Month: March 2026

  • “Instagram” son 3 ayda Azərbaycandakı bazar payının 64 faizini itirdi

    Ötən ay Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Facebook”un payı 39,80 % təşkil edib.

    “Report”un “Statcounter” agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, əvvəlki aya nisbətən 10,92 faiz bəndi, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 18,15 faiz bəndi çoxdur.

    İkinci pillədə qərarlaşan “YouTube”un bazar payı ay ərzində 0,69 faiz bəndi azalaraq, il ərzində isə 10,50 faiz bəndi artaraq 21,93 % təşkil edib.

    Növbəti yerdəki “Instagram”ın bazar payı ay ərzində 4,26 faiz bəndi, illik isə 24,40 faiz bəndi azalaraq 16,85 % təşkil edib. Beləliklə onun payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 64 % təşkil edib).

    Dördüncü pillədəki “Pinterest”in bazar payı aylıq 2,16 faiz bəndi, illik müqayisədə isə 8,61 faiz bəndi azalaraq 8,83 % təşkil edib.

    İlk beşliyi 5,79 %-lik bazar payı ilə “LinkedIn” qapayır. Sosial şəbəkənin bazar payı aylıq 1,94 faiz bəndi, illik müqayisədə isə 4,34 faiz bəndi artıb.

  • Azərbaycanda bu tətbiq və saytın fəaliyyəti dayandırılır

    Sabahdan Azərbaycan Mərkəzi Bankı (AMB) “AniPay” mobil tətbiqinin və anipay.az internet səhifəsinin fəaliyyətini dayandıracaq.

    Median.Az AMB-yə istinadən xəbər verir ki, bu qərar rəqəmsal ödənişlər bazarında rəqabət mühitinin genişləndirilməsi və ödəniş xidmətlərinin inkişafının təşviq edilməsi məqsədilə qəbul edilib.

    Qeyd olunan tarixdən etibarən analoji xidməti maliyyə sektoru iştirakçılarının davam etdirməsi nəzərdə tutulur. “AniPay” funksiyaları artıq mobil bank tətbiqlərində mövcuddur.

    “AniPay” tətbiqinin və internet səhifəsinin fəaliyyətinin dayandırılması ölkədə maliyyə sektoru iştirakçıları üçün yeni imkanlar yaradacaq, rəqabət, və innovativ həllərin inkişafını daha da sürətləndirəcək.

    Bu qərar AMB-nin ödəniş xidmətlərinin təşviqinə yönəlmiş inkişaf strategiyasının bir hissəsidir. Bu addım banklar və digər ödəniş xidmətləri təchizatçıları üçün bazarda daha fəal iştirak üçün şərait yaradacaq.

    AMB bundan sonra da rəqəmsal ödəniş ekosistemində sağlam rəqabətin, innovativ həllərin və dayanıqlı inkişafın təmin olunmasını diqqətdə saxlayacaq.

  • Uşaqlarla bağlı bu qadağalar qəbul edildi

    Uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri müəyyənləşib.

    Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni – “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

    – Uşaqların hüquq və azadlıqlarının müdafiəsinə dair normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;

    – Uşaqların mənafelərinin üstünlüyü prinsipindən irəli gələrək dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin proqnozlaşdırılması;

    – Uşaq hüquqlarının təmin edilməsi sahəsində dövlət proqramlarının və bu kimi digər sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi zamanı bu tədbirlərin uşaqların hüquqi vəziyyətinə təsirinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi;

    – Uşaqların hüquq və azadlıqlarının müdafiəsini təmin edən dövlət orqanlarının (qurumlarının), təhsil, tibb, sosial xidmət müəssisələrinin təsis edilməsi, uşaqların inkişafı və asudə vaxtının təşkili üzrə infrastrukturun yaradılması və təkmilləşdirilməsi;

    – Sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların sosial xidmət müəssisələrindən ailələrinə qaytarılması, qəyyumluğa (himayəyə), himayədar ailəyə verilməsi və ya övladlığa götürülməsi, eləcə də onların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və həmin müəssisələrdə olan uşaqların fərdi inkişafının təmin edilməsi;

    – Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlarla müntəzəm təmasda olan şəxslərin (mütəxəssislərin) peşəkarlığının təmin edilməsi;

    – Uşaqlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarının və erkən evliliyin qarşısının alınması;

    – Uşaqların hüquq və azadlıqlarını, habelə qanuni mənafelərini pozan, onlara zərər vuran şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması;

    – Uşaqların hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.

    Bundan başqa, uşaqların birləşmək hüququ qanunla müəyyən olunur. Belə ki, uşaqların qanunla müəyyən edilmiş qaydada onların fiziki, əqli və mədəni inkişafına xidmət edən ictimai birliklər yaratmaq və onlarda birləşmək hüququ var. Uşaqların və uşaq ictimai birliklərinin siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir. Eyni zamanda, uşağa alkoqollu və energetik içkilərin, tütün və tütün məmulatlarının satılması qadağan edilir.

    Layihəyə əsasən, valideynlər və onları əvəz edən şəxslər, dövlət orqanları (qurumları), habelə uşağın təlim-tərbiyəsi ilə bağlı funksiyaları həyata keçirən təşkilatlar sağlam həyat tərzini, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının zərərlərini təbliğ etməyə borcludurlar. Bundan başqa, uşaq alveri, uşaq pornoqrafiyasının dövriyyəsi, uşağın əxlaqsız əməllərə cəlb edilməsi və seksual xarakterli məqsədlərlə təqib edilməsi qadağandır.

    Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Bakıda 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb

    “Azərbaycanda nikahların və boşanmaların vəziyyəti ürəkaçıcı deyil. Acınacaqlı durum var. 2025-ci ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

    Onun sözlərinə görə, ən dəhşətlisi budur ki, son 9 ayda Bakıda bütün qeydə alınmış nikahların 56%-i boşanma ilə nəticələnib:

    “Yəni, 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb. Bu, olduqca ciddi məsələdir. Ağırlığı kişinin üzərinə qoyub aliment kəsirlər. Bir çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar. Mediasiya Şurasına səlahiyyət verməliyik ki, məhkəməyə bu qadınların və ya kişilərin niyəti ilə bağlı rəy versinlər və aliment kəsilməsi məsələsində ədalətli davransınlar. Çünki bir çox hallarda ailənin dağılmasının səbəbkarını ayırd eləmək olmur”.
    //qaynar.az

  • İki yeniyetmə iki mağazadan oğurluq etdi, azadlıqları məhdudlaşdırıldı

    Bakıda toksikomaniyadan əziyyət çəkən iki yeniyetmə oğurluq edib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə Ziya və Raul (adlar şərtidir) paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən “Golden Gifts” və “TK Telekom” mağazalarından oğurluq edib. Hər iki mağazaya ümumilikdə 2519 manat ziyan dəyib.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra yeniyetmələr saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə itiham elan edilib. Hər iki şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

    Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılıb.

    Məhkəmə zamanı müttəhimlər verilmiş ittiham üzrə özlərini təqsirli bilib.

    Yeniyetmələrin məhkəməyə ifadələrindən məlum olub ki, onlar oğurluq etməmişdən əvvəl kley iyləyiblər.

    Məhkəmənin hökmü ilə Ziya 1 il 9 ay 24 gün, Raul isə 1 il 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

  • Həcc kvotasının dolmamasının səbəbləri açıqlandı

    Bu il Həcc ziyarəti ilə bağlı nəzərdə tutulan kvota tamamlanmayıb. Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsindən verilən məlumata görə, bu günə kimi Həcc ziyarəti üzrə kvotanın cəmi 83 faizi tamamlanıb.

    Şöbədən mart ayının 7-dən sonra bir daha müddətin uzadılmayacağını bildiriblər.

    Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Həcc ziyarəti üçün ayrılan kvotanın indiyədək dolmamasını bir neçə faktorla izah oluna bilər:

    “Bu səbəblərə ilk növbədə ziyarətin maliyyə tərəfini göstərmək olar. Qiymətlərin yüksək olması Həcc ziyarəti ilə bağlı insanlarda tərəddüdlər yaradır. Həccə getmək maddi imkanı olan şəxslər üçün vacib buyrulan ibadətdir. Bu baxımdan, ölkədə yaşayan əksər müsəlmanların maliyyə imkanları Həcc ziyarətinə getmək üçün yetərli deyil”.

    Rəsul Mirhəşimli hesab edir ki, sosial problemlerlə yanaşı, regionda baş verən münaqişələr də insanların qərar qəbul etməsində tərəddüd yaradır:

    “Hətta uzunmüddətli planlaşdırılmış səfərlər belə, siyasi və təhlükəsizlik qeyri-müəyyənliyi fonunda ləngiyir. İnsanlar həm öz təhlükəsizliklərini, həm də ziyarət zamanı qarşılaşa biləcəkləri çətinlikləri nəzərə alırlar. Bir çox müsəlmanlar Həcc ziyarətini yerinə yetirmək istəsə də, maliyyə şəraiti buna imkan vermir. İnsanlar həmçinin gələcəkdə daha ciddi sosial problemlərin ortaya çıxma ehtimalını nəzərə alaraq qərarlarını daha ehtiyatlı verirlər”.

    Rəsul Mirhəşimlinin fikirincə, təhlükəsizlik və rahatlıq məsələləri insanların prioritetlərində üstünlük təşkil edir:

    “Nəticə etibarilə Həcc kvotasının dolmaması yalnız qiymət məsələsi ilə bağlı deyil. Bu, həm sosial vəziyyətin pisləşməsi, həm gələcəyə inamın zəifləməsi, həm də regiondakı siyasi və təhlükəsizlik qeyri-müəyyənliyi ilə bağlıdır”.

    Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

  • Ombudsman: İşdən ixtisar olunacaq bu şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir

    “Rəqəmsallaşdırma və süni intellektin bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsirini nəzərə alaraq, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı Ombudsman Səbinə Əliyeva deyib.

    Ombudsman qeyd edib ki, bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi əsas şərtlərdəndir.//qaynar.az

  • Çində hazırlanmış yeni batareya elektrikli avtomobillərin məsafəsini iki dəfə artıra bilər

    Tədqiqatçılar bildirirlər ki, yeni batareya yüksək hündürlüklərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələrində və dronlarda tətbiq oluna bilər

    Elektrikli avtomobillərin qət etmə məsafəsini iki dəfə artıra biləcək yeni komponent hazırlayan çinli alimlər litium batareyaların uzun müddətdir mövcud olan məhdudiyyətini aradan qaldırdıqlarını açıqlayıblar.

    Elektrikli avtomobillərdə geniş istifadə olunan litium batareyalar enerji istehsal etmək üçün adətən həlledici mühitdə litium duzları ilə oksigen atomları arasındakı qarşılıqlı təsirə əsaslanır. Kimyəvi reaksiya nəticəsində duzlar həll olur və litium ionlarının elektrolit daxilində hərəkəti təmin edilir. Bu proses elektrik cərəyanının yaranmasına səbəb olur. Lakin bu batareyalar böyük həcmdə həlledici tələb edir ki, bu da onların ölçülərinin kiçildilməsini çətinləşdirir.

    Həlledicilər aşağı temperaturda effektiv işləmədiyi üçün bu batareyalar dünyanın daha soyuq bölgələrində az səmərəli olur.

    Bundan əlavə, mövcud batareyalar 350 vatt-saat/kq nəzəri həddə yaxın işləyir ki, bu da bir çox şirkəti bərk hal batareyalarına keçməyə sövq edir.

    Qaynarinfo-nun verdiyi xəbərə görə, “Nature” elmi jurnalında dərc olunan yeni araşdırmada tədqiqatçılar bildirirlər ki, hazırlanmış batareya “otaq temperaturunda 700 vatt-saat/kq-dan çox, -50 dərəcə Selsidə isə təxminən 400 vatt-saat/kq enerji sıxlığına” çata bilər.

    Yeni batareya litium duzlarının effektiv həllini təmin edən “flüorlu hidrokarbon” həlledicisindən istifadə edir. Çinli alimlərin sözlərinə görə, bu həlledici ənənəvi litium-oksigen modelini əvəz edir və daha yüksək səmərəlilik təqdim etməklə elektrolitin miqdarını əhəmiyyətli dərəcədə azaldır.

    Nankay Universitetinin professoru Cao Çinq bildirib: “Elektrolit ionları sürətlə buraxmalı və eyni zamanda sürətli şarj ötürülməsini təmin etməlidir, lakin bu iki xüsusiyyət adətən bir-birinə mane olur”.

    Alimin sözlərinə görə, flüorun litium üzərində daha zəif cazibə qüvvəsi bu problemi aradan qaldırır.

    Tədqiqatçılar qeyd edirlər ki, litium-flüorid sistemi aşağı temperaturda belə sürətli şarj ötürülməsi prosesini mümkün edir və -50 dərəcə Selsiyə qədər soyuq şəraitdə işləyə bilir.

    Dövlət televiziyası “CCTV”nin məlumatına görə, tədqiqatçılar bildiriblər: “Bu böyük irəliləyiş mövcud litium batareyaların tutumunu ölçüsünü və ya çəkisini artırmadan iki dəfə yüksəldə bilər”.

    Nankay Universitetindən tədqiqatın baş müəllifi Çen Çün deyib: “Hazırda 500 km məsafə qət edən elektrikli avtomobillər batareyalarımızdan istifadə etməklə bir şarjla 1000 km-dən artıq yol gedə bilər”.

    Bu yenilik adi litium batareyaların enerji sıxlığını bərk hal batareyalarının səviyyəsinə çatdırır.

    Yeni batareya çox aşağı temperaturda belə səmərəli işlədiyindən, tədqiqatçılar onun yüksək hündürlüklərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitələrində və dronlarda tətbiq olunacağına ümid etdiklərini bildirirlər.

  • Üçüncü yerüstü metro stansiyası bu tarixdə istifadəyə veriləcək

    Bakı Metropoliteninin üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix məlum olub.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.

    O bildirib ki, yeni metro stansiyası “Dərnəgül” deposu ərazisində olacaq:

    “Deponun ərazisində, həmçinin yerüstü stansiya da fəaliyyətə başlayacaq. Depo və yeni stansiyada tikinti-quraşdırma işləri davam edir. Gələn ilin sonuna qədər işlər başa çatacaq, depo və yerüstü stansiya fəaliyyətə başlayacaq”.

  • Bu vərdişi dəyişmək ömrü 3 il uzada bilər (ARAŞDIRMA)

    45 yaşdan sonra qida vərdişində edilən dəyişikliklərin insan ömrünü təxminən 3 il uzada bilər.

    Bu beynəlxalq araşdırma İngiltərədəki UK Biobank ilə birgə həyata keçirilib.

    Araşdırmada 10 il ərzində 103 649 şəxsin 5 fərqli qidalanma vərdişi, ölüm nisbəti və həyat müddəti ilə mümkün əlaqəsi araşdırılıb. Orta hesabla 10,6 illik izləmə müddətində 4 314 ölüm qeydə alınıb. İştirakçıların “Alternativ Sağlam Qidalanma İndeksi-2010”, “Alternativ Aralıq Dənizi Diyeti (aMED)”, “Sağlam Bitki Əsaslı Qidalanma İndeksi (hPDI)”, “Hipertoniya ilə Mübarizə üçün Qidalanma Yanaşmaları” və “Diabet Riskini Azaltma Diyeti (DRRD)” kimi qidalanma vərdişləri, ölüm nisbətlərinin azalması və ömrün uzanması ilə əlaqələndirilib.

    Araşdırmaya görə, sağlam qidalanma kişilərin ömrünü 1,9–3 il, qadınların isə 1,5–2,3 il uzada bilər. Həyat müddətinin kişilərdə ən çox DRRD, qadınlarda isə aMED vərdişi ilə uzandığı müəyyən edilib. Eyni zamanda, bu nəticələrin genetik meyillərlə əlaqəli olduğu vurğulanıb.

    Tədqiqat göstərir ki, sağlam qidalanma vərdişləri insanların genetik quruluşundan asılı olmayaraq ömrü uzatma üstünlüyü təmin edir.

    Araşdırma Science Advances jurnalında yayımlanıb.
    //qaynar.az