Month: Mart 2026

  • Fransa səfiri Azərbaycana təşəkkür etdi

    Fransanın Azərbaycandakı səfiri Sofi Laqutt İrandan təxliyələrdə köməyinə görə rəsmi Bakıya təşəkkür edib.

    Diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

    “Vətəndaşımız üçün göstərdikləri çox səmərəli və operativ yardıma görə Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edirik”, – deyə o bildirib.

    Qeyd edək ki, martın 1-dən bu gün saat 17:00-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən bir Fransa, 13 Tacikistan, 21 Azərbaycan, 50-yə yaxın Rusiya, 35 Pakistan, 65-ə yaxın Çin vətəndaşının keçidi təmin olunub.

  • “Tik-Tok”da açıq videosunu paylaşdı, həbs edildi

    Qubada çəkdirdiyi açıq-saçıq görüntülərlə bağlı 27 yaşlı tik-toker xanım inzibati qaydada həbs olunub.

    Qaynarinfo-nun məlumatına görə, 1999-cu ildə Bərdə rayonunda anadan olmuş Aysun Bayramova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə (internet resurslarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) protokol tərtib edilib.

    İşə məhkəmədə baxılıb. Məlum olub ki, Aysun Bayramova açıq-saçıq geyimdə olan görüntüləri 2024-cü ildə Quba rayonunda çəkib. Digər geyimsiz görüntüləri isə “TikTok” platformasında paylaşmayıb, yalnız həmin proqram vasitəsilə çəkərək münasibətdə olduğu şəxsə göndərmək məqsədi ilə hazırlayıb.

    Onun əvvəllər məhkum olunmadığı bildirilib. A.Bayramova məhkəmədən bu halların nəzərə alınmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib.

    Məhkəmənin qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi üzrə təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilib.

  • Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib

    Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin tərkibi və sayı müəyyənləşib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, kollegiya üzvləri doqquz nəfərdən ibarətdir və aşağıdakılardır:

    Kollegiyanın sədri

    Dövlət Turizm Agentliyinin sədri

    Kollegiyanın üzvləri:

    – Dövlət Turizm Agentliyi sədrinin müavini

    – Dövlət Turizm Agentliyi Aparatının rəhbəri

    – Dövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiri

    – Dövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiri

    – Turizm və Menecment Universitetinin rektoru

    – Turizm Bürosu İdarə Heyətinin sədri

    – Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri

    – Dövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru.

  • Xameneinin ailəsində növbəti itki: Həyat yoldaşı da öldü

    İranın Ali Lideri Əli Xameneinin həyat yoldaşı Mənsurə Xocəstə zərbələrdən aldığı yaralar nəticəsində həyatını itirib.

    Bu barədə İranın “Al-Alam” telekanalı məlumat verib.

    Məlumata görə, o, Xameneinin və bir neçə ailə üzvünün ölümünə səbəb olan ABŞ-İsrail birgə hava hücumu zamanı ali lider ilə birlikdə iqamətgahda olub.

    Xatırladaq ki, Əli Xamenei fevralın 28-də səhər öldürülüb, lakin İran bu xəbəri yalnız ertəsi gün təsdiqləyib.

    Qeyd edək ki, daha əvvəl həmçinin Əli Xameneinin qızının, kürəkəninin, gəlininin və nəvəsinin də İran paytaxtına endirilən raket zərbələri zamanı öldükləri bildirilmişdi.

  • Sahibkar mağazasında ÖLÜ TAPILDI

    Abşeronda mağazadan meyit tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Novxanı kəndində qeydə alınıb.

    Kənd sakini, 1962-ci il təvəllüdlü İsrail Əli oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus mağazada aşkar edilib.

    Ölümün səbəbi hələlik məlum deyil.

    Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

  • Türkiyəli məşhurlar Dubaydan qayıda bilmirlər

    Türkiyənin məşhur aktyorları İlker Ayrık və Şevket Çoruh BƏƏ-nin Dubay şəhərindən çıxa bilmirlər.

    Bu barədə Median.Az məşhur aktyorların paylaşımlarına əsasən xəbər verir.

    İlker Ayrık paylaşımında yazıb:

    “Fevralın 27-də Dubaya “Bir Ata Hamlet” tamaşası üçün gəldik. Bu gün qayıtmağı planlaşdırırdıq. Lakin hamınızın bildiyiniz səbəblərə görə geri qayıda bilmirik. Ailəm də yanımdadır. Uşaqların bəzi dərsləri yoxdur. Ümid edirəm ki, müəllimləri inciməzlər. Zəng edən, soruşan və narahat olan hər kəsə çox təşəkkür edirəm. Hamımız sağ-salamatıq. Ümid edirəm ki, tezliklə qayıdacağıq”.

    Bundan başqa türkiyəli model İvana Sert də Dubayda qalan məşhurlar sırasındadır. O, hadisənin başladığı gün oğlu ilə birlikdə İstanbula qayıtmalı olduqlarını, lakin atılan raketlər səbəbindən uçuşların ləğv edildiyini açıqlayıb:

    “Qeyri-adi günlər yaşayırıq. Həyəcan siqnalları daim çalınır. Bu qorxuludur. Ən qısa müddətdə Türkiyəyə gəlmək istəyirik”.

  • Son bir neçə gündə Azərbaycan üzərindən əlavə 150-dən çox tranzit uçuş olub

    Yaxın Şərqdə tətbiq olunan müvəqqəti hava məkanı məhdudiyyətləri nəticəsində bir sıra qlobal aviadaşıyıcılar marşrutlarını yenidən planlaşdıraraq Azərbaycan üzərindən uçuş tezliyini yüksəldib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, xüsusilə son bir neçə gün ərzində ölkə üzərindən əlavə 150-dən çox tranzit uçuş həyata keçirilib.

    Hazırda Azərbaycan qlobal aviasiya sistemində əlverişli coğrafi mövqeyi ilə yanaşı, formalaşdırdığı müasir aeronaviqasiya infrastrukturu və idarəetmə potensialı ilə seçilir. Avropa – Asiya və Şimal – Cənub nəqliyyat axınlarının kəsişməsində yerləşən ölkə regional və qitələrarası uçuşlar üçün etibarlı hava körpüsü funksiyasını yerinə yetirir.

    “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Qlobal Hava Naviqasiya Planına (GANP), eləcə də regional və Avropa proqramlarına uyğun olaraq hava hərəkətinin təhlükəsiz və səmərəli təşkili, müasir Hava Hərəkətinin İdarə Edilməsi (ATM) texnologiyalarının tətbiqi və rəqəmsal transformasiya istiqamətində ardıcıl inkişaf strategiyası reallaşdırır.

    Bu gün Azərbaycanın hava məkanından mütəmadi olaraq 200-dən artıq beynəlxalq aviadaşıyıcı müxtəlif istiqamətlər üzrə istifadə edir. 30-a yaxın aviadaşıyıcı uçuş marşrutlarını yenidən konfiqurasiya edərək Azərbaycan hava məkanına üstünlük verib. Onların sırasında “Aerologic”, “Air Arabia”, “Air Atlanta Europe”, “Air Cairo”, “Air France”, “ASL Airlines Belgium”, “Austrian Airlines”, “British Airways”, “DHL Air”, “Edelweiss Air”, “European Cargo”, “FlyDubai”, “GullivAir”, “ITA Airways”, KLM, “Polish Airlines”, “Lufthansa”, “Malaysia Airlines”, “My Freighter”, “Pegasus Airlines”, “Qantas”, “Singapore Airlines”, “SriLankan Airlines”, “Swiss International Air Lines”, “TUI Airways”, “Turkish Airlines”, “Utair”, “Uzbekistan Airways”, “Vietnam Airlines” və “Virgin Atlantic” yer alır.

    AZANS beynəlxalq standart və tövsiyələrə uyğun olaraq hava məkanının buraxıcılıq qabiliyyətinin artırılması, əməliyyat dayanıqlılığının gücləndirilməsi və artan trafik həcminin təhlükəsiz şəkildə qarşılanması istiqamətində fəaliyyətini davam etdirir.

  • Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq

    Azərbaycan və Rusiya 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaq.

    Bu barədə Prezident İlham Əliyevin Rusiya Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulunda bildirilib.

    Qeyd olunub ki, addımlar Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq atılacaq.

  • İordaniya səmasında uçuşlar müvəqqəti dayandırılıb

    Yaxın Şərqdə müşahidə olunan eskalasiya səbəbindən İordaniya hökuməti hava məkanının fəaliyyətini məhdudlaşdırmaq barədə qərar qəbul edib. Qadağa hər gün yerli vaxtla saat 18:00-dan 09:00-a qədər (Bakı vaxtı ilə 19:00-10:00) tətbiq ediləcək.

    Bu barədə “Petra” agentliyi məlumat yayıb.

    Məhdudiyyətlə bağlı qərar bu axşamdan qüvvəyə minir və növbəti göstərişə qədər bütün hava gəmilərinə aid ediləcək.

    Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, ölkənin Müdafiə Qüvvələri İrana qarşı “Aslanın nərəsi” adlı əməliyyata başlayaraq qabaqlayıcı zərbələr endirib. Bu hadisədən dərhal sonra tərəflər öz hava məkanlarını uçuşlar üçün bağlayıblar. Qonşu ölkələr də hava məkanlarını bağladıqlarını bildiriblər.

  • Bakıda bu “Mall” bağlanır

    Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Mall”lardan biri bağlanır.
     
    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, Yasamal rayonunda, “Yeni Yasamal” kimi tanınan ərazidə yerləşən “Yasamal Mall” bağlanır.
     
    Tezliklə sözügedən ticarət mərkəzinin yerləşdiyi obyektdə supermarket şəbəkələrindən birinin açılması nəzərdə tutulur.