Month: December 2025

  • Bu abituriyentlərin qəbul nəticələri ləğv edildi

    Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı davam edir.
     
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     
    Bildirilib ki, ibtidai istintaqla İslam Babayevin təşkil etdiyi hazırlıq kursunun abituriyentləri və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri hazırlamasına, habelə Ayxan Məmmədov və Murad Məmmədovla cinayət əlaqəsinə girməklə həmin texniki vasitələri 11 nəfərin üzərinə quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilməsi barədə ictimaiyyətə açıqlama verilmişdi.
     
    23 dekabr 2025-ci il tarixdə məhkəmənin baxış iclası keçirilib. İclasda iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin ifadələri dinlənilib, təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin, zərərçəkmiş şəxsin nümayəndəsinin sualları cavablandırılıb.
     
    Qeyd edək ki, ittiham aktına əsasən təqsirləndirilən şəxslər Babayev İslam Elşan oğlu Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlu ilə birlikdə, hazırlıq kurslarına gələn və ya tanışı olan abituriyentlərə müxtəlif məbləğdə pul vəsaiti qarşılığında onların imtahanda yüksək bal toplayacaqlarını bildirərək onlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrindən istifadə qaydalarını izah etmiş, imtahan günü xüsusi ayaqqabıların içərisinə sözügedən alətləri yerləşdirmiş və binaya daxil olmuş abituriyentlərə sualların cavablandırılmasında köməklik göstərə biləcəklərini qeyd etmişlər.
     
    İstintaqın gedişi zamanı bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyentlər şahid qismində ifadə vermiş və öz əməllərini ifadələrində etiraf etmişlər. Abituriyentlərdən bəziləri sözügedən texniki vasitələrlə imtahan binasına daxil olmuş və istifadə etmiş, bəziləri imtahan keçirilən otağa texniki vasitələrlə daxil olsalar da, yaranmış texniki nasazlıq səbəbindən onlardan istifadə edə bilməmiş, bəziləri növbəti imtahanda binaya girişdə yoxlama rejimini həyata keçirən əməkdaşlar tərəfindən üzərində qurğular aşkarlandığı üçün imtahana buraxılmamış, bəziləri isə girişdə yoxlama rejimindən çəkinib geri qayıdaraq ayaqqabılarını dəyişərək adi qaydada binaya daxil olmuşlar. Nəzərinizə çatdırırıq ki, 11 abituriyentdən 9-nun imtahan (müsabiqə) nəticəsi ləğv edilmiş və onlar ixtisas seçiminə buraxılmayıb. İş üzrə şahid qismində adı hallanan digər 2 abituriyent isə binaya daxil olana qədər sözügedən texniki vasitələri çıxarıb adi qaydada imtahanda iştirak etdiyi üçün onların nəticələri ləğv edilməyib.
     
    İttiham aktında qeyd olunur ki, “Babayev İslam Elşan oğlu gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satış məqsədi ilə istehsal etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satmış, qeyrilərinin köməkçiliyi ilə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
     
    Məmmədov Murad Mahir oğlu və Məmmədov Ayxan İlham oğlu isə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə və təkrarən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satmaqla, qeyrisinin vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində köməkçi qismində iştirak etməkdə təqsirləndirilirlər”.
     
    Məhkəmin növbəti iclası 22 yanvar 2026-cı il saat 10:30-a təyin olunub.
     
    Xatırladaq ki, həmin gün saat 15:30-da imtahanlarda qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı digər bir cinayət işi üzrə təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da məhkəməsi keçiriləcək.

  • Bir vəkil kollegiyadan xaric edilib, 3 vəkilə xəbərdarlıq olunub

    Yol verilən intizam pozuntularına görə 1 vəkil Vəkillər Kollegiyasıından xaric edilib.
     
    Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
     
    Bundan başqa, 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, 3 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.

  • Azərbaycanda yeni informasiya sistemi yaradılır

    Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq.

    Qaynarinfo xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasinin təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin ediləcək.

    “İnformasiya əldə etmək haqqında” Qanunla müəyyən edilmiş əldə olunması məhdudlaşdırılan informasiya istisna olmaqla yuxarıda nəzərdə tutulan informasiya sisteminə daxil edilən məlumatlar ictimaiyyət üçün açıqdır və “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma ve informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Fərdi məlumatlar haqqında” və “Elektron imza və elektron sənəd haqqında” qanunların tələbləri nəzərə alınmaqla mühafizə və istifadə olunacaq.

    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji effektivliyinin yüksəldilməsi üçün enerji effektivliyi informasiya sisteminin əsasnaməsini müəyyən edəcək. Bununla yanaşı, təşkilati-hüquqi və mülkiyyət olmayaraq formasından asılı məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı enerji effektivliyi informasiya sisteminə daxil edilən enerji istehlakçısına və illik enerji istehlakına dair məlumatlar (enerji istehlakçısı hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, istehlakçı kodu, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, fəaliyyət sahəsi, illik enerji istehlakının miqdarı) və ya tikinti sahəsinə və onun mülkiyyətçisinə dair məlumatlar (qeyri-yaşayış binasının təyinatı, mərtəbələrin sayı, tikinti sahəsinin və ümumi sahəsinin ölçüləri, mülkiyyətçisi hüquqi şəxs olduqda adı, fiziki şəxs olduqda soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

    Bildirilib ki, Enerji Effektivliyi İnformasiya Sisteminin beynəlxalq təcrübəyə uyğun olaraq enerji səmərəliliyinin təmin edilməsi sahəsində məqsəd və hədəflərə nail olunması məqsədilə müəyyən olunmuş vəzifələrin icrasına nəzarət, eləcə də həyata keçirilən tədbirlər və əldə edilmiş nəticələrin hesabatlılığı, monitorinqi və qiymətləndirilməsi məqsədilə yaradılması nəzərdə tutulur.

    Müvafiq elektron platformanın yaradılması enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlətin qarşısında duran vəzifələrin daha səmərəli həyata keçirilməsi, vətəndaşların müvafiq sahədə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq imkanının yaradılması, eyni zamanda zəruri məlumatların təqdim edilməsi və əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

    Sistemin yaradılması bu sahədə informasiyanın şəffaflığının artırılmasına, dövlət xidmətlərinin səmərəliliyinin yüksəlməsinə və enerji səmərəliliyi sahəsində qanunvericiliyin effektiv icrasına və ona nəzarət olunmasına xidmət edəcək.

    İnformasiya sistemi enerji səmərəliliyi sahəsində dövlət siyasətinin icrasına nəzarəti həyata keçirməyə, müvafiq sahədə elektron xidmətləri göstərməyə və icra göstəricilərini operativ almağa kömək edəcək. Belə ki, sistem üzərindən enerji auditorunun ixtisas attestatının alınması məqsədilə müraciətlər qəbul ediləcək, sistemdə enerji auditorları və enerji auditi təşkilatlarının reyestri əks olunacaq, enerji istehsalı, təchizatı və istehlakına nəzarət subyektləri hesabatlarını yerləşdirəcəklər.

    İnformasiya sisteminin ictimaiyyətə açıq hissəsində əhali üçün enerji səmərəliliyinə dair maarifləndirici məlumatların, enerjiyə qənaət kalkulyatorunun, enerji istehlakına dair statistikanın və sair yerləşdirilməsi nəzərdə tutulur.

    Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

  • Sabahın hava proqnozu açıqlandı

    Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

    Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 70-75 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

  • 20 min manatdan artıq valyuta almaq niyə qadağandır?

    Gələn ildən Azərbaycanda bankların bir şəxs üçün 20 min manat dəyərində qoyduğu limit yenilənməyə bilər. Bu barədə bank əməkdaşları bildirib.

    Məlumat üçün bildirək ki, Azərbaycanda banklar hər bir vətəndaşa (fiziki şəxslər) şəxsiyyət vəsiqəsi ilə 20.000 AZN (təxminən 11,750 dollar) ekvivalentində xarici valyuta satışı həyata keçirir. Bu limit bitibsə, həmin şəxs bir il müddətinə valyuta ala bilməz.

    Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bu proseduran əleyhinə çıxış edib:

    “Bu məsələ bir neçə ildir var. Qanunla heç bir limit yoxdur. Hər kəs istəlinən qədər valyuta ala bilər. Deyilir ki, limiti banklar qoyub. Banklar niyə limit qoysun? Bankın arzusu odur ki, müştəri gəlib ondan daha çox bank xidməti alsın. Guya bir sistem var, banklar ora daxil olanda görür ki, müştəri hansı bankdan nə qədər valyuta alıb”.

    Əkrəm Həsənov bunu bank sirrinin pozulması kimi qiymətləndirib:

    “Əgər doğrudanda bu sistem varsa, niyə banklar onu yaradıblar?”.

    Əkrəm Həsənov bu gün manata təhlükə olmadığını bildirib:

    “Amma yaxın dövrlərdə bunun ola biləcəyindən ehtiyat edilir. Çünki neft gəlirlərimiz azalır. Valyuta ehtiyatlarımız azalacaq. Manata təzyiq olacaq”.

  • Ruslan Eyyubov həbs edildi – İttiham olunduğu maddələr

    5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.

    “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

    Məlumata görə, R. Eyyubov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) maddələri ilə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının Ruslan Eyyubova məxsus olduğu bildirilir. Limanın rəisi Rəşad Daşdəmirov və digərləri eyni cinayət işi ilə bağlı bir neçə gün əvvəl həbs edilib. Həmin işin təfərrüatı barədə əvvəlki yazımızda özəl mənbəmizə istinadan geniş məlumat vermişdik. Ruslan Eyyubovun qohumluq əlaqələrinə gəlincə o, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

    Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan “NB Qrup” şirkətinin rəhbəridir.

  • Ərinin qətlinin sifarişində ittiham olunan qadına ağır cəza istənildi

    Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova və cinayətin icraçıları qismində təqsirləndirilənlər – Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda prokuror çıxışı zamanı təqsirləndirilənlərdən Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin hər birinin ayrı-ayrılıqda 19 il, Əzizə Seyidovanın isə 18 il müddətinə azadlıqdan məhrum olunmasının istəyib.

    Daha sonra çıxış üçün söz müdafiə tərəfinə verilib.

    Müttəhim Əzizə Seyidovanın vəkili Elmira İsmayılova müvəkkili ilə bağlı istintaqın düzgün aparılmadığını, ona verilən maddələrin qərəzli olduğunu deyib.

    Vaxt məhdudiyyətindən digər çıxışlar dekabrın 30-na təyin edilən iclasda dinləniləcək.

    Qeyd edək ki, hadisə 2023-cü il martın 15-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Ə.Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

    İttihama görə, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini cəzalandırmaq istəyib.

    O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-cü il martın 15-də Ə.Seyidova M.Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M.Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları onu qarşısını kəsərək, 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.

    Qeyd edək ki, əvvəlki məhkəmə iclasları zamanı Əzizə Seyidova elan olunan ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilənlər – Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev isə özlərini qismən təqsirli biliblər.

    Onu da qeyd edək məhkəmə istintaqı zamanı təqsirləndirilənlər ibtidai istintaqa verdikləri ifadələrini dəyişərək, qətli Əzizə Seyidovanın sifarişi ilə deyil, Əli Seyidli ilə şəxsi münasibətləri zəminində törətdiklərini deyiblər.
    //oxu.az

  • İlham Əliyev Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.

    Bildirildi ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2.96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1.2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.

    Qeyd edək ki, dövlətimizin başçısının 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

    Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39.5 milyon manatlıq hissəsi ixrac edilib.

  • Füzulidə saxlanılan iranlı narkotacirdən 41 kq marixuana aşkarlanıb – Video

    Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini təşkil edən daha bir İran vətəndaşı polisin əməliyyatı nəticəsində saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində keçirilmiş tədbir nəticəsində İran vətəndaşı 32 yaşlı Ehsan Kakavend “iş başında” saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kq marixuana və 2988 ədəd metadon həbi aşkarlanıb. İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İranın Parsabad şəhərindən ölkəmizə qaçaqmalçılıq yolu ilə keçirdiyi və Füzuli rayonunda deyiləcək ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İranlı narkotacirlə ölkə daxilində və xaricində əlbir olan dəstənin digər üzvlərinin də müəyyən olunması istiqamətində əməliyyatlar davam etdirilir.

  • Ehtiyatda olan mayor 300 minlik dələduzluqda ittiham edilir

    Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə başlayır.

    Median.Az APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə təqdim olunub.

    İş icraata verilib və hazırlıq iclası təyin edilib. İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov müxtəlif vədlər verməklə vətəndaşların etibarından sui-istifadə etməklə 312 min manatdan çox pulu ələ keçirib. İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda həbsdə olan Bəşir Bəşirovun cinayət işinin istintaqı öncə Hərbi Prokurorluqda aparılıb, sonradan ibtidai istintaq araşdırması Baş Prokurorluğa həvalə edilib.

    Qeyd edək ki, Bəşir Bəşirov 2020-ci ildə ləğv edilmiş Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçusu olub. Sonradan ehtiyata buraxılıb.