Month: December 2025

  • Yüksəkvəzifəli şəxslərin idmançı qohumu yenidən məhkəmə qarşısında

    Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin adı qalmaqallarda hallanan yaxın qohumu İsa Əzizov hakim qarşısına çıxarılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsa Əzizova sərbəst ifadə vermək üçün söz verilib. O isə yaddaş pozuntusu yaşadığını, baş verən hadisəni xatırlamadığını bildirib.

    Daha sonra məhkəmə iclası zərərçəkənin ifadəsi ilə davam etdirilib.

    Zərərçəkən K. V. bildirib ki, İsa Əzizovu hadisəyə qədər tanımayıb:

    “İş görmək üçün “Sea Breeze”ə A. adlı dostumun yanına getmişdim. Ayxan telefonunda nasazlıq yarandığını deyərək mənim telefonumu istədi, sonra kənara çəkilib kiməsə zəng etdi. Az sonra telefonuma zəng gəldi. Zəng edən şəxs (sonradan adının İsa olduğunu bildim) kobud şəkildə Ayxanı soruşdu. Dedim ki, yatmağa gedib. Bir qədər sonra İsa dostu Mahurla birlikdə Ayxanın mənzilinə gəldi. Aralarında mübahisə yarandı, mübahisə isə davaya çevrildi. Mən İsadan məni tanımadığı halda niyə kobud danışdığını soruşdum. Bu zaman o, məni nalayiq ifadələrlə təhqir etdi. Üstümə cumanda onun əlindən tutmaq istədim və yerə yıxıldım. Yıxılan zaman Mahur əlindəki paketin içindən baltaya oxşar bıçaq çıxararaq, sol qolumdan iki dəfə zərbə endirdi, vətərlərim parçalandı. Daha sonra başımdan da zərbə aldım. Mən şikayətçi deyiləm, Azərbaycan vətəndaşıyıq, düşmən deyilik ki?”.

    Bundan sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsinə başlanılıb. Bildirilib ki, İsa Əzizovun əməli anlaqsız vəziyyətdə törətməsi ehtimal olunur və onun barəsində stasionar psixoterapiyanın təyin edilməsinin zəruriliyi qeyd edilib.

    Növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta təyin olunub.

    Qeyd edək ki, İsa Əzizov 2025-ci ilin sentyabr ayında “Sea Breeze” istirahət mərkəzində xuliqanlıq zəminində hadisə törətməkdə təqsirləndirilir. İlkin olaraq onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılsa da, ibtidai istintaqın sonrakı mərhələsində əməlləri Cinayət Məcəlləsinin 126.2.1-ci (sağlamlığa qəsdən ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə tövsif edilib.

    Həmçinin qeyd olunur ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Azadlığa çıxdıqdan sonra, 2019-cu ildə Bakının mərkəzində baş verən silahlı insidentdə iştirak etdiyinə görə yenidən məsuliyyətə cəlb edilib. Həmin vaxt əməliyyatçılar onu polisə tabe olmağa çağırarkən, o, bıçaqla hədə-qorxu gəlib.
    //oxu.az

  • 308 nömrəli məktəbdə uşaqlar “donur”: 10 gündür istilik yoxdur

    Bakıda yerləşən 308 nömrəli tam orta məktəb 10 gündür ki, istilik problemi ilə üz-üzədir. Məktəbə istilik verilmədiyi üçün həm ibtidai, həm də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti ciddi şəkildə çətinləşib.

    Sfera.az xəbər verir ki, valideynlərin verdiyi məlumata görə, tədris müəssisəsində yalnız istilik deyil, elektrik enerjisində də fasilələr yaşanır. İşıqların tez-tez sönüb-yanması dərs prosesinə mənfi təsir göstərir və uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır.

    Məsələ ilə bağlı valideynlərə verilən məlumata görə, bir müddət əvvəl məktəbin yaxınlığında qaz xəttində sızıntı qeydə alınıb. Hadisədən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizlik məqsədilə qaz təchizatı dayandırılıb. Daha sonra problem texniki baxımdan aradan qaldırılıb və məktəbdə qaz sisteminin hazır vəziyyətə gətirildiyi bildirilib.

    Lakin buna baxmayaraq, “Azəriqaz” tərəfindən məktəbə hələ də qaz verilmədiyi iddia olunur. Bütün texniki problemlər həll olunsa da, qazın hələ də verilməməsi sinif otaqlarında normal istiliyi təmin etmək mümkün olmur.

    Soyuq hava şəraiti xüsusilə 1-ci sinif şagirdləri üçün ciddi çətinlik yaradıb. Valideynlər uşaqların sağlamlığından narahat olduqlarını bildirib, bəzi şagirdlərin isə soyuq səbəbindən ümumiyyətlə dərsə gələ bilmədiyi qeyd olunub.

    Məsələ ilə bağlı aidiyyəti qurumlardan problemin tez bir zamanda həll ediləcəyi gözlənilir. Valideynlər isə bildirib ki, tədrisin normal şəraitdə davam etməsi üçün məktəbin istilik və elektrik təchizatı dərhal bərpa olunmalıdır.

  • Масуд Пезешкиан позвонил Ильхаму Алиеву

    23 декабря президент Исламской Республики Иран Масуд Пезешкиан позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, президент Ирана поздравил главу нашего государства с наступающим днем рождения, пожелал ему новых успехов в президентской деятельности и здоровья.

    Президент Ильхам Алиев поблагодарил за оказанное внимание и поздравление.

    Масуд Пезешкиан с удовлетворением вспомнил свои визиты в нашу страну и обсуждения, проведенные с главой нашего государства.

    В ходе телефонного разговора состоялся обмен мнениями о контактах в 2026 году и дальнейшем развитии азербайджано-иранских дружественных отношений.

  • Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

    Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Məsud Pezeşkian ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb.

    Telefon söhbət zamanı 2026-ci ildə təmaslar və Azərbaycan-İran dostluq əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

  • Azərbaycanda asbestin istifadəsi qadağan edilir

    Dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı genişləndirilir.

    Sözügedən məsələ “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar qadağan olunur.

    Belə ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

    Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib.

    Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2.6 milyon m² və ya 1.5 milyon təbəqə təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

    Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

    Asbest və tərkibində asbest olan məhsullar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən kanserogen məhsullar kimi təsnifatlandırıb. ÜST-nin təklifi ilə asbestlə bağlı xəstəliklərin qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul edilib.

    Avropa İttifaqının (Aİ) müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıq risklərinin qarşısını almaq üçün Aİ tərəfindən asbest və asbest məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və 2009-cu illərdə müvafiq direktivlər qəbul etmişdir. 1999/77/EC nömrəli Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Aİ-də asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan edilib. BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.

    Beynəlxalq təcrübə nəzərə alınmaqla, qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

    Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
    //oxu.az

  • Mühərrik gücünü niyə və kim at gücü ilə ölçməyə başlayıb?

    Bu göstərici artıq uzun illərdir avtomobil leksikonunun ayrılmaz hissəsidir və hər bir sürücüyə tanışdır. Bununla belə, az adam həqiqətən düşünür ki, niyə avtomobillərin mühərrik gücü at gücü ilə müqayisə olunur. Bu anlayış o qədər adiləşib ki, təbii qəbul edilir, halbuki müasir avtomobillərin, xüsusilə də sportkarların imkanları artıq bütöv bir at sürüsünün fiziki gücü ilə belə müqayisə olunmur.

    Mühərrik gücünü at gücü ilə ölçməyi kimin icad etdiyini və anlayışın yaranma tarixini təqdim edir.

    Bu anlayışın mənşəyini anlamaq üçün XVIII əsrə, sənaye inqilabı dövrünə qayıtmaq lazımdır. Termin müəllifi şotland mühəndis və ixtiraçı Ceyms Vatt olub.

    Həmin dövrdə mədənlərdə və istehsalat sahələrində əsas hərəkətverici qüvvə atlar idi. Vatt buxar maşınını təkmilləşdirəndə qarşısında çətin marketinq problemi yaranıb: at sahiblərini öyrəşdikləri heyvanlardan imtina edib səs-küylü və anlaşılmaz dəmir mexanizmə keçməyə necə inandırmaq olar? Bunun üçün ona hamı üçün aydın olan bir “məhsuldarlıq ekvivalenti” lazım idi.

    Vatt pivə zavodlarında və şaxtalarda yük atlarının işini müşahidə etdi və bir atın blok vasitəsilə yük qaldırarkən gördüyü işi hesablayıb.

    Vattın fizikası və hesablamaları – avtomobilin at gücü necə ölçülür?

    Fizika baxımından güc vahidi müəyyən zaman ərzində görülən işi ifadə edir. Ceyms Vatt sadə bir nisbətə əsaslanırdı: atın yükü dartdığı və ya qaldırdığı qüvvə qət edilən məsafəyə vurulur, sonra isə sərf olunan vaxta bölünür.

    Başqa sözlə, eyni vaxt ərzində nə qədər böyük qüvvə tətbiq olunursa və yük nə qədər uzun məsafə qət edirsə, güc də bir o qədər yüksək olur.

    Vatt hesablayıb ki, bir at gücü 1 saniyə ərzində 75 kiloqramlıq yükü 1 metr hündürlüyə qaldırmaq qabiliyyətinə bərabərdir. Bu, metrik sistemdə təxminən 735,5 vata uyğun gəlir. Vacib məqam ondan ibarətdir ki, bu ölçü vahidi sürəti deyil, mühərrikin müəyyən vaxtda görə biləcəyi işi ifadə edir.

    Niyə güc hələ də at gücü ilə ölçülür və bu ənənə niyə qorunub saxlanılır?

    Bu gün texnologiyalar xeyli irəliləyib və mühərrik parametrlərinin qiymətləndirilməsi üsulları daha dəqiq olub. Müasir laboratoriyalarda avtomobillərin at gücünün necə hesablandığını öyrənmək üçün əsas alət “dinamometrik stend” hesab olunur. Proses belə aparılır:

    * Avtomobil aparıcı təkərləri ilə stendin xüsusi diyircəkləri üzərinə yerləşdirilir.
    * Mühərrik maksimal dövrlərə qədər işlədilir.
    * Stend fırlanma anını və dövrlərin sayını ölçür.
    * Bu göstəricilər əsasında yekun güc hesablanır.

    Bütün dünyada gücün rəsmi ölçü vahidi Beynəlxalq Vahidlər Sistemində Vatt olsa da və bu vahid elə Ceyms Vattın şərəfinə adlandırılsa da, avtomobil istehsalçıları “at gücü” anlayışından imtina etməyə tələsmirlər. Bunun əsas səbəblərindən biri onun hələ də istifadəçilər üçün rahat və anlaşılan olmasıdır.
    //qaynar.az

  • Niyə bayram günlərində insanlar ürəklə bağlı daha çox şikayət edir? – Kardioloqdan xəbərdarlıq

    Bayram günlərində insanlar daha çox yemək hazırlığına, hədiyyə alışına, ailə üzvləri və dostlarla vaxt keçirməyə üstünlük verirlər. Belə şəraitdə sağlamlıq çox vaxt arxa plana keçir. Halbuki tibb elmləri doktoru, kardioloq Devid Sabgir bu dövrdə də ürək sağlamlığını unutmamağın vacib olduğunu vurğulayır.

    Bu barədə “EatingWell” nəşri yazır.

    “Bayramlar sevinc vaxtıdır, amma eyni zamanda ürəyimiz üçün əlavə yük yarada bilər”, deyə o bildirib və əlavə edib ki, ABŞ Milli Tibb Kitabxanasının saytında dərc olunan tibbi araşdırmalara görə, hətta xüsusi bir anlayış da mövcuddur – “bayram ürəyi sindromu”.

    Bayram ürəyi sindromu nədir?

    Sabgirin sözlərinə görə, bayram ürəyi sindromu bayram mövsümündə yol verdiyimiz qeyri-adi və bəzən sağlam olmayan davranışlar nəticəsində yaranan ürək problemlərini ifadə edən bir vəziyyətdir.

    “Bayram ürəyi sindromu həkimlərin ürək ritminin pozulmalarını, məsələn, çox vaxt güclü alkoqol qəbulu dövrlərindən sonra ortaya çıxan qulaqcıq fibrillasiyasını təsvir etmək üçün istifadə etdikləri termindir. Bu hallar adətən istirahət günlərində və ya bayramlarda müşahidə olunur. Hətta nadir hallarda alkoqol qəbul edən insanlar belə, həddindən artıq içki içdikdə risk altına düşə bilərlər”, deyə kardioloq izah edib.

    Bayram ürəyi sindromunun geniş yayılmış əlamətləri arasında ürəkdöyünmə, döş qəfəsində narahatlıq hissi və nəfəs darlığı göstərilir. Məqalədə qeyd olunur ki, bu simptomlar çoxlu alkoqol qəbulu, qida dəyəri aşağı olan yeməklərin istehlakı və havaların soyuması ilə əlaqədar fiziki aktivliyin azalması kimi amillərin birləşməsi nəticəsində yarana bilər.

    “Ürək bir əzələdir və alkoqol onun fəaliyyətinə təsir göstərə bilər. Bu sindromun digər səbəbləri arasında susuzlaşma nəticəsində yaranan elektrolit disbalansı da var – alkoqol sidikqovucu təsirə malikdir, yəni sizi daha tez-tez tualetə getməyə məcbur edir və bu zaman elektrolitlər itirilir. Həddindən artıq yemək, xüsusən də duzlu və ya natrium tərkibi yüksək olan qidalar ürəyə əlavə yük yarada və qan təzyiqini artıra bilər. Bayram tədbirləri ilə müşayiət olunan stress də bu siyahıya daxildir”, deyə Sabgir bildirib.

    Bayram ürəyi sindromunun qarşısını necə almaq olar?

    “Kifayət qədər sadə addımlar var ki, bayram mövsümündə və ondan sonra ürəyimizi qoruya bilək. Ən vacibi alkoqol qəbulunda ölçülü olmaqdır və bu, riskin qarşısını almaq üçün edə biləcəyiniz əsas addımdır. Digər mühüm məqam isə orqanizmin su balansını qorumaq və kifayət qədər istirahət etməkdir”, deyə kardioloq vurğulayıb.

    Bayram məclislərində olmadığınız vaxtlarda isə qidalanmada faydalı məhsulların yer almasına diqqət yetirmək tövsiyə olunur.

    “Ürək üçün faydalı qidaların seçilməsi qəbul etdiyiniz natriumun miqdarını azaltmağa kömək edə bilər. Məsələn, avokado, armud, sitrus meyvələri kimi bütün təzə meyvə və tərəvəzlər ürək üçün xeyirlidir, çünki onların natrium tərkibi azdır və liflə yanaşı, qan təzyiqinin sağlam səviyyədə qalmasını dəstəkləyən digər faydalı maddələr ehtiva edir. Mənim məsləhətim – hətta bayram günlərində belə hər yeməyə bir təzə meyvə və ya tərəvəz əlavə etməkdir”, deyə həkim qeyd edib.

    O, həmçinin bəzi spirtli içkilərin alkoqolsuz kokteyllərlə əvəz olunmasını tövsiyə edir.
    //qaynar.az

  • Hakerlər “WhatsApp” hesablarını bu üsulla ələ keçirirlər (FOTO)

    Təhlükəsizlik üzrə tədqiqatçılar xəbərdarlıq edirlər ki, hakerlər “WhatsApp”ın şifrələməsini pozmadan bu tətbiqdəki hesabları ələ keçirməyin yolunu tapıblar.

    Qaynarinfo-nun verdiyi xəbərə görə, “GhostPairing” (“Xəyali qoşulma”) adlanan bu fırıldaq üsulu “WhatsApp” istifadəçilərini hesablarını hücumçunun idarəsində olan cihazla birləşdirməyə inandırmaq üçün tətbiqin öz funksiyalarından istifadə edir. Bu zaman hücumçu mesajlara, şəkillərə, videolara və səsli ismarıclara real vaxtda çıxış əldə edir.

    Hesaba nəzarəti ələ keçirən haker, qurbanın əlaqə siyahısındakı şəxslərə mesajlar göndərərək daha çox hesabı ələ keçirməyə çalışır.

    Hücum zamanı hədəfə etibarlı biri tərəfindən göndərilmiş kimi görünən mesaj təqdim olunur. Mesajdakı keçid, adətən istifadəçinin şəklini göstərdiyini iddia edən saxta bir “Facebook” giriş səhifəsinə yönləndirir və qurbanı telefon nömrəsini daxil etməyə sövq edir.

    Daha sonra həmin səhifədə, foto əvəzinə qurbanın tətbiqə daxil etməli olduğu bir kod göstərilir və bu, “WhatsApp”ın cihaz qoşma funksiyasını işə salır. Nəticədə, istifadəçinin xəbəri olmadan naməlum bir cihaz hesaba qoşulur və hücumçuya parol və ya digər identifikasiya məlumatları olmadan tam çıxış imkanı yaranır.

    Bu fırıldaq üsulu kibertəhlükəsizlik şirkəti “Avast”ın tədqiqatçıları tərəfindən aşkarlanıb. Onlar bildirirlər ki, bu hücumun xüsusilə narahatedici cəhəti onun sürətlə yayılmasına imkan verən “qar topu effekti” yaratmasıdır.

    “Avast”ın təhlükəsizlik üzrə eksperti Luis Korons “The Independent” qəzetinə açıqlamasında bildirib:

    “Bu tip hücumlar kibercinayətlərdə artan yeni bir dəyişikliyi nümayiş etdirir: İnsanların etimadından sui-istifadə etmək artıq təhlükəsizlik sistemlərini pozmaq qədər əhəmiyyətlidir”.

    Dələduzlar QR kodlardan, qoşulma istəklərindən və gündəlik görünən “telefonunuzda təsdiqləyin” ekranlarından istifadə edərək istifadəçiləri bu çıxış icazələrini özləri təsdiqləməyə inandırırlar.

    “GhostPairing” kimi fırıldaqlar inamı bir istismar vasitəsinə çevirir. Bu, yalnız “WhatsApp”a aid olan bir problem deyil. Sürətli və aşağı səviyyəli cihaz qoşulmalarına əsaslanan bütün platformalar üçün xəbərdarlıq siqnalıdır.

    “Avast” şirkəti bu fırıldaq üsulunu təfərrüatlı şəkildə izah etdiyi bloq yazısında qeyd edir ki, insanlar bu hücumun qurbanına çevrildiklərinin fərqində belə olmaya bilərlər.

    “WhatsApp” istifadəçilərinə parametrlərə daxil olaraq “Qoşulmuş cihazlar” bölməsindən hesaba çıxışı olan cihazları yoxlamaq tövsiyə olunur. Naməlum cihazlar dərhal silinməlidir.

    “The Independent” bu məsələ ilə bağlı mövqe öyrənmək üçün “WhatsApp” ilə əlaqə saxlayıb.

    Luis Korons əlavə edib:

    “Avast olaraq biz bunu identifikasiya və istifadəçi niyyətinə yanaşmada dönüş nöqtəsi hesab edirik”.

    Onun sözlərinə görə, hücumlar getdikcə daha çox manipulyativ xarakter alır. Buna görə də təhlükəsizlik yalnız istifadəçilərin bilərəkdən etdiklərini deyil, aldadılaraq etdiklərini də nəzərə almalıdır. “GhostPairing” göstərir ki, inam avtomatik hala gəldikdə, istismar edilə bilər.

  • Messinin bacısı qəzada xəsarət aldı, toyu təxirə düşdü

    Dünya Kubokunun qalibi olan Argentina milli komandasının 38 yaşlı kapitanı, “İnter Mayami” klubunun hücumçusu Lionel Messinin ailəsi bədbəxt qəza ilə üzləşib.

    Bu barədə xarici KİV yazıb.

    Futbolçunun kiçik bacısı avtomobil qəzasına düşüb.

    Bildirilir ki, Mariya Mol Messi maşın sürərkən səhhəti pisləşib, nəticədə qız idarəetməni itirərək divara çırpılıb. Qəza nəticəsində Messinin bacısı iki qabırğasını sındırıb, biləyini zədələyib və bir sıra digər xəsarətlər alıb.

    Mariya Sol Messi zədə səbəbindən “İnter Mayami”nin 19 yaşadək futbolçulardan ibarət komandasının məşqçisi Julian Arellano ilə toyunu təxirə salıb. Cütlüyün toyu yanvarın 3-nə planlaşdırılırdı.
    //unikal.az

  • Bakıda taksi buraxılış vəsiqəsinin alınması üçün son müddət açıqlandı

    Bakıda taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün dekabrın 30-u saat 23:59-dək müraciət olunmalıdır.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Qeyd olunub ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilib.

    Məlumata əsasən, kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlandırma təmin olunub. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu dekabrın 30 dekabr-u saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

    Müraciət edən şəxslərdən xahiş olunur ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.

    Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər. Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə olunur.

    Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyən olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv ediləcək.

    Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.