Month: December 2025

  • Kəsdiyi ağac üstünə aşdı, öldü

    Qəbələdə bədbəxt hadisə baş verib.
     
    1970-ci il təvəllüdlü Nəriman Həbillah oğlu Bayramov Vəndam qəsəbəsində meşədə ağac kəsərkən ölüb.
     
    Belə ki, kəsdiyi ağac onun üstünə aşıb.
     
    Faktla bağlı araşdırma rayon prokurorluğunda cinayət işi başlanıb.

  • Putin Azərbaycanı təbrik etdi

    Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara və vətəndaşlarına xoşbəxtlik, sülh və firavanlıq arzulayıb.

    Putin bunu MDB-nin qeyri-rəsmi sammitində deyib.
     
    “Əziz dostlar, hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək istərdim. Sizə və ölkənizin vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, sülh, rifah və firavanlıq arzulayıram”, – o bildirib.

  • “Şəkili Yusif”in MƏHKƏMƏSİ keçirilib: “Mən sadəcə kuryer olmuşam, verilənləri ünvanlara çatdırmışam”

    Onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmənin növbəti baxış iclası keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkillər prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırsalar da, vəsatət təmin olunmayıb.

    Prosesin davamında təqsirləndirilən Ramil Saadov kuryer kimi fəaliyyət göstərdiyini vurğulayaraq, ona verilənləri ünvanına çatdırdığını deyib:

    “Mən sadəcə sürücü olmuşam. Mənə paketlər verilib, onu aparıb təhvil vermişəm. İçində pul olduğunu bilirdim, amma nə qədər pul apardığımı bilmirdim. Bunu məndən qohumum Ə.Cəlilov xahiş edirdi. Bundan başqa o, şəxsi kartlarımla pul köçürülmələri aparılmasını da xahiş etmişdi. Mənim qumar, mərc oyunları ilə əlaqəm olmayıb”.

    Dövlət ittihamçısının təklifi əsasında Ramil Saadovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. O, ibtidai istintaqda ifadəsində bildirib ki, müxtəlif şəxslərə 10 milyon manat çatdırıb.

    Ramil Saadov bu ifadələri öz vəkili ilə birgə versə də, həbs olunacağı ilə bağlı təzyiq altında olduğunu söyləyərək dediklərini rədd edib.

    Dövlət ittihamçısı gələn prosesdə R.Saadovun ibtidai istintaqda iştirak edən vəkilinin prosesə dəvət olunmasını təklif edib. O, əlavə edib ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə müdafiə xarakterli olduğu üçün, ibtidai istintaqa verdiyi ifadə əsas hesab olunsun.

    Növbəti proses dekabrın 29-na təyin edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq mütəşəkkil dəstənin bir sıra üzvləri barəsində tamamlanıb.

    İbtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, “Şəkili Yusif” kimi tanınan Yusif Baqiyev 2022-ci ilin əvvəlindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çox sayda şəxsin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb.

    Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.

    Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.

    İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin, digər şəxslər – Ramil Saadov və Samir Nəsibov barəsində isə dövlət ittihamçısının vəsatəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, habelə “Paysis” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Eyni zamanda, cinayət işindən ayrılmış materiallar üzrə göstərilən qanunazid əməllərin törədilməsində iştirak etməsi güman olunan və barəsində axtarış elan edilmiş digər şəxslərlə bağlı ibtidai istintaq davam etdirilir.

  • Baş Gömrük İdarəsinin sabiq inspektoru azadlığa buraxıldı

    Amnistiya aktı Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan sabiq inspektoru Şahin İsgəndərova da şamil edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

    Qeyd edək ki, Şahin İsgəndərov 2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin DGK-nın Aksizli mallar İdarəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilərək 5 il azadlıqdan məhrum olunub.

    Sonradan Ali Məhkəmə cəzanı 5 ildən 3 ilə endirmişdi.

  • “Range Rover”lə dörd nəfərin ölümünə səbəb olan klub prezidenti azadlığa çıxdı

    Bakıda dörd nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilərək həbs edilən Elşad Kəlbəliyev cəzadan azad edilib.

    O, bu gün 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad edilib.

    Qeyd edək ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93″də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.

    O, Novxanı qəsəbəsi ərazisində “Range Rover” markalı avtomobili ilə 4 nəfəri vuraraq öldürmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən E.Kəlbəliyev sonradan cəzasını Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi.
    //oxu.az

  • Siqaret satışı məhdudlaşdırıldı – Qiymətlər kəskin yüksəldi

    Paytaxtda bəzi market və köşklərdə siqaret satışı məhdudlaşdırılıb.

    Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu barədə supermarketlərin kassirlərinə xəbərdarlıq edilib.

    Belə ki, müştərilərə eyni siqaretdən bir paket, israr ediləcəyi təqdirdə maksimum iki paket satmaq tapşırılıb.

    Bu addımın atılması şirkətlərin satışı dayandırması ilə əlaqələndirilib. Problemin yanvarın 6-dək davam edəcəyi gözlənilir.

    Onu da qeyd edək ki, qıtlıq səbəbindən paytaxtın bir sıra köşklərində siqaretlər vitrinlərdən yığışdırılıb və qiymətlər kəskin artırılıb. Belə ki, 4.80 manata təklif olunan “Sobranie” siqaretinin qiyməti bu gündən etibarən 5.50 manata yüksəlib. Digər siqaretlərin də qiymətində 15-20 faiz artım var. Üstəlik, həmsöhbət olduğumuz satıcılar qiymətin daha da yüksələcəyini qeyd ediblər.

    Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

  • İcra başçısının sabiq müavini də azadlığa çıxdı

    Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.

    Teleqraf xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.

    Xatırladaq ki, Neftçalan Rayon İcra Hakimiyyətinin sabiq müavini Gültəkin Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilib.

  • Prezidentin son sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək

    Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək, onlara birdəfəlik maddi yardım ödəniləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli Sərəncamı aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğının növbəti təzahürüdür.

    Bildirilib ki, Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb.

    “Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardımlar ünvanlı sosial yardım alan ailələrin hesablarına köçürüləcək.

    Ünvanlı sosial yardım proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm önəm kəsb edir. Ödənilən ünvanlı yardımların məbləği davamlı olaraq artır. 2018-2025-ci illər ərzində bu yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıb və hazırda 425 manat təşkil edir.

    Ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi isə qeyd edilən dövrdə 2,2 dəfə artırılaraq 285 manata çatdırılıb və növbəti ildə 300 manata çatdırılması nəzərdə tutulub”, – məlumatda qeyd olunub.

  • Nizami rayonunda “Sherlock Park” restoranında nöqsanlar aşkarlanıb

    Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi, ev 1A ünvanında yerləşən, fiziki şəxs Zümrüd Mürvət qızı Bədirliyə məxsus “Sherlock Park” ictimai iaşə obyektində keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, dondurucu və soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən qaşqaldaq, bildirçin, toyuq, balıq və mal ətləri müəyyən edilib.

    Yoxlama zamanı obyektin həyətyanı sahəsində saxlanılan diri quşlar (iki ədəd xoruz, iki ədəd lal ördək və bir ədəd hind quşu) obyektdən kənarlaşdırılaraq sahibkarın şəxsi həyətyanı sahəsində saxlanması üçün təhvil verilib, quşların saxlanıldığı tikililər sökülərək ərazi təmizlənib.

    Sahibkar izahatında ov quşlarının (qaşqaldaq, gərəf, turac və s.) satışının həyata keçirilmədiyini, “Instagram” səhifəsində müştəri cəlb etmək məqsədilə reklam olunduğunu bildirib.

    Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.

  • “Yola çıxanda gördüm ki, canavar qadını tutub…” (VİDEO)

    “Bir də gördük ki, qadınların qışqırıq səsi gəldi. Durub tez səs gələn yerə qaçdıq. Gördüm ki, atam canavarı boğur”.

    Bunu dekabrın 20-si Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalan 5 nəfərdən biri – Fariz Lətifov “Baku TV”yə açıqlamasında bildirib.

    “İstədim mən də kömək edim. Əllərimdən yapışdı. Ayağım isə ilişdi, yerə yıxıldım. Həmin anda atam canavarın ayağından yapışdı, mən isə təpik vurdum, sonra qaçıb getdi”, – deyə o əlavə edib.

    Digər xəsarət alan Gündüz Lətifov isə qeyd edib ki, canavar xanımı qolundan tutub: “Mən gələn kimi isə xanımı buraxıb mənim üstümə tullandı. Mən də havada tutub qolumun altına saldım. Qışqırdım ki, kömək edin. Əlimi yaraladı, həmin vaxt da oğlum gəldi. Onun da qollarını yaraladı. Camaat gəldikcə isə qorxub qaçdı”.

    Daha ətraflı videomaterialda: