Month: December 2025

  • “İvanovka”da yoxlama – Məhsul satışı qadağan olundu

    Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 49, m. 6 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Vahid Cəmil oğluna məxsus “İvanovka” ticarət obyektində yoxlama keçirilib.

    Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, satışa çıxarılan kərə yağlarından agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

    Sınaq nəticəsində kərə yağlarının tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu müəyyən edilib.

    Yoxlama zamanı süd məhsullarının (seperator üsulu ilə alınmış yağ, əridilmiş yağ, kəsmik, xama və s.) müvafiq baytarlıq sənədlərinin və etiket məlumatlarının olmadığı, yağların kərə yağı adı altında satışa çıxarıldığı aşkarlanıb. Sahibkar süd məhsullarını mütəmadi olaraq İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyət göstərən müxtəlif fiziki şəxslərdən və İsmayıllı bazarından aldığını bildirib.

    Məhsullar satışdan kənarlaşdırılıb, toxunulmazlıq aktı tərtib edilib və möhürlənərək saxlanca qoyulub. Təkrar laborator sınaq nəticəsində kərə yağı və kəsmik məhsulunun tərkibinin bitki yağı və ya bitki yağları qarışığından ibarət olduğu, həmçinin kəsmik məhsulunda mikrobioloji uyğunsuzluq (E.coli) müəyyən edilib.

    Faktla bağlı ticarət obyektinin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının satışı qadağan olunub.

    Eyni zamanda agentliyin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən digər “İvanovka” ticarət obyektlərində və İsmayıllı rayonunun İvanovka kəndində bu məhsulların istehsalı və satışını həyata keçirən qida subyektlərində nəzarət tədbirləri görülür.

    Kərə yağlarından və kəsmik məhsullarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

  • Magistralda “protiv” gedən sürücü həbs edildi – Video

    Bakıda nəqliyyatın hərəkət axınına əks istiqamətdə gedən sürücü həbs edilib.

    Görüntülər Kənar Dairəvi yolda lentə alınıb.

    Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yolun əks istiqaməti ilə hərəkət edərək digər avtomobillərin sürücülərinə çətin anlar yaşadıb.

    Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev sorğumuza cavab olaraq bildirib ki, görüntüdəki hadisə ilə bağlı araşdırma aparılıb:

    “Avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi pozan, daha sonra əks istiqamətli hərəkət zolağına çıxaraq digər hərəkət iştirakçılarına real təhlükə yaradan sürücü təhlükəsizlik tədbirləri qorunmaqla yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

    Sürücü Tahir Tehran oğlu Əliyev barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmə tərəfindən sürücü barəsində 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması qərarı verilib. Sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər. Özlərinin və başqalarının həyatına təhlükə yaratmasınlar. Bu kimi hallar müəyyən edilərsə, tərəfimizdən ən kəsərli tədbirlər görüləcək”.

  • Gecə 11-də qapısını döyən şəxsi öldürdü – 11 il həbs aldı

    Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

    F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiham edilsə də, məhkəmə onun daha yüngül maddə olan 120.1-ci maddəyə əsasən cəzalandırılmasına qərar verib. 47 yaşlı kişi 11 il həbsə məhkum edilib.

    Bildirilib ki, hadisə bu ilin mayında Sığırlı kəndində münaqişə zəminində baş verib. Həmin gün gecə saat 23 radələrində 1966-cı il təvəllüdlü Hafiz Cümşüd oğlu Nuriyev Fəqan Əzizovun yaşadığı evə gələrək qapını döyüb. O, həmkəndlisindən narkotik vasitə istəyib. Lakin Fəqan onda narkotik olmadığını deyib. Daha sonra tərəflər arasında münaqişə olub.

  • Juninyo Braziliya çempionu oldu

    “Qarabağ”ın sabiq futbolçusu Juninyonun “Flamenqo” mövsümün başa çatmasına bir tur qalmış Braziliya çempionu olub.

    Rio de Janeyro təmsilçisi tarixində 8-ci titulunu qazanıb.

    Komanda 37-ci turda “Seara” üzərində 1:0 hesablı qələbə əldə edib. Qalibiyyət topunu 37-ci dəqiqədə Samuel Lino vurub. Bununla da “qırmızı-qaralar” “Palmeyras” üçün əlçatmaz olub.

  • Bəzi qurumlarda iş günlərinin yeri dəyişdirildi – Rəsmi qərar olmasa da

    Azərbaycanda bir sıra universitet və kurslarda bayramla bağlı iş günlərinin yerləri dəyişdirilib.

    Bəzi təhsil müəssisələri dekabrın 27-28-i ilə (şənbə-bazar) dekabrın 29-30-u tarixlərində yerdəyişmə ediblər.

    Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar hələ heç bir rəsmi məlumat olmasa da, kurs iştirakçılarına və tələbələrə bildirilib ki, onlar həftəsonu dərslərdə iştirak etməlidirlər.

    Məsələ ilə bağlı Nazirlər Kabinetinə (NK) sorğu ünvanladıq. Qurumdan saytımıza bir daha bildirildi ki, bununla bağlı hazırda müvafiq qərar yoxdur.

    Xatırladaq ki, 2 həftə əvvəl 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin olacağı ilə bağlı məlumat yayılmışdı.

    Qeyd edək ki, bir neçə gün öncə NK 2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib.
    //qafqazinfo.az

  • “Neftçi idman klubu”nun əməkdaşı həbs edildi

    Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs məsuliyyətə cəlb edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tikinti şirkətlərindən birinin nümayəndələri ilə sakinlər arasında olan mübahisəyə dair görüntülərə təhqiramiz ifadələr yazan şəxsin 1961-ci il təvəllüdlü Rövşən Quliyev olması müəyyən edilib.

    Sumqayıt şəhər sakini olan və “Neftçi idman klubu” İctimai Birliyində çalışan şəxs Nəsimi rayonu ərazisində saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun protokol tərtib edilib.

    Nəsimi Rayon Məhkəməsinə göndərilən şəxs törətdiyi əməli etiraf edib: “Sosial şəbəkədə izlədiyim videogörüntüdə MTK əməkdaşları yaşlı qadını vurduqları üçün onların ünvanına nalayiq ifadə işlətmişəm. Buna görə çox peşmanam”.

    Məhkəmənin qərarı ilə R.Quliyev 20 sutkalıq inzibati həbs olunub.

  • Çörəkdən tam imtina etməyin zərərləri

    Artıq çəkidən xilas olmaq istəyən hər kəs çörək və şirniyyatdan imtina etməyə çalışır. Buna səbəb çörəyin orqanizm üçün ziyanlı qida olması barədə yayılan məlumatlardır. Əslində, ondan imtina edilməsinin zərərləri daha çoxdur.

    Əla növ buğda və tam buğda unundan hazırlanmış çörəklərin arasında fərq var.

    Buğda özü karbohidratdır, lakin hazırda buğda unu adı ilə tanınan məhsul orqanik buğda deyil. Təəssüf ki, həmin buğdanı ağartmaq və xəmir işlərində daha keyfiyyətli hala gətirmək üçün ona xüsusi maddələr vurulur. Həmin prosesdən sonra ondan hazırlanan çörək qeyri-sağlam qidalar sırasında şəkərlə bərabər ilk sırada yer alır. Tam buğda ununun keyfiyyəti isə başqadır və ondan müəyyən miqdarda hətta pəhriz vaxtı da istifadə etmək olar. Əla növ buğda unundan nəinki arıqlama pəhrizi zamanı, ümumiyyətlə, imtina etmək daha yaxşıdır.

    Tam taxıl unundan hazırlanan çörəyin tərkibində sinir, ürək-damar sisteminin işini normalaşdıran B vitaminləri ilə yanaşı, kalium, kalsium, maqnezium, flor və digər minerallar mövcuddur. Hər bir insan gün ərzində normal olaraq bir dilim çörəkdən istifadə etməlidir.

    Buğda ununu qarabaşaq, mərcimək, yulaf, qarğıdalı və düyü, yaxud onlardan hazırlanan un kimi karbohidrat növləri ilə əvəz etmək olar.

    Karbohidrat maddəsi bədənin ehtiyacı olan enerjini əvəz edir. Bir həftə çörək yemədikdə bədənin ehtiyacı olan karbohidratın miqdarı azalır, nəticədə sinir sistemi pozulur, yorğunluq, stres və əsəbilik kimi hallar yaranır. Ona görə də zəruri səbəblərdən çörəkdən imtina etdikdə həmin çatışmazlığı paxlalı və dənli bitkilərdən istifadə edərək doldurmağa çalışmaq lazımdır.

  • Rusiya-NATO Şurası ləğv edildi

    NATO-nun baş katibi Mark Rutte blokun xarici işlər nazirlərinin iclası zamanı Rusiya-NATO Şurasının ləğv edildiyini açıqlayıb.

    Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

    “Rusiya-NATO Şurası artıq mövcud deyil. Rusiya-NATO-nun təsis aktı da yoxdur”, – o qeyd edib.

    Sikorskinin sözlərinə görə, Varşava bu qərarı çoxdan axtarırdı:

    “Bu gün biz Rusiyaya qarşı Avropa təhlükəsizliyini yaradırıq”.

  • İranda qrip sürətlə yayılır – Ölən var

    İranın Hormozqan əyalətində H3N2 qripindən ilk ölüm hadisəsi qeydə alınıb.

    Median.Az İran mediasına istinadən xəbər verir ki, bu barədə Hormozqan Tibb Universitetinin rektoru Pejman Şahroxi məlumat verib.

    Məlumata görə, 26 yaşlı xəstə qripdən vəfat edib.

    Qeyd edilib ki, son üç gündə əyalətdə yuxarı tənəffüs orqanlarını zədələyən virusların yayılma tezliyi narahatedici hal alıb.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    6. “20 Yanvar” dairəsində;

    7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    9. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    13. Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti istiqamətində;

    14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    15. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    16. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    17. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    18. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    19. Fətəli xan Xoyski prospekti, metronun “Gənclik” stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    20. Təbriz küçəsi, metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində;

    21. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    22. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    23. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.