Month: March 2026

  • Residivist müayinə adı ilə klinikaya gəldi, həkimin beş min manatını oğurladı

    Ötən gün naməlum şəxs paytaxtın Səbail rayonundakı klinikaların birində həkimin çantasından beş min manat pulunu, bank kartlarını və şəxsi sənədlərini talayıb.

    Oxu.Az-ın əldə etdiyi xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlə əməli törətməkdə şübhəli bilinən A.Əliyev müəyyən edilərək saxlanılıb.

    58 yaşlı şəxsin əvvəllər dəfələrlə məhkum olduğu məlum olub.

    Sözügedən şəxs müayinə olunmaq bəhanəsi ilə tibb müəssisəsinə daxil olaraq həkim otaqlarını bir-bir nəzərdən keçirib və zərərçəkənin otaqda olmadığını müşahidə edərək oğurluq əməlini törədib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    4. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    6. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    9. Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    11. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    15. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    16. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    18. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    19. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    20. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    21. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    22. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • “Dənizkənarı Bulvar İdarəsi”nin həbsdə olan sabiq sədri İlqar Mustafayevin SƏHHƏTİNDƏ CİDDİ PROBLEM yarandı

    “Dənizkənarı Bulvar İdarəsi”nin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə bu gün keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesi təxirə salınıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əskərovanin sədrliyi ilə araşdırılan prosesin təxirə salınmasının səbəbi təqsirləndirilən İlqar Mustafayevin səhhətində ciddi problemlərin yaranmasıdır.

    Bu barədə məhkəməyə müvafiq teleqramın daxil olması proses iştirakçılarının diqqətinə çatdırılıb.

    Təqsirləndirilənin vəkili də həmçinin müvəkkilinin hazırkı durumu barədə açıqlama verərək bildirib ki, İlqar Mustafayevin ciddi ürək çatışmazlığından əziyyət çəkdiyini və hazırda müalicə müəssisəsinə köçürülüb. Buna görə də vəkil onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətin təmin olunmasını istəyib.

    Vəsatətin müzakirəsi açıq qalaraq növbəti proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəyiblər.

    Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

    İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

    İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

    //oxu.az

  • Sumqayıtda 64 yaşlı kişi güllələndi

    Sumqayıt şəhərində 64 yaşlı kişi güllələnib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

    İlkin məlumata görə, 1962-ci il təvəllüdlü Qılman Nəcəfzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən güllələnib.

    Əraziyə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

  • В Гедабейском районе арестован мужчина, вручивший “награду” чиновнику

    Арестован “журналист” Фагани Гусейнов, вручивший от имени некоторых структур “награду” заместителю директора Комбината коммунальных предприятий Гедабейского района Руслану Мустафаеву.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, решением районного суда он арестован на 10 суток.

    Напомним, некоторое время назад в социальных сетях распространились кадры, на которых некий мужчина вручает “почетный диплом” от имени “директора информационного портала Милли Меджлиса Азербайджанской Республики Фариды ханым”, а также от имени Президента страны заместителю директора Комбината коммунальных предприятий Гедабейского района Руслану Мустафаеву. Видео вызвало широкий резонанс среди пользователей Сети.

  • Gədəbəydə məmura “mükafat” verən şəxs həbs olundu

    Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə “jurnalist” kimi bəzi qurumların adından “mükafat” verən Fəqani Hüseynov həbs olunub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib.

    Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkədə Fəqani Hüseynov adlı şəxs “Milli Məclisin informasiya portalının direktoru”, həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə “fəxri diplom” təqdim edib.

    Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkədə rezonans doğurub.

  • “Kənddən Şəhərə” yarmarkası: Məqsəd ucuzluqdursa, qiymətlər niyə dəyişmir?

    Bayram ərəfəsində “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq. Yarmarkanın fəaliyyəti 12 məntəqədə nəzərdə tutulub və 11 gün fasiləsiz davam edəcək. Layihənin məqsədi bayram günlərində kəndlinin bazara çıxışını təmin etmək, şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə təmin etməkdir.

    Eyni zamanda, kənd məhsullarının şəhər əhalisinə daha ucuz qiymətə təklif olunması əsas hədəflərdən biridir. Lakin yarmarkanın adı “Kənddən Şəhərə” olsa da, burada satış edənlərin əksəriyyəti paytaxt bazarlarının daimi satıcılarıdır. Öz məhsulunu birbaşa satışa çıxaran kəndlilərə isə nadir hallarda rast gəlinir. Bu səbəbdən də satıcıların müəyyən etdiyi qiymətlər Bakıdakı market şəbəkələrinin qiymətlərindən ciddi şəkildə fərqlənmir. Bu isə alıcı marağına təsirsiz ötüşmür.

    Sabiq deputat Əli Əlirzayev “Qaynarinfo”ya açıqlamasında bildirib ki, “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi kəndlinin öz məhsulunu Bakıda birbaşa satışa çıxarmasına dəstək verməkdir:

    “Yarmarkaların yaradılmasının mahiyyəti kəndlini birbaşa evindən şəhərə gətirməkdir. Kəndli bazara gəlir və birbaşa şəhər alıcısı ilə təmas qurur. Onun yarmarkaya çıxardığı məhsulların qiyməti market və bazarlardan fərqlənməlidir. Ola bilsin məhsul keyfiyyətlidir və satıcı onu aşağı qiymətə təklif etmək istəmir. Bununla yanaşı, kəndli yarmarkada özünə yeni alıcılar tapır və sonradan yarmarka olmasa belə məhsulunu sata bilir”.

    Deputat əlavə edib ki, yarmarkada inzibati tənzimləmə mexanizmləri tətbiq oluna bilər: “Satıcı məhsulu hansı qiymətə təqdim edəcəyini əvvəlcədən müəyyənləşdirməlidir. Əgər təklif olunan qiymət onu qane etmirsə, məhsulu yarmarkada satmamalıdır. Alıcı marağını təmin etmək, keyfiyyətli məhsulların çeşidini artırmaq və alıcılıq qabiliyyətini yüksəltmək üçün qiymətlər aşağı olmalıdır. Qiymətlərin tənzimlənməsi mümkündür”.

    Paytaxt bazarlarında fəaliyyət göstərən satıcıların yarmarkada 10 günlük iştirakı ilə bağlı isə Əli Əlirzayev müəyyən təşkilati çatışmazlıqların olduğunu bildirib:

    “Ola bilər ki, həm bazarların, həm də yarmarkanın təşkilində iştirak edən şəxslər eynidir və bu, müəyyən monopoliyaya şərait yaradır. Əslində monopoliya olmamalıdır. Belə vəziyyətdə qiymətlərin aşağı düşməsi çətinləşir. Nəzarət mexanizmi formalaşdırılmalıdır. Bazarları təşkil edənlərlə yarmarkanı təşkil edənlər ayrı olmalı və aralarında sağlam rəqabət yaranmalıdır”.

  • Bakıda bəzi avtobuslarda bank kartı ilə ödəniş çökdü

    Bakıda bəzi marşrut xətlərində bank kartı və QR kod vasitəsilə ödəniş etmək mümkün deyil.

    Qaynarinfo-nun məlumatına görə, artıq bir saatdan çoxdur ki, bir çox marşrutda elektron ödəniş sistemi işləmir.

    Sərnişinlər bildirir ki, kartı validatora yaxınlaşdırarkən ekranda “Kartınız etibarsızdır” bildirişi görünür.

  • Manaf Cəlilzadəyə hökm oxunub

    Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Manaf Cəlilzadənin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

    Oxu Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunaraq Manaf Cəlilzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

    Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub.

    O, 2019-cu il fevralın 17-də Süleyman Süleymanlı, Tofiq Mehmanov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Cenevrə bürosu yaxınlığında ictimai yerdə Mehman Məmmədov və digərlərinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlarını əvvəlcədən razılaşdırılmış formada lentə alıb, “Youtube” platformasında özünün kanalında canlı yerləşdirərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar edib. Daha sonra 2023-cü il yanvarın 19-dan 2025-ci il iyunun 17-dək hazırladığı 19 müxtəlif videomüraciətlə ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarını iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir etməyə çalışan açıq çağırışlar yayıb.

    Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

  • Nazir təyin olunan Fərid Bağırzadə KİMDİR? – DOSYE

    Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

    Median.Az Naxçıvan MR-in yeni əmək və əhalinin sosial müdafiəsinin nazirini təqdim edir:

    Fərid Bağırzadə 1994-cü ildə anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin informasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini, 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin idarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr pilləsini bitirib.

    2016-2018-ci illərdə özəl sektorda, 2019-2023-cü illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində müxtəlif vəzifələrdə çalışıb.

    2023-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri, hazırkı vəzifəsinə qədər isə Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyib, həmçinin nazir vəzifəsini müvəqqəti icra edib.
    //oxu.az