Month: January 2026

  • Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı – Video

    Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində hərəkət edən yük avtomobilinin təkərləri yerindən çıxıb.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilir ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınan bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır.

    “Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış porblem həll edilməlidir. Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq”,- məlumatda qeyd edilir.

  • Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb

    Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə təqribən 594,193 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 36,045 milyon ABŞ dolları olub.

    Türkiyəyə elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 174,008 milyon kVt/saat və ya 41,4%, dəyər ifadəsi ilə 9,3 milyon ABŞ dolları, yaxud 34,9% artıb.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

    Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.

  • İsrail və Azərbaycan arasında iqtisadi münasibətlər daha böyük potensiala malikdir – Gideon Saar

    Azərbaycan ilə İsrail arasında sıx strateji dostluq münasibətləri mövcuddur. Bu münasibətlər iqtisadi sahəni də əhatə edir ki, bunun da hər iki ölkəyə faydası var. Üç il əvvəl – Azərbaycan İsraildə səfirliyini açdıqdan bəri iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf edib.

    Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən İsrail-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib.

    O bildirib ki, 2025-ci ildə mülki ticarət təxminən 50 faiz artaraq 360 milyon dollardan çox təşkil edib.

    “Əminəm ki, gələn il və ondan sonrakı il ərzində bu rəqəmlər daha da böyüyəcək. Azərbaycan mühüm regional və aparıcı coğrafi mövqeyə malikdir. Bu, ölkənizin İsrail biznesi üçün bütün regiona, o cümlədən Mərkəzi Asiya regionuna çıxış qapısına çevirir. Bakı ilə Təl-Əviv, eləcə də Roma arasında həftədə 20 birbaşa uçuş həyata keçirilir. Son iki ildə birbaşa uçuşlarını davam etdirdiyinə görə Azərbaycanın milli aviaşirkəti olan AZAL-ı təqdir etmək istəyirəm. Bu, ölkələrimiz arasında mövcud olan qarşılıqlı etimadı və sizin qətiyyətinizi əks etdirir. Biz bunu yüksək qiymətləndiririk”, – deyə nazir qeyd edib.

    Gideon Saar əlavə edib ki, 2025-ci ildə 60 min israilli turist Azərbaycanı ziyarət edib ki, bu da böyük bir irəliləyişdir: “Ancaq mən əminəm ki, gələn il və ondan sonrakı ildə bu rəqəmlər daha yaxşı olacaq. İnanıram ki, bu rəqəmi kəskin şəkildə artıra bilərik. Daha çox israilli yəhudiləri, israilliləri gözəl və təhlükəsiz ölkə olan Azərbaycana ziyarət etməyə dəvət edirəm. Həmçinin daha çox azərbaycanlıları İsrailə ziyarət etməyə dəvət edirəm. Sizi ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.

    Forumla iqtisadi dialoqu davam etdirdiklərini deyən israilli nazir SOCAR-ı “Tamar” qaz yatağına investisiya yatırdığına görə təqdir etdiyin sözlərinə əlavə edib.

    “İnanıram ki, bu, Azərbaycanın xarici və iqtisadi siyasətində ağıllı yanaşmasını əks etdirir. Bu, həmçinin strateji tərəfdaşlıqda qarşılıqlı etimad və iqtisadi faydanı nümayiş etdirir. Güclü iqtisadi münasibətlərimiz xalqlarımız və hökumətlərimiz arasında mövcud olan yaxın əlaqələri əks etdirir və xalqlar arasında əlaqələr mövcud olduqda münasibətlər həqiqətən də güclənir. Amma mən inanıram ki, bu iqtisadi münasibətlər daha da böyük potensiala malikdir və biz bunu reallaşdırmaq niyyətindəyik. Məhz buna görə də bu gün İsrailin ən böyük biznes və iqtisadi liderlərindən, iqtisadi təşkilatlardan və şirkətlərdən ibarət nümayəndə heyəti ilə ölkənizə gəlmişəm. Bu nümayəndə heyəti iqtisadiyyatın müxtəlif sahələrini su, enerji, səhiyyə, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrini təmsil edirlər. Biz bu strateji tərəfdaşlığı növbəti səviyyəyə qaldırmaq istəyirik. Qarşılıqlı investisiyalarımızı və xalqlararası münasibətlərimizi inkişaf etdirmək əzmindəyik”, – deyə Gideon Saar qeyd edib.

  • Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı – Video

    Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib.

    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib.

    “Ata uşaqları anadan götürərək nənə və babanın himayəsində qalması üçün onların evinə gətirib. Nənə və baba bütün səylərinə baxmayaraq, maddi və sosial imkanlarının məhdudluğu səbəbindən uşaqlara lazımi qayğı göstərə bilməyiblər. Daha sonra ana uşaqları yenidən atadan götürərək gözəllik salonlarından birində qoyub gedib. Vəziyyətlə bağlı dövlət qurumları dərhal müdaxilə edərək uşaqları sığınacağımıza yerləşdirib.

    Onu da qeyd edək ki, uşaqların birinin ürəyində problem olduğu deyilib”, – deyə Zeynalova bildirib.

  • Məşhur brendlərin Azərbaycandakı təmsilçisi cərimələndi

    “Gucci”, “Chanel”, “Versace” və digər tanınmış brendlərin Azərbaycandakı təmsilçisi “Sinteks” şirkəti cərimələnib.

    Dövlət Gömrük Komitəsi tərəfindən “Sinteks” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

    Məhkəmədə məlum olub ki, xaricdən MMC-nin ünvanına göndərilən mallar ötən il “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilib, amma həmin mallara dair qısa idxal bəyannaməsi gomrük orqanına verilməyib.

    Məhkəmənin qərarı ilə “Sinteks” MMC-nin qanuni təmsilçisi Axundov Sənan Firudin oğlu 1500 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
    //qaynar.az

  • Gömrük güzəşti 300 dollardan 100 dollara endirilir?

    Vətəndaşların şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən xaricdən ölkəyə gətirə biləcəyi malların dəyəri 300 dollardan 100 dollara endiriləcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirilib.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov APA-ya müsahibəsində onlarda bu barədə heç bir məlumatın olmadığını qeyd edib.

    “Bu məbləğin 300 dollardan 100 dollara endirilməsi ciddi əsaslandırma tələb edir. Vaxtı ilə 300 dollar müəyyən edilərkən bu ən optimal bir rəqəm kimi arqumentləşdirilmişdir. İndi həmin rəqəmin 3 dəfə azaldılması ciddi suallar doğura bilər.

    Həm də nəzərə almalıyıq ki, şəxsi istifadə üçün gətirilən mallar üzrə gömrük güzəşti limitinin 300 ABŞ dolları məbləğində müəyyən edilməsi özü-özlüyündə sosial mahiyyət daşıyır. Belə ki, bu vətəndaşların gündəlik tələbatının nisbətən əlverişli şərtlərlə ödənilməsinə xidmət edir. Optimal gömrük inzibatçılığı və nəzarəti şəraitində bu cür güzəştlərdən sui-istifadənin qarşısı alına bilər və vətəndaşlarımız bu imkanlardan istifadə edə bilərlər. Başqa sözlə, kommersiya xarakterli idxalın “şəxsi istifadə” adı altında rəsmiləşdirilməsi hallarının qarşısını 300 dollarlıq məbləği azaltmaqla yox, gömrük nəzarətini gücləndirməklə almaq olar.

    Güzəştli limitin endirilməsi əvəzinə şəxsi istifadə ilə kommersiya idxalı arasındakı sərhədlər müvafiq qurumlar tərəfindən dəqiqləşdirilməli, eyni şəxsin qısa müddətdə çoxsaylı sifarişləri üzrə risk əsaslı nəzarət tədbirləri həyata keçirilməlidir. Bu məsələnin sosial effekti fiskal effektindən üstün tutulmalıdır”, – komitə sədri vurğulayıb.

  • Sabah bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq

    Bakıda yanvarın 27-də bəzi yerlərdə çiskinli yağış, rayonlarda isə qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.

  • Bu hallarda maaşlar ikiqat hesablanacaq

    Azərbaycanda əmək münasibətlərini tənzimləyən qanunvericiliyə mühüm dəyişikliklər edilib. Yenilənmiş qaydalara əsasən, qanunla müəyyən edilmiş qeyri-iş günlərində və əlavə iş saatlarında çalışan işçilərin əməkhaqqı hesablanarkən artıq təkcə gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.

    BAKU.WS-in məlumatına görə, bu dəyişikliklər Prezident tərəfindən təsdiqlənərək Əmək Məcəlləsində əksini tapıb və əmək müqaviləsi ilə çalışan bütün şəxslərə şamil olunur.

    İndiyədək qanunvericiliyə əsasən gündəlik iş vaxtı 8 saat olaraq müəyyən edilsə də, praktiki vəziyyət fərqli olub. Bir çox hallarda işçilər normadan artıq çalışsalar da, əlavə saatlara görə lazımi ödəniş ala bilmirdilər. Xüsusilə istehsalat sahələrində, xidmət sektorunda və kuryer fəaliyyəti ilə məşğul olan şəxslər bu problemlə tez-tez üzləşirdilər. Hava şəraiti, bayram günləri və ya artan iş həcmi səbəbindən iş vaxtı uzadılsa da, əlavə əmək haqqı ödənilmirdi.

    Yeni dəyişikliklər işçilərin bu kimi hallarda hüquqlarını daha effektiv şəkildə qorumağa imkan verəcək. Qanunvericiliyə saatlıq vəzifə maaşı anlayışının daxil edilməsi qeyri-iş günlərində, natamam iş vaxtında və “overtime” rejimində çalışan şəxslərin əməyinin daha dəqiq qiymətləndirilməsini təmin edəcək.

    Dəyişikliklərə əsasən, bayram günlərində, istirahət günlərində və iş vaxtından artıq işləyən vətəndaşlara ödənilən əməkhaqqı ən azı ikiqat hesablanacaq. Bu, xüsusilə qeyri-iş günündə bütün günü deyil, yalnız bir neçə saat işləyən şəxslər üçün önəmli yenilikdir. Belə ki, artıq həmin saatlara uyğun əməkhaqqının hesablanması mümkün olacaq.

    Məsələn, adi iş günündə 4 saatlıq işə görə 120 manat ödənilirsə (saatı 30 manat olmaqla), qeyri-iş günündə eyni müddət çalışan işçi minimum 240 manat əməkhaqqı alacaq.

    Bu praktika dünyanın bir çox ölkələrində uzun müddətdir tətbiq olunur. ABŞ, Yaponiya, Cənubi Koreya və Kanadada bayram günlərində çalışanlara əməkhaqqı qat-qat tariflərlə ödənilir. Avropa ölkələrində isə fərqli mexanizmlər mövcuddur: bəzi ölkələrdə 1,5 və ya 1,75 əmsalı tətbiq olunur, Böyük Britaniyada isə işçilərə seçim imkanı verilir – ya artırılmış əməkhaqqı, ya da əlavə istirahət günü. Bir sıra ölkələrdə isə bayram günü çalışanlara sonradan əlavə istirahət verilir.

    Qeyd edək ki, yeni qaydalar həm dövlət, həm də özəl sektor üçün keçərlidir. Bu dəyişikliklər əmək bazarında şəffaflığın artırılmasına, işçilərin sosial və maddi təminatının gücləndirilməsinə, eləcə də əməkhaqqı mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.

  • İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 5800-ü keçib

    İranda ötən ilin 28 dekabr tarixində başlayan etiraz aksiyaları zamanı baş verən qarşıdurmalarda 209 hüquq mühafizə orqanı əməkdaşı da daxil olmaqla 5848 nəfər həlak olub.

    APA xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İran İnsan Haqları Fəalları Xəbər Agentliyi məlumat yayıb.

    Məlumatına görə, ölkənin bir çox yerində baş verən hadisələr nəticəsində 41283 nəfər saxlanılıb.

    Qeyd edək ki, İran Şəhidləri və Veteranları Fondunun əvvəlki gün verdiyi açıqlamada etirazlar zamanı baş verən qarşıdurmalarda təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3117 nəfərin həlak olduğu bildirilirdi.

  • Süni intellekt efirdəki dil qüsurlarını üzə çıxardı: Audiovizual Şurada monitorinqin nəticələri MÜZAKİRƏ EDİLDİ

    Yanvarın 26-da Audiovizual Şurada televiziya kanallarının proqram direktorları və baş redaktorları ilə “Televiziya yayımında Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirilib.

    Bu barədə qurum məlumat yayıb.

    Görüşdə televiziya yayımında xarici sözlərdən istifadə ilə bağlı Audiovizual Şuranın apardığı monitorinqlər üzrə 2025-ci ilin dekabr ayına dair statistika müzakirə olunub.

    Bildirilib ki, ötən ilin son ayında ümumölkə yerüstü və peyk yayımında fəaliyyət göstərən 14 televiziya kanalının efiri süni intellekt əsaslı proqram vasitəsilə monitorinq edilib.

    Qeyd olunub ki, monitorinqin ümumi nəticələrinə əsasən, dekabr ayında Azərbaycan dilində qarşılığı mövcud olan 33 xarici söz həmin televiziya kanallarının aparıcıları tərəfindən ümumilikdə 1 366 dəfə istifadə edilib.