Month: April 2026

  • “Üzrlü saysınlar, amma…” – Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı – VİDEO

    Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

    Zalın tam dolmasına baxmayaraq, qonaqların axını davam edib. Yaranmış sıxlıq səbəbindən Filarmoniyanın əməkdaşları sonradan gələn qonaqların girişini məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Bu mənzərə yazıçı və şairə olan sevgi və hörmətin bariz təzahürü kimi qiymətləndirilir.

    Yubiley tədbirində Baku TV-yə açıqlama verən Seyran Səxavət qapı arxasında qalan qonaqlara xüsusi təşəkkürünü bildirib.

    “Ürəyim həm bu zaldakıların, həm də qapı arxasında qalanların hamısını özünə sığdırır. Görünür, bu zal mənim ürəyimdən bir az balacadır. Çöldə qalanlar bizi üzrlü saysınlar. Mən onlara demişdim ki, bir az tez gəlsinlər. Çünki buraya giriş biletlə deyil, dəvətnamə ilə idi. Buna baxmayaraq, özümü çox yaxşı hiss edirəm. Çöldə qalanların da nə vaxtsa xəcalətindən çıxarıq”, – deyə o bildirib.

  • Pezeşkian İlham Əliyevə təşəkkür etdi

    İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

    Bu barədə İran prezidenti “X” sosial şəbəkə hesabında paylaşım edib.

    “Qardaşım İlham Əliyevlə söhbətimdə Azərbaycan hökumətinin və xalqının həmrəylik və dəstəyinə görə minnətdarlığımı bildirdim. Dost və qardaş xalqlar çətin anlarda bir-birini tanıyır və sivilizasiya kökləri nə qədər dərindirsə, bu bağ bir o qədər möhkəm olur” , – deyə o paylaşımında yazıb.

  • Makrondan Trampa İranla bağlı çağırış – “Hörmət elə”

    Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampı İranın suverenliyinə hörmət etməyə çağırıb.

    O, bildirib ki, əks halda nəticələr yaxşı olmayacaq.

    “İran çox pis bir rejimdir, bu barədə deyəcək bir şey yoxdur. Mən bir çox məsələdə onlarla razı deyiləm. Amma inanmıram ki, vəziyyəti təkcə bombalama və ya hərbi əməliyyatlarla düzəldə bilərik. İraqda, Əfqanıstanda və Liviyada oxşar əməliyyatlarla nə baş verdiyinə baxın – 20 ildən sonra belə hələ də nəticə əldə etməmişik. Buna görə də xalqın suverenliyinə hörmət etməliyik”, – deyə Makron bildirib.

  • Livanın cənubunda BMT-nin üç sülhməramlısı yaralanıb

    BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Əl-Edeyse sərhəd rayonundakı müşahidə postu atəşə tutulması nəticəsində üç sülhməramlı yaralanıb.

    Bu barədə UNIFIL-in mətbuat xidmətinin rəhbəri Kendis Ardel bildirib.

    Onun sözlərinə görə, yaralananlar xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

    Ardel qeyd edib ki, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən “mavi dəbilqəlilərin” mövqelərinə açılan atəşin mənbəyini araşdırır.

    “UNIFIL bütün tərəflərə Livanın cənubunda sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərini xatırladır. BMT hərbçilərinin mövqeləri yaxınlığında döyüş əməliyyatlarının aparılmasından çəkinmək lazımdır, bu onlar üçün birbaşa təhlükə yaradır”, – o bildirib.

    /report

  • Bu yolda hərəkət məhdudlaşdırılır

    3 aprel saat 22:00-dan 4 aprel saat 07:00-dək Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan hissədə təmir işləri icra olunacaq. Bu səbəbdən ərazidə hərəkət məhdudlaşdırılacaq.

    Bu barədə AAYDA-dan bildirilib.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilir.

  • İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb

    İsveçin “Agenda Nexus” analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.

    Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Məqalədə qlobal enerji bazarlarında qeyri-sabitliyin artmasının və əsas təchizat marşrutlarında risklərin çoxalmasının Avropanı alternativ enerji mənbələri və yeni nəqliyyat yolları axtarmağa vadar etdiyi vurğulanıb. Bu şəraitdə Azərbaycanın həm etibarlı enerji təchizatçısı, həm də mühüm tranzit qovşağı kimi mühüm rolu diqqətə çatdırılıb.

    Yazıda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı xarici siyasət yürüdür. Ölkə İsraillə strateji münasibətlərini gücləndirir, eyni zamanda Avropa və ABŞ ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirir.

    Məqalədə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracından əlavə, elektrik enerjisi, yaşıl enerji və hidrogen sahələrində infrastrukturunu inkişaf etdirdiyi də önə çəkilib. Bildirilib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizindəki zəngin enerji ehtiyatları onun uzun müddət etibarlı tərəfdaş olmasına imkan verəcək.

    Portalda həmçinin regional ticarətin genişlənməsi baxımından Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunulub. Layihənin nəqliyyat və enerji sahələrində əlaqələri gücləndirəcəyi və qeyri-sabit marşrutlardan asılılığı azaldacağı xüsusi qeyd olunub.

  • Ali Məhkəmə “Abzas Media” işi ilə bağlı həbs edilən jurnalistlərlə bağlı qərar verdi

    Ali Məhkəmə “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini təmin etməyib.

    “Unikal”ın məlumatına görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında iş üzrə təqsirləndirilən digər şəxslər – jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da kassasiya şikayətlərinə baxılıb.

    “Abzas Media”nın qadın jurnalistləri prosesdə iştirak etmədiklərinə görə onları vəkilləri təmsil edib.

  • 2030-cu ilədək şəraitsiz məktəb problemi aradan qalxacaq

    “2020-ci ildə 900-dən çox şəraitsiz məktəb var idi. Son 5-6 ildə görülən işlər nəticəsində bu say 400-ə qədər azalıb”.

    Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

    Nazir müavini bildirib ki, hər il 60-70 məktəbi təmir edildikdə 2030-cu ilədək şəraitsiz təhsil müəssisəsi problemi aradan qalxacaq.

    “Artıq 3600-dən çox məktəb binası əsaslı şəkildə təmir olunub, yenidən tikilib. Düzdür, problemlərimiz qalıb. Problemləri açıq danışmaq vacibdir”.
    //unikal.az

  • “e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır

    Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də məqsədyönlü işlər aparılır.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən tədbirlər çərçivəsində Nazirlik “e-Sosial” mobil tətbiqi üzərindən göstərdiyi rəqəmsal xidmətlərini “mygov” platformasına inteqrasiya prosesini bitirmək üzrədir.

    Proses bu ayın sonunadək tam yekunlaşacaq və mayın 1-dən “e-Sosial” tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq.

    Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi e-xidmətləri “mygov” platformasına inteqrasiya edilən ilk dövlət qurumu olub.

    Eyni zamanda quruma aid rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması üçün və bu xidmətlərin artıq mərkəzləşdirilmiş şəkildə vahid platformadan – “mygov” platformasından təqdim edildiyi nəzərə alınmaqla “e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır.

    Qeyd edək ki, dövlət idarəçiliyində rəqəmsallaşma prosesini ən geniş tətbiq edən qurumlardan biri olan Nazirlik son illərdə xidmətlərinin 90 faizdən çoxunu rəqəmsallaşdırıb.

    Eləcə də bu xidmətlərin 50-dən çoxunu proaktivləşdirib, habelə informasiya sistemlərini Hökumət Buludu (G-cloud) infrastrukturuna köçürən ilk dövlət qurumu olub.

  • Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

    Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.

    Bu, Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

    Bu Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.