Month: Yanvar 2026

  • Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Monteneqroda saxlanıldı

    Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Monteneqro ərazisində yeri müəyyən edilib.

    Oxu.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə maddəsi ilə başlanmış cinayət işi üzrə Salyan Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Ramil Yaqub oğlu Mənsimov İnterpol kanalları vasitəsilə saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

    Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

  • Bu şəxslər üçün icbari tibbi sığorta haqqı dəyişib

    Bu gündən əməkhaqqı 8 min manatadək olan neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə icbari tibbi sığorta üzrə sığorta haqlarının yeni dərəcəsi müəyyənləşib.

    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

    Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari tibbi sığorta üzrə sığorta haqları tutulurdu.

    Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsindən 0,5 faiz icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

  • Bayram günləri Bakıdan bölgələrə nə qədər sərnişin daşınıb?

    Azərbaycanın avtovağzal və avtostansiyalarının gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyi 29-31 dekabrda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 838 reyslə 25 046 sərnişin daşınıb.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Məlumata görə, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə 200-dən çox reys həyata keçirilib.
    Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından alıb. Bu da onlayn bilet satışında rekord göstərici hesab olunur.

    Paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən “biletim.az”dan əldə etmələri tövsiyə olunur.

  • Azərbaycanın xarici borcu 18 faiz azalıb

    Son 1 il ərzində Azərbaycanın xarici borcu 1.162 milyard dollar və ya 18 faiz azalıb.

    Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

    O bildirib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi vacib məqamlardan biri xarici borcumuzun ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6,3 faizini təşkil etməsi ilə bağlı idi:

    “Xarici borcun ÜDM-dəki payı iqtisadi müstəqillik baxımından vacib göstəricilərdən hesab olunur. Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə malik olan ölkələrdən biridir. Maliyyə Nazirliyinin açıqladığı son rəqəmlərə əsasən, Azərbaycanın xarici borcu cəmi 5.299 milyard dollardır.

    ÜDM-də xarici borcun payının tənzimlənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir. Eyni zamanda, Azərbaycan ÜDM-də xarici borcun həcminə görə MDB-də ən yaxşı göstəriciyə malik olan dövlətlərdəndir. Xarici borcun ÜDM-də payı Qırğızıstanda 74, Özbəkistanda 55, Qazaxıstanda 54, Belarusda 50, Gürcüstanda isə 32 faizdir. Bununla yanaşı, ölkəmiz həm də xarici maliyyə mənbələrindən asılılıq və daxili resursların mobilizasiyası baxımından da MDB-də və bütövlükdə regionda ən yaxşı göstəriciyə malik olan ölkələrdəndir”.

    Deputat əlavə edib ki, inkişaf etmiş ölkələrdə borclanma payı son dövrlərdə sürətlə artır:

    “Xarici borc ÜDM-i Böyük Britaniyada 3, Fransada 2.5, Almaniyada 1.5, Kanadada 1.3, İtaliyada isə 1.2 dəfə üstələyir. Xarici borcun tənzilənməsi Azərbaycan üçün müstəqil iqtisadi siyasətin həyata keçirilməsi, eyni zamanda təhlükəsizlik yastığının möhkəmlənməsi baxımından da vacib hesab olunur”.

  • Rusiyada keçmiş məşhur teleaparıcı beynəlxalq axtarışa verildi

    Moskva məhkəməsi keçmiş jurnalist və teleaparıcı Yevgeni Kiselyovu (Rusiyada xarici agent hesab olunur) iki ay müddətinə qiyabi həbs edib və beynəlxalq axtarışa verib.

    Bu barədə “RİA Novosti” məhkəmə materiallarına istinadən xəbər verir.

    Materiallardan məlum olur ki, o, terror qrupu yaratmaqda və ya belə bir qrupa rəhbərlik etməkdə qiyabi ittiham olunur.

  • Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?

    Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, yanvarın 2-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • Azərbaycana 8 min tabut gətirilib

    2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən səkkiz min ağac məmulatlarından hazırlanmış tabut gətirilib.

    Median.Az rəsmi statistik məlumatlara istinadən xəbər verir ki, bu qəbildən olan tabutların hamısı Çindən alınıb.

    2024-cü ilin gömrük statistikasında ağac məmulatlarından hazırlanmış tabutun idxal və ixracına dair hər hansı bir məlumat yoxdur.

    Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri, əsasən, islam qaydalarına uyğun icra edildiyi üçün tabutdan istifadə məsələsi həm ənənəvi, həm də praktiki tərəflərə malikdir. Belə ki, Azərbaycanda tabut (çox vaxt buna “meyit qutusu” və ya sadəcə, “tabut” deyilir), əsasən, cənazəni məsciddən qəbiristanlığa daşımaq üçün istifadə olunur. Mərasim bitdikdən sonra tabut, adətən, geri qaytarılır və ya məscidə təhvil verilir.

    Azərbaycanda yaşayan xristianlar (pravoslavlar, katoliklər və s.) tabutdan öz dini ayinlərinə uyğun olaraq istifadə edirlər.

  • Azərbaycanın Ermənistanın hava məkanından istifadəyə görə ödədiyi məbləğ açıqlandı

    Azərbaycan aviaşirkətləri 2025-ci ilin 11 ayı ərzində Ermənistan hava məkanı üzərindən uçuşlar üçün təxminən 400.000 avro ödəyib.

    Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

    “Armaeronaviqasiya” QSC 2025-ci il yanvarın 1-dən noyabrın 30-dək olan dövr üçün 396.282 avro alıb.

    Daha 3,4 milyon avro Türkiyə aviaşirkətləri tərəfindən köçürülüb.

  • Bəzi yollarda duman olacaq, buz bağlayacaq

    Avtomobil yollarında vəziyyət açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 2-də küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.

    Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • Mikayıl Cəfərov dünyasını dəyişdi

    Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının professoru Mikayıl Cəfərov vəfat edib.

    Bu barədə BDU-dan məlumat verilib.

    Mikayıl Cəfərov 1939-cu il iyulun 7-də Gürcüstanda anadan olub. O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı, 2019-cu ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.