Category: Avto

  • “Volkswagen” 100 minə yaxın elektromobili geri çağırır

    “Volkswagen” avtomobil konserni təxminən 100 min ədəd elektromobili geri çağırır.

    Bu barədə “Reuters” agentliyi Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinə istinadən məlumat yayıb.

    Geri çağırılmanın səbəbi akkumulyator modullarında aşkar edilən problemlərdir. Bildirilir ki, bu komponentlər texniki tələblərə cavab vermir və nəticədə avtomobillərin yürüş ehtiyatının azalmasına səbəb ola bilər. Bundan əlavə, yanğın riski də mövcuddur.

    Məlumata görə, tədbir əsasən təxminən 75 min “Volkswagen ID.” modelini, eləcə də 20 minə yaxın “Cupra Born” avtomobilini əhatə edir. Söhbət 2022-ci ilin fevralından 2024-cü ilin avqustuna qədər istehsal olunmuş nəqliyyat vasitələrindən gedir.

    Şirkət bu avtomobillərdə proqram təminatını yeniləyəcək, yüksək gərginlikli batareyaları yoxlayacaq və zərurət yarandığı halda ayrı-ayrı akkumulyator modullarını dəyişdirəcək.

  • “Hyundai” 69 mindən çox avtomobilini geri çağırır

    Cənubi Koreyanın “Hyundai Motor” şirkəti ABŞ və Kanadada 69 060 ədəd üçcərgəli SUV avtomobili geri çağırır.

    Median.Az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ikinci və üçüncü sıra oturacaqların insan və ya əşya ilə təmas zamanı qatlanmasının qarşısını almalı olan sistemdə aşkarlanan nasazlıqdır.

    Şirkət 2026-cı il istehsalı olan “Palisade” modelinin “Limited” və “Calligraphy” seriyaları üzrə geri çağırma ilə bağlı sənədi Yol Hərəkəti Təhlükəsizliyinin üzrə Milli İdarəsinə təqdim edib. Eyni zamanda, ABŞ-da bu modelin satışları dayandırılıb.

    Məlumata görə, elektriklə tənzimlənən arxa oturacaqlarla bağlı sərnişinlərin sıxışdırılması halları qeydə alınıb. Bu hadisələrdən biri azyaşlı uşağın ölümü ilə nəticələnib.

    Qeyd olunur ki, ötən ilin avqust ayının ortalarından bu il martın 9-dək şirkətə oturacaqlarla bağlı ümumilikdə 17 şikayət daxil olub. Dörd sərnişin yüngül xəsarət alıb.

  • “Lamborghini” rekord gəlir əldə edib

    2025-c ildə İtaliyanın lüks idman avtomobilləri istehsalçısı “Lamborghini”nin əməliyyat mənfəəti azalıb.

    Median.Az şirkətin rəsmi saytına istinadən xəbər verir ki, brendin əməliyyat mənfəəti 2024-cü ildəki 835 milyon avrodan 768 milyon avroya düşüb.

    Bu azalmaya, əsasən, ABŞ-nin tətbiq etdiyi rüsumlar, valyuta məzənnələrindəki kəskin dalğalanmalar və tam elektrikli avtomobil istehsalından imtina ilə bağlı yaranan əlavə xərclər təsir göstərib.

    Mənfəətin azalmasına baxmayaraq, “Lamborghini”nin ümumi gəliri 2025-ci ildə tarixinin ən yüksək səviyyəsinə çatıb. Belə ki, şirkətin gəliri 3.3% artaraq 3.2 milyard avroya (3.7 milyard dollar) yüksəlib. İl ərzində müştərilərə ümumilikdə 10 747 ədəd avtomobil tədarük edilib.

    Qeyd edək ki, avtomobil istehsalçısı ötən il qiymətləri artırsa da, bu addım ABŞ rüsumlarının vurduğu maliyyə zərərini tam kompensasiya etməyə kifayət etməyib.

  • Sürücülər üçün pis xəbər: Avtomobil ehtiyat hissələri BAHALAŞIB – Video

    İranla ABŞ arasında baş verən hərbi münaqişə avtomobil ehtiyat hissələri bazarına da təsir edib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, regiondakı gərginlik logistik çətinliklər yaratdığından, xüsusilə, Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiymətində artım müşahidə olunur.

    Sahibkarların sözlərinə görə, Dubaydan Çin və Amerika istehsalı olan avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub.

    Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşrutlardan istifadə isə avtomatik olaraq qiymətlərin artmasına səbəb olur.

    Bundan əlavə, birbaşa uçuşların dayandırılması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərclərin yaranmasına gətirib çıxarır.

    Sahibkarların sözlərinə görə, bazarda bəzi ehtiyat hissələrinin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.

  • İki Formula-1 Qran-prisi ləğv oluna bilər – “Sky News”

    Formula-1 yaxın gələcək yarışlarını Bəhreyn və Səudiyyə Ərəbistanında ləğv etməyi planlaşdırır, səbəb isə Yaxın Şərqdə gedən münaqişə və təhlükəsizlik problemləridir.

    Bu barədə “Sky News” yazıb.

    Məlumata görə, Formula-1 rəhbərliyi yekun qərarı iki gün ərzində açıqlayacaq.

    Bəhreyndəki yarış 12 apreldə, Səudiyyə Ərəbistanında Qran-pri isə 19 apreldə baş tutmalı idi. Nəşr qeyd edib ki, bu iki yarış ilin təqvimində əvəzlənmədən ləğv oluna bilər, bu isə 2026-cı il mövsümünün 22 yarışla məhdudlaşması deməkdir.

    Bəhreyn Qran-prisi: Maraqlı faktlar

    Bəhreyn Qran-prisi Yaxın Şərqdə keçirilən ilk Formula-1 yarışıdır. 2004-cü ildə çempionat təqviminə daxil edilib. Yarışın ilk qalibi “Ferrari” komandasında çıxış edən əfsanəvi Mihael Şumaxer olub.

    2014-cü ildən etibarən yarış gecə saatlarında keçirilir ki, bu da onu daha təsirli və görkəmli edir.

    Səudiyyə Ərəbistanı Qran-prisi: Maraqlı faktlar

    Ciddə trası Formula-1-dəki ən sürətli şəhər traslarından biridir. Yarış Qırmızı dəniz sahili boyunca keçirilir. Bu, XXI əsrdə Bəhreyn Qran-prisindən sonra Yaxın Şərqdə keçirilən ikinci Formula-1 yarışıdır. Formula-1 təqviminə Səudiyyə Ərəbistanı mərhələsi nisbətən yaxın illərdə, 2021-ci ildə əlavə olunub. İlk Qran-pri qalibi “Mercedes-AMG Petronas Formula One Team” komandasında çıxış edən Luis Hemilton olub.

  • Formula 1 Çin Qran-Prisində qalib məlum oldu

    Britaniyalı pilot Corc Rassel Formula 1 üzrə 2026-cı il dünya çempionatının ikinci mərhələsi olan Çin Qran-Prisinin sprint yarışının qalibi olub.

    Şanxayda keçirilən yarışda “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler ikinci, britaniyalı pilot Luis Hemilton isə üçüncü yeri tutub.

    Qeyd edək ki, Çin Qran-Prisi mövsümdə sprint formatının tətbiq olunduğu altı mərhələdən biridir.

  • Sahiblərinə ən çox xərc çıxaran 5 lüks avtomobil

    Yeni avtomobil alarkən nəzərə alınmalı əsas amillərdən biri təkcə vitrin qiyməti deyil, həm də zaman keçdikcə yaranacaq texniki xidmət və təmir xərcləridir. Əslində, avtomobilin real dəyəri onu nə qədər uzun müddət istifadə etdikcə artır — çünki aşınma baş verir, mexaniki hissələr sıradan çıxır və qəza riskləri yaranır.

    Bütün bunlar bir avtomobil üçün gözlədiyinizdən qat-qat artıq xərc çəkməyinizə səbəb ola bilər.

    Bu yaxınlarda CarEdge geniş avtomobil məlumatlarını təhlil edərək, beş il ərzində saxlanılması ən baha başa gələn lüks avtomobilləri müəyyən edib.

    Hər bir marka yüksək keyfiyyət və statusla tanınsa da, zaman keçdikcə son dərəcə yüksək təmir və texniki xidmət xərcləri tələb edir. Məsələn, Bentley və ya BMW alarkən siz yalnız avtomobili almaq üçün deyil, onu işlək vəziyyətdə saxlamaq üçün də ciddi məbləğlər ödəməli olacaqsınız.

    1. Bentley

    5 illik texniki xidmət xərci: 12,032 ABŞ dolları

    2. Land Rover

    5 illik texniki xidmət xərci: 5,752 ABŞ dolları

    3. BMW

    5 illik texniki xidmət xərci: 5,145 ABŞ dolları

    4. Jaguar

    5 illik texniki xidmət xərci: 4,933 ABŞ dolları

    5. Mercedes-Benz

    5 illik texniki xidmət xərci: 4,217 ABŞ dolları

    Əgər lüks avtomobil almağı planlaşdırırsınızsa, mütləq ətraflı araşdırma aparın və texniki xidmət xərclərini avtomobilin satış qiyməti ilə müqayisə edin — əks halda gözlədiyinizdən xeyli artıq xərcə düşə bilərsiniz.
    //valyuta.az

  • Bakı Formula 1 hazırlıqlarına başladı

    Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə başlanılıb.

    Bakı Şəhər Halqası (BCC) Əməliyyat Şirkətindən Qaynarinfo-ya verilən məlumata görə, paddok hər zamankı kimi Neftçilər prospektində, Hökumət evinin qarşısında quraşdırılır.

    Piyadalardan və sürücülərdən diqqətli olmaları xahiş edilib.

    Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi 2026 sentyabrın 24–26-da keçiriləcək. Dünyanın ən böyük avtoidman yarışı on minlərlə qonağın iştirakı ilə Bakıya yenidən möhtəşəm yarış həyəcanı qatacaq.

  • “Opel” minlərlə avtomobilini geri çağırır

    “Opel” şirkəti Yaponiyanın “Takata” korporasiyasının istehsal etdiyi təhlükəsizlik yastıqları ilə bağlı geri çağırış kampaniyasına başlayıb.

    Median.Az bu barədə NEWS.ru-ya istinadən xəbər verir.

    Bildirilir ki, yüksək temperatur və rütubətdə təhlükəsizlik yastığındakı qaz generatorunun zədələnə ehtimalı var. Bu da ağır xəsarətlərə və ya ölümə səbəb ola bilər.

    Qeyd olunur ki, geri çağırılma 2003-2018-ci illər arasında istehsal olunmuş səkkiz modeli əhatə edir. Siyahıya “Opel Astra”, “Astra 10”, “Cascada”, “Meriva”, “Mokka”, “Vectra”, “Signum” və “Zafira” daxildir.

  • Azərbaycanda avtomobillər BAHALAŞA BİLƏR – Video

    Gürcüstanda son illərdə avtomobillərin sayı kəskin şəkildə artıb.

    2012-ci ildə ölkədə 864 min nəqliyyat vasitəsi qeydiyyatda idisə, ötən il bu rəqəm iki milyonu ötüb. Hökumət hesab edir ki, avtomobillərin sayındakı artım həm tıxacların çoxalmasına, həm də ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Məhz buna görə də hökumət 6 ildən köhnə avtomobillərin Gürcüstana idxalına məhdudiyyət tətbiq etməyə hazırlaşır.

    Median.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əgər Gürcüstanda daxili qeydiyyatla bağlı məhdudiyyətlər tətbiq olunarsa, iri avtomobil alıcıları alış prosesində daha ehtiyatlı davranacaqlar. Bu isə xüsusilə 6-10 il arası avtomobillər üzrə qısamüddətli təklifin azalmasına səbəb ola, qiymətlərin yüksəlməsinə gətirib çıxara bilər.

    Ekspertin sözlərinə görə, Gürcüstan 2025-ci ildə ölkəyə 3 milyard 870 milyon dollar dəyərində avtomobil idxal edib. Həmin il ölkədən 2 milyard 800 milyon dollar dəyərində avtomobil yenidən ixrac olunub. O qeyd edib ki, ötən ilin sonundan etibarən yenidən ixrac edilən nəqliyyat vasitələrinin Gürcüstanda bahalaşması qiymətlərin müəyyən qədər artmasına gətirib çıxarıb.