Month: March 2026

  • İsrail İrana 3 mindən çox zərbə endirib

    İsrail ordusu “Nərildəyən Aslan” (Roaring Lion) hərbi əməliyyatının başlanmasından bəri İrana 3,000-dən çox zərbə endirib.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi “X” səhifəsində qeyd edilib.

    Məlumata əsasən, dünən İsrail Müdafiə Qüvvələri (IDF) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda mərkəzlərini, silah anbarlarını və hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.

    Gecə ərzində əlavə olaraq 50-dən çox hədəfə zərbə endirilib; bunlara ballistik raketlərin saxlanma və buraxılış məntəqələri də daxildir.

    Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

    İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

    İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.

    1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.

    Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

  • Ötən gün 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

    Ötən gün ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1000 ədəd metadon həbi aşkarlanıb.

  • Qəbələdə 50 yaşlı kişi dağdan yıxıldı – Hadisə yerindən GÖRÜNTÜLƏR (Video)

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN-in mətbuat xidmətinin məlumatında deyilir.

    Dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

    Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

  • Ombudsman DTX-nin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına baş çəkib

    Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

    Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

    Qeyd edilib ki, başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti – qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışığı ilə bağlı hüquqların təmini vəziyyəti və rəftar məsələləri araşdırılıb. Həmçinin yenidən təşkil edilmiş görüş otaqlarına və kameralara baxış keçirilib.

    Rəftar məsələlərinin araşdırılması məqsədilə bir qrup təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib.

    Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, müvəkkilin səlahiyyətləri, Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət qaydası izah olunub.

    Yekunda Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

  • “Barselona” Kanselunu komandada saxlamaq istəyir

    “Barselona” “Əl-Hilal”dan icarəyə götürdüyü Joau Kanselunun transfer hüquqlarına yiyələnmək istəyir.

    Məşqçilər korpusu portuqaliyalı müdafiəçinin performansını bəyənir. Səudiyyə Ərəbistanı klubu Kanselu üçün 15 milyon avro tələb edir. İspaniya nəhəngi isə 31 yaşlı sol cinah müdafiəçisinin keçidini daha aşağı məbləğə yekunlaşdırmağa çalışır.

    Qeyd edək ki, “Barselona” Joau Kanselunu bu ilin yanvarında icarəyə götürüb.

  • Rusiya Xarkovda yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb

    Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yerləşən Pesçanoye yaşayış məntəqəsini nəzarətə götürdüyünü bəyan edib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

    Qurumdan bildirilib ki, sözügedən yaşayış məntəqəsi Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçib.

  • Çexiya tarixinin ən böyük antikorrupsiya əməliyyatı: Hakimlər, oyunçular SAXLANILDILAR

    Çexiya polisi futbolda korrupsiya şübhəsi ilə onlarla şəxsi saxlayıb.

    Bu barədə “Isport” xəbər portalı məlumat yayıb.

    Məlumata görə, polis saxlanılan şəxslərin bukmeyker kontorlarında futbol matçlarına mərc qoymaqla oyunların nəticələrinə təsir göstərməsi ilə bağlı şübhələri araşdırır.

    Xəbərdə bildirilir ki, istintaq, xüsusilə, birinci liqanın və gənclər komandalarının matçlarına aiddir.

    Polis əməliyyat tədbirlərini əsasən ölkənin şərqindəki Moraviyada həyata keçirir.

    Məlumatdan belə aydın olur ki, korrupsiyada şübhəli bilinənlər arasında futbol funksionerləri, hakimlər və oyunçular da var.

    Europol və İnterpolun cəlb olunduğu istintaqı Çexiya Futbol Federasiyası başladıb. Qurumun rəhbəri David Trunda baş verənləri Çexiya futbolu tarixində ən böyük antikorrupsiya əməliyyatı adlandırıb.

  • Türkiyə ordusu şəhid verdi

    Türkiyənin Milli Müdafiə Nazirliyi çavuş Yusuf Açayın ölkənin şərqində həlak olması ilə bağlı məlumat yayıb.

    Median.Az Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbçi martın 24-də İranla həmsərhəd olan Ağrı vilayətinin Doğubeyazıt rayonunda hərbi maşının iştirakı ilə baş verən yol qəzasında həlak olub.

    Milli Müdafiə naziri Yaşar Gülər Açayın ailəsinə və yaxınlarına, eləcə də bütün Türkiyə xalqına başsağlığı verib.

  • Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq – XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarının bəzi yerlərində martın 25-dən 30-u səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

  • Masazırda evdə yanğın baş verib

    Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

    Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub.

    Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğın söndürülüb. Xəsarət alan olmayıb.