Month: January 2026

  • “Qarabağ”la “Qalatasaray” meydana çıxır: Hansı kanallar yayımlayacaq?

    Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VIII turunun oyunları keçiriləcək.

    Azərbaycan çempionu “Qarabağ” və Türkiyə Super Liqasının qalibi “Qalatasaray” da meydana çıxacaq.

    Maraqlıdır ki, hər iki komanda İngiltərədə oynayacaq və bu ölkənin nəhəng klubları ilə qarşılaşacaq. Belə ki, “Qarabağ” “Liverpul”un, “Qalatasaray” “Mançester Siti”nin qonağı olacaq.

    “Liverpul” – “Qarabağ” görüşünü Azərbaycanda azarkeşlərə “İctimai TV” təqdim edəcək. “Mançester Siti” – “Qalatasaray” matçını isə “CBC Sport” yayımlayacaq.

    Qeyd edək ki, son turun bütün oyunları eyni gündə keçiriləcək və eyni saatda – Bakı vaxtı ilə 00.00-da başlayacaq.

  • Sabah yağış yağacaq

    Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 80-85 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

    Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

  • Rəsul Çunayevə vəzifə verildi

    Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevə vəzifə verilib.

    O, Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.

    Bu barədə 35 yaşlı veteran idmançı açıqlama verib: “Yanvarın 26-dan etibarən Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsində fəaliyyətə başlamışam.

    Bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunmağımda göstərilən yüksək etimada görə Güləş Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə güləş idman növünün davamlı inkişafı, beynəlxalq arenada nüfuzunun daha da gücləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirəcəyəm”.

    O, işinin nədən ibarət olacağını da bildirib: “İşim bütün ölkə ərazisində uşaq və yeniyetmə güləşinin inkişafı ilə bağlı olacaq. Regionlarda Uşaq-Gənclər İdman Məktəbləri ilə əlaqəli fəaliyyət göstərmək və güləş klublarının işinə əməli kömək etmək üçün addımlar atacağam”.

    Qeyd edək ki, Güləş Federasiyası daha öncə də karyeralarını başa vuran veteran idmançılara müxtəlif postları tapşırıb. Belə ki, Mariya Stadnik qadın, Hacı Əliyev sərbəst, Rafiq Hüseynov isə yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunublar. //Prosport.az

  • 2026-cı ildə hansı daxili dizayn məşhur olacaq? – 5 əsas trend

    Əgər evinizin daxili dizaynından yorulmusunuzsa, indi hər hansı bir otağı yeniləmək üçün ideal zamandır.

    Britaniyalı mebel istehsalçısı “Mirror” qeyd edir ki, 2026-cı il sərgi salonları kimi mükəmməl interyer tendensiyasına vidalaşır.

    “Yeni moda isə “yaşayan” lüksdür – yaşayış üçün rahat və komfortlu interyerlər, eyni zamanda möhtəşəm görünürlər. Düzgün planlaşdırma və gündəlik istifadəyə uyğun materiallar dizaynerlərin prioritetidir, mükəmməl tərzdən daha çox”, deyə materialda bildirilir.

    Bununla yanaşı, “Express” yazır ki, cilalanmış səthlər əvəzinə insanlar əl ilə işlənmiş taxta, qeyri-bərabər səthli mərmər və müxtəlif daşlardan istifadə etməyə üstünlük verirlər. Belə detallər evə insanilik və təbiilik qatır, onu kütləvi və soyuq görünüşdən qoruyur.

    2026-cı ildə populyarlaşan digər tendensiya “midimalizm”dir. Məlumdur ki, maksimalizm və minimalizm mövcuddur, lakin yeni stil onların arasında yerləşir.

    “Bu stil sadəlik və özünü ifadə arasında tarazlıq yaradır. Yaxşı seçilmiş planlar önəmli qalır, lakin miras qalmış əşyalar və mənalı obyektlərlə yumşaldılır”, deyə Mirror vurğulayır.

    Bu sayədə ev baxımlı, qarışıq olmayan və sahibinin şəxsiyyətini göstərən bir məkana çevrilir.

    Texnologiyalar həyatın bütün sahələrinə nüfuz etdikcə, digital detoks istəyinin interyer dizaynına təsiri artır. İnsanlar evlərində ekran olmayan oxu guşələri və ya yemək zonaları kimi sahələr yaradırlar.

    Sərt ağ və soyuq boz tonlar tədricən modadan çıxır. Əvəzində təbiətdən ilhamlanan isti qəhvə tonlarına diqqət yetirmək lazımdır. Bu rənglər yataq otaqlarında və ya qonaq otaqlarında sakit, dərin və istirahət üçün ideal atmosfer yaradır.

    Üst işıqların sərtliyi də keçmişdə qalır. Bunun əvəzinə işıq yumşaq və çoxqatlı olur, daha sakit və intim bir atmosfer yaradır. Divar lampaları, bra və stol lampaları böyük tavan işıqlarının yerini tutur.

    2026-cı ildə daxili dizaynda üstünlük veriləcək 5 tendensiya:

    1. Bədii qeyri-kamillik;
    2. Midimalizm;
    3. Texnologiyasız sahələr;
    4. İsti qəhvə tonları;
    5. Yumşaq, çoxqatlı işıqlandırma.

    //qaynar.az

  • Qarabağa avtobuslarla səfər edənlərin sayı açıqlandı

    Ötən il Qarabağ iqtisadi rayonuna avtobuslarla 6 632 sərnişin səfər edib.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu, 2024-cü illə müqayisədə 4 482 sərnişin və yaxud 1,5 dəfə çoxdur.

    2025-ci ildə Qarabağ iqtisadi rayonuna 608 avtobus reysi həyata keçirilib. Bu isə 2024-cü illə müqayisədə 412 reys və yaxud 3,1 dəfə çoxdur.

  • Özbəkistan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 29-da Ankaraya rəsmi səfər edəcək.

    Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Danışıqların mərkəzində Türkiyə və Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi olacaq. Bununla yanaşı, siyasi dialoqun inkişafına, ticarət dövriyyəsinin artırılmasına, iqtisadiyyatın prioritet sahələrində əməkdaşlıq layihələrinin irəlilədilməsinə və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

    Eyni zamanda, fəal mədəni-humanitar mübadilənin davam etdirilməsi məsələləri nəzərdən keçiriləcək. Tərəflər beynəlxalq və regional gündəliyin aktual aspektləri barədə fikir mübadiləsi aparacaqlar.

    Ali səviyyəli danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur. Bundan əlavə, iki ölkənin liderləri bir sıra humanitar xarakterli tədbirlərdə iştirak edəcəklər.

  • Moped oğruları saxlanıldı

    Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib. Rayon sakini polisə müraciət edərək “Tufan” markalı mopedinin oğurlandığını bildirib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən H. Həsənov və E. Məmmədov saxlanılıblar.

    Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən N. Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • Bakıda ibtidai sinif müəllimi vəfat etdi – FOTO

    Bakı şəhəri 145 nömrəli tam orta məktəbin müəllimi İlona Dəmirova vəfat edib.

    O, məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərirmiş.

    Onun hansı səbəbdən vəfat etdiyi bildirilməyib.

  • Bakının Xətai rayonunun bəzi ərazilərində 12 saat su olmayacaq

    Sabah 10:00-dan saat 22:00-a qədər Bakının Xətai rayonunun bəzi ərazilərində su kəsiləcək.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

    Bildirilib ki, buna səbəb yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsidir. İşlər yekunlaşdıqdan sonra, istismar qaydalarına uyğun olaraq, suyun əvvəlki qrafiklə verilməsi bərpa ediləcək.

  • Paytaxtda 20 istiqamətdə SIXLIQ VAR

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

    3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    4. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    6. Koroğlu Rəhimov küçəsi, Ak.Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    9. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    14. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    15. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    16. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    17. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

    18. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    19. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    20. Ak.Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində sıxlıq müşahidə olunur.