Month: December 2025

  • Şərurlu İsfəndiyar “dələduz” sözünə görə bəraət aldı

    “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Məhkəmə işdə cinayət tərkibi olmadığını əsas gətirərək, İsfəndiyar Axundova bəraət verilməsi barədə qərar çıxarıb.

    Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərovu dələduz kimi təqdim edib.

  • Leyla Əliyeva Üçüncü Bahar İctimai Birliyi ilə bağlı paylaşım edib (Video)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Üçüncü Bahar İctimai Birliyində olub.

    Leyla Əliyeva bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Binəqədi bələdiyyəsinin həbsdə olan keçmiş sədrinin cəzası azaldılıb

    Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə hökmdən verilən kassasiya şikayətinə baxılıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

    Qərara əsasən, İlknur Turkutla bağlı kassasiya şikayət təmin edilməyib. Aytac Əliyevanın kassasiya şikayəti isə qismən təmin olunub. Belə ki, ona verilmiş ittihamdan 308.1-ci maddə çıxarılıb. Qərara əsasən, Aytac Əliyevaya qəti olaraq 2 il 6 ay müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. İlknur Turkut məhkəmə zalında həbs olunub. Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət işində çalışa bilməz.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm qüvvədə saxlanılıb.

    Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

    Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. İlknur Əliyeva bir müddət sonra istintaq dövründə ev dustaqlığına buraxılmışdı.

  • Bayramqabağı qızılın qiymətləri bahalaşacaq?

    Bayram ərəfəsində qızıl bazarında vəziyyət əsasən qlobal qiymət dəyişiklikləri və mövsümi tələbat amilləri ilə müəyyən olunur.

    Bunu Trend-ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.

    O bildirib ki, son dövrlərdə beynəlxalq bazarlarda qiymətli metalların, xüsusilə qızılın qiymətində ciddi artım müşahidə edilir ki, bu da yerli bazara birbaşa təsir göstərir.

    “Hazırda dünya bazarında qızılın bir unsiyasının qiyməti 4400 ABŞ dolları ətrafında formalaşıb və bu amil daxili bazarda qızıl məmulatlarının satış qiymətlərinin artmasına səbəb olub. Ümumilikdə bazarda hərəkətlilik var, satıcılar bayram mövsümünə uyğun olaraq çeşidi artırır və tələbatı qarşılamağa çalışırlar”,-deyə o bildirib.

    R.Əmircanov vurğulayıb ki, hazırda qızıl məmulatlarının qiymətlərində artım açıq şəkildə müşahidə olunur. Bu artım əsasən beynəlxalq bazarlarda qızılın dəyərinin yüksəlməsi ilə bağlıdır.

    “Yerli bazarda qiymətlər dünya bazarındakı tendensiyalara uyğun formalaşır və mövcud şəraitdə qiymətlərin qısa müddətdə aşağı düşəcəyi gözlənilmir. Qiymətli metal bazarındakı bu artım yalnız qızılla məhdudlaşmır – hazırda gümüşün bir unsiyasının qiyməti təxminən 70 ABŞ dolları civarındadır ki, bu da əvvəlki dövrlərlə müqayisədə yüksək göstəricidir. Hazırda alıcıların ümumi sayı sabitdir, lakin istehlakçı davranışında müəyyən dəyişikliklər müşahidə olunur”.

    İqtisadçı bildirib ki, qızılın qiymətinin yüksək olması alıcıların bir hissəsinin daha çox büdcələrinə uyğun, çəkisi az olan məmulatlara üstünlük verməsinə səbəb olur.

    “Eyni zamanda, qiymət artımı fonunda bəzi alıcılar alternativ olaraq gümüş məmulatlarına yönəlirlər. Təcrübə göstərir ki, Yeni il və digər bayramlar ərəfəsində qızıl və digər qiymətli metallara tələbat adətən artır. Bu il də bayrama yaxın günlərdə bazarda canlanma və satışların artması gözlənilir”,-deyə o əlavə edib.

  • Monteneqroda azərbaycanlı gənc qəzada öldü

    Monteneqroda baş verən yol-nəqliyyat hadisəsində 26 yaşlı Azərbaycan vətəndaşı Tarıverdi Nağıyev dünyasını dəyişib.

    Bu barədə yerli mətbuatda məlumat verilib.

    Məlumata görə, hadisə dünən axşam Sliepats şəhərinin yaxınlığında baş verib.

    Xəbərdə bildirilir ki, azərbaycanlı sürücünün idarə etdiyi “Audi A6” markalı avtomobil səkiyə çırpılıb.

    Xilasedicilər Azərbaycan vətəndaşını nəqliyyat vasitəsindən çıxarıblar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənc sürücünün həyatını xilas etmək mümkün olmayıb.//oxu.az

  • Aydan 1 ildən sonra işinə qayıtdı – Video

    Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüardessası Aydan Rəhimli 1 ildən sonra öz işinə qayıdıb.

    Bununla bağlı AZAL sosial şəbəkə hesabında paylaşım edib.

    “Bəzən sözlər kifayət etmir, amma yol davam edir. J2-8243 nömrəli Bakı-Qroznı reysi Aydan Rəhimli üçün həyat yolunda yadda qalan bir an oldu. O, bu gün yaşadıqlarını özü ilə daşıyaraq həyatın davam etdiyini anlayır, işini eyni diqqət və məsuliyyətlə icra edir”? deyə paylaşımda qeyd edilir.

    Ötən il dekabrın 25-i AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrması nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfərin isə həyatı xilas edilib. Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyevaya Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Sağ qalan bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Aydan Rəhimli isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan ilk qadın kimi Azərbaycan tarixinə düşüb.

  • Abşeron rayonunda pirotexniki vasitələr satan iki nəfər saxlanılıb

    Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı profilaktik tədbir həyata keçirilib.

    Tədbir zamanı pirotexniki vasitələrin satışı ilə məşğul olan iki nəfər müəyyən olunaraq saxlanılıb.

    Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

    Həmin şəxslər barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

  • Dayısının arvadını nişan məclisinə çağırıb evini qarət etdi – Ağcabədidəki cinayətin təfərrüatı

    Ağcabədi rayonunda 18 yaşlı oğlan rəhmətə getmiş dayısının arvadının pulunu oğurlayıb.

    Hadisə Ağcabədi şəhəri, N.Abdullayev küçəsindəki fərdi yaşayış evində baş verib. Şəhər sakini, 2007-ci il təvəllüdlü Nahid Hümbətov (ad və soyad şərtidir) orta məktəbi bitirsə də heç yerdə işləməyib.

    Nahidin dünyasının dəyişmiş dayısının həyat yoldaşı onlara gələndə, söhbət zamanı pul yığdığını bildirib. Bundan sonra Nahid onun evini qarət etməyi planlaşdırıb.

    Bir müddət sonra Nahidin bacısının nişan mərasimi olub. Mərhum dayısının həyat yoldaşı da övladları ilə birlikdə məclisdə iştirak edib. Qadın Nahidgilə gələndə deyib ki, evindən çıxanda qapı bağlaya bilməyib, çünki açar yeri xarab olub.

    Bunu eşidən Nahid yaranmış fürsətdən istifadə edərək, əvvəlcədən planlaşdırıdığı qarət planını həyata keçirməyə qərar verib. Nişan mərasimi başlanandan az sonra o, məclisdən çıxaraq mərhum dayısının evinə yollanıb. N.Hümbətov açıq qapıdan evə daxil olaraq, mənzildəki sandığın içərisindəki pulla dolu şüşə balonu götürüb və hadisə yerindən qaçıb. Gənc oğlan kənar ərazidə şüşə balonun içərisindəki 4500 manatı götürərək, qabı zibilliyə atıb.

    Məclisdən evə qayıdan qadın mənzilin qarət olunduğunu bilib və polisə məlumat verib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən N.Abdullayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

    Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə N.Abdullayevə iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
    //oxu.az

  • “Vəzifəli şəxsin qohumu” adı ilə dələduzluq edən şəxs saxlanıldı

    Müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, N.Həsənzadə özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib.

    Bundan başqa N.Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, bundan əvvəl işə düzəltmək adı ilə daha iki şəxsə 20 000 manata yaxın maddi ziyan vurduğuna görə N.Həsənzadə barəsində cinayət işi başlanılıb. Bir müddət əvvəl isə iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

  • Azərbaycanda bir sıra müəssisələr üçün bazar gününün iş günü olması təklif edilib

    Azərbaycanda sürüşkən iş rejiminə keçirilməsi, hətta bir sıra müəssisələr üçün bazar gününün iş günü olması təklif edilib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

    Deputat bildirib ki, tıxac probleminin həlli ilə bağlı müxtəlif istiqamətlərdə düşünməliyik: “Sürüşkən iş rejiminə keçirilməsin məsələsini biz mütləq həll etməliyik. Avropada və digər ölkələrdə buna keçirilib. Elə müəssisələr var ki, bazar gününü iş günü edə bilər. İnsanların böyük əksəriyyəti öz iş yerinə çatmaq üçün 2 saat öncədən evdən çıxır və evə qayıtmağa da 2 saat vaxt sərf edir. İnsan sübut edirsə ki, onun 2 saatı işə gəlmək üçün tıxacda keçirsə, işdən tez buraxılmalıdır. Hazırda Bakının tıxac probleminin həlli olduqca çətindir. Vətəndaşların, xüsusilə dövlət müəssisələrində işləyən vətəndaşların vəziyyətini yaxşılaşdırmaq barədə düşünməliyik”.