Month: Yanvar 2026

  • Azərbaycan XİN İsveçrəyə başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.

    Bu barədə nazirliyin “X” sosial media hesabından paylaşım edilib:

    “Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu.

    Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk.

    Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq”.

    Xatırladaq ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində “Le Constellation” adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.

  • Bu il maaşlardan nə qədər vergi tutulacaq?

    Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin bu gün başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq.

    Yeni qayda 2026-cı il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb.

    Dəyişikliklərə görə, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi ödəyəcəklər.

    Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10%-i qədər olacaq.

    Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14%-i qədər olacaq.

    Qeyd edək ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aylıq gəlir 8 000 manatadək olduqca 0 faiz, 8 000 manatdan çox olduqda 14 faiz olmaqla tutulub.//Oxu.az

  • Ajda Pekkan Azərbaycandan gələn cəlbedici təklifdən imtina edib

    Məşhur türkiyəli müğənni Ajda Pekkan Yeni il gecəsində təşkil olunan tədbirdə iştirak etmək üçün Azərbaycandan gələn cəlbedici təklifi qəbul etməyib.

    Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat verib.

    Məlumata görə, tanınmış sənətçiyə Ankaradan, Bakıdan və Kipr şəhərlərindən birindən fantastik təkliflər göndərilib.

    İddia olunur ki, superulduz bir gecə üçün 20 milyon lirə (təxminən 792 min manat) qarşılığında səhnəyə çıxmaqdan boyun qaçırıb.

    Məşhur sənətçinin müalicə olunan bacısı Semiramis Pekkanı tək qoymamaq üçün belə addım atdığı vurğulanır.

    Təşkilatçıların qonorarı artırmaq təklifləri Pekkanın mövqeyini dəyişdirməyib. O, Yeni ili bacısı ilə birlikdə Bodrumdakı villasında keçirib.

  • İsveçrə prezidenti Yeni il müraciətini təxirə saldı

    Yanvarın 1-də vəzifəsinin icrasına başlayan İsveçrə Prezidenti Gi Parmelen Kran-Montan kurortunda onlarla insanın həyatına son qoyan faciəyə görə xalqa Yeni il müraciətini təxirə salıb.

    Bu barədə RTS televiziya şəbəkəsi G.Parmelinin nəzarətində olan iqtisadiyyat nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

    Məlumata görə, prezident bu günə planlaşdırılan ənənəvi çıxışını təxirə salıb. Qeyd olunur ki, bununla o, Kran-Montanda baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinin iztirablarına və kədərinə ehtiramını ifadə edib.

  • Bakıda ağır qəza, məhəccər uşağın üzərinə aşdı – Video

    Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olan uşağın üzərinə məhəccər aşıb.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində uşaq ağır xəsarət alaraq yıxılıb və huşsuz vəziyyətdə qalıb.

    Hadisə yerindən keçən, mülki geyimdə xidmət aparan polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər.

    Polis əməkdaşları tərəfindən azyaşlı xidməti avtomobillə təcili xəstəxanaya çatdırılıb. Dərhal cərrahi əməliyyat edilən uşağın həyatını xilas etmək mümkün olub.

    Hazırda azyaşlının vəziyyəti həkim nəzarəti altındadır.

  • Salonlardan və kosmetoloji mərkəzlərdən də ƏDV almaq mümkün olacaq

    Bu ildən “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

    Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

  • Ağsuda kişi dünən kafedə qətlə yetirilib

    Ağsuda qətl hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, dekabrın 31-də saat 23 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində yerləşən kafedə 1995-ci il təvəllüdlü Nail Əbilov kəsici alətlə qətlə yetirilib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Şahin Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Mehriban Əliyevadan Yeni il paylaşımı – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Yeni il münasibətilə paylaşım edib.

    Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə fotosuna yeni illə bağlı təbrik və diləklərini də əlavə edib.

    “Əziz həmvətənlərim, bacı-qardaşlarım!

    Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin.

    Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün.

    Çünki təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və həmin köklərdən yeni ağaclar – yeni xeyirxah əməllər və yaxşı işlər boy atır. Mərhəmət və xeyirxahlıq bizi daha güclü, daha yaxşı insanlara çevirir.

    Qoy yeni ildə bizi yaxşılığa inam, bir-birimizə hörmət və doğma Vətənimiz qarşısında məsuliyyət hissi birləşdirsin. Qoy Uca Tanrı hər birinizi və hamımızı birlikdə qorusun, bizi bəlalardan saxlasın, xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin.

    Qoy Allah mərhəmətini ailələrimizdən, övladlarımızdan və xalqımızdan əsirgəməsin, qəlblərimiz işığa, şəfqətə və sevgiyə açıq olsun.

    Yeni iliniz mübarək – ümidlə, inamla və sevgi ilə,

    Sizin MEHRİBAN”, – paylaşımda qeyd olunur.

  • Azərbaycanda hepatit B virusuna yoluxanların sayı kəskin azalıb

    2010-2024-cü illərdə əhalinin hər 100 min nəfərinə hepatit B-yə yoluxma halları azalaraq ümumilikdə 0.5 təşkil edib, bu göstərici kişilər üzrə 0.6, qadınlar üzrə isə 0.4 olub.

    Oxu.Az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2024-cü ildə əvvəlki illə müqayisədə yeni yoluxanların sayı 29.2 faiz azalaraq 51 nəfərə düşüb, kişilər arasında yoluxma 19.5 faiz azalaraq 33 nəfər, qadınlar arasında isə 41.9 faiz azalaraq 18 nəfər qeydə alınıb.

    2010-cu illə müqayisədə 2024-cü ildə yoluxma göstəricisi şəhər yerlərində 5.4 bənd azalaraq 0.4-ə, kənd yerlərində isə 1.6 bənd azalaraq 0.6-ya enib və 2024-cü ildə hepatit B virusuna yeni yoluxanların sayı şəhər yerlərində 22, kənd yerlərində isə 29 nəfər təşkil edib.

    Hepatit B qaraciyəri zədələyən, qaraciyər fibrozu, qaraciyər çatışmazlığı və xərçənglə nəticələnə bilən virus infeksiyasıdır və əhali arasında yayılma səviyyəsi il ərzində yeni yoluxanların sayının əhalinin orta illik sayına nisbətinin 100 minə vurulması ilə hesablanan göstərici əsasında qiymətləndirilir.

  • Sumqayıtda kafel-metlax sexində yanğın olub

    Sumqayıtda kafel-metlax istehsalat müəssisəsində yanğın baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Abdullayev Anar Abdulla oğluna məxsus Sumqayıt şəhəri, Kimyaçılar yaşayış massivi ərazisində yerləşən kafel-metlax yapışdırıcı sexində, “Nanokim” MMC-yə məxsus istehsalat sahəsində yanğın qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğın söndürülərək ərazinin təhlükəsizliyi təmin edilib.

    Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.