Month: February 2026

  • Prezidenti aeroportda simvolik içki ilə qarşıladılar – Video

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.

    Hava limanında Prezident üçün xüsusi qarşılanma mərasimi təşkil edilib.

    Mərasimdə ona krallığın ənənəvi qonaqpərvərliyinin bir hissəsi olaraq kiçik fincanda ərəb qəhvəsi də təqdim edilib.

    Prezident qəhvədən içərək öz səmimiyyətini ifadə edib, dostluq jestinə müsbət qarşılıq verib.

    Qeyd edək ki, ərəb qəhvəsi BƏƏ mədəniyyətində istilik, hörmət və dostluq simvolu daşıyır. Bunu nəzakətlə də olsa, geri çevirmək hörmətsizlik kimi başa düşülə bilər.

  • Mərhum Xalq artistinin oğlunu döyməkdə şübhəli bilinənlər saxlanıldılar

    Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

    Cinayət işinin icraatı DİN-in nəzarətindədir.

    Hadisəni törətməkdə şübhəli bilinən üç nəfər – Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov saxlanılaraq istintaqa təhvil veriliblər.

    Zərərçəkmişin yaşadığı ünvana naməlum şəxs və ya şəxslərin gəlməsi ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb.

    Hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

  • Azərbaycanda polkovnikin meyiti tapıldı

    Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən mənzilində cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb.

    1968-ci il təvəllüdlü Nürəli Mahiyəddin oğlu Eyvazovun meyiti qonşuların hüquq-mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.

    Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub.

    Mənzilin qapısı açıldıqdan sonra ev sahibi Nürəli Eyvazovun meyiti otaqlardan birində aşkarlanıb. Cəsədin vəziyyətindən onun bir neçə gün əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, ailə üzvlərinin bu hadisədən xəbəri olmayıb.

    Mərhumun həmin evdə tək yaşadığı qeyd olunur.

    Qeyd edək ki, Nürəli Eyvazov uzun illər Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, təqaüddə olan ədliyyə polkovniki olub. Nürəli Eyvazov əvvəllər 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, sonuncu dəfə isə Qobustanda yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə il əvvəl təqaüdə çıxmışdı.
    //oxu.az

  • Tiktoker “Velizar” HƏBS EDİLDİ

    Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    “TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

    Müvafiq qərarla Salman Məmmədov inzibati qaydada həbs edilib.

  • Bakıya qar yağacaq, temperatur 5-10 dərəcə enəcək: Xəbərdarlıq

    Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə yağıntılı olacağı gözlənilir. Fevralın 4-ü gün ərzində, 5-i gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilir ki, Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

    Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

    Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

  • Elçin Quliyev Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

    Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Vüsal Sultanova yeni vəzifə verilib.
     
    Median.Az
    bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev müvafiq əmr imzalayıb.
     
    Əmrə əsasən, Vüsal Sultanov DSX-nin işğaldan azad olunmuş ərazilərdə yerləşən Əlahiddə Sərhəd Divizyasının komandiri təyin olunub.
     
    O, bundan əvvəl xidmətin Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
     
    Qeyd edək ki, V.Sultanov Şabran rayonunda anadan olub. Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərib.
     
    O, Cəbrayıl rayonunun Əmirvarlı kəndinin azadlığı uğrunda gedən döyüşlərə komandanlıq edib. Bu, Vətən müharibəsinin ən ağır döyüşlərindən biri sayılır.
     
    Həmin vaxt polkovnik rütbəsində olan V.Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci və ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olub. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparıb. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini təyin edilib. Daha sonra DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi vəzifəsinə gətirilib.
     
    2024-cü il may ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezident İlham Əliyevə məruzə edib.
     
    İkinci Qarabağ müharibəsindəki xidmətlərinə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Eyni zamanda, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
     
    Bundan başqa, müxtəlif vaxtlarda “Hərbi xidmətlərə görə”, “İgidliyə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
     
    Prezident İlham Əliyevin 2022-ci il avqustun 17-də imnzaladığı sərəncamla V.Sultanova general-mayor ali hərbi rütbəsi verilib.

  • 48 aptekdə yoxlama aparılıb

    2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

    AEM-dən verilən məlumata görə, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

    Bildirilib ki, yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

    Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

  • Gəncədəki partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb

    Gəncədə quyu qazıntısı zamanı baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

    Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisə ilə əlaqədar fevralın 2-si saat 17:00-da 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

    “Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir”.

  • Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Siyəzənin bir hissəsində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Buna səbəb diametri 108 millimetr olan yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmadır.

    Belə ki, sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    Qaz təchizatı dayandırılan müddətdə Ş.İ.Xətai, A.Zahirov, O.Qoçəliyev, B.Bayramov və H.Z.Tağıyev küçələri olmaqla ümumilikdə 820 abonentin qaz təchizatında fasilə yaranacaqdır.

  • Qatarlar “28 May” stansiyasında dayanmayacaq – Proses necə tənzimlənəcək?

    200 m tunelin inşası zamanı “Nizami” və “28 May” stansiyaları arasında qatarların hərəkətinin dayandırılması nəzərdə tutulub.

    Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.

    Bildirilib ki, bu zaman sərnişinlərin yerüstü ictimai nəqliyyatdan istifadəsi zəruri olacaq:

    “Lakin Yaşıl xətt üzrə qatarlar “Dərnəgül-Nizami” istiqamətində hərəkət edəcək. Xətlər ayrıldıqdan sonra Yaşıl xətt üzrə “Dərnəgül-Xətai” istiqamətində müstəqil hərəkət təşkil olunacaq. Sərnişinlər Yaşıl və Qırmızı xətlər arasında “28 May” və “Cəfər Cabbarlı” stansiyalarında keçid edəcəklər”.

    Qeyd olunub ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, xətlərin ayrılması layihəsi mərhələli şəkildə icra olunur. Layihənin icrası dövründə “28 May” stansiyasında hərəkət məhdudlaşdırılmayacaq. Belə ki, Qırmızı xətdə (“İçərişəhər-Həzi Aslanov”), o cümlədən bu xəttin stansiyası kimi “28 May” stansiyasında hər iki istiqamətdə qatarların hərəkətində heç bir məhdudiyyət nəzərdə tutulmur.