Month: January 2026

  • Tiktoker “Roşka”nın məhkəmə istintaqı yekunlaşıb

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsində tərəflərin ifadələri yenidən elan edildikdən sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.

    Çıxışlar mərhələsində vaxt məhdudiyyəti yarandığından proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov 2025-ci ilin yanvarında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

    Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    “Roşka”nın barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • “Karvan-Yevlax” “Sabah”ın futbolçusunu icarəyə götürüb

    “Karvan-Yevlax” müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.

    Bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah”, “Şamaxı” və “Sumqayıt” klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.

  • Bakı-Sumqayıt ekspres marşrutlarında qiyməti ARTDI – Bu tarixdən…

    Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata əsasən, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda ekoloji təmiz CNG mühərrikli və müasir BMC markalı ümumilikdə 41 avtobus istismar olunur.

    Qeyd edək ki, hər zaman ekspres marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur.

    Xatırladırıq ki, 594 və 595 nömrəli ekspres marşrutlarında “Neoplan” markalı müasir avtobuslar fəaliyyət göstərir.

  • Azərbaycanlı qız Gürcüstanda öldü

    Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada müalicə olunan azərbaycanlı qız vəfat edib.
     
    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Marneuli bələdiyyəsinin Keşəli kənd sakini Asimət Kərimova xəstəxanada həyatını itirib.
     
    Qeyd edək ki, A.Kərimova yaşadığı Marneuli rayonunda baş vermiş qəzada ağır yaralanmışdı.

  • Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

    Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

    Bu barədə DDLA məlumat yayıb.

    Verilən məlumata görə, xəbərdarlığa əsasən, yanvarın 13-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi yanvarın 15-i gündüz saatlarına kimi davam edəcək.

    Məlumata əsasən, həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-4 m, sonrakı inkişafda 4.5-6.5 m-ə çatacağı proqnozlaşdırılır.

  • Nazir generalı təqaüdə göndərdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunaraq, son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.

    Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

    Qeyd edək ki, general-mayor Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin olunmuşdu.

  • Lənkəranda məktəbli bacı-qardaşı avtomobillə vuran şəxsə hökm oxunub

    Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öldürməkdə təqsirləndirilən Vurğun Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə ötən il 19 sentyabrda Lənkəran rayonunun Şovu kəndində baş verib. Vurğun Quluzadə “Mercedes” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən məktəbə gedən şagirdlər – 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

    Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.4.-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

  • Zibillər çayın içərisinə axır: Sakinlər artıq dözə bilmir

    Gəncəçay sahilində yaşayan sakinlər ərazidə yaranmış antisanitar vəziyyətdən narazılıq edirlər.
     
    Median.Az xəbər verir ki, onların sözlərinə görə, çay kənarında bir neçə zibil konteyneri yerləşdirilsə də, bəzi hallarda tullantılar hələ də birbaşa çayın sahilinə atılır və bu vəziyyət sanitar baxımdan ciddi narahatlıq doğurur.
     
    Məsələ ilə bağlı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən bildirilib ki, çayın məcrası birliyin xidmət ərazisinə daxil olmasa da, sanitar vəziyyətin qorunması məqsədilə ərazidə genişmiqyaslı təmizlik işləri həyata keçirilir. Qurum tərəfindən çay sahəsi məişət tullantılarından, ağac və kol-kosdan, həmçinin alaq otlarından təmizlənir.
     
    Buna baxmayaraq, ərazidə hələ də tullantı atılması hallarına rast gəlinir və sakinlərin narazılığı davam edir. \milli.az

  • AQTA “Zeytun Park” MMC-yə məxsus bazarda nöqsanlar aşkarladı – Video

    Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən “Zeytun Park” MMC-yə məxsus “Nar Kəndli” bazarında və bazarətrafı qida obyektlərində nəzarət tədbirləri həyata keçirilib.

    Agentlikdən verilən məlumata görə, yoxlamalar zamanı bazar daxilində fəaliyyət göstərən ət satış obyektində ət və ət məhsullarının temperatur rejiminə əməl edilmədən, işlək olmayan soyuducu avadanlıqlarda və baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Həmçinin bazar ərazisində balıqların saxlanılması və kəsimi üçün qanunsuz təşkil olunmuş sahələr aşkarlanıb, kəsim və satışın antisanitar şəraitdə aparıldığı məlum olub.

    Baxış zamanı diri və ölü balıqların uyğun olmayan məişət tipli vannalarda birlikdə saxlanıldığı, ölü balıqların vaxtında kənarlaşdırılmadığı, suyun müntəzəm dəyişdirilmədiyi, balıq məhsullarının açıq hava şəraitində və soyuducu avadanlıq olmadan satışa çıxarıldığı faktları qeydə alınıb.

    Eyni zamanda süd və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı, markalanma tələblərinə əməl edilmədiyi, saxlanma şəraiti və son istifadə müddəti barədə məlumatların göstərilmədiyi, eləcə də ev üsulunda hazırlanmış, etiket məlumatları olmayan müxtəlif növ turşuların satışa təqdim edildiyi müəyyən edilib.

    Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib. Qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların sağlamlığının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

  • Şəkidə körpə ölümünün təfərrüatı məlum olub: Rusiyadan toya gəliblərmiş

    Şəki rayonunda baş verən körpə ölümü hadisəsinin təfərrüatı məlum olub.

    Median.Az Bizim.media-ya istinadən xəbər verir ki, körpənin ailəsi Rusiya Federasiyasında yaşayırmış və onlar doğma kəndlərində keçiriləcək toy mərasimində iştirak etmək üçün Azərbaycana gəliblər.

    Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən rəsmi məlumata əsasən, 2025-ci il təvəllüdlü qız uşağı əvvəlcə saat 23 radələrində ailə üzvləri tərəfindən Qax RMX-yə çatdırılıb. Tibb işçiləri körpənin vəziyyətinin ağır olduğunu qeyd ediblər.

    Həkimlərin müayinəsi zamanı aşkar edilib ki, körpədə həyat əlamətləri artıq yoxdur, bəbəkləri genişlənib, ətraf mühit və xarici təsirlərə reaksiya vermir, dodaqları isə sianozu (göyərməni) əks etdirir.

    Tibb heyəti körpənin bioloji ölüm faktını təsdiqləsə də, ailə üzvləri saat 23:40-da Qax RMX-ni tərk ediblər.

    Daha sonra körpəni gecə saat 00:20-də Şəki RMX-nin Təcili tibbi yardım şöbəsinə aparıblar. Burada da həkimlər körpənin artıq həyatda olmadığını təsdiq ediblər.

    Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

    Qeyd edək ki, Şəki rayonunda 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayeva vəfat edib.