Month: March 2026

  • Sabah hava necə olacaq?

    Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

  • Avtobuslarda gedişhaqqı ilə bağlı yenilik – Məsafəyə görə… (VİDEO)

    Yeni avtobus kartlarının istifadəyə verilməsi və ödənişin məsafəyə görə hesablanması planlaşdırılır.

    İctimai nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində yaxın illərdə bir sıra mühüm dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur.

    Bu dəyişikliklər çərçivəsində 2026-2028-ci illər ərzində “Brutto” müqavilə modelinə mərhələli keçid nəzərdə tutulur.

    AYNA-dan bildirilib ki, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərinin nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbi qaz və elektrik mühərriki ilə təchiz edilən avtobuslara tətbiq ediləcək.

    Daha ətraflı “Xəzər Xəbər”in video-materialında:

  • Sosial ödəniş alanlara şad xəbər: Sabah hamısı ödəniləcək

    Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl – martın 13-də ödənilməsi nəzərdə tutulub.

    Bu barədə ƏƏSMN-dən məlumat verilib

    Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.

  • Bu gecə üçüncü Qədr gecəsidir

    Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir.

    Üçüncü Qədr gecəsi ramazan ayının 22-dən 23-nə, yəni martın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

    Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

    Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-da Ramazan (Fitr) bayramı olacaq.

  • Fitrə zəkatı nə qədər olmalıdır? – AÇIQLAMA

    “Ramazanda ən çox verilən suallardan biri də fitrə zəkatının vaxtı və məbləği ilə bağlıdır. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 10-15 AZN arası dəyişə bilər. Bu bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır”.

    Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

    O bildirib ki, fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq:

    “Hər üç ərzaq növü arasında qiymət fərqi var. Fitrə zəkatı ərzaqla verilməlidir yoxsa ərzağın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir”.

  • Mikromobillik vasitələrindən istifadə edənlərin sayı təxminən 3 dəfə artıb

    Bu ilin fevral ayı ərzində Bakı şəhəri üzrə mikromobillik vasitələri 219 412 dəfə sifariş olunub.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Belə ki, ötən ilin müvafiq dövründə mikromobillik vasitələri 83 415 dəfə sifariş edilib.

    Bildirilib ki, nəzərəçarpacaq artım xüsusilə velosipedlərin sifarişində qeydə alınıb: 8,8 dəfə. Belə ki, 2025-ci ilin fevralında velosiped 7 349 dəfə sifariş olunduğu halda, bu ilin müvafiq dövründə 64 339 dəfə sifariş edilib.

    Cari ilin fevral ayında alternativ nəqliyyat növü kimi mikromobillik vasitələrindən istifadə edənlərin sayı 110 658 nəfər təşkil edib. Bu, 2025-ci ilin fevral ayının göstəricilərindən 2,2 dəfə çoxdur. Ötən ilin fevralında mikromobillik vasitələri istifadəçilərinin sayı 50 910 nəfər olub.

    Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin fevral ayında 434 min kilometrdən çox yol qət edilib. Bu, ötən illə müqayisədə 2 dəfədən çoxdur. 2025-ci ilin fevralında mikromobillik vasitələri ilə qət edilən məsafə 201 min kilometr təşkil edib.

    Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərindən istifadə edənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.

    Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik infrastrukturu genişləndirilir.

    Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5 kilometr təşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması planlaşdırılır. Görülən işlər çərçivəsində skuterlər üçün 872, velosipedlər üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter sayı 5018, velosiped sayı isə 2200-dür.

  • Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası – DİN açıqladı

    Bu foto Vətən müharibəsi günlərində, Şuşa istiqamətində aparılan əməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında çəkilib. Kadra düşən şəxsi heyət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularıdır. Şəkilin çəkilməsindən cəmi bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlanacaqdı.

    Həmin əməliyyatla bağlı DİN-in Mətbuat Xidməti 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktları açıqlayıb. Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib.

    Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başladı. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, ay işığında irəliləyiblər.

    Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulur və nəticədə 15 hərbi qulluqçu yaralanır. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.

    Noyabrın 9-u səhər saat 07:30 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra ediblər.

    Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini 2023-cü il 12 oktyabr tarixinədək davam etdirib.

    Bununla yanaşı qeyd olunmalıdır ki, Xüsusi Təyinatlı Qüvvələrlə birgə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunların xüsusi təyinatlıları ilə birgə noyabrın 2-dən etibarən Hadrut qəsəbəsində yerləşən təxminən 350 nəfərlik şəxsi heyət də Şuşa istiqamətindəki əməliyyatlara cəlb olunub və şəhərin düşməndən azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstəriblər.

    Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Bu zəfərin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksək igidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdiriblər.

  • Tramp ABŞ-də benzinin bahalaşmasına görə hərəkətə keçdi

    ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlar fonunda ölkədə kəskin şəkildə artan benzin qiymətlərini azaltmaq üçün ABŞ-nin Strateji Neft Ehtiyatından qismən istifadə etməyi təklif edib.

    O, bu barədə Ohayo ştatındakı yerli televiziya kanalına verdiyi müsahibədə bildirib.

    “Mən neft ehtiyatını bir dəfə doldurmuşam və yenidən dolduracağam, amma hazırda biz onu bir az azaltacağıq və benzinin qiymətlərini aşağı salacağıq”, – deyə Tramp ifadə edib.

    Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail Tehran da daxil olmaqla İrandakı hədəflərə zərbələr endirməyə başlayıblar. İran İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə cavab zərbələri endirir. Nəticədə, Hörmüz boğazından gəmiçilik kəskin şəkildə azalıb.

    Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2025-ci ildə Hörmüz boğazından neft və neft məhsullarının tranziti gündə orta hesabla 20 milyon barel və ya dünya dəniz neft ticarətinin təxminən 25%-ni təşkil edib. Bu marşrutu keçməklə neftin daşınması imkanı məhduddur.
    //unikal.az

  • Ankarada ZƏLZƏLƏ oldu

    Türkiyənin paytaxtı Ankara şəhərinin Haymana rayonunda 4.1 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Bildirilir ki, yeraltı təkanların ocağı yerin 7.7 km dərinliyində yerləşib.

    Bakı vaxtı ilə saat 18:49-da qeydə alınan zəlzələ ətraf vilayətlərdə də hiss edilib. İlkin məlumata görə, yeraltı təkanlar nəticəsində itki və dağıntı olmayıb.

  • Magistraturaya qəbul üzrə ölkə birincisi məlum oldu

    Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının yekun nəticələrinə görə, ölkə üzrə ən yüksək nəticə göstərən yeganə şəxs Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.

    Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva 96 bal toplayaraq ölkə birincisi adını qazanıb.

    Qeyd edək ki, BANM-ə 689,6 balla qəbul olan Elvina Əliyeva Prezident təqaüdünə layiq görülmüşdü.