Category: Avto

  • Çin avtomobili almaq istəyənlərin nəzərinə! Qiymətlər bu qədər artacaq

    Son aylarda Çindən Azərbaycana gətirilən avtomobillərin sayında azalma müşahidə olunur. Avtomobil bazarındakı dinamika göstərir ki, əvvəlki illərlə müqayisədə idxal tempi zəifləyib və kütləvi gətirilmə mərhələsi artıq geridə qalır. Mütəxəssislər bu dəyişiklikdə əsas faktor kimi gömrük siyasətində edilən yenilikləri göstərirlər.

    Belə ki, 2026-cı il yanvarın 1-dən etibarən avtomobillərlə bağlı bir sıra gömrük güzəştləri ləğv olunub. Bu qərar idxal xərclərinə birbaşa təsir edib və nəticədə Çin istehsalı avtomobillərin son satış qiymətlərində artım qeydə alınıb. Əvvəllər qiymət üstünlüyü ilə seçilən bu modellər artıq bazarda əvvəlki qədər əlçatan hesab edilmir.

    İqtisadçı ekspert Vüqar Oruc bildirib ki, güzəştlərin dayandırılması avtomobillərin qiymətində orta hesabla 5-10%, bəzi hallarda isə 15%-ə qədər artıma səbəb olub. Bu artım alıcıların büdcəsinə təsir göstərdiyindən Çin avtomobillərinə müraciətlərin sayı azalıb.

    Ekspert qeyd edir ki, bazar tələbinə uyğun olaraq artıq əvvəlki kimi kütləvi idxal həyata keçirilmir, əsasən seçilmiş, daha çox tələbat olan modellər ölkəyə gətirilir. Bundan başqa, bazarda kifayət qədər Çin avtomobili mövcuddur və bu da yeni idxala olan ehtiyacı müəyyən qədər azaldır.

    V.Orucun sözlərinə görə, gömrük rüsumları və digər güzəştlərin ləğvi yeni gətirilən avtomobillərin qiymətini yüksəldib. Əvvəllər yeni avtomobillər ikinci əl bazarı ilə müəyyən çərçivədə rəqabət aparırdısa, hazırda qiymət fərqi artıb və alıcılar daha çox işlənmiş avtomobillərə üstünlük verirlər.

    Ekspert vurğulayır ki, mövcud vəziyyət birbaşa rüsum siyasəti ilə bağlıdır və 2026-cı ildə qiymət artımını azaltmağa yönəlmiş xüsusi proqram nəzərdə tutulmayıb. Ümumilikdə artan xərclər və digər iqtisadi amillər də avtomobil bazarında bahalaşmanı şərtləndirən əsas səbəblər sırasındadır.

    Beləliklə, gömrük güzəştlərinin ləğvi Çin avtomobillərinin qiymətinin artmasına gətirib çıxaracaq.

  • Natrium əvəzinə litium: Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər

    Elektrik avtomobil sənayesində mühüm yenilik baş verib – dünyanın ilk natrium-ion batareyası təqdim olunub. Bu batareya ənənəvi litium-ion batareyalara ciddi alternativ ola bilər.

    Qaynarinfo xəbər verir ki, yeni texnologiya soyuq iqlimlərdə daha yaxşı performans, etibarlı yol məsafəsi və daha sərfəli qiymət vəd edir. CATL şirkəti tərəfindən hazırlanan batareya, şirkətin qlobal batareya bazarının 38%-dən çoxunu əhatə edən portfeli ilə bu il ilk dəfə kütləvi istehsal avtomobilində – “Changan Nevo A06” modelində təqdim olunacaq.

    Natrium-ion batareyalarının üstünlükləri

    Enerji sıxlığı təxminən 175 Vt·saat/kq-dır, bu da bir tam şarjla 400 km məsafə qət etməyə imkan verir.

    Ən böyük üstünlük – ekstremal soyuqlara davamlılıq. Monqolustanda keçirilən testlərdə avtomobil -30°C-də normal şarj olunub və -50°C-də də stabil işləyib. İstehsalçı bildirir ki, -40°C-də batareya tutumunun 90%-dən çoxunu qoruyur.

    Yüksək təhlükəsizlik: batareya sınaqlarda sındırılsa və ya deşilsə belə, tüstü çıxarmayıb və alış baş verməyib.

    Texnologiyanın bazara təsiri

    Ekspertlər qeyd edirlər ki, natrium litiumdan ucuzdur, bu isə elektrik avtomobillərinin qiymətinin azalmasına səbəb ola bilər. Bundan əlavə, natrium batareyaları təchizat zəncirində geosiyasi təsirlərə daha az həssasdır.

    Texnologiya ilk olaraq Çin bazarında tətbiq ediləcək, amma perspektivdə ABŞ və digər ölkələrdə də görünə bilər. Natrium-ion batareyaların istifadəyə girməsi batareya sahəsində daha əlçatan, təhlükəsiz və çətin hava şəraitinə davamlı yeni bir dövr açır.

  • BMW yüzminlərlə avtomobilini geri çağırır

    Almaniyanın avtomobil istehsalçısı BMW yanğın riski səbəbindən müxtəlif modifikasiyalı 575 min nəqliyyat vasitəsini geri çağırmaq üzrə qlobal kampaniyaya başlayır.

    Median.Az bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.

    Şirkətin mütəxəssisləri tərəfindən aparılan yoxlamalar zamanı müəyyən edilib ki, geri çağırılan avtomobillərdə mühərrik işə salındığı zaman qısaqapanma baş verə bilər və bu, avtomobilin yanmasına səbəb ola bilər.

    Texniki nasazlıq “BMW 2-Series Coupe”, 3-cü, 4-cü və 5-ci seriyaların bəzi modifikasiyalarını, həmçinin “BMW 6-Series Gran Turismo” və “BMW 7-Series Limousine” modellərini əhatə edir. Bundan əlavə, siyahıya “BMW X4”, “BMW X5”, “BMW X6” krossoverləri və “BMW Z4” rodsteri də daxildir.

  • Çin avtomobilləri nə qədər bahalaşıb? – “Martın sonundək…”

    Son aylarda Azərbaycan avtomobil bazarında Çin istehsalı olan avtomobillərin qiymətlərində artım müşahidə olunur. 

    Xüsusilə elektrik avtomobilləri əvvəlki illərlə müqayisədə daha baha satılır. Satıcılar qiymət artımını əsasən gömrük xərclərinin yüksəlməsi ilə izah edirlər. Bu da avtomobillərin ölkəyə gətirilməsi zamanı əlavə xərc yaradır. 

    Məsələn, bir müddət əvvəl 40 min manata təklif olunan elektrik avtomobili hazırda təxminən 3 min manat bahalaşaraq 43 min manat civarında satışa çıxarılır. Bu qiymət artımı isə avtomobil almaq istəyən vətəndaşların seçimlərinə birbaşa təsir göstərir. 

    Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eskperti Eldəniz Cəfərov bildirib ki, yeni vergi mexanizmi avtomobil qiymətlərinə təsirsiz ötüşməyib:

    “Avtomobillərin gömrük xərclərində hər hansı dəyişiklik baş verməyib. 

    Dəyişiklik məhz vergi mexanizmində olub. Belə ki, 2026-cı il yanvarın 1-dək ölkəyə idxal olunan elektromobillər və hibrid avtomobillər əlavə dəyər vergisindən (ƏDV) azad edilirdi. Lakin bu müddət artıq başa çatıb və müddət bitdikdən sonra əvvəlki qaydalar yenidən tətbiq olunur. 

    Yəni həmin avtomobillər üzrə ƏDV və digər müvafiq vergilər tutulmağa başlanıb. Bu da təbii olaraq avtomobil qiymətlərinə təsirsiz ötüşməyib. Çindən Azərbaycana idxal olunan avtomobillərin böyük əksəriyyəti hibrid və elektromobillərdir. Vergi güzəştlərinin ləğvi birbaşa bu kateqoriyaya aid nəqliyyat vasitələrinin qiymətlərində artım riskini artırır”. 

    Onun sözlərinə görə, Çin qanunvericiliyində də dəyişikliklər edilib:

    “Artıq yeni avtomobillərin “ikinci əl” və ya “köhnə avtomobil” adı ilə ixracı xeyli çətinləşdirilib. Yeni qaydalara əsasən, istehsalçıdan alınan avtomobil minimum altı ay Çin Xalq Respublikasında saxlanılmalıdır, yalnız bundan sonra ölkədən çıxarıla bilər. 

    Bu da bazara çıxarılan avtomobillərin sayına və qiymətinə təsir edən əlavə amildir. Digər mühüm məqam isə dizel və benzin mühərrikli avtomobillər üzrə mühərrik həcminə görə tətbiq olunan aksiz vergilərinin artırılmasıdır. Bu dəyişiklik bazarda struktur transformasiyasına səbəb olub. 

    Nəticədə həm sahibkarlar, həm də alıcılar daha yeni avtomobillərə üstünlük verməyə başlayıblar. Bu tendensiya 2019–2026-cı illərdə istehsal olunan avtomobillərin idxalının və daxili bazarda satışının artmasına şərait yaradır”. 

    Ekspert qeyd edib ki, artıq Çindən istehsalçı tərəfindən rəsmi zavod zəmanəti təqdim olunan yeni avtomobillərin gətirilməsi mümkündür: 

    “Lakin zavod zəmanəti olmayan yeni avtomobillərin idxalı xeyli çətinləşib. Ən azı bu ilin mart ayının sonunadək avtomobil bazarında kəskin qiymət artımı gözlənilmir. Hazırkı mərhələdə bazarda qiymətlərin nisbətən sabit qalacağı proqnozlaşdırılır”. 

  • BMW öz avtomobillərində bir neçə funksiyanı ödənişli edəcək

    BMW şirkəti öz avtomobillərində bəzi funksiyalardan istifadə üçün abunə modelini tətbiq edəcək.

    Median.Az bu barədə “Carscoops”a istinadən xəbər verir.

    Bildirilir ki, yeni “iX3” elektrik krossoveri üçün alman istehsalçı dairəvi baxış kameraları və inkişaf etmiş avtonom idarəetmə sistemləri kimi funksiyalarla bağlı aylıq ödəniş təklif edəcək.

    Dairəvi baxış kameraları və avtopilot tipli sistemləri özündə birləşdirən “Driving Assistant Pro” bütün “iX3” modellərində komplektasiyadan asılı olmayaraq standart quraşdırılacaq, lakin onların aktivləşdirilməsi üçün abunə tələb olunacaq.

    Bu funksiyaların qiyməti hələ açıqlanmayıb.

  • “Tesla”dan kəskin dönüş: Mask iki məşhur avtomobili istehsaldan çıxarır

    Amerikalı avtomobil şirkəti “Tesla” qarşıdakı rübdən “Model S” və “Model X” istehsalını dayandıracaq. Bu modellər uzun illər şirkətin simvolu olmuşdu. Bunun əvəzinə İlon Mask insanabənzər robotlar “Optimus” istehsalına genişmiqyaslı keçid planlaşdırır.

    Bu barədə “Business Insider” yazıb.

    “Model S” və “Model X” proqramlarına hörmətli bir son qoymağın zamanı çatıb, çünki biz həqiqətən müstəqilliyə əsaslanan gələcəyə doğru irəliləyirik”, deyə baş direktor İlon Mask bildirib.

    “Tesla” Kaliforniyadakı Fremont zavodunda bu modellərin istehsal xətlərini insanabənzər robotlar “Optimus” istehsalı üçün nəzərdə tutulmuş sahələrə çevirəcək. Uzunmüddətli məqsəd hər il bir milyon robot istehsal etməkdir.

    Mask həmçinin qeyd edib ki, “Tesla “Model S” və “Model X” sahiblərini avtomobillər yollarda olduğu müddətcə dəstəkləməyə davam edəcək. Bu modellərdən birini almaq arzusunda olanlar üçün isə “indi sifariş verməyin tam zamanıdır” deyib.

    Maskın sözlərinə görə, bu qərar bir az kədərlidir, lakin şirkətin avtonom gələcəyə keçidinin bir hissəsidir.

    Qeyd olunur ki, “Model S” və “Model X” “Tesla”nın ən köhnə və ən bahalı modellərindən biridir. “Model S” ilk dəfə 2009-cu ildə təqdim olunub, ilk çatdırılmalar isə 2012-ci ildə başlayıb. “Model X” 2012-ci ildə elan olunub, ilk müştəri avtomobilləri isə 2015-ci ildə təqdim olunub.

    Hər iki model 2025-ci ildə yenilənib, o cümlədən daha böyük batareya, yaxşı səs izolyasiyası, daha hamar süspansiyon və qiymətin 4 500 dollar artırılması. Lakin yenilənmə “Tesla Cybertruck”da təqdim olunan bəzi ən innovativ texnologiyaları əhatə etməyib.

    “Tesla” saytında “Model S”in başlanğıc qiyməti 94 990 dollar, daha premium “Plaid” versiyası isə 109 990 dollar təşkil edir. “Model X”in qiyməti 99 990 dollardan başlayır, “Plaid” versiyası isə 114 990 dollardır.
    //qaynar.az

  • “Volkswagen” 44 min elektromobili geri çağırdı – SƏBƏB

    Almaniyanın “Volkswagen” avtomobil istehsalçısı akkumulyator batareyalarında yanğın riski ilə bağlı ABŞ-də 44 551 elektrik avtomobilini geri çağırmağa başlayıb.

    Bu barədə “Reuters” yanvarın 27-də ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına istinadən xəbər yayıb.

    Məlumata əsasən, geri çağırma kampaniyası çərçivəsində 2023-2025-ci illərin istehsalı olan 43 881 ədəd “Volkswagen ID.4” elektrik avtomobilində batareyanın həddindən artıq qızması ehtimalı müəyyən edilib. Bu hal isə yanğın riskini artırır. Bundan əlavə, bəzi akkumulyatorlarda elektrodların düzgün yerləşdirilməməsi səbəbindən 2023-2024-cü illərin istehsalı olan daha 670 elektrik avtomobilin də geri qaytarılacağı bildirilib.

    Qeyd olunub ki, söhbət “ID.4” modelində istifadə olunan batareya blokları ilə bağlı iki ayrı geri çağırma kampaniyasından gedir.

    ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasından bildirilib ki, “Volkswagen” dilerləri geri çağırma siyahısına daxil olan bütün elektrik avtomobilləri üçün proqram təminatının yenilənməsini, diaqnostikanı və zəruri hallarda batareyaların dəyişdirilməsini ödənişsiz həyata keçirəcəklər.
    //oxu.az

  • Etibarlılıq problemi: Ən tez sıradan çıxan avtomobil markası açıqlandı

    BGR saytı “Consumer Reports” tədqiqatına əsaslanaraq istifadə edilmiş avtomobillər arasında ən etibarsız markaları açıqlayıb.

    Bu antireytinqin birinci pilləsini populyar elektrik avtomobili istehsalçısı tutur.

    Qeyd olunur ki, “Tesla” markası istifadə edilmiş avtomobillərin etibarlılıq reytinqində sonuncu yerdədir. Şirkət yalnız 31 bal toplayıb, lider marka “Lexus” isə 77 bal əldə edib.

    Ekspertlər beş illik və onillik yaşlı modellərin sahiblərini sorğu edərək, sıradan çıxma məlumatlarını təhlil ediblər. Nəticələr göstərir ki, “Tesla” yeni modellərində etibarlılığı artırsa da, istifadə edilmiş modellər hələ də çoxsaylı problemlərə malikdir.

    Xüsusilə “Tesla Cybertruck” pikap modeli markanın ən problemli avtomobillərindən biri hesab olunub. Onun bir neçə tez-tez baş verən problemi aşkarlanıb, o cümlədən bəzi elektron komponentlərin düzgün işləməməsi.

    Ekspertlər bildirirlər ki, bir çox elektrik avtomobillər daxili yanma mühərrikli avtomobillərdən daha az etibarlı çıxıb. Lakin yeni elektrik avtomobillər beş illik və onillik istifadə edilmiş modellərə nisbətən daha az problemə malikdir.
    //qaynar.az

  • Ucuz və etibarlı: Yeni başlayanlar üçün ən yaxşı 10 avtomobil

    İlk avtomobilin alınması adətən gənc sürücülər üçün ciddi sınaq olur. Təhlükəsizlik, etibarlılıq və komfort kimi bir çox vacib amili nəzərə almaq lazımdır, üstəlik, çox vaxt nə kifayət qədər təcrübə, nə də bahalı və zəmanətli yaxşı avtomobil almaq üçün büdcə olur.

    Qaynarinfo xəbər verir ki, “Slash Gear” nəşri təhlükəsizlik, qiymətlər, etibarlılıq və avtomobilə uzunmüddətli sahiblik xərcləri ilə bağlı real məlumatları təhlil edib və sükan arxasına ilk dəfə əyləşənlər üçün ideal hesab olunan nisbətən ucuz modellərin siyahısını tərtib edib.

    Siyahıya daxil edilən 10 model bunlardır:

    “Honda Civic”. Onilliklərdir ilk avtomobil üçün ən yaxşı variantlardan biri hesab olunur. Uzunömürlülüyü və aşağı təmir xərcləri ilə seçilir. Müasir versiyalar hətta baza komplektasiyalarında belə geniş sürücü köməkçi sistemləri təklif edir və həm yeni, həm də işlənmiş bazarda nisbətən əlçatan qiymətini qoruyur.

    “Toyota Corolla”. Dünyada ən çox satılan avtomobillərdən biri kimi son dərəcə etibarlı model reputasiyasına malikdir. Müasir nəsil benzin və hibrid mühərrik variantları, zəngin standart təchizat və baza versiyasından etibarən tam təhlükəsizlik paketləri ilə yeni başlayanlar üçün cəlbedici və praktik seçim sayılır.

    “Mazda 3”. Üslub, keyfiyyət və sürücü komfortunu birləşdirir. Hətta ilkin komplektasiyalar da “büdcə” təsiri bağışlamır. Geniş təhlükəsizlik sistemləri paketi təcrübəsiz sürücülərin özünü daha inamlı hiss etməsinə kömək edir.

    “Hyundai Elantra”. Etibarlı və kütləvi sedan kimi tanınıb və ilk avtomobil üçün uyğundur. Yeni modellər müasir multimedia sistemləri, yüksək təhlükəsizlik reytinqləri və sinfində ən yaxşı ötürmə sistemi zəmanətlərindən birini təklif edir ki, bu da yeni sahiblər üçün maliyyə risklərini azaldır.

    “Kia Soul”. Praktikliyi, geniş salonu və münasib qiyməti ilə seçilir. İqtisadi mühərriki, anlaşılan multimedia interfeysi və standart sürücü köməkçi sistemləri sayəsində bu kompakt hetçbek tez-tez illərlə problemsiz xidmət göstərən ilk avtomobilə çevrilir.

    “Nissan Sentra”. Brend xəttində ən etibarlı variantlardan biri olaraq qalır və işlənmiş avtomobil seçənlər arasında populyardır. Son nəsillər müasir təhlükəsizlik sistemləri, rahat oturacaqlar və orta səviyyəli xidmət xərcləri ilə az təcrübəli sürücülər üçün cəlbedicidir.

    “Ford Focus”. İstehsaldan çıxarılmasına baxmayaraq, ikinci əl bazarında hələ də populyarlığını qoruyur. Münasib qiyməti, öz dövrü üçün müasir texnologiyaları və layiqli təhlükəsizlik səviyyəsi ilə daha bahalı rəqiblərə sərfəli alternativ sayılır.

    “Toyota Yaris”. Kompakt ölçülərinə baxmayaraq, etibarlı və iqtisadi avtomobil kimi tanınır. İşlənmiş modellər qiymət baxımından əlçatandır, xidmət xərcləri aşağıdır və baza təhlükəsizlik sistemləri ilə şəhər istifadəsi üçün praktik variantdır.

    “Honda Accord”. Tipik “ilk avtomobil”lərdən daha iri və bahalıdır, lakin bunu komfort, yüksək təhlükəsizlik səviyyəsi və orta sahiblik xərcləri ilə kompensasiya edir. İkinci əl bazarında geniş buraxılış ili seçimi və sabit etibarlılıq reputasiyası sayəsində tez-tez ilk ailə avtomobili kimi nəzərdən keçirilir.

    “Toyota Prius”. Dörddə bir əsr ərzində eksperimental hibriddən bazarın ən etibarlı və ən qənaətcil avtomobillərindən birinə çevrilib. Müasir versiyalar geniş təhlükəsizlik paketinə malikdir, dəyərini yaxşı saxlayır və düzgün qulluqla yüz minlərlə kilometr problemsiz yol qət edə bilir.

  • Avtomobilin qışda heç bir fəsad olmadan hərəkətsiz dayana biləcəyi müddət açıqlandı

    “Müasir avtomobillərin qışda boş dayanma müddəti bir aydan çox olmayacaqsa, onların xüsusi hazırlığa ehtiyacı yoxdur”.

    Bu barədə məlumat Moskva Politexnik Universitetinin baş elmi işçisi, alim və dosenti Yuri Furletovun açıqlamasına əsaslanır.

    Alimin sözlərinə görə, hətta üç həftə ərzində açıq havada hərəkətsiz qalan avtomobil də problem yaşamayacaq. Furletov qeyd edib ki, “yaşlı” avtomobillər üçün də xüsusi hazırlıq tələb olunmur, lakin bir nüans var: “Avtomobili saxladıqdan sonra qapıları açıb salonun soyumasına imkan vermək məsləhətdir ki, kondensat yaranmasın. Bundan sonra avtomobili bağlayın, imkan varsa, akkumulyatoru çıxarıb evə aparın. Əgər akkumulyatoru sökmək mümkün deyilsə, onun boşalmaması üçün klemmaları ayırmaq lazımdır. Bunun üçün kapotu açmaq, avtomobili kilidləmək, akkumulyatoru ayırmaq və sonra kapotu bağlamaq kifayətdir”.

    Mütəxəssis, həmçinin uzun müddət avtomobildən istifadə olunmayacağı dövrdə elektron sistemlərin enerji sərfiyyatını minimuma endirməyi tövsiyə edib: “Avtomobili mühafizə siqnalizasiyasına qoymaq əvəzinə onu standart mərkəzi kilidlə bağlamaq daha məqsədəuyğundur. Qayıtdıqdan sonra avtomobil mexaniki açarla açılmalı, akkumulyator yenidən qoşulmalı və yalnız bundan sonra bort elektronikası aktivləşdirilməlidir”.
    //oxu.az