməsinə görə – Komandiri həbs edildi

    Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynovun intihar etməsi ilə bağlı komandiri həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsi Hərbi Prokurorluğun protesti əsasında belə qərar çıxarıb.

    Yuxarı instansiya Cəlilabad Hərbi Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi ilə bağlı qərarı pozub. Tabelikdə olan hərbi qulluqçulara qarşı zorakı hərəkətlər etməkdə (CM-nin 329.2.1, 329.2.2 və 329.3-cü maddələri) təqsirləndirilən kapitan Mahmud Səfaralıyev məhkəmə zalında həbs edilib.

    Zabitə verilmiş ittiham gələckdə sübuta yetirilərsə onu 3 ildən 8 ilədək həbs cəzası gözləyir.

    Qeyd edək ki, əsgər Hüseyn Hüseynovun komandiri tərəfindən çoxsaylı təhqir və zorakılığa məruz qaldığı üçün noyabrın 15-də intihar etdiyi iddia olunur. Kapitan Səfaralıyevin başqa əsgərlərə qarşı da qanunsuzluqlara yol verdiyi üçün vəzifəsindən azad edildiyi bildirilib.

    Kapitan sonuncu hadisə ilə bağlı prokurorluq tərəfindən tutulsa da Cəlilabad Hərbi Məhkəməsi həbs qətimkan tədbirinin seçilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual əsaslar müəyyən edilməyini əsas gətirərək onu sərbəst buraxmışdı.

  • Yevlax stadionunda biabırçı vəziyyət – Video

    Premyer Liqada mübarizə aparan “Karvan-Yevlax” klubunun ev qarşılaşmalarını oynadığı Yevlax Şəhər Stadionunda noyabrın 21-dən matçlar keçirilməyə başlasa da, orada vəziyyət heç də ürəkaçan deyil.

    “Qafqazinfo” xəbər verir ki, bir müddət öncə arenada təmir işləri aparılıb. Stadiona süni ot örtüyü salınıb.

    Lakin arenanın sanitar qovşaqlarında heç bir təmir aparılmayıb. Belə ki, orada antisanitar vəziyyət hələ də davam edir.

    Sanitar qovşaqlarının bir tərəfində vəziyyət, ümumiyyətlə, biabırçı hal alıb. Stadiona gələnlərin tualetdən istifadə edə bilməsi üçün heç bir şərait yoxdur, hətta qapılar belə quraşdırılmayıb.

    Bu halda sual yaranır: Stadion rəhbərliyi Premyer Liqa oyunlarına ev sahibliyi etmək istəyəndə bu biabırçılığı niyə aradan qaldırmayıb?

    Bununla bağlı görüntüləri təqdim edirik: