Türkiyənin tanınmış alimi, professor, doktor İlber Ortaylı müalicə aldığı hospitalda vəfat edib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Xatırladaq ki, 78 yaşı tarixçi -alim bir həftə idi xəstəxanada müalicə olunurdu.

Bakıda iki nəfər küçədə ölüb.
Hadisələr Suraxanı rayonu ərazisində qeydə alınıb.
67 yaşlı Rəşid Murad oğlu Rəşidov Hövsan, 67 yaşlı Aybəniz Hətəm qızı Paşayeva isə Yeni Günəşlə qəsəbəsinin ərazisində qəfil ölüblər. Onların infarkt səbəbilə öldükləri bildirilir.
Faktlarla bağlı araşdırma aparılır.
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Zığ şosesi, Xəzər rayonu Zirə qəsəbəsi, Nəsimi rayonu H.Sarabski, A.Qurbanov və S.Salayev küçələrinin əhatə etdiyi ərazidə və Sumqаyıt şəhəri 20-ci məhəllədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 73320 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib

Yeni aeroport və aerodromların tikintisi, dəniz limanının ərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alına biləcəyi dövlət ehtiyacları siyahısına əlavə ediləcək.
Həmçinin, Mülki Məcəllədə edilən dəyişikliyə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət dəniz limanının ərazisinin artırılması, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası məqsədi ilə də alınacaq.
“Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən “Cənub Topdan” mağazasında oğurluq olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mağazadan 16 994,72 manat dəyərində müxtəlif məhsullar oğurlanıb.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra faktla bağlı cinayət işi başlanıb və 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılanlar ticarət mərkəzində işləyən fəhlələr və “Cənub Topdan” mağazasından qida və qeyri-qida məhsulları alaraq müxtəlif düknalara paylayan şəxs olub.
Qaradağ Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri mühakimə olunan təqsirləndirilən şəxslər verilmiş ittiham üzrə özlərini təqsirli bilib.
Məhkəmənin hökmü ilə onların hər birinə 2 il müddətinə azadlığın məhdudlaşıdırılması cəzası təyin edilib.

Ağstafada İsrafil ağanın evi bərpa olunacaq.
Bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi və əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə abidəyə (“İsrafil ağanın evində) yerində baxış keçirib, abidənin bərpası üçün növbəti illərin dövlət əsaslı vəsait qoyuluşu (investisiya) hesabına həyata keçiriləcək layihələrin siyahısına salınması barədə aidiyyəti üzrə təklif verilib.
Qeyd edək ki, İsrafil ağa Kərbalayevin evi XIX əsrin sonlarında inşa olunub. Ev həmin dövrdə kirəc və əhəng suyunun qarışığı ilə tikilib. Bu, o dövrdə bahalı tikinti üsulu sayılırdı. Sovet hakimiyyəti qurulduqdan sonra tikilidən tibb məntəqəsi, kitabxana, klub kimi istifadə edilib. Binanın qara günləri isə ötən əsrin 60-cı illərində, yaxınlıqda su elektrik stansiyası tikiləcəyi bəhanəsi ilə sakinlərin kənar əraziyə köçürülməsindən sonra başlayıb.
Müstəqillik illərində – ötən əsrin 1992-1993-cü illərində binada ilk dəfə restavrasiya işləri aparılıb.

Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimə müəyyənləşib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Bundan başqa, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə otuz manat məbləğində cərimə tətbiq ediləcək.
Kürdəmir rayonu, S.Şıxalıyev küçəsində fəaliyyət göstərən qida məhsullarının satışı bazarında yoxlama keçirilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Baxış zamanı bazarda texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
“Bazarda qida məhsullarının satışı zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinə riayət edilmədiyi, həmçinin bazarda yerləşən ictimai iaşə obyektində sanitar-gigiyenik tələblərin gözlənilmədiyi müəyyən olub.
Bazarda süd və süd məhsulları soyuducu avadanlıqlar olmadan, sanitar-gigiyenik tələblərə və temperatur rejiminə əməl edilmədən açıq şəraitdə saxlanılır. Həmçinin müşayiətedici baytarlıq sənədləri mövcud deyil. Həmin sahələrdə çalışan işçilər xüsusi geyim formasından istifadə etmirlər.
İctimai iaşə obyektində isə sanitar-texniki və sanitar-gigiyenik vəziyyət qənaətbəxş deyil, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işləri aparılmır, qida məhsullarının hazırlanması, mətbəx ləvazimatlarının yuyulması zamanı sanitar-gigiyenik qaydalar gözlənilmir, işçi müvafiq geyim formasından istifadə etmir.
Yoxlama zamanı, həmçinin aşkar edilib ki, bazarda qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçməsinə dair sənədləri yoxdur”, – məlumatda deyilir.
Qurumdan əlavə edilib ki, faktla bağlı bazarın rəhbəri barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək bazar ərazisində yerləşən süd və süd məhsullarının satışı sahəsinin və ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı hərbçini təltif edib.
Bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna ordusunda xidmət edən soydaşımız Emin Həsənov “İgidliyə görə” ordeni ilə mükafatlandırılıb.
“Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna ordusunda xidmət edir.
Məlumata görə, Emin Həsənov bir neçə dəfə ağır yaralanmasına baxmayaraq müalicə aldıqdan sonra yenidən cəbhə xəttinə – komandiri olduğu bölməyə qayıdıb”, – deyə məlumatda bildirilib.
