Month: April 2026

  • Dövlət Xidməti 34 nəfər barəsində prokurorluğa müraciət etdi – 1 əməkdaş işdən çıxarıldı

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin I rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

    Xidmətdən verilən məlumata görə, 2026-cı ilin birinci rübü ərzində xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilməkdədir.

    Belə ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin birinci rübü ərzində 27 əməkdaş (onlardan 17-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən 1 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış, 16 fakt üzrə 34 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

    Prezidentin 06.09.2023-cü il tarixli Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı 4 yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.

    Mövcud qanunvericiliyə əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirilməsi üçün müraciət etməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsi, xidmətlərdən istifadə etməsi və ödənişləri həyata keçirməsi üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifəsinin (elektron kabinet) yaradılması nəzərdə tutulmuşdur.

    Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmətkeçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar “MyGov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunur.

    15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasın minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.

    Bundan əlavə cari ildən etibarən ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunmasını nəzərə alaraq ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi “MyGov” platforması üzərindən elektron kabinetlərin yaradılmasını zəruri edir.

    Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə “9100 Çağrı Mərkəzi”nə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcəkdir.

  • Rusiyada sərnişin qatarı relsdən çıxdı – Yaralılar var

    Rusiyanın Ulyanovsk vilayətində sərnişin qatarı relsdən çıxıb.

    Bu barədə Rusiya mətbuatı yazıb.

    Hadisə nəticəsində 12 nəfər xəsarət alıb.

    Təcili yardım xidmətləri hadisə yerində işləyir.

    Rusiya Dəmir Yolları ASC-nin verdiyi məlumata görə, sərnişin qatarı vaqonları Bryandino stansiyası yaxınlığında relsdən çıxıb.

  • “Artsax bayrağı”na görə vəzifədən qovuldu

    Ermənistanın Armavir vilayətindəki Sardarapat icma məktəbinin direktoru Karine Smbatyan vəzifəsindən azad olunub.

    Bu barədə “Hraparak” yazıb.

    O, məktəbin “şöhrət guşəsi”ndən “Artsax (Qarabağda ləğv olunmuş separatçı rejim – red.) bayrağını” götürmədiyinə görə istefa verməli olub.

    Bildirilib ki, Armavir qubernatoru Vahram Xaçatryan şəxsən məktəbə baş çəkib. Ondan sonra separatçılığın rəmzi məktəbdən yığışdırılıb və direktor istefa verməyə məcbur olub.//unikal.az

  • Martda 91 nəfər zəhərlənib

    Azərbaycanda mart ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 91 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

    Bu barədə KTM-dən məlumat verilib.

    Qeyd olunub ki, 88 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

    Pasiyentlərdən 42 nəfər dərman preparatlarından, 3 nəfər siçan dərmanından (rodentisid), 24 nəfər sirkə turşusundan, 3 nəfər yandırıcı məhlullardan, 4 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 5 nəfər dəm qazından, 5 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

    Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

    Ölüm hallarının əsas səbəbləri dərman və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

  • Avtomobil sığortasında yeni qayda: 30 günə…

    Avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə sığortaçılar və İcbari Sığorta Bürosu arasında kollektiv saziş bağlanılacaq.

    Bunun üçün maksimum 30 günlük müddət tanınacaq.

    Belə ki, aşağıdakı şərtlərin hər biri mövcud olduqda avtonəqliyyat vasitəsinin istifadə təyinatı barədə yanlış məlumat vermiş sığortalı ilə bağlanacaq növbəti sığorta müqaviləsində sığorta haqqı üzrə dürüstləşdirmə məbləği tətbiq ediləcək:

    * yanlış məlumatın verilməsi avtonəqliyyat vasitəsinə münasibətdə bağlanmış sonuncu sığorta müqaviləsi üzrə olduqda;
    * sığortaçı tərəfindən yanlış məlumatın verilməsi faktı sığorta hadisəsi baş verdikdən sonra müəyyən edilmiş olduqda.

    Sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə qarşılıqlı hesablaşmaların həyata keçirilməsi məqsədilə sığortaçılar və İcbari Sığorta Bürosu arasında 2026-cı il martın 20-dən ən geci 30 təqvim günü müddətində kollektiv saziş bağlanılacaq.

    Kollektiv sazişdə azı aşağıdakı məsələlər əhatə olunacaq:

    * kollektiv sazişə qoşulma və ondan çıxma qaydası;
    * sığorta haqqı üzrə dürüstləşdirmə məbləği üzrə sığortaçılar arasında hesablaşma qaydası;
    * öhdəliklərin icra müddətləri;
    * mübahisələrin həlli qaydası.

    Sığortaçılar arasında aparılan hesablaşmalar nağdsız formada həyata keçiriləcək.(trend)

  • Avtoxuliqanlıq edən sürücü həbs olundu – Video

    Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

    O, idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub, ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərə yol verib.

    Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.

  • Gəncədə avtomobil mağazaya çırpıldı

    Gəncədə yol qəzası olub.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “Lada” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın içərisinə daxil olub. Nəticədə mağazada olan xeyli qab-qacaq yararsız hala düşüb.

    Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və mağazaya xeyli ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Fakt üzrə araşdırma aparılır.

  • “Barəmdə deyilənlər şər-böhtan idi, cinayət işi rədd edildi” – Hidayət Məhərrəmli

    Tanınmış fitnes məşqçisi Hidayət Məhərrəmlinin keçmiş sevgilisi Ş.Y. hüquq-mühafizə orqanlarına etdiyi şikayəti geri götürüb.

    “Qafqazinfo” xəbər verir ki, o, notarial qaydada ərizə yazaraq keçmiş sevgilisinə qarşı şikayətinin, maddi-mənəvi tələbinin olmadığını bildirib. Ş.Y-nın müraciəti əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilib.
    Bu barədə saytımıza açıqlamasında H.Məhərrəmli özü məlumat verib. O bildirib ki, əvvəllər münasibətdə olduğu xanımın müraciəti əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılıb: “Araşdırma zamanı müəyyən edilib ki, sosial şəbəkələrdə yayılmış iddialar şəxsi münasibətlər fonunda yaranmış qısqanclıq və emosional gərginlik zəminində səsləndirilib, lakin real faktlara əsaslanmayan məlumatlardan ibarət olub. Araşdırma zamanı həmin xanım 32 saylı notariat ofisində imzaladığı, reyestrdə 8İ-37 nömrə ilə qeydə alınmış 5 yanvar 2026-cı il tarixli ərizə ilə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət edərək mənə qarşı heç bir şikayətinin, iddiasının, maddi və mənəvi tələbi olmadığını bildirib. Bu fakt bir daha təstiq edir ki, barəmdə qeyd edilən ittihamlar qısqanclıq zəmnindən əmələ gələn emosional düyğulardan doğuran yalan, şər və böhtan xarakterli ittihamlardır.

    Bu səbəbdən də həmin xanım tərəfindən edilən müraciət əsasında Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb. Aparılan yoxlamalar və hüquqi qiymətləndirmə nəticəsində yayılan iddiaların faktiki əsasının olmadığı müəyyən edilib və məsələ üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Onlara aparılmış obyektiv araşdırmaya görə təşəkkür edirəm”.

    H.Məhərrəmli məsələ ilə bağlı əvvəllər sosial şəbəkələrdə və müxtəlif media platformalarında barəsində yayılmış əsassız və həqiqətə uyğun olmayan bütün məlumatların silinməli olduğunu düşünür: “Sosial şəbəkələrdə və media resurslarında bu mövzu ilə bağlı edilən paylaşımlar zamanı rəy (şərh) bölməsinin açıq saxlanılması böhtan və təhqir xarakterli fikirlərin yayılmasına şərait yarada bilər, o cümlədən işgüzar fəaliyyətimə və nüfuzuma xələl gələ bilər. Bu səbəbdən bütün səhifə və media administratorlarından tələb olunur ki, bu mövzu ilə bağlı paylaşımlarda rəy bölməsi deaktiv edilsin. Əks halda, həm yayılan yanlış məlumatlara, həm də rəy bölməsi vasitəsilə ictimai şəkildə səsləndirilən təhqiredici və hüquqazidd fikirlərə görə, həmin səhifə və administratorlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görüləcək və onlar məsuliyyətə cəlb olunacaqlar”.
    Qeyd edək ki, xanım bir müddət əvvəl hüquq-mühafizə orqanlarına müraciət edərək keçmiş sevgilisinin biznes qurmaq adı ilə ondan 550 min manat aldığını iddia etmişdi.

  • Yemək yeyəndə etdiyimiz bu səhv ürəyə ziyandır

    Hazır yeməklərə əlavə duz qatmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər.

    Mütəxəssislər bildirirlər ki, artıq duz istifadəsi ürək-damar sisteminə ciddi ziyan vurur. Gündəlik ehtiyacdan artıq duz qəbul edən insanlar yüksək qan təzyiqi (hipertoniya), ürək çatışmazlığı və damar sərtləşməsi kimi problemlərlə üzləşə bilər.

    Bundan əlavə, çox duzlu qidalar böyrək funksiyasına da mənfi təsir göstərir və su-duz balansının pozulmasına səbəb ola bilər. Uzun müddət yüksək duz qəbulu ürək ritminin pozulmasına, ürək-damar xəstəliklərinin riskinin artmasına və ümumi sağlamlıq vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

    Ekspertlər hazır yeməkləri seçərkən tərkibindəki duz miqdarına diqqət yetirməyi, mümkün qədər təbii və evdə hazırlanmış qidaları üstün tutmağı tövsiyə edirlər. Həmçinin yeməklərə əlavə duz vurmaq əvəzinə, təbii ədviyyatlar və limon suyu ilə dadlandırmaq daha sağlam alternativ sayılır.

  • Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ (Video)

    Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə xələl gətirən şəxslərin törətdiyi vandalizm aktının anbaan görüntüləri əldə olunub.

    Oxu.Az-ın əldə etdiyi görüntülərdə Münəvvər Taleh qızı Bərxudayevanın, Layla Samir qızı Muradinin, Şəfiqə Farid qızı Qaraşlının və Ardeshir Seyfpour Saad Abadinin kinoteatrın divarlarına cızma-qara etməsi yer alıb.

    Həmin görüntüləri təqdim edirik: