Month: January 2026

  • Beyləqanda 5 nəfər 15 yaşlı qıza təcavüz etdi – Biri tanınmış iş adamının oğlu imiş (FOTO)

    Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı 5 nəfər saxlanılıb.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri Beyləqanda tanınmış iş adamlarından olan Qəhraman Qəhramanov oğludur.

    Belə ki, iş adamı Qəhraman Qəhramanov oğlu Xəyal Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb.

    Qeyd edək ki, faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • Azərbaycanda 1 şəhər və 4 rayonda icra başçısı yoxdur

    Azərbaycanda 1 şəhər və 4 rayonun icra hakimiyyətinin başçısı yoxdur.

    “Unikal”ın məlumatına görə, Naftalan şəhərində, Nəsimi, Culfa, Gədəbəy və Ağdərə rayonlarında icra başçısı vəzifəsi boşdur.

    2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

    Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən il dekabrın 29-da vəzifəsindən azad edilib. O, həmin ilin noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi. E.İbrahimov bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirdi.

    2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad edilib. O, 2019-cu il aprel ayının 2-dən bu postda çalışırdı. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib.

    Keçən il noyabrın 12-də Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda onun yeri boşdur.

    Başçısı olmayan qurumlardan biri də Ağdərə Rayonun İcra Hakimiyyətidir. 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. İcra Hakimiyyətinə hələlik başçı təyin olunmayıb.

  • Metrodakı maliyyə nöqsanları aradan qaldırılmayıb

    “Bakı Metropoliteni” QSC-də dövlət vəsaitlərinin və əmlakının istifadə və idarə olunması ilə bağlı 2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində III yeni “Bənövşəyi” xətt üzrə aşkar edilən bir sıra maliyyə və smeta pozuntuları bu günə qədər aradan qaldırılmayıb.

    Median.Az bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.

    Audit materiallarına əsasən, “Bənövşəyi” xəttə daxil olan “Xocəsən” elektrik deposunun tikintisi üzrə layihə sənədlərində nəzərdə tutulmayan işlərin smetaya daxil edilməsi nəticəsində yaranmış 272 658,31 manat fərqin icra prosesində azaldılması 2024-cü ildən indiyə qədər təmin edilməyib.

    Bununla yanaşı, həmin obyekt üzrə 559 700 manat dəyərində yerinə yetirilmiş işlərə dair smeta sənədlərinin (iş həcmlərində dəyişikliklər) müvafiq qaydada ekspertizadan keçirilməsi də 2024-cü ildən bu günə kimi icra olunmayıb.

    Audit zamanı III yeni “Bənövşəyi” xəttə aid “B04” stansiyasının çıxışları üzrə normativ düzəliş əmsallarının düzgün tətbiq edilməməsi, daşınma məsafəsinin faktiki göstəricilərdən artıq göstərilməsi və betonun vahid qiymətinin səhv hesablanması nəticəsində ümumilikdə 255 238,2 manat məbləğində işlərin dəyərinin artırıldığı müəyyən edilib. Bu məbləğin də icra prosesində azaldılması 2024-cü ildən bəri təmin edilməyib.

    Hesabatda, həmçinin “B03–B04” mənzil tunelləri və “B04” stansiyası (yolun üst quruluşu və təmas relsi) üzrə normativlərin düzgün tətbiq edilməməsi nəticəsində 1 286 277,3 manat, “B03–B04” stansiyalararası tunellərdə təxliyə keçidləri və “B04” stansiyasının memarlıq hissəsi üzrə 276 016,1 manat, eləcə də “Xocəsən” elektrik deposunda yolun üst quruluşu və təmas relsinin quraşdırılması üzrə 64 661,5 manat məbləğində artırılmış işlərin dəyərinin azaldılmasının 2024-cü ildən bu günədək icra edilmədiyi qeyd olunur.

    Auditlə əhatə olunan obyektlər üzrə tikinti-quraşdırma və abadlaşdırma işlərinin layihə-smeta sənədlərindən artıq icra edilməsi ilə bağlı digər obyektlərin də daxili nəzarət qaydasında araşdırılması, smeta sənədlərinə düzəlişlərin edilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət olunması tövsiyə edilsə də, bu istiqamətdə də 2024-cü ildən bəri irəliləyiş qeydə alınmayıb.

    Qeyd olunan bütün hallar üzrə audit qərarlarının icrası hazırda izlənilmə mərhələsində qalır.

  • İrandan idxal olunan məhsullar bahalaşıb – Video

    İrandan idxal olunan məhsulların qiymətində artım müşahidə olunur.

    Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, qonşu İranda baş verən son hadisələr və daxili qeyri-sabitlik Azərbaycanın istehlak bazarına təsirsiz ötüşmür. Artıq bir neçə gündür ki, paytaxt bazarlarında və topdansatış mərkəzlərində İran istehsalı məhsulların həm qıtlığı, həm də qiymət artımı müşahidə olunur.

    Satıcılar bildirirlər ki, əgər bir neçə həftə öncə alıcılar bu məhsulları daha münasib qiymətə tapa bilirdilərsə, məhsul qıt olduğundan qiymətlər artıb.

    Satıcılar bildirirlər ki, idxalın zəifləməsi ən çox gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına zərbə vurub. Ehtiyatlar tükəndikcə, qiymətlər də sürətlə artır. Məişət üçün kimyəvi və yuyucu vasitələr seqmentində də vəziyyət fərqli deyil.

    Ekspertlər hesab edir ki, əgər tədarük bərpa olunmasa, bu qıtlıq digər idxal məhsullarının da süni şəkildə bahalaşmasına səbəb olar bilər. Alıcılar isə hələlik çarəni ya daha az almaqda, ya da yerli alternativlərə üz tutmaqda görürlər.

    Hazırda bazardakı vəziyyət birbaşa sərhəddəki keçid qabiliyyətindən və İrandakı daxili sabitlikdən asılıdır. Qiymətlərin nə vaxt stabilləşəcəyi isə hələlik sual altındadır.

  • “Dövlət proqramının icrası su itkisini azaldacaq” – Deputat

    “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə çıxış edən Prezident İlham Əliyev bu sahədə ölkəmizdə həyata keçirilən layihələr ilə yanaşı, qlobal məsələlərə də münasibət bildirdi. Xüsusən qlobal iqlim dəyişiklikləri fonunda dünyada su təminatı xüsusi çağrışa çevrilməkdədir”.

    Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Yer kürəsinin səthinin 71 faizinin su ilə örtülməsinə baxmayaraq, onun cəmi 2.5 faizi içməli sudur:

    “Bütün su ehtiyatlarının isə cəmi 0.3 faizinə insanların asan əlçatanlığı var. BMT-nin qiymətləndirmələrinə görə, hazırda 2.2 milyard insanın fasiləsiz su təminatı ilə bağlı çətinlikləri var və 703 milyon sakinin isə suya əlçatanlığında ciddi problemlər yaşanır. Dünyada hər gün 5 yaşdan kiçik 1000-dən çox uşaq təmiz su, sanitariya və gigiyena çatışmazlığı ilə əlaqəli xəstəliklərdən ölür. Qida sənayesində su istifadəsinin artması səbəbindən suya olan tələbin 2030-cu ilədək qlobal olaraq 40 faiz artacağı gözlənilir. Bu isə ondan xəbər ki, növbəti illərdə suya tələbin ödənilməsində qlobal çətinliklər daha da güclənəcək”.

    Deputat qeyd edəb ki, su təminatında qlobal çətinliklər fonunda Azərbaycanda əhalinin 70 faizi fasiləsiz içməli su ilə təmin olunur: “Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, hazırda problemlərdən biri də itkilərlə bağlıdır. Ölkəmizdə itki faizi 45 faizə yaxındır. Dünyada ən azı su itkisi inkişaf etmiş ölkələrdə qeydə alınır. Belə ki, ən az su itkisi Niderlandadır: cəmi 4 faiz. Bu göstərici Danimarkada 6, Yaponiyada 7, Avstraliya və Almaniyada 8, İsrail də isə 9 faizdir. Ən çox su itkiləri isə Hindistan, Əlcəzair və Meksikada qeyd alınır: 50 faiz. Göründüyü kimi, itkilərin səviyyəsinin azaldılması nəticəsində Azərbaycanda su təminatının ciddi şəkildə yaxşılaşdırılması mümkündür. Müşavirədə qeyd olunduğu kimi, dövlət proqramının icrası nəticəsində su itki faizinin azalacağı gözlənilir. Bu isə su təminatında ciddi irəlləyişə səbəb olacaq”.

  • Metroda qiymətlər qalxacaq? – RƏSMİ AÇIQLAMA

    “Bakı Metropoliteni” QSC-nin maliyyə departamentinin rəisi Kamal Hüseynli bildirib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.
     
    Bu açıqlama isə insanlar arasında metroda qiymətlərin qalxacağı fikirlərini formalaşdırıb.
     
    Median.Az  xəbər verir ki, “Bakı Metropoliteni” QSC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ictimai nəqliyyat üzrə vahid tarif modeli tətbiq olunur. Bununla yanaşı, uzunmüddətli perspektivdə tarif siyasətinin daha ədalətli, əlçatan və iqtisadi cəhətdən balanslı qurulması məqsədi ilə alternativ modellər üzərində analitik işlər aparılır.
     
    Qeyd olunub ki, bu çərçivədə məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif mexanizmləri beynəlxalq təcrübə əsasında qiymətləndirilir, müxtəlif şəhər metropolitenlərinin tətbiq etdiyi modellər öyrənilir və yerli şərtlərə uyğunluğu təhlil olunur:
     
    “Aparılan araşdırmalar hazırda qərar qəbuletmə mərhələsində deyil, lakin onların nəticələri gələcəkdə tarif siyasətinin təkamülü üçün analitik əsas formalaşdıracaq”.

  • “Marketdən oğurluq edəcəkdim, uşaqlar ac idi”

    Aktyor Taleh Yüzbəyovun səmimi etirafı sosial şəbəkələrdə və mediada diqqət çəkib.

    Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, “Orta statistik Rasim” obrazı ona çox doğmadır və bu obrazın yaşadığı vəziyyəti demək olar ki, özü də həyatında hiss edib. Aktyorun sözlərinə görə, filmdə Rasim oğluna hədiyyə alacağına söz verir, lakin iş yerinin bağlanması səbəbindən pul tapa bilmir. Verdiyi sözü yerinə yetirmək üçün çıxılmaz vəziyyətdə qalaraq oğurluğa əl atır və sonradan ailəsinin yanında pis duruma düşür.

    Taleh Yüzbəyov qeyd edib ki, oxşar anları o da yaşayıb, sadəcə bəxti gətirib:

    “Bir dəfə kartımda cəmi 35 manata yaxın pul var idi. Uşaqların yeməyinə güclə çatırdı. Marketdə aldığım uşaq qidasını evd’ yaşa uyğun düzgün götürmədiyimi məlum oldu, geri qaytarmaq lazım idi. Bu, ən çox nifrət etdiyim hallardan biridir. İnzibatçı dedi ki, uşaq qidasıdır deyə təhlükəsizlik qaydalarına görə dəyişmək olmur. Arxamda növbə narazı idi. Cibimdə başqa pul yox idi ki, yenisini alım”.

    Aktyor etiraf edib ki, həmin an beynindən ağır fikirlər keçib:

    “Düşündüm ki, bəlkə götürüb qaçım, ya da qapağını açıb paketə töküm. İnzibatçıya necə baxıb, elə sözlər dedim ki, o hiss etdi ki, pulum yoxdur. Yeməyi götürüb gələndə də fikirləşdim ki, mən doğrudan da ‘Rasim’ olacaqdım, yoxsa başqa marketdə oğurluq edəcəkdim”.

    Taleh Yüzbəyov vurğulayıb ki, məhz həmin an onun həyatında dönüş nöqtəsi olub:

    “O an qərar verdim ki, mən belə yaşamamalıyam. Daha yaxşı şəraitdə olmaq üçün nəsə etməliyəm”.

    Aktyor sonda bildirib ki, bu qərardan sonra yenidən sənətinə qayıdıb, filmlər çəkib və həyatında yeni mərhələ başlayıb.

  • Qızılın qiyməti 5 000 dollar ola bilər – AÇIQLAMA

    Əmtəə bazarlarında qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 4 600 dollardır. Proqnozlara əsasən, bu il qiymətlərin 5 000 dollara yüksəlməsi gözlənilir.

    Belə olduqda sual yaranır: qızılın qiymətinin bu səviyyəyə qədər qalxması realdırmı və belə bir artım qızıl-zinət əşyası bazarına necə təsir göstərəcək?

    Sualımızı cavablandıran iqtisadçı ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin artmasının müxtəlif səbəbləri var.
     
    Onun sözlərinə görə, dünyada baş verən qeyri-müəyyənliklər, Qərblə Şərqin və Cənubun mübarizəsi, ölkələrin bir-birinə sanksiyalar tətbiq etməsi, Amerika ilə Çin arasında birbaşa və dolayı gərginliklər, Rusiya-Ukrayna müharibəsi və Venesuela-ABŞ gərginliyi kimi hadisələr böyük bir prosesin tərkib hissəsidir:
     
    “Qeyri-müəyyənlik artdıqca investorların qızıla marağı da yüksəlir və bu dövrlərdə qızıl diqqət mərkəzində olur. Bundan əlavə, faiz dərəcələrinin enməsi, ABŞ-da inflyasiyanın aşağı düşməsi və prezidentin təyziqləri faiz dərəcələrinin daha da azalacağını göstərir ki, bu da qızılın qiymətini artıran amillərdəndir. Qızılın qiymətinin 5 min dollara qədər çatması kifayət qədər realdır və təqribən 10 faizlik artım proqnozlaşdırılır. Lakin bu, əsasən dünyadakı qeyri-müəyyənliklər fonunda müəyyən olacaq”.

    Ekspert qeyd edib ki, qeyri-iqtisadi faktorlar da qızılın qiymətində əhəmiyyətli rol oynayır:

    “Dünya bazarında qızılın qiyməti artdıqda, zərgərlik məhsulları bazarında da qiymət yüksəlir, çünki istehsalda əsas xammal qızıldır. Əlbəttə, digər xərclər – zərgər haqqı, icarə, vergi və s. – də mövcuddur, amma əsas xərclər qızılın payına düşür. Əmtəə birjalarında qızılın qiymətinin qalxması zərgərlik məhsullarının qiymətinə birbaşa təsir edir və bu proses birmənalıdır”.

  • Yanvar ayının pensiyaları ödənilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib.
     
    Bu barədə Nazirlikdən məlumat verilib.

  • Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək

    Misir Mərdanov kafedra müdiri postunda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı əvəzləyəcək. 

    Etibarlı mənbələrdən Modern.az-a daxil olan məlumata görə, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.
     
    Məlumata əsasən, o, hazırda boş qalan kafedralardan birinə rəhbərlik edəcək. Söhbət daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi Hesablama riyaziyyat kafedrasından gedir. Bildirilir ki, Misir Mərdanov məhz bu kafedranın müdiri kimi fəaliyyətə başlayacaq.
     
    Mənbələrin verdiyi informasiyaya görə, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və “Ramiz Mehdiyev işi”dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir. Universitetə yaxın mənbələr də bu məlumatı təsdiqləyirlər.
     
    Qeyd edək ki, Misir Mərdanov uzun illərdir Azərbaycan elmi və təhsil ictimaiyyətində tanınmış simalardan biridir. O, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində ali təhsil alıb. Daha sonra elə həmin fakültədə uzun müddət pedaqoji və inzibati fəaliyyət göstərib. 1978–1989-cu illərdə isə M. Mərdanov Mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində çalışıb. BDU-da sonuncu iş yeri rektor vəzifəsi olub.
    Məhz bu səbəbdən onun yenidən Mexanika-riyaziyyat fakültəsinə qayıdacağı gözləntilər sırasındadır.
     
    Məlumat üçün bildirək ki, Mexanika-riyaziyyat fakültəsinin tərkibində hazırda 9 kafedra fəaliyyət göstərir. Hazırda onlardan yalnız Hesablama riyaziyyat kafedrasının rəhbəri vəzifəsi boşdur. Bu kafedraya bir müddət əvvələdək Qalina Mehdiyeva rəhbərlik edirdi. Onun işdən çıxarılmasından sonra isə bu strukturda rəhbərlik məsələsi açıq qalıb.