Month: Mart 2026

  • ABŞ İranda ilk dəfə yeni raketdən istifadə etdi

    ABŞ İrandakı əməliyyatlarda ilk dəfə yeni “Precision Strike” (PrSM) həssas vuruş raketindən istifadə edib.
     
    Median.Az xəbər verir ki, bu barədə “TWZ” məlumat yayıb.
     
    Bu, təxminən iki il əvvəl istifadəyə verilib və ilk dəfə döyüşdə istifadə edilir.
     
    “PrSM” sələfi olan “ATACMS”dan əsasən 500 kilometrə çatan artırılmış mənzili ilə fərqlənir.
     
    Nəşrin məlumatına görə, “PrSM” İran hədəflərinə “HIMARS” raket sistemindən istifadə edilərək buraxılıb.
     
    “Yeni raket, xüsusən də quyruğunun forması və konfiqurasiyası baxımından ATACMS-dən xeyli fərqlənir”, – “TWZ” qeyd edir.
     
    Bundan əvvəl, ABŞ ordusunun İrandakı hədəflərə endirilən zərbələr zamanı ilk dəfə kamikaze dronlarını sınaqdan keçirdiyi bildirilmişdi.

  • Tramp İranda öldürülən liderlərin sayını açıqladı

    ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İrana qarşı əməliyyatının ilk günündə İranın ən yüksəkvəzifəli 49 liderinin öldürüldüyünü açıqlayıb.

    Bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

    Donald Tramp deyib ki, Ayətullah Əli Xamenei hücumun səhəri səhər yeməyində yaxın ətrafı ilə görüşüb.

    “Düşünürdük ki, İran rəhbərliyindən qurtulmaq üçün dörd həftə lazım olacaq.

    Bilirsiniz ki, onlar gizlənsələr bu, dörd həftədən daha uzun çəkir. Nə baş verdiyini eşidəndə şoka düşdük. Nə baş verdiyinə və harada baş verdiyinə dair dəqiq məlumatımız var idi”, – deyə Tramp əlavə edib.

  • Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

    Median.Az
    xəbər verir ki, Ərdoğan Türkiyənin bölgədəki münaqişəli prosesləri həssaslıqla izlədiyini, davamlı və dayanıqlı sülhün təmin olunması üçün diplomatiyaya geniş imkan yaradılmasının vacibliyini bildirib.

  • Rza Pəhləvi: “İranda rəsmi vəzifələr tutmaq fikrində deyiləm”

    İranda devrilmiş şahın oğlu Rza Pəhləvi ölkədə rəsmi vəzifələrə iddialı olmayacağını bildirib.

    Bu barədə o, “60 Minutes” proqramına verdiyi müsahibədə danışıb.

    “Onlar mənə keçid dövrünün rəhbəri kimi etibar edirlər, gələcəyin kralı və ya prezidenti kimi yox”, – deyə R.Pəhləvi qeyd edib.

    O həmçinin İsraillə sıx əlaqələrin strateji əhəmiyyətini vurğulayıb. R.Pəhləvi ABŞ Prezidenti Donald Trampı “ən məşhur xarici lider” adlandırıb.

  • İsfahandakı nüvə obyektinə zərbələr endirildi

    ABŞ ordusu İsfahanda yerləşən nüvə obyekti və yaxınlıqdakı aviabazaya raket zərbələri endirib.

    Median.Az İsrailin “Kan” dövlət telekanalına istinadən xəbər verir ki, hücum nəticəsində hərbi hava bazası ilə yanaşı, nüvə kompleksinin müəyyən hissələri də hədəfə gəlib.

    Kanalın məlumatına görə, hücuma baxmayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi hələlik nüvə obyektlərini hədəf alan hərbi fəaliyyət qeydə almadıqlarını bildirib. Təşkilat rəhbərinin sözlərinə görə, Buşehr AES, Tehran tədqiqat reaktoru və digər nüvə müəssisələrinin zədələnməsi barədə onlarda rəsmi məlumat yoxdur.

    Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrailin başladığı genişmiqyaslı əməliyyat zamanı Tehran başda olmaqla ölkənin strateji əhəmiyyətli digər şəhərləri də hədəfə alınıb.

  • Üzərliklə bağlı daha bir qurumdan – Çağırış

    Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edib.

    Median.Az xəbər verir ki, notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə götürüldüyü qeyd olunub.

    Həmçinin sözügedən bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaqmalçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib.

    Dövlət Dəniz və Liman Agentliyi qeyd olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət etməyi, habelə harmala (üzərlik) bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin istifadəsindən, daşınmasından və saxlanılmasından qəti şəkildə çəkinməyi tövsiyə edib.

  • Bu universitetdə yeni təyinatlar OLDU – FOTO

    Azərbaycan Texnologiya Universitetində yeni təyinatlar olub.

    Elmir Cəfərov Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru, Arzu Əsgərov Keyfiyyətin təminatı şöbəsinin, Abdulla Fərzəlizadə isə Təsərrüfat və təchizat şöbəsinin müdiri vəzifələrinə təyin ediliblər.


    Elmir Saleh oğlu Cəfərov 08.03.1982-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Universitetinin beynəlxalq münasibətlər, 2005-ci ildə Gəncə Dövlət Universitetinin (GDU) Azərbaycanın yeni və ən yeni tarixi ixtisasını bitirib. 2005-2008-ci illərdə GDU-da Vətən tarixi ixtisası üzrə aspirantura təhsili alıb, tarix üzrə fəlsəfə doktorudur. Elmlər doktoru proqramı üzrə 5312.01 “Sahə iqtisadiyyatı” ixtisasında dissertantura təhsili alır.

    2008-2011-ci illərdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında məsləhətçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2011-ci ildən Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışıb. Hazırda İdarəetmə kafedrasının dosentidir.


    Arzu Taryel oğlu Əsgərov 14.08.1996-cı ildə Goranboy rayonunun Xoylu kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavr, 2019-cu ildə isə regional idarəetmə ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
     
    Həmçinin, mübadilə proqramı çərçivəsində Türkiyənin Qaradəniz Texniki Universitetində təhsil alaraq “Student Certificate of Attendance”, “Dijital Ekonomi Zirvesi 19” sertifikatlarına layiq görülüb.
     
    2020-ci ildən Azərbaycan Texnologiya Universitetinin İnzibati idarəetmə və kommersiya kafedrasında assistent vəzifəsində fəaliyyətə başlayıb, hazırda baş müəllimdir. 2023-cü ilin yanvar ayında Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
     

    Abdulla Arif oğlu Fərzəlizadə 15.04.1991-ci il tarixində Zaqatala rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin dizayn ixtisası üzrə məzunu olub.
     
    2017-2022-ci illərdə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Gəncə şəhər 3 saylı Kadastr və Yer Quruluşu Layihə-Tədqiqat Mərkəzində VII dərəcəli mühəndis vəzifəsində çalışıb. 2022-ci ildən əmək fəaliyyətini Azərbaycan Texnologiya Universitetində Təchizat şöbəsinin müdiri, daha sonra Təsərrüfat və təchizat şöbəsinin müdir müavini vəzifəsində davam etdirib.

  • Türkiyədə zəlzələ oldu

    Türkiyədə zəlzələ olub.
     
    Median.Az xəbər verir ki, zəlzələ Malatya bölgəsində baş verib.
     
    Yerli vaxtla 17:52-də baş verən zəlzələnin maqnitudası 4.3 olub.
     
    Yeraltı təkan 8.94 km dərinlikdə baş verib.

  • İran raketlərlə bağlı yenilik tətbiq etdi

    İran raketlərdə partlayıcı olan yeni döyüş başlıqlarından istifadə edib.
     
    Median.Az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
     
    Məlumata görə, İran raketlərinin döyüş başlıqlarındakı partlayıcı maddənin növü dəyişib. İndi 500 kiloqram ağırlığında olan döyüş başlığı əvvəlki bir tonluq döyüş başlıqlarına bərabərdir.
     
    Buna görə də İranın son günlərdəki hücumlarının həm həcminə, həm də keyfiyyətinə görə 12 günlük müharibədən fərqləndiyi vurğulanıb./publika

  • “TikTok”da açıq-saçıq videosunu paylaşan QIZ HƏBS EDİLDİ

    Qubada çəkdirdiyi açıq-saçıq görüntülərlə bağlı 27 yaşlı tiktoker xanım  polis tərəfindən saxlanılıb. Daha sonra isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub.
     
    Median.Az xəbər verir ki, 1999-cu ildə Bərdə rayonunda anadan olmuş Aysun Bayramova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə (internet resurslarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) protokol tərtib edilib.
     
    İşə məhkəmədə baxılıb. Məlum olub ki, Aysun Bayramova açıq-saçıq geyimdə olan görüntüləri 2024-cü ildə Quba rayonunda çəkib. Digər açıq görüntüləri isə “TikTok” platformasında paylaşmayıb, yalnız həmin proqram vasitəsilə çəkərək münasibətdə olduğu şəxsə göndərmək məqsədilə hazırlayıb.
     
    Onun əvvəllər məhkum olunmadığı bildirilib. A.Bayramova məhkəmədən bu halların nəzərə alınmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edib.
     
    Məhkəmənin qərarı ilə, o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi üzrə təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilib. (Qaynarinfo)