Month: March 2026

  • Vətəndaşlar onlayn kredit götürülməsini birdəfəlik bloklamaq imkanı əldə edəcək

    “Maliyyə-bank sektorunda kibercinayətlərin və onlayn fırıldaqların qarşısını almaq üçün yeni mexanizmlər hazırlanıb. Aidiyyəti qurumlarla real vaxt rejimində məlumat mübadiləsi aparan sistem qurulub, FIN-CERT strukturu yaradılıb və banklar üçün daha sərt təhlükəsizlik tələbləri hazırlanır”.

    Bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, onlayn kreditlərlə bağlı “STOP” xidməti də işə salınacaq:

    “Bu xidmət vasitəsilə vətəndaşlar bank sistemində özləri üçün onlayn kredit götürülməsini birdəfəlik bloklamaq imkanı əldə edəcəklər. Xatırladıram ki, qonşu ölkələrdə bu xidmət xeyli öncədən təqdim edilir”.

  • Daha bir tiktoker həbs edildi

    Polis daha bir tiktokeri saxlayıb.

    Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

    Tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov saxlanılıb. Onun barəsində internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib olunub.

    Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub.

  • İsrail SEPAH komandirini Livanda öldürdü

    Livanda “Hizbullah”ın raket bölməsində çalışan İnqilab Keşikçiləri (SEPAH) komandiri öldürülüb.

    Bu barədə İsrail ordusu açıqlayıb.

    Ötən gün Beyruta edilən hücumlar zamanı öldürülən komandir Əbuzər Məhəmmədi olub. İsrail ordusu Məhəmmədinin “Hizbullah” və İslam Respublikası arasında hərbi koordinasiyada əsas amil olduğunu vurğulayıb.

  • “Krokus” terrorunu törədən 15 nəfərə ömürlük həbs cəzası verildi

    İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Crocus City Hall”dakı terror aktında təqsirləndirilən 19 nəfərdən 15-ni ömürlük həbs cəzasına məhkum edib.

    Bu barədə Rusiya mətbuatı yazıb.

    Onların arasında dörd cinayətkar var: Dalerjon Mirzoyev, Murodali Rachabalizoda, Muhammadsobir Fayzov və Shamsidin Fariduni. Onlar cəzalarının bir hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza koloniyasında çəkəcəklər. Əlavə olaraq hər biri 990.000 rubl cərimələnib.

    Umedjon və Mustakim Soliyev, Shaxromdjon Gadoev, Zubaydullo Ismoilov, Hüseyn Xamidov, Muhammad Sharipzoda, Yakubdjoni Yusufzoda, Nəzrimad Lutfulloi, Cumaxon Kurbonov, Husen Medov və Cəbrail Auşev də ömürlük həbs cəzasına məhkum ediliblər.

    Evini terrorçulara kirayə verən Əlişir Qasımov 22 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Onun Moskva vilayətindəki mənzili müsadirə edilib. İsrail, Dilovar və yaraqlılara avtomobil satan Əminçon İslamov isə 19 il 11 ay müddətinə azadlıqdan məhrum olunublar.

    Məhkəmə təqsirləndirilən şəxslərə zərərçəkmişlərə 200 milyon rubldan çox məbləğ ödəməyi qərara alıb.

    Qeyd edək ki, Krasnoqorsk şəhərindəki binada terror aktı 22 mart 2024-cü ildə baş verib. Hücum edənlər binanın içərisindəkilərə silahlardan atəş açıb və auditoriyanı yandırıblar. Nəticədə 149 nəfər həlak olub, bir nəfər itkin düşüb, 609 nəfər yaralanıb.
    //unikal.az

  • Azərbaycanda quş qripinə qarşı epizootoloji monitorinq keçiriləcək

    Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) aprelin 6-10-da növbəti quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqin keçirilməsi planlaşdırılır.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərinə, eləcə də vəhşi quşlara ümumi baxış keçiriləcək.

    Vəhşi quşlardan və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

    Monitorinqdə AQTA-nın, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları iştirak edəcəklər.

    Monitorinq müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb ediləcək.

  • Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməyənlər cəzalandırılacaq

    Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir.

    Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Başqa sözlə, Cinayət Məcəlləsinin 308-1-ci maddəsində (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) cinayətin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır. Maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda (doqquz min manatdan on üç min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə “cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında” müəyyən edilir. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilir. Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması da əlavə edilir.

    Layihəyə əsasən, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 2-ci bənddə “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə nəyin nəzərdə tutulması göstərilir. Qeyd olunan bəndə əsasən, “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

    Bundan başqa, Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin Qeyd hissəsinə əlavə olunacaq 3-cü bəndə əsasən, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.

    İnzibatı Xətalar Məcəlləsının 410-cu maddəsində də bununla əlaqədar dəyişikliklər nəzərdə tutulur. Belə ki, “dövlətə məxsus olan hüquqi şəxslər” maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə məsuliyyət daşıyan subyektlər sırasına əlavə edilir və hazırda cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq dörd yüz manatdan səkkiz min manatadək olduğu halda, layihəyə əsasən bütün hallarda cərimə “inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində” müəyyən ediləcək. Buna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 410.2 və 410.3-cü maddələri ləğv edilir.

  • İcra hakimiyyətlərində kütləvi ixtisarlar niyə artır? – Video

    Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişiklikləri nəticəsində 31 vəzifə ləğv edilib.

    Bu barədə İTV süjet hazırlayıb.

    Bildirilib ki, bundan öncə də bir neçə rayonda oxşar addım atılıb. Belə ki, Ağsu, Tovuz, Cəlilabad və Quba Rayon İcra hakimiyyətlərində müvafiq olaraq 14, 43, 38 və 36 əməkdaşın işinə xitam verilib.

    Bu dəyişikliklərin əsas məqsədi isə büdcə xərclərinin optimallaşdırılması, dövlət idarəçiliyində daha çevik və səmərəli modelin formalaşdırılmasıdır.

  • İran bu ölkənin Hörmüz boğazından keçməsinə icazə verdi

    İran Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verib.

    “Unikal” xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

    Məlumata görə, razılaşma Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar və İran xarici işlər naziri Abbas Əraqçi arasında danışıqlardan sonra əldə edilib. Bildirilir ki, bu hadisədən sonra ABŞ, Avropa və İsraildən gələn gəmilər məhdudiyyətlərlə üzləşməyə davam etsə də, ən azı iki Hindistan tankeri – Puşpak və Parimal strateji əhəmiyyətli boğazdan uğurla keçib”.

  • Rusiya Azərbaycan vasitəsilə İrana dərman göndərir

    Rusiyanın Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyyarə İran üçün nəzərdə tutulmuş dərman preparatlarını Azərbaycana çatdıracaq.

    Bu barədə TASS nazirliyin mətbuat xidmətinə istinadən yazıb.

    Bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin göstərişi və Rusiyanın Fövqəladə Hallar Naziri Aleksandr Kurenkovun tapşırığına əsasən, nazirliyin aviasiyası vasitəsilə dərman preparatlarının Azərbaycan Respublikasına çatdırılması təşkil olunub. Bu dərmanlar daha sonra İran İslam Respublikasının hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək.

    Ümumilikdə humanitar yardım kimi 13 ton dərman preparatının çatdırılması planlaşdırılır.
    //unikal.az

  • Azərbaycanda könüllü kredit qadağası olacaq

    Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə etmiş olacaq, bu isə öz növbəsində fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcəkdir.

    Bu barədə Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda keçirilən forumda deyib.

    O bildirib ki, rəqəmsal fırıldaqçılıq risklərinin azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən Mərkəzləşdirilmiş məlumat mübadiləsi sisteminin yaradılması istiqamətində də işlər aparılır.

    “Bu sistem, banklar, ödəniş təşkilatları və digər səlahiyyətli qurumlar arasında operativ məlumat mübadiləsini təmin edəcək və fırıldaqçılıq hallarına daha sürətli reaksiya verilməsinə imkan yaradacaq. Mərkəzi Bank maliyyə institutlarının bazar davranışlarının hüquqi tənzimlənməsinin inkişaf etdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə, qabaqcıl təcrübəyə uyğun olaraq, beynəlxalq ekspertlər cəlb olunmaqla “Maliyyə institutlarının bazar davranışlarına dair Metodoloji Rəhbərlik” layihəsi hazırlanıb. Bu sənəd, maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarını təmin etməyə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir. Bununla yanaşı, nəzarət mexanizmlərinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi və bazar davranışlarına risk əsaslı nəzarət modelinin tətbiqi planlaşdırılır ki, bu da istehlakçılar üçün daha yüksək risk yaradan məhsul, xidmət və institutlara daha intensiv nəzarətin həyata keçirilməsinə imkan verəcəkdir.Bütün bunlar, maliyyə istehlakçılarının hüquqlarının daha etibarlı şəkildə qorunması üçün şərait yaradacaq”, – deyə Toğrul Əliyev vurğulayıb.

    T.Əliyev qeyd edib ki, Mərkəzi Bank maliyyə istehlakçılarının hüquqlarının qorunması sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir: “Bu çərçivədə Mərkəzi Bank ötən ilin oktyabr ayında Maliyyə İstehlakçılarının Müdafiəsi üzrə Beynəlxalq təşkilat olan “FinCoNet” təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Bu üzvlük rəqəmsal maliyyə xidmətləri sahəsində istehlakçı hüquqlarının qorunması üzrə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə imkan yaradır. Eyni zamanda, Mərkəzi Bank İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Təhsili üzrə Beynəlxalq Şəbəkəsinə – OECD-INFE platformasına üzv olub. Bu əməkdaşlıq maliyyə savadlılığının artırılması və istehlakçıların məlumatlılığının yüksəldilməsi istiqamətində yeni imkanlar yaradır”.(Azərtac)