Month: January 2026

  • Həmin uşaq Van Dammın azərbaycanlı nəvəsi deyilmiş – Gəlinindən açıqlama

    Bir neçə gündür sosial şəbəkələrdə Hollivud ulduzu Jan-Klod Van Dammın qucağında uşaqla fotosu paylaşılaraq “azərbaycanlı nəvəsi” kimi təqdim olunur.

    Bununla bağlı onun azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə sosial şəbəkə hesabında paylaşım edib.

    S.Hacızadə bildirib ki, həmin fotodakı körpə onun övladı deyil: “Mənim və ya ailəm haqqında bizdən təsdiq almadan yalan məlumat yayan istənilən media səhifəsi şikayət ediləcək. Buraya köhnə fotoların, başqa insanlara aid uşaqların və ya uydurma hekayələrin istifadəsi daxildir. Bunu artıq görməzdən gəlməyəcəyəm. Yalan məlumat yaymağı dayandırın. Mənim və ailə üzvlərimin həyatı ilə bağlı yolverilməz və şəxsi suallar verməyi dayandırın. Hər şəxsi həyat ictimai mülkiyyət deyil”.

    Qeyd edək ki, Suada 2021-ci ilin iyununda Van Dammın oğlu Kristoferlə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah masasına oturub. Cütlük hazırda ABŞ-də yaşayır.

  • Yəmən hökuməti istefa verdi – KİV

    Yəmənin Prezident İdarəetmə Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xarici işlər naziri Şaya Möhsün əl-Zindanini yeni baş nazir təyin edib.

    Bu barədə SABA xəbər agentliyi məlumat yayıb.

    Yanvarın 15-də Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Salem Saleh bin Breik tərəfindən təqdim edilən kabinetin istefasını qəbul edib. Bəyanatda qeyd olunur ki, qərar “ölkədə baş verən son dəyişikliklərə uyğun olaraq yeni hökumətin qurulması üçün yol açmaq” məqsədilə verilib.

  • Polis Akademiyası işə qəbul elan edir

    Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında professor-müəllim (mülki) heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

    O bildirib ki, Akademiyaya hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Azərbaycan dilini sərbəst bilən vətəndaşlarımızın qəbulu elan edilir.

  • Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq

    Bir sıra hallarda təhsilalan və əcnəbilərlə əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

    Qanuna əsasən, aşağıdakı hallarda da əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək:

    təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda;

    əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda.

  • Biləcəridə meşə məhv olur – 8 aydır tədbir görülmür (Video)

    Biləcəri qəsəbəsi Xurşidbanu Natavan küçəsində yerləşən ərazidəki meşə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

    Median.Az AzTV-yə istinadən xəbər verir ki, 8 ay öncə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə baxış keçirilib.

    Nəticədə ağaclarda xəstəlik səbəbindən çürümə olduğu müəyyən olunub. Müvafiq qurumlara ağacların yenisi ilə əvəzlənməsi barədə xəbərdarlıq edilib. Lakin 8 ay keçməsinə baxmayaraq ərazidə heç bir dəyişiklik yoxdur.

    Ekoloq Ənvər Əliyev deyib ki, həm ağaclar yaxşı qidalanmır, həm də zərərvericilər onlara ciddi ziyan vurur. O qeyd edib ki, qurumuş ağaclar təcili şəkildə ərazidən çıxarılmalıdır.

    Problemin həlli istiqamətində cavabdeh qurumlardan olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən zənglərə cavab verilməyib.

    Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirilib ki, sözügedən ərazidə xəstəlik nəticəsində qurumuş ağaclar son günlərdə müşahidə edilən güclü külək nəticəsində aşıb. Qısa müddətdə Birliyin əməkdaşları tərəfindən ərazidən götürüləcək.

  • Narkotik satanlar tutuldu

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbirlərlə 19 yaşlı Məhəmməd Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Ondan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkarlanıb.

    Əməliyyat tədbirlərinin davamı olaraq M.Əsgərova narkotik vasitə və psixotrop maddə satan şəxsin 26 yaşlı Vəsayət Buludov olduğu müəyyən edilib və o, saxlanılıb.

    Həmin şəxsdən də metamfetamin, heroin və marixuana aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Bakıda poliklinika anaya uşağın sağlam, ataya isə xəstə olduğu barədə arayışlar verib (FOTOLAR)

    Bakı şəhərinin Xətai rayonunda yerləşən 4 saylı uşaq poliklinikası ilə bağlı ciddi iddia səsləndirilir. İddiaya görə, sözügedən poliklinika uşağın sağlamlığı ilə bağlı ata və anaya fərqli, bir-birinə zidd tibbi sənədlər təqdim edib.

    Şikayətçi olan ana Şahnaz Fərhad qızı İsmayılova Oxu.az-a bildirib ki, ona övladının sağlam olması barədə rəsmi formada – 26U tibbi arayışı təqdim edilib:

    “Lakin uzun illərdir ki, uşağı ilə maraqlanmayan atasına məhkəmədə istifadə etməsi məqsədilə uşağın guya qarnının kistalarla dolu və ağır xəstə olması barədə arayış verilib”.

    Vətəndaş iddia edir ki, həmin xəstəlik ümumiyyətlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elektron informasiya sistemində mövcud deyil:

    “Poliklinika sistemdə olmayan diaqnozu kağız üzərində ataya təqdim edib. Mən yoxladanda isə uşağın sağlam olduğu bildirilib, sadəcə, ürəyində problem aşkar edilib və bu diaqnoz rəsmi şəkildə “e-tabib” elektron informasiya sisteminə daxil edilib. Lakin buna baxmayaraq, poliklinika uşağın müalicəsindən imtina edir”.

    Şikayətçi bildirib ki, oğlu Y.E. oğlu İsmayılov doğulduğu gündən 4 saylı uşaq poliklinikasında qeydiyyatda olub, ancaq 2020-ci ildə poliklinika rəhbərliyi uşağı ananın xəbəri olmadan qeydiyyatdan çıxarıb:

    “Hazırda arxiv sənədləri gizlədilir və uşağın guya həmin poliklinikada heç vaxt qeydiyyatda olmadığı iddia edilir. Məqsəd uşağın əvvəlki tibbi tarixçəsini aradan qaldırmaqdır”.

    Şahnaz İsmayılova əlavə edib ki, 4 saylı uşaq poliklinikası uzun müddət əsassız səbəblərlə uşağı yenidən qeydiyyata almaqdan imtina edib və tibbi xidmətin göstərilməsinə mane olub:

    “Yalnız çoxsaylı müraciətlərdən sonra qeydiyyat bərpa edilib. Bununla yanaşı, poliklinikanın Səlminaz adlı həkimi mənə qarşı hədə və təzyiq göstərib.

    Məhkəmənin uşağın məndə qalması ilə bağlı qərarı olmasına baxmayaraq, poliklinika rəhbərliyi 14 yaşlı uşağın tibbi sənədlərini saxtalaşdıraraq bu qərarın dəyişdirilməsinə əsas yaratmağa cəhd edir”.

    Ş.İsmayılova sonda vurğulayıb ki, uşağın atasına çoxsaylı müraciətləri olub:

    “Ona dəfələrlə demişəm ki, əlində oğlumun xəstə olması ilə bağlı sənəd varsa, birgə müayinəyə gedək. Lakin o, imtina edib. Çünki uşağın müalicəsində maraqlı deyil, əksinə, sənədi yalnız məhkəmədə istifadə etmək istəyir”.

  • Kiberpolis qanunsuz onlayn kazino oyunlarına qarşı mübarizəni davam etdirir- ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)

    Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.

    Kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən daha iki nəfər – 35 yaşlı Ülvi Rzayev və 26 yaşlı Rza Rzayev saxlanılıblar.

    Araşdırmalarla məlum olub ki, bu şəxslər xaricdən idarə olunan qanunsuz qumar oyunlarının keçirildiyi saytlarla cinayət əlaqəsinə girərək virtual kassalar yaradıblar. Daha sonra dəstə üzvləri sosial şəbəkələrdə “Tokyo”, “Lasvegas”, “Tac”, “Joker” və “Padişah Casino” adlı profillərlə qeydiyyatdan keçərək onlarla əlaqə saxlayan şəxslərin pul müqabilində onlayn qumar oyunları oynamalarını təşkil ediblər.

    Saxlanılan şəxslərin paytaxtın müxtəlif ərazilərində yerləşən mənzillərinə baxış zamanı elektron sübutlar, habelə qanunsuz kazino oyunlarında istifadə etdikləri bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Bank kartlarının isə ayrı-ayrı şəxslərdən ödənişlər müqabilində alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.

    Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

    Bir daha vətəndaşlara şirnikləndirici vədlər verən qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyi tövsiyə edirik. Bu zaman kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul vəsaitlərinizi itirə və qanunsuz qumar oyunlarında iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz.

  • Prezidentin yüksək vəzifə verdiyi Əfqan Cəlilov kimdir?

    Xəbər verdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyev vəzifəsindən azad olunub, yerinə Əfqan Süleyman oğlu Cəlilov təyin edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

    Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

    2002-2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə “AGBank” ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə “AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016-2020-ci illərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.

    2021-2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri olub. 2023-cü ilin oktyabrın 30-da RİNN-in tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. Bu təyinatadək isə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

    2013-cü ildə Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən Beynəlxalq Maliyyə Hesabatı üzrə diplomla təltif olunub.

    Əfqan Cəlilov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.

  • Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq

    Prezident İlham Əliyev Əmək Məcəlləsinə üç əsas istiqamət üzrə dəyişiklikləri təsdiqləyib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliklərin birinci istiqaməti mahiyyəti üzrə təkmilləşdirmə məqsədi daşıyan, habelə, əmək münasibətlərində çevik və sosial yönümlü hüquqi tənzimləmələrin tətbiqini, həmçinin müasir iş şəraitinə uyğun olaraq yeni anlayışların qanunvericiliyə gətirilməsini hədəfləyir.

    İkinci istiqamətdəki dəyişikliklər isə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.

    Dəyişikliklərin növbəti istiqaməti isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərindən irəli gələrək uyğunlaşdırma xarakteri daşıyır.

    Qanunda vurğulanıb ki, Məcəlləyə mahiyyəti üzrə aparılan dəyişikliklər aşağıdakılardır:

    – BƏT-in “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına tələblərindən irəli gələrək Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına “ailə vəzifələri olan işçi” anlayışı gətirilib.

    – Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-cü il 10 iyul tarixli 227 nömrəli birgə qərarla bağlanmış “2014-2015-ci illər üçün Baş Kollektiv Saziş”in 2.3-cü bəndində Məcəllədə “minimum əməkhaqqı” anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsində verilən tərifə uyğunlaşdırılması öhdəliyi götürülüb. Bu öhdəlik “minimum əmək haqqı” anlayışının BƏT-in 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə uyğunlaşdırılması məqsədilə yeni redaskiyada verilib.

    – Məcəllənin bir sıra maddələrində (məsələn, 31-ci maddənin 3-cü hissəsi, 47-ci maddənin a) bəndi, 73-cü maddənin 2-ci hissəsi və s.) işçilərin ezamiyyəsi, eləcə də ezamiyyəni qadağan edən hallar barədə norma və qaydalar mövcuddur.

    Bununla yanaşı, əvvəlki Məcəllədə işəgötürənin işçini xidməti tapşırıqların yerinə yetirilməsi zərurəti ilə əlaqədar ezamiyyətə göndərmək hüququ, eləcə də işçinin belə hallarda ezamiyyə xərclərini almaq hüququ öz əksini tapmamışdı.

    Göstərilənlərə əsasən, Məcəllənin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına “Ezamiyyət” anlayışı gətirilib.

    – Prioritet istiqamət olaraq işçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılması müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə “Məsafədən (distant) iş” anlayışı gətirilib.

    – Əmək Məcəlləsinin 10-1-ci maddəsinin işləmə mexanizmini tənzimləmək, təcrübədə yaranan anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə çalışma müddətinin uzadılmasının işəgötürənin əmri (sərəncamı) ilə rəsmiləşdirilməsi və bu halda, işçinin əmək müqaviləsinə 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməməsi ilə bağlı tənzimləyici norma əlavə edilib.

    – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 56.0.2-ci maddəsinə əsasən Məcəllənin bir çox maddələrində “əmək müqaviləsinin ləğv edilməsi” və ya “əmək müqaviləsinə xitam verilməsi” ifadələri eyniləşdirilib.

    – Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsaslarını gücləndirmək məqsədilə Əmək Məcəlləsinə üçtərəfli komissiya ilə bağlı yeni 41-1-ci maddə əlavə olunub.

    – Sözügedən Məcəllənin 47-ci maddəsinə təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda müddətli əmək müqaviləsinin bağlanılmasını müəyyən edən norma əlavə edilib.

    – Sınaq müddətini keçmədiyinə görə işəgötürənin işçini işdən azad edə bilməsi bağlı 70-ci maddəsinə düzəliş edilib.

    – Təcrübədə yaranan problemlər aradan qaldırılması məqsədilə 69-cu və 73-cü maddələrin adında dəyişiklik edilib. Bu maddələrin adından “qayda” sözü çıxarılıb, “Maddə 69. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi” və “Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi” kimi tənzimlənib.

    – Məcəllənin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilib. Praktikada fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işçilərlə bağlanılan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı çoxsaylı suallar yaranıb. Qeyd edilən halın tənzimlənməsi məqsədilə 70-ci maddənin “a” bəndi təkmilləşdirilərək müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsası kimi verilib.

    – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun 50.1-ci maddəsinə əsasən “həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir”. Uyğunsuzluğun aradan qaldırılması məqsədilə Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinin birinci və üçüncü cümlələri dəqiqləşdirilərək Məcəllədə müavinətin orta əmək haqqının azı 3 misli məbləğində verilməsi təmin edilib.

    Sənədə əsasən, işçinin məzuniyyətdə olduğu müddət ərzində aldığı əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla ödənilməsi ilə bağlı Məcəllənin 117-ci maddəsinə tənzimləmə gətirilib.

    – 120-ci maddə yeni redaksiyada verilərək məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin dairəsi yenilənib.

    – Gender bərabərliyinin təmin edilməsi məqsədilə uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulması ilə bağlı 125-ci maddənin 4-cü hissəsində norma müəyyən edilib.

    – Məcəllənin 140-cı maddəsinin 1-ci hissəsinə, eləcə də analoji hal olaraq 177-ci maddəsinin 3-cü hissəsinə 3-1-ci hissə əlavə edilərək məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunması ilə bağlı tənzimləmə nəzərdə tutulub.

    – Təcrübədə yaranan uyğunsuzluqların aradan qaldırılması məqsədilə Məcəllənin 177-ci maddəsində həmin maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallarda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqınin tətbiq edilməsi ilə bağlı dəyişiklik edilib.

    – Əməyin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə 223-cü maddəyə yeni hissə əlavə edilib.

    Qanuna görə, BƏT-in Konvensiyalarına və beynəlxalq təcrübəyə uyğun olaraq aparılan təkmilləşdirmələr bunlardır:

    – BƏT-in “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasının tələblərindən irəli gələrək, “ailə vəzifələri olan işçi”, BƏT-in “İnkişaf etmiş ölkələri xüsusi nəzərə almaqla minimum əmək haqqının müəyyən edilməsi haqqında” (1970) 131 nömrəli Konvensiyasının 3-cü maddəsinə əsasən, “Minimum əmək haqqı” anlayışı Məcəlləyə əlavə edilib.

    – “BƏT-n “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasının “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli Tövsiyəsinin 21-ci bəndinin 3) hissəsini nəzərə alınaraq Əmək Məcəlləsinin 94-cü maddəsi yeni redaksiyada verilib.

    – “Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” 1952-ci il Konvensiyasına (yenidən baxılmış) yenidən baxılması haqqında” 183 nömrəli Konvensiyasının 4-cü maddəsinin 5-ci bəndinə əsasən Məcəlləsinin 125-ci maddəsinə yeni 3-cü hissə əlavə edilib.

    Azərbaycanın qoşulduğu BƏT-in “Ödənişli məzuniyyətlər haqqında” 132 nömrəli Konvensiyasının 12-ci maddəsinə əsasən Məcəllənin 138-ci maddəsinə yeni məzmunda 2-1-ci hissə əlavə edilib.