Month: Yanvar 2026

  • FHN-dən bayram günlərində avtomobillərin nizamsız parklanması ilə bağlı MÜRACİƏT

    Fövqəladə Hallar Nazirliyi bayram günlərində avtomobillərin nizamsız parklanmasıyla bağlı əhaliyə müraciət edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Müraciətdə bildirib ki, dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər:

    “Müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir”.

    Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

  • Arzu Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzindən paylaşım edib (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində olublar.

    .Bununla bağlı Arzu Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

    Paylaşımı təqdim edirik:

  • Bayram günü əməliyyat: 30 kq-a yaxın narkotik götürüdü

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 31-də ümumi çəkisi 28,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

  • Finlandiyada azərbaycanlıların da olduğu gəmi saxlanıldı

    Finlandiya polisi dekabrın 31-də Rusiyadan çıxaraq İsrailin Hayfa limanına doğru hərəkət edən ticarət gəmisini saxlayıb. Buna səbəb Finlandiya körfəzi vasitəsilə Helsinkidən Estoniyaya çəkilmiş sualtı telekommunikasiya kabelinin zədələnməsi ilə bağlı şübhələrdir.

    Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Finlandiya hüquq-mühafizə orqanları işi “ağırlaşdırıcı hallar altında telekommunikasiya sistemlərinin işinə müdaxilə”, eləcə də “diversiya və diversiyaya cəhd” maddələri ilə araşdırır. Saxlanılan “Fitburg” adlı quru yük gəmisinin göyərtəsində olan 14 ekipaj üzvü – Rusiya, Gürcüstan, Azərbaycan və Qazaxıstan vətəndaşları həbs edilib.

    Finlandiyanın “Elisa” telekommunikasiya şirkəti dekabrın 31-i səhər saatlarında kabeldə nasazlıq aşkar etdikdən sonra bu barədə səlahiyyətli qurumlara məlumat verib. Hadisə yerinə göndərilən vertolyot və patrul gəmisi Finlandiya körfəzində lövbər salmış şübhəli gəmini müəyyən edib. Sahil mühafizəsinin əmri ilə gəmi Finlandiyanın ərazi sularına gətirilib.

    Finlandiya sahil mühafizəsinin məlumatına görə, 132 metr uzunluğunda olan “Fitburg” gəmisi Sent-Vinsent və Qrenadinlər bayrağı altında üzür və Sankt-Peterburqdan Hayfaya yük daşıyırmış. Əməliyyata Helsinki Polis Departamenti rəhbərlik edib, istintaq Milli Təhqiqat Bürosu ilə birgə aparılır. İş üzrə Baş Prokurorluq da rəsmi şəkildə prosesə cəlb olunub.

    Finlandiya rəsmiləri hadisənin qəsdən törədilib-törədilmədiyi ilə bağlı hələlik ehtimallar irəli sürmədiklərini bildirirlər. Baş prokurorun müavini Yukka Rappe qeyd edib ki, kabelin təsadüfən zədələnməsi ehtimalı da istisna olunmur. Prezident Aleksandr Stub isə Finlandiyanın təhlükəsizlik çağırışlarına hazır olduğunu bəyan edib.

    Bu arada Estoniya hökuməti də eyni gün Finlandiyanı Estoniya ilə birləşdirən ikinci telekommunikasiya kabelində nasazlıq qeydə alındığını açıqlayıb. Estoniya prezidenti Alar Karis baş verənlərdən narahatlığını ifadə edib.
    Gəminin sahibi kimdir?

    Finlandiyanın nüfuzlu “Helsingin Sanomat” qəzeti yazır ki, saxlanılan “Fitburg” gəmisi Fitburg Shipping Co Ltd şirkətinə məxsusdur və idarəedilməsi Türkiyədə qeydiyyatdan keçmiş Albros Shipping & Trading Ltd tərəfindən həyata keçirilir. Marine Traffic-in məlumatlarına əsasən, Albros şirkətinin əsas səhmdarı Türkiyə-Rusiya dəniz daşımalarında mühüm fiqur sayılan Raim Ələkpərovdur. Onun şirkətdəki payı 76 faiz təşkil edir.

    Qəzetin yazdığına görə, onun azərbaycanlı olması ehtimal edilir. Albros Shipping & Trading-in onlarla quru yük gəmisi və tankeri var və bu gəmilər Rusiya, Azərbaycan və Türkiyə bazarlarında fəaliyyət göstərir. Şirkətin Sankt-Peterburqda yerləşən Albros-Petersburg adlı törəmə müəssisəsi də mövcuddur. Keçmişdə Albros-a məxsus bir sıra gəmilərin Rusiya bayrağı altında, əsasən rusiyalı dənizçilər tərəfindən istismar edildiyi bildirilir.

    Hazırda Albros Shipping & Trading-ə qarşı beynəlxalq sanksiyalar tətbiq edilməyib. Lakin onun törəmə şirkətlərindən biri əvvəlki illərdə Krımla bağlı sanksiyaları pozmaqda ittiham olunub. Belə ki, Albros Petersburg Shipping-ə məxsus “Amur 2515” gəmisi 2017-ci ildə Sevastopol limanına daxil olub.

    Finlandiya tərəfi gəmidə əlavə yoxlamaların aparılacağını, o cümlədən Traficom agentliyinin port nəzarəti, gömrük orqanlarının isə sanksiyalara zidd yüklərin olub-olmadığını araşdıracağını açıqlayıb. Elisa şirkəti isə kabelin zədələnməsinin xidmətlərin fəaliyyətinə təsir etmədiyini və trafiklərin alternativ xətlərə yönləndirildiyini bildirib.

  • Növbəti torpaq hərracları keçiriləcək

    Fevralın 4-də Azərbaycanın regionlarında 32 torpaq hərracı keçiriləcək.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.

    Məlumata görə, hərraclar Dövlət Xidmətinın Şirvan, Mingəçevir, Ucar, Bərdə, Qazax, Xaçmaz, Beyləqan, Şamaxı və Qəbələ ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 32 torpaq sahəsi çıxarılacaq.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • İsveçrədə kurortda partlayış: 40 ölü, 100 yaralı var

    İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb.

    Bu barədə “Le Nouvelliste” qəzeti məlumat yayıb.

    Bundan əlavə, azı 100 nəfər yaralanıb.
     
    KİV-in məlumatına görə, kurortda bir neçə partlayış baş verib.

    Lakin hadisəyə baxmayaraq, kurort fəaliyyətini davam etdirir.

  • SON DƏQİQƏ: İctimai nəqliyyatda qiymətlər artırılacaq

    Benzin və dizel yanacağının qiymətində baş verən artım cəmiyyətdə yeni suallar yaradıb. Xüsusilə, bu bahalaşmanın gündəlik həyatın ayrılmaz hissəsi olan ictimai nəqliyyat tariflərinə təsir edib-etməyəcəyi ictimai müzakirə mövzusuna çevrilib. Benzin və dizel qiymətlərinin bahalaşması fonunda ictimai nəqliyyatın da bahalaşıb-bahalaşmayacağı sual doğurur.

    Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, yanacağın bahalaşması ilə bağlı səsləndirilən fikirlərə müxtəlif dövlət qurumlarından reaksiyalar gəlir. Onun sözlərinə görə, hazırda bu məsələ rəsmi gündəmdə olmasa da, mümkün bahalaşma ehtimalı da birbaşa təkzib edilmir:

    “Bəzi qurumlar bildirir ki, hazırda bu məsələ aktual deyil və ya belə bir qərar olarsa, ictimaiyyətə məlumat veriləcək. Yəni il ərzində qiymət artımının olub-olmayacağı qəti şəkildə inkar edilmir”.

    V.Oruc qeyd edib ki, yanacaq qiymətlərindəki artım bütün sahələrə təsirsiz ötüşməyəcək. Xüsusilə A-92 markalı benzinin ən çox istifadə olunan yanacaq növü olduğunu xatırladan ekspert vurğulayıb ki, əhalinin böyük hissəsi məhz bu benzindən istifadə edir:

    “Avtomobillərin əksəriyyəti, hibrid və elektromobillər istisna olmaqla, A-92 markalı benzinlə işləyir. Bu səbəbdən qiymət artımı sərnişindaşıma da daxil olmaqla, bütün xidmət sahələrində bahalaşmaya gətirib çıxara bilər”.

    Ekspertin sözlərinə görə, dizel yanacağı isə xüsusilə logistika, marketlər və müxtəlif xidmət sahələrinin əsas xərc elementidir. Əvvəllər dizel və benzin arasında ciddi qiymət fərqi olsa da, hazırda bu fərq minimuma enib:

    “Hazırda dizellə A-92 benzin arasında qiymət fərqi cəmi 5 qəpikdir. Bu da dizeldən istifadə edən sahələrdə xərclərin ciddi şəkildə artmasına səbəb olacaq. Nəticədə logistik xərclər yüksələcək və bu, həm məhsulların, həm də xidmətlərin qiymətində öz əksini tapacaq”.

    Vüqar Oruc: “Azərbaycan qiymətləndirmə sahəsində öz modelini yaradıb” | Hokm.Az

    İctimai nəqliyyat məsələsinə toxunan V.Oruc bildirib ki, bu sahədə tariflər tam bazar mexanizmi ilə deyil, dövlət tərəfindən sosial maraqlar nəzərə alınmaqla tənzimlənir:

    “İctimai nəqliyyatdan əhalinin böyük hissəsi istifadə edir. Ona görə də dövlət burada xüsusi sosial layihələr və mexanizmlər tətbiq edir. Ola bilər ki, yanacaq qiymətinin artımı ilkin mərhələdə subsidiyalar və dotasiyalar hesabına tariflərə təsir göstərməsin”.

    Bununla belə, ekspert hesab edir ki, zaman keçdikcə yanacaq qiymətlərindəki artım həm ictimai nəqliyyatda, həm də özəl taksi xidmətlərində qiymət dəyişikliklərinə səbəb ola bilər:

    “Sahibkarların xərcləri təxminən 10 faiz artdıqda, onlar bu artımı mütləq xidmət qiymətlərində əks etdirməyə məcbur qalırlar. Dövlət sektoru isə sosial maraqları nəzərə alaraq bu prosesi mərhələli şəkildə həyata keçirər”.

    V.Oruc əlavə edib ki, Tarif Şurasının son iclasları da göstərir ki, enerji daşıyıcıları və kommunal xidmətlər üzrə qiymət artımları 2025–2026-cı illər ərzində həm özəl, həm də dövlət sektorunda müxtəlif xidmətlərin tariflərinə təsir göstərəcək.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 0.04 ABŞ dolları və ya 0.01 % artaraq 65.71 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65.67 ABŞ dolları təşkil edib.

  • Sabah sulu qar yağacaq

    Azərbaycanda yanvarın 2-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

    Havanın temperaturu gecə 1-3°, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

    Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

  • Azərbaycan Prezidenti Sudanın Suveren Keçid Şurasının Sədrini təbrik edib

    Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhana təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Hörmətli cənab Sədr,

    Sudan Respublikasının müstəqilliyinin 70-ci ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    İnanıram ki, Azərbaycan ilə Sudan arasında münasibətlərin və əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.