Month: Mart 2026

  • Naxçıvanın bir sıra ərazilərində işıq olmayacaq

    Sabah Naxçıvanın bir sıra ərazilərində işıq olmayacaq.

    110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/10 kV-luq Kərimbəyli yarımstansiyasında planlı təmir işləri aparılacaq.

    Aprelin 1-i saat 11:00-dan 14:00-dək təmir işləri ilə əlaqədar olaraq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq xətlər üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

    Bu səbəbdən Su kəməri, Kərimbəyli, Zeynəddin, Sirab kənd, Sirab zavod, Kosmos, Göynük və Quşçuluq hava elektrik verilişi xətlərində gərginlik olmayacaq.

    Həmin xətlər vasitəsilə enerji ilə təmin olunan Dizə, Qaraqala, Kəlbəoruc Dizə, Kültəpə, Kərimbəyli, Sirab kənd, Sirab zavod, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfəli Dizə, Nəhəcir, Göynük, Yarımca, Badaşqan və Hacıvar kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

    Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.

  • Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblər açıqlanıb

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb.

    Bu barədə BŞTİ-dən məlumat verilib.

    Bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılacaq ümumi təhsil müəssisələrinə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 6 may-4 iyun 2026-cı il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyun-16 iyul 2026-cı il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir.

    Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.

    Prioritet tətbiq olunan məktəblərin siyahısı

  • Sabahdan balıq ovu qadağan edilir

    Sabahdan Azərbaycanın daxili su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir.

    Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

    Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən sentyabrın 1-nə qədər qadağan edilir.

    Sentyabrın 1-dən adları çəkilən daxili su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti almış şəxslər Qaydalarla müəyyən edilmiş şərtlər əsasında ovu davam etdirə bilərlər.

    Qanunvericiliyə əsasən idman və həvəskar balıq ovu üçün balıqovlama biletinin alınması tələb olunmur və Qaydalarla müəyyən edilmiş şərtlər daxilində həyata keçirilə bilər.

    Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

  • Partlayış səsləri eşidiləcək – Müdafiə Nazirliyi xəbərdarlıq etdi

    Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

  • Xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

    Xarici media subyektlərinin filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması barədə 3 iş günü müddətində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə məlumat verilməlidir.

    Nazirlər Kabineti bu barədə qərar verib.

  • Qaradağda iki yaşlı uşaq ölüb

    Qaradağ rayonunda azyaşlı ölüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə martın 30-da Ələt qəsəbəsində baş verib.

    Qəsəbə sakini 2024-cü il təvəllüdlü Cahangir İsgəndərli naməlum səbəbdən qusub və xəstəxanaya aparılarkən yolda ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Pediatr olan məşhur baş həkim qastroenteroloq işləyirmiş – Klinikada ciddi nöqsanlar aşkarlandı – FOTO

    Yasamal rayonu ərazisində yerləşən “Doktor Davud” klinikasında keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, klinikanın direktoru, tanınmış həkim Davud Qüdrətovun ixtisasına uyğun fəaliyyət göstərmədiyi məlum olub.

    Belə ki, D.Qüdrətov ixtisasca pediatrdır, bu sahə üzrə sertifikasiyasından keçsə də, klinikaya müraciət edən xəstələrə qastroenteroloji tibbi xidmət göstərib.


    Bundan başqa, yoxlama aparılarkən həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmayıb. Eyni zamanda lisenziyada əksini tapan ixtisas növləri – terapevtik, qastroenteroloji, nevropatoloji, ginekoloji işlər üzrə təqdim olunan davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilib.

    Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı klinikada kliniki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmadığı üzə çıxıb.

    Nazirlik tərəfindən “Doktor Davud” klinikası ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, tibb müəssisəsi 6 min manat cərimələnib.

  • Yer kürəsini maqnit qasırğası vuracaq

    Martın 31-də güclü partlayışdan qaynaqlanan plazma buludu Yer kürəsini vuracaq və bu da maqnit qasırğasına səbəb olacaq.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

    Daha əvvəl isə Tətbiqi Geofizika İnstitutundan bildirilmişdi ki, Günəşdə təxminən iki aydan sonra ilk dəfə ən yüksək X1.5 sinfindən partlayış baş verib.

    “Ümumi fikir budur ki, plazma buludu ehtimal ki, bu axşam planetin kənarından dəyəcək və orta səviyyəli maqnit qasırğaları yaradacaq. Proqnozlaşdırılan təsir gücü, kənar hadisələrində tez-tez olduğu kimi, geniş diapazonlarda dəyişir: bəzi yayılma bucaqlarda plazma ümumiyyətlə gəlməyə bilər, bəzilərində isə G4 səviyyəsinə qədər maqnit qasırğaları mümkündür”, – deyə hesabatda bildirilib.

    Plazma buludu axşam saatlarında gələcəyi üçün intensiv qütb parıltılarının başlaması, demək olar ki, şübhəsizdir.

  • İcra sənədləri əsasında əmlak şəhadətnamələri veriləcək

    “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilib.

    Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr veriləcək.

  • Tiktoker “Miray”ın həbs müddəti uzadıldı

    Sumqayıt polisinin keçirdiyi əməliyyatla saxlanılan “TikTok”da “Miray” ləqəbi ilə tanınan Aysel Mustafayeva yenidən hakim qarşısına çıxarılıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə xanım tiktokerlə bağlı qərar qəbul edilib.

    Qərara əsasən, Aysel Mustafayevanın həbs müddəti daha 2 ay da uzadılıb.

    Xatırladaq ki, bundan öncə xanım tiktokerin həbs müddəti 3 ay müddətinə uzadılmışdı.

    Qeyd edək ki, “Miray” ləqəbi ilə tanınan Aysel Mustafayeva “TikTok”da söyüş və təhqir dolu yayımlar aparmaqda, eləcə də postlar paylaşmaqla tanınıb. O, postlarında dəfələrlə hüquq mühafizə orqanlarını və ayrı-ayrı vətəndaşları təhqir edib.

    Xanım tiktoker ötən ilin avqustunda Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb.

    Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.