Month: March 2026

  • “Bir piyadaya görə 60 nəfər dayanır” – Ekspert

    “Elə küçələr, elə yollar var ki, orada piyadaların xaotik hərəkəti yaxşı nəticə vermir, nəqliyyatın hərəkətini iflic edir. Məsələn, İstiqlaliyyət və Bünyad Sərdərov küçələrindən Axundov bağına dönən yerdəki vəziyyəti görəndə adam başa düşür ki, deputat tərəfindən verilən təklif reallığı əks etdirir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Milli Məclisin deputatı Tahir Rzayevin yolu keçən hər bir piyadaya görə maşının saxlanılmasının yolverilməzliyi ilə bağlı fikirinə münasibət bildirərkən deyib.

    Ekspertin sözlərinə görə, bunu hansı küçələrdə tətbiq etməyin mexanizmi işlənilməlidir:

    “Bu təklif hansı yollara tətbiq edilə bilər? Buna harada və hansı saatlarda imkan var? Bunun mexanizmi işlənilməlidir. Bizim mental düşüncələrimiz necədir? İnsanlara desək ki, xahiş edirik gözləyin, adamlar toplaşsın və sonra svetoforu dayandırın, xaotik şəkidə hərəkəti dayandırmayın, bir-bir keçməyin, 5-7 nəfər yığılsın və sonra yolu keçin. O zaman biz müxtəlif bəhanələr eşidəcəyik. Necə ki, qırmızı işıqda sürücü yolu keçəndə eşidirik. Piyadalar da həmin bəhanələrə əl atacaq, evdə xəstə var, idmana, dərsə gedirəm və s. bu cür məsələlər orta çıxacaq”.

    Elməddin Muradlı bunun bir mədəniyyət məsələsi olduğunu hesab edir:

    “Sözügedən qaydanı o ölkələr tətbiq edir ki, orada insanların bir-birinə hörməti, ətrafa münasibəti yüksək səviyyədədir. Bizdə isə insanlarda böyük aqresiya var, hərə bir bəhanə deyəcək”.

    Ekspert bildirib ki, piyadaların xaotik hərəkəti ilə bağlı deputatın səsləndirdiyi fikirlər tamami ilə əsaslıdır:

    “Zaman-zaman bununla bağlı biz də təkliflər səsləndirmişik. Dünya təcrübəsində də belə praktika mövcuddur. Məsələn, Polşada bu cür qayda mövcuddur, əgər piyada yolu keçirsə, svetoforun düyməsini basmazdan öncə mütləq gözləməlidir. 5-7 nəfər yığılır, düymə basılır, hərəkət dayanır və sonra piyada yolu keçir. Hər bir adam üçün svetofor saxlayıb nəqliyyatı dayandırmaq düzgün deyil. Svetofor dayananda ən azı 30 avtomobil dayanır. 30 avtomobildə də ən azı iki nəfərdən hesablasaq bu 60 nəfər edir. Təsəvür edin ki, 60 nəfər 1 nəfərə görə dayanır”.

    Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Rzayev yolu keçən bir piyadaya görə avtomobilin saxlamasının yolverilməz olduğunu deyib: “Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir”.

  • Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?

    Kənd əhalisinin şəhərlərə üz tutmasının arxasında sosiallaşma, mədəni tədbirlərə yaxınlıq, keyfiyyətli yaşam mühiti və nəqliyyat imkanlarının əlçatanlığı kimi amillər dayanır. Ekspertlər prosesin davam edəcəyi qənaətindədirlər.

    Median.Az mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

    BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu proqnoz qlobal miqyasda məskunlaşma strukturunun necə dəyişdiyini açıq şəkildə göstərir. Əslində, bu, təkcə demoqrafik dinamika deyil, həm də iqtisadi modelin, əmək bazarının, sosial münasibətlərin və infrastruktur planlamasının transformasiyası deməkdir. Qlobal tendensiya fonunda Azərbaycan da istisna deyil. Son illərdə ölkəmizdə sürətli urbanizasiya gedir, kəndlər boşalır, əhali şəhərlərə köç edir. Rəsmi statistikaya əsasən, hazırda ölkə əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Maraqlıdır, bu prosesin gələcəyi necə görülür? Narahatlıq üçün əsaslar varmı?

    Deputat Azər Allahverənov hesab edir ki, son illər urbanizasiya qlobal miqyasda sürətlə artıb:

    “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sənaye və iqtisadi mərkəzləşmə şəhər əhalisinin sayının kəskin artmasına səbəb olur. Beynəlxalq demoqrafik mərkəzlər və ekspert qrupları artıq bu dinamikanın sosial nəticələri ilə bağlı narahatlıq ifadə edirlər. Halbuki bir neçə onillik əvvəl urbanizasiya templəri indiki qədər yüksək deyildi və şəhər əhalisinin sayı bu qədər sürətlə artırmırdı”.

    Deputatın sözlərinə görə, Azərbaycan da bu qlobal tendensiyadan kənarda qalmayıb:

    “Xüsusilə 1990-cı illərin ikinci yarısı və 2000-ci illərin əvvəlində urbanizasiya tempi nəzərəçarpacaq dərəcədə artıb. Bu dövr Bakıda tikinti bumunun başladığı mərhələyə təsadüf edir. Paytaxt və digər iri şəhərlərdə tikinti sektorunun genişlənməsi minlərlə yeni iş yerinin yaranmasına gətirib çıxarıb və bu, regionlardan əmək ehtiyatlarının şəhərlərə axınını stimullaşdırıb. İnsanlar daha stabil və əlçatan məşğulluq imkanları üçün urban mərkəzlərə üz tutublar”.

    A.Allahverənov urbanizasiyanın sürətlənməsində digər mühüm faktor kimi Ermənistan-Azərbaycan münaqişəsini göstərir. Onun fikrincə, ölkə ərazisinin beşdəbir hissəsinin uzun illər işğal altında qalması, təmas xətti boyunca yaşayan əhalinin təhlükə altında olması həmin bölgələrdə yaşayan insanların iri şəhərlərə köçünü qaçılmaz edib.

    “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri yeni mərhələnin əsas istiqamətini müəyyənləşdirib. Rəsmi məlumatlara görə, artıq 70 minə yaxın insan həmin ərazilərə qayıdıb. Böyük Qayıdış proqramının birinci mərhələsi ilə 2026-cı ilin sonuna qədər təxminən 200 min nəfərin geri dönüşü nəzərdə tutulur. Bu, urbanizasiya tempinə təsir edən amildir, lakin şəhərlərdən kəndlərə kütləvi dönüş baş verməyib. Amma yenə də regionların inkişafına yönəlmiş iqtisadi və infrastruktur layihələri müəyyən əhali qruplarının geri qayıdışını stimullaşdırır və bu proseslərin dolayısı ilə dəstəklənməsini təmin edir”.

    Deputat deyir ki, urbanizasiya daha çox Bakı üçün xarakterik olaraq qalır. Bölgələrdən digər iri şəhərlərə axın paytaxtla müqayisədə o qədər də intensiv deyil. Lakin məqsədyönlü islahatlar və regional iqtisadiyyatın şaxələndirilməsi nəticəsində bölgələr insanların yaşaması və işləməsi üçün daha cəlbedici məkana çevrilə bilər.

    İqtisadçı-ekspert Eyyub Kərimli isə bildirib ki, urbanizasiya təkcə iqtisadi səbəblərlə bağlı deyil. Kənd əhalisinin şəhərlərə üz tutmasının arxasında həm də sosiallaşma, mədəni tədbirlərə yaxınlıq, keyfiyyətli yaşam mühiti və nəqliyyat imkanlarının əlçatanlığı kimi amillər dayanır. Ekspert vurğulayıb ki, iri şəhərlərdə iqtisadiyyatın inkişafı, müəssisələrin şəhərlərdə yerləşməsi və sənayeləşmə prosesləri zəncirvari effekt yaradır. Daha çox əhali şəhərlərdə geniş bazar və tələb yaratdığı üçün müəssisələr şəhərə yaxın olmağa üstünlük verirlər. Bu isə insanları həm iş tapmaq, həm də daha rahat həyat şəraiti üçün urban mərkəzlərə cəlb edir.

    E.Kərimli hesab edir ki, urbanizasiyanın qarşısını müəyyən qədər almaq üçün kəndlərdə şəhərə yaxın yaşam şəraiti təmin edilməlidir. Bunun üçün yol infrastrukturu, kommunikasiyalar, internet imkanları yaxşılaşdırılmalı, əyləncə və sosiallaşma imkanları genişləndirilməlidir. Fermer təsərrüfatlarının, kənd turizminin və ailəvi turizm imkanlarının inkişafı da insanların kəndlərdə qalmasını təşviq edə bilər.

    Ekspert əlavə edir ki, ali təhsil müəssisələrinin bölgələrə yerləşdirilməsi də kəndlərin canlanmasına və əhalinin bölgələrdə qalmasına müsbət təsir göstərər. Belə tədbirlər urbanizasiyanın təzyiqini azaltmaq və kəndlərin iqtisadi-sosial cəlbediciliyini artırmaq üçün strateji əhəmiyyət daşıyır.

    Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Etibar Bədəlov bildirib ki, hazırda rəsmi statistikaya görə, ölkədə şəhər əhalisinin payı 54.4 faizdir. Onun sözlərinə görə, bu rəqəmlər faktiki vəziyyəti tam əks etdirmir, çünki əhalinin böyük hissəsi Bakı və Bakıətrafı ərazilərdə toplanıb:

    “Son 25 ildə şəhər əhalisi təxminən 1.5 milyon nəfər artıb ki, bunun da bir milyondan çoxu Bakı və Abşerona düşür. Bakı aqlomerasiyasına baxdıqda, ümumi şəhər əhalisi artımının təxminən 70 faizi bu bölgəyə aid olur. Qeyri-rəsmi məlumatlara görə, Bakının əhalisi 4 milyona yaxındır. Abşeron iqtisadi rayonunda rəsmi 870 min nəfər əhali olduğu göstərilsə də, qeyri-rəsmi rəqəmlər bir milyona yaxındır”.

    E.Bədəlov hesab edir ki, gələcəkdə şəhər əhalisi artmağa davam edəcək. İşğaldan azad edilmiş Qarabağ zonasında yeni şəhərlərin tikilməsi, həmçinin digər iri şəhərlərdə infrastrukturun inkişafı nəticəsində şəhər əhalisinin payı 10-15 il ərzində 80 faizə çatacaq. Bu isə Bakı və Abşeron yarımadasının yükünü nisbətən azaldacaq və demoqrafik balansı regionlar üzrə bərabərləşdirməyə imkan verəcək.

    Tərk edilən kəndlərin gələcək taleyinə gəlincə, E.Bədəlov deyib ki, hazırda urbanizasiya prosesləri mənfi təsir göstərir:

    “Kəndlərin çoxu boşalır, əhali şəhərlərə üz tutur. Bu, mənfi xüsusiyyətdir. Bunun qarşısını almaq üçün dövlət proqramlarının daha geniş şəkildə həyata keçirilməsi lazımdır”.

  • Bir həftədə 8 azərbaycanlı Ukrayna müharibəsində öldü

    Son bir həftə ərzində Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə daha 8 azərbaycanlı həlak olub.

    Bu barədə tanınmış hərbi ekspert Tofiq Şahmuradov açıqlama verib.

    Ekspertin sözlərinə görə, son günlər cəbhədən gələn məlumatlar azərbaycanlıların bu müharibədə itkilərinin artdığını göstərir.

    Son bir həftə ərzində həyatını itirdiyi bildirilən şəxslər bunlardır:
    • Zülfüqarov Nurlan Şahmar oğlu
    • Məmmədov Hüseyn Hüseyn oğlu (1998-ci il təvəllüdlü)
    • Məlikov Samir Çərkəz oğlu (1997-ci il təvəllüdlü)
    • Rəhimov Rafiq Ənvər oğlu (1983-cü il təvəllüdlü)
    • Qəribov Teymur Əmrah oğlu (1989-cu il təvəllüdlü)
    • Həsənov Sadıx Qabil oğlu (1978-ci il təvəllüdlü)
    • Abdullayev Rəşid Nizaməddin oğlu (1989-cu il təvəllüdlü)
    • Aydoğan Səbahəddin İzzəddin oğlu (2001-ci il təvəllüdlü)

  • I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblər (SİYAHI)

    Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb.

    Median.Az həmin məktəblərin siyahısını təqdim edir:

  • Psixoloq: Mesajlaşmada “oki” yazmaq aqressiyanı neytrallaşdırmağa kömək edir

    Mesajlaşmada “ok” yerinə “oki” kimi kiçildilmiş və mehriban sözlərdən istifadə, insanın mesajı yumşaltmaq və kobudluq və ya düşmənçilik hissini azaltmaq istədiyini göstərir.

    Bunu psixoloq Olqa Abramova bildirib.

    İnternet istifadəçiləri arasında “oki” sözü geniş müzakirə olunur. Bir versiyaya görə, bu ifadəni narahat təbiətli insanlar uydurub, çünki qısa “ok” çox sərt görünə bilər.

    Abramova qeyd edir ki, belə sözlər “amortizator” rolunu oynayır: onlar mesajın sərt və soyuq qəbul edilmə ehtimalını azaldır. Rəqəmsal mühitdə mimika və intonasiya olmadığından, kiçildilmiş sözlər dostluq siqnalı verir və zərər vermək niyyəti olmadığını göstərir. Bu, sosial məsafəni azaltmaq və etimad göstərmək üsulu kimi intuitiv qəbul edilir.

    Psixoloq vurğulayıb ki, yüksək sosial narahatlığı olan insanlar üçün belə sözlər müdafiə baryeri rolunu oynaya bilər. Lakin psixolinqvistika internet-slayngdə kiçildilmiş sözlərin istifadəsini birbaşa klinik narahatlıqla bağlamır.

    Abramova qeyd edir ki, “oki” sözü qısa “ok” cavabında bəzən hiss edilən soyuqluq və gizli aqressiyanı neytrallaşdırmağa kömək edir.

    Ekspert əlavə edib ki, kiçildilmiş formaların istifadəsi “Böyük Beşlik” şəxsiyyət modeli üzrə “Mehribanlıq” göstəricisi yüksək olan insanlarda empatiya əlaməti ola bilər. Bəzi hallarda isə bu danışıq tərzi sosial narahatlığı – qarşı tərəfi razı salmaq və mənfi reaksiyadan qaçmaq cəhdini göstərə bilər.

    Araşdırmalar göstərir ki, kiçildilmiş sözlər neyron əlaqələrini aktivləşdirərək təhlükəsizlik və rahatlıq hissini artırır, pozitiv emosional fon yaradır və stress səviyyəsini azaldır.
    //qaynar.az

  • Bakıda qəribə dələduzluq: “Maşın oğurluqdur” deyib əlindən aldı, sonra yenidən özünə satdı (Video)

    Altı il əvvəl İrandan Azərbaycana gələn şəxs iş qurmaq məqsədilə kreditlə yük avtomobili alsa da, dələduzluqla üzləşdiyini iddia edir.

    Onun sözlərinə görə, əvvəlcə avtomobili “oğurluq” adı ilə əlindən alınıb, sonra isə həmin maşın ona yenidən satılıb. Nəticədə şikayətçi həm avtomobillərini, həm də külli miqdarda vəsaitini itirib.

    Bu barədə Baku TV-nin videomaterialında bildirilir.

    Şikayətçi Əli Əlibagei məsələ ilə bağlı bunları bildirib:

    “2020-ci ildə İrandan gəldim və iş qurmaq üçün iki yük maşını aldım. Birinci maşını 38 min manata öz adıma rəsmiləşdirmişdim. İkinci maşını alanda Arzu Nurayeva adlı şəxs gələrək avtomobilin oğurluq olduğunu iddia etdi və onu apardı. Bir neçə gün sonra isə geri qayıdaraq həmin maşını mənə satmaq istədiyini dedi. Özünü bank işçisi kimi təqdim edərək, ‘Narahat olma, borcunu ödəyərsən’ dedi. 13 min manata razılaşdıq və hər ay 1 300 manat ödəyəcəyimi bildirdi.

    Artıq üç maşınım var idi. Bir neçə ay sonra Arzu xanım maşınları öz adına keçirməyimi tələb etdi. Kreditin bitməsinə cəmi 1 000 manat qalmışdı. Türkiyəyə gedib qayıdanda öyrəndim ki, maşını Arzu xanım aparıb. Səbəb kimi borcun gecikməsini göstərərək maşını satdığını bildirdi. Etiraz edəndə isə pulumu geri verməyəcəyini dedi.

    Nəticədə mən həm birinci, həm də digər avtomobillərimi itirdim. Arzu xanım mənə hədə-qorxu gələrək, “Gör sənin başına nə oyunlar açacağam” deyirdi. Bu hadisələr nəticəsində, ümumilikdə, 110 min manata yaxın zərərə düşmüşəm”.

  • İranda 56 nəfər casusluq ittihamı ilə saxlanıldı – YENİLƏNİB

    İranda son 72 saat ərzində aparılan əməliyyatlarda rejim əleyhdarı olan 54 şəxs saxlanılıb.

    Bu barədə İran KİV yazıb.

    Həmçinin bildirilib ki, İsrail və ABŞ üçün əsas hədəflərin coğrafi yerlərini kəşfiyyat xidmətlərinə, əsasən İsrail kəşfiyyat agentliyi MOSSAD-a göndərməkdə və qadağan olunmuş ərazilərdə şəkil çəkərək İran əleyhinə media orqanlarına göndərməkdə ittiham olunan iki nəfər casusluq ittihamı ilə saxlanılıb.

    * * * * *

    İran hakimiyyəti Kerman əyalətində ABŞ və İsraillə əlaqədə şübhəli bilinən 14 şəxsin həbs olunduğunu açıqlayıb.

    Bu barədə İran KİV-ləri yazır.

    Məlumata görə, saxlanılan şəxslər “iğtişaşlar təşkil etmək və təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərlə məşğul olmaq niyyətində olublar”.

  • Müşviqabad hövzəsində kanalizasiya kollektorları tikilir – VİDEO

    Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində Su Ehtiyatları Agentliyi içməli və tullantı su sistemlərinin qurulması, yenilənməsi üzrə tikinti-quruculuq işlərini plan üzrə davam etdirir.

    İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu görülən işlərlə bağlı məlumat verərək bildirib ki, ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının tikintisinə başlayıb. Layihə çərçivəsində Müşviqabad hövzəsində gündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi həyata keçirilir.

    Layihəyə uyğun olaraq qurğunun bir sıra əsas və yardımçı hissələrinin tikintisi tamamlanıb, iri barmaqlığın qurşaq tirlərinin betonlama prosesi yekunlaşıb və hazırda son mərhələ olaraq qazıntı işləri aparılır. Kiçik barmaqlıq qurğusu üzrə qazıntı artıq başa çatdırılıb.

    Havalandırma sistemli qum və yağ tutucuda döşəmənin inşası tamamlanıb, divarların dəmir-betonla hörülməsi davam etdirilir.
    Blover binasının bünövrəsi tökülüb, sütun və divarların tikintisi icra olunur. Mexaniki cihaz binası yüksək həcmdə tullantı qazları orta təzyiqlə nəqletmə funkasiyasını daşıyır. Biosfor hovuzunun su bölüşdürücüsündə döşəmə betonunun tikintisi başa çatıb.

    Havalandırma hovuzunda qazıntı aparılır, eyni zamanda sağlamlaşdırıcı lay üzrə qaya dolğusu vurulur. Lil susuzlaşdırma qurğusunda bünövrənin tökülməsi, emalatxana, inzibati, gözətçi binalarının betonlama prosesi yekunlaşıb. Tullantı sutəmizləyici qurğunun enerji təminatı üçün nəzərdə tutulan elektrik yarımstansiyası binasının inşasına başlanılıb.

    Sutəmizləyici qurğuda təmizlənən tullantı suları ultrabənövşəyi şüalardan keçərək sənaye məqsədləri üçün istifadəyə yararlı vəziyyətə gətirilərək müvafiq qaydada yönləndiriləcək.

    Ümumi uzunluğu 18.9 kilometr olan Müşviqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun 15.2 kilometr hissəsi mikrotunel tipli, 3.7 kilometr hissəsi isə kanalizasiya kollektorudur. Bundan əlavə inşa olunacaq 30 şaxtanın 6-da işlərə başlanılıb.

    Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə edilməsinə, həmçinin Ceyranbatan Su Anbarının ətrafında formalaşan qrunt sularının tənzimlənməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.

    Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.

    2025-ci ildə icrasına başlanılan layihənin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi əməl olunur.

    Mətbuat katibi həmçinin onu da diqqətə çatdırıb ki, layihələr yeni infrastrukturun formalaşdırılmasına, mövcud şəbəkələrin təkmilləşdirilməsinə, onların ötürücülük qabiliyyətinin artırılmasına yönəlib. Bununla yanaşı, tullantı sularının fasiləsiz daşınması təmin ediləcək, subasma riskləri azalacaq və sistemlərin istismar səviyyəsi daha da yüksələcək.

    Görülən işlər tullantı sularının daha müasir və təhlükəsiz şəkildə təmizlənməsinə, ekoloji mühitin qorunmasına, əhalinin kommunal xidmətlərə çıxışının yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Bu tipli layihələrin tam başa çatdırılması Bakı və Abşeron yarımadasında su və kanalizasiya infrastrukturunun dayanıqlı, səmərəli fəaliyyətinin təminatına xidmət edir.

  • İraqa səyahət etməyin! – Türkiyə xəbərdarlıq etdi

    Türkiyənin Bağdaddakı səfirliyi İraqa səyahət xəbərdarlığı edib.

    Bu barədə səfirlik yazılı açıqlama yayıb.

    “Vətəndaşlarımız ciddi bir səbəb olmadığı təqdirdə İraqa səyahət etməkdən çəkinməlidirlər”, – açıqlamada qeyd olunub.

    Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda başlatdığı müharibə qarşılıqlı hücumlarla davam etdikcə, İraq da İrandan atılan raket və dronların hədəfinə çevrilir.

  • Yəhudi məktəbində partlayış oldu – Amsterdamda

    Amsterdamın Büytenveldert rayonundakı yəhudi məktəbində partlayış olub.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.

    Partlayış nəticəsində əmlaka məhdud dərəcəli ziyan dəyib. Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.