Month: December 2025

  • Rusiya Silahlı Qüvvələri Ukraynanın iki vilayətində yaşayış məntəqələrini nəzarətə götürüb

    Rusiya Silahlı Qüvvələri Ukraynanın iki vilayətində yaşayış məntəqələrini nəzarət altına alıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində Andreyevka və Xarkov vilayətində Prilipka yaşayış məntəqələrini nəzarətə götürüb.

  • Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verilib.

    Bildirilib ki, Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsi müasir akademik mühitin formalaşdırılması istiqamətində ardıcıl şəkildə inkişaf edən əsas struktur bölmələrdən biridir. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas – iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

    Yeni akademik məzmunun formalaşdırılması, müasir tədris metodlarının tətbiqi, praktiki bacarıqların inkişafı, innovativ idarəetmə və nəticəyönümlü elmi tədqiqatlar fakültənin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

    Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb. Bir sözlə, bina tədris, tədqiqat və inzibati fəaliyyətin daha səmərəli şəkildə həyata keçirilməsinə imkan verən geniş və müasir infrastruktura malikdir.

    Yaradılmış şərait fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə, tələbələrin bilik və bacarıqlarının inkişafına, əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun iqtisadiyyat və biznes istiqamətli yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, elmi-tədqiqat və innovativ fəaliyyətlərin genişləndirilməsinə imkan yaradacaq.

    Biznes və iqtisadiyyat fakültəsinin yeni tədris binasının istifadəyə verilməsi universitetdə müasir kampusun formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olmaqla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda yüksəksəviyyəli ali təhsil ekosisteminin qurulmasına əhəmiyyətli töhfədir.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2024-2025-ci illər ərzində Qarabağ Universitetində görülən işlərlə tanış olub, universitetin, tələbə yataqxanasının, Klinika binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılış mərasimlərində də iştirak edib.

    Hazırda Qarabağ Universitetində 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbə təhsil alır.

  • Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik etdi

    Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

    “Böyük məmnuniyyətlə xalqımızın adından və öz adımdan Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi çatdırıram. Uca Allah Sizə möhkəm cansağlığı və çoxlu belə xoş günlər nəsib etsin.

    Başa çatmaqda olan ilə nəzər saldıqda, ikitərəfli münasibətlərimizin müsbət inkişafından böyük məmnunluq duyuram. Bu münasibətlər bu ilin fevral və may aylarında ikitərəfli görüşlər keçirmək, həmçinin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında, noyabr ayında Bakıda şanlı Zəfər Gününə həsr olunmuş paradda iştirak etmək məqsədilə gözəl ölkənizə etdiyim səfərlərlə daha da möhkəmlənmişdir.

    Azərbaycana etdiyim hər səfərim zamanı ölkənizin gözəlliyinə və zəngin təbiətinə daha çox heyran oldum, dost və qonaqpərvər qardaş xalqınıza olan məhəbbətim daha da artdı.

    İqtisadi sahədə əməkdaşlığımız da uğurla inkişaf edir və hazırda Azərbaycanın Pakistana 2 milyard dollar məbləğində investisiya yatırması ilə bağlı şərtləri yekunlaşdırırıq. Bu layihə xalqlarımızın həyatını dəyişdirəcək və eyni zamanda qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təmin edəcəkdir.

    Zati-aliləri, mən Bakıda olarkən “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmağımı xatırlatmaq istəyirəm. Həmin vaxtdan bəri ölkələrimiz dövlət xidmətlərinin göstərilməsində innovativ və vətəndaşlara yönəlik həllərin təqdim edilməsi, şəffaflığın, səmərəliliyin və institusional bütövlüyün təmin edilməsi məqsədilə İslamabadda “Pakistan Asan Xidmət” mərkəzinin yaradılması üzərində birgə çalışırlar. Aylarla davam edən işlərdən sonra “Pakistan Asan Xidmət” mərkəzi 2026-cı il yanvarın 10-dək hazır olacaq və açılış mərasimi keçiriləcəkdır. Yeni yaradılmış “Pakistan Asan Xidmət” mərkəzi, şübhəsiz ki, xalqlarımızın həyatın bütün sahələri üzrə, o cümlədən səmərəli və müasir dövlət xidmətlərinin göstərilməsindən faydalandıqlarını dünyaya nümayiş etdirəcəklər.

    Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı rifah və tərəqqi diləyirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına binada yaradılacaq şərait barədə məlumat verildi.

    Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.

    Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.

    Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.

    Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.

  • Azərbaycan Premyer Liqasında 17 il sonra ilk yaşanıb

    “Sabah” futbol üzrə Azərbaycan çempionatları tarixində ili zirvədə başa vuran 10-cu komanda olub.

    Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

    XVI turda “Sumqayıt”ı səfərdə 3:1 hesabı ilə məğlub edən bakılılar “qış çempionu” adına sahib çıxıblar.

    Xallarının sayını 37-yə çatdıran “bayquşlar” son 4 mövsümün qış çempionu “Qarabağ”ı bir xal qabaqlayıb. Bu, “Sabah”ın tarixində ilk belə nəticədir.

    Paytaxt təmsilçisi ili zirvədə başa vuran 10-cu komandadır. Sonuncu yeni qış çempionu 17 il əvvəl – 2008/2009 mövsümündə qeydə alınıb. Premyer Liqanın ilk dəfə PFL bayrağı altında keçirildiyi mövsümdə “İnter” (indiki “Şamaxı”) tarixində birinci dəfə qış çempionu olub. Sonrakı illərdə isə heç kim adını qış çempionları sırasına əlavə edə bilməyib və bu uğura əvvəl imza atanlar yenidən fərqləniblər.

    Ümumilikdə isə bunadək 9 klub belə nəticəyə imza atıb. “Qarabağ” hamıdan çox – 11 dəfə (2004/2005, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2019/2020, 2021/2022, 2022/2023, 2023/2024, 2024/2025) fərqlənib.

    “Neftçi” doqquz (1994/1995, 1996/1997, 2000/2001, 2001/2002, 2003/2004, 2010/2011, 2011/2012, 2018/2019, 2020/2021), “Kəpəz” (1993/1994, 1997/1998, 1998/1999) və “Şamaxı” (2008/2009, 2009/2010, 2012/2013) hərəyə üç, “Xəzri” (1995/1996), “Şəmkir” (1999/2000), “Karvan” (2005/2006), “Xəzər Lənkəran” (2006/2007) və “Şüvəlan”ın (2007/2008) bir belə uğuru var.

    Qeyd edək ki, 1992 və 1993 mövsümləri yaz-payız sistemi ilə keçirilib.

  • Танрыверди Танрывердиев скончался в заключении

    Бывший директор Товузского профессионального лицея Танрыверди Танрывердиев, осужденный по обвинению в коррупции, скончался в заключении.

    Как сообщает Qafqazinfo, в связи с этим суд вынес новое решение, согласно которому последнее обращение по его делу прекращено. В заявлении причиной смерти указана длительная болезнь.

    Отметим, что бывший директор обвинялся в присвоении крупной суммы, взяточничестве и халатности, повлекшей тяжкие последствия.

    Гянджинский суд по тяжким преступлениям назначил Танрывердиеву наказание в виде ограничения свободы (электронный браслет), однако после протеста прокурора изменил приговор.

    Новым решением апелляционной инстанции Танрывердиев был приговорен к 6 годам лишения свободы. Также были конфискованы его дом и земельные участки.

    Ущерб, причиненный Государственному агентству профессионального образования при Министерстве науки и образования по этому уголовному делу, составил около 200 000 манатов.

  • Tanrıverdi Tanrıverdiyev həbsdə vəfat etdi

    Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıverdi Tanrıverdiyev həbsdə dünyasını dəyişib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məhkəmə bu səbəbdən yeni qərar qəbul edib.

    Qərara əsasən, onunla bağlı son müraciətə xitam verilib. Ərizədə ölüm səbəbi uzunmüddətli xəstəlik göstərilib.

    Qeyd edək ki, keçmiş direktor külli miqdarda mənimsəmə, rüşvətalma, ağır nəticələrə səbəb olan səhlənkarlıqda ittiham olunub.

    Gəncə Ağır Cinayətlər Məhkəməsi T.Tanrıverdiyevə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası versə də, prokurorun etirazı hökmü dəyişib.

    Apellyasiya instansiyasının yeni qərarı ilə Tanrıverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun evi və torpaq sahələri də müsadirə olunub.

    Cinayət işi üzrə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəymiş ziyan 200 min manata yaxın olub.

  • İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Bir sıra qeyri-yaşayış obyektlərindən propan qaz balonları çıxarıldı

    Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinqlər keçirilib. Respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı şəhərində keçirilən monitorinqlər zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

    Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara, o cümlədən fiziki və hüquqi şəxslərə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır və xatırladır ki, bazar və yarmarkaların ərazisində, binaların zirzəmi və kürsü mərtəbələrində, o cümlədən həyətyanı sahələrdə propan qaz balonlarının saxlanılması və istifadəsi qadağandır.

  • Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verib.

    Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə – öz dədə-baba yurdlarına qayıdıb.

    Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, iki kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

    Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.