Month: January 2026

  • Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi, yerinə təyinat oldu

    Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevi vəzifəsindən azad edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

    Onun digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədri təyin edilib.

  • Üç gün əvvəl qəzaya düşən şəxs ÖLDÜ

    Şəkidə üç gün əvvəl qəzaya düşən şəxs ölüb.

    Oxu.Az-ın məlumatına görə, yanvarın 13-də rayonun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Assosiasiya sədri: Bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edirlər

    Bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edirlər.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.

    Hümbət Hüseynov bildirib ki, vaxtilə bələdiyyələr cəmiyyətdə “torpaq satan təşkilat” kimi tanınırdı: “Bu anlayış artıq bizim leksikonumuzdan çıxmalıdır. Lakin son illərdə, xüsusilə 2018-ci ildən sonra qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə əlaqədar bələdiyyələrin “qəbir yeri satan” qurum kimi tanınması təhlükəsi yaranır. Qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib, lakin bəzi regionlarda qəbir yerləri müxtəlif qiymətlərlə təqdim olunur, bəzi hallarda rüsum tətbiq edilir. Məsələn, Binəqədi rayonunda qəbir yeri üçün 61 manat məbləğində rüsum tətbiq edilir. Sual yaranır ki, bu rüsum hansı əsasla müəyyən edilib? Qanunvericiliyə görə, bu məsələlər müvafiq orqanlar tərəfindən tənzimlənməlidir”.

  • Novxanıdakı kəsim məntəqəsində nöqsanlar aşkarlandı

    Mediada yayımlanan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Qulu Salman oğlu Quliyevə məxsus kəsim məntəqəsində plandankənar yoxlama keçiriblər.

    AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı aşkarlanıb. Belə ki, ölçmə vasitələrinin yoxlanmadan keçməsini təsdiq edən sənədlər təqdim edilməyib. Eyni zamanda, müəssisədə tullantı sularının kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq qurğular vasitəsilə təmizlənmədiyi müəyyən olunub. Müəssisədə dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı, işçilərin əksəriyyətinin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

    Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tətbiq edilib.

    AQTA-dan bildirildiyinə görə, qeyd edilən nöqsanların aradan qaldırılması üçün işlərə başlanılıb.

  • Azərbaycanda futbol klubu yeddi oyunçusu ilə YOLLARINI AYIRDI

    I Liqa təmsilçisi “Mingəçevir” futbol klubu yeddi futbolçu ilə yollarını ayırıb, beş yeni futbolçu ilə ilkin müqavilə imzalanıb.

    Bu barədə klub məlumat yayıb.

    Klub göstərdikləri xidmətlərə görə onlara təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayıb. Amma “Mingəçevir” artıq beş yeni futbolçunu da heyətinə qatdığını elan edib:

    “Bundan əlavə, bir neçə oyunçu ilə danışıqlar son mərhələdədir. Yeni transferlərin adları yaxın günlərdə ictimaiyyətə rəsmi şəkildə elan olunacaq”.

  • Kahramanmaraşda zəlzələ oldu

    Türkiyənin Kahramanmaraş şəhərində 4 bal gücündə zəlzələ baş verib.

    “Unikal” xəbər verir ki, bu barədə Fəlakət və Təcili Yardım İdarəetmə İdarəsinin (AFAD) məlumatına görə, təbiət hadisəsi şəhərin Göksun rayonunda qeydə alınıb.

    Zəlzələnin episentri 7,01 kilometr dərinlikdə yerləşib.

  • Sabiq icra başçısının oğlunun törətdiyi silahlı insidentin DETALLARI

    Yevlaxda baş verən silahlı insidentin bəzi detalları məlum olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə yanvar ayının 16-da rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

    Kənd sakini 1980-ci il təvəllüdlü Qoşqar Novruzova məxsus mal-qara 1987-cı il təvəllüdlü Zaur Səmədovun əkin sahəsinə girib. Bitkilərə ziyan dəydiyi üçün tərəflər arasında mübahisə düşüb. Nəticədə Z.Səmədov özünə məxsus ov tüfəngi ilə Q.Novruzova atəş açaraq onu ayağından yaralayıb.

    Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

    Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı, 2019-cu korrupsiya ittihamı ilə həbs olunmuş və 2023-cü ildə dünyasının dəyişmiş Qoca Səmədovun oğludur.

  • Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqləndi (FOTO)

    Azərbaycan Respublikası Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Nildirilib ki, balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər.

    Quba “ASAN xidmət” mərkəzi

    – Xaçmaz, Şabran, Siyəzən

    Salyan “ASAN xidmət” mərkəzi

    – Neftçala, Salyan, Biləsuvar, Şirvan

    Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi

    – Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir

    Lənkəran “ASAN xidmət” mərkəzi

    – Astara, Lənkəran, Masallı

    Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

    “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutulur.

    Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsə təqdim edilməlidir.

    2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri

  • Filippindəki sürüşmə nəticəsində ölənlərin sayı artdı

    Filippinin mərkəzi hissəsindəki Sebu şəhərində zibil poliqonunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27-yə çatıb.

    Bu barədə “ABS-CBN News” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

    Qeyd edilir ki, doqquz nəfər hələ də itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatları davam edir, baxmayaraq ki, yağışlar fövqəladə xidmətlərin işini çətinləşdirir.

    Bildirək ki, daha əvvəl qurbanların sayı 19 nəfər təşkil edib.

    Xatırladaq ki, Sebu zibil poliqonunda sürüşmə yanvarın 8-də baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ tapılıb və daha sonra onlar xəstəxanaya yerləşdiriliblər.

    Sebu şəhər şurası qurbanların xatirəsinə matəm günü elan edib.

  • Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir (Video)

    “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin inşası davam etdirilir.

    Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.

    Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.

    Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:

    1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);

    2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);

    3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5 m);

    4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m, çıxış hissəsi – 244,6 m).

    Layihə üzrə bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işlərinin tikintisi davam edir.

    Hazırda “Ulduz” metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.