Category: Avto

  • Azərbaycana hibrid avtomobillər gətiriləcək

    Azərbaycan əhalisinin təxminən 40 faizi Bakı və Abşeron ərazisində yaşayır.

    Bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun panelində çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, Abşeron ərazisində yaşıllıq az olduğu üçün yeni ağacların əkilməsinə ehtiyac var.

    “Bunun üçün də yeni su mənbələri axtarmalıyıq. Abşeron coğrafi baxımdan səhra və yarımsəhradır. Burada suyun ənənəvi yolları olmadığı üçün şəhər ətrafından gətirilir. Bu da qarşımızda duran ən vacib məsələlərdən biridir”.

    Nazir avtomobillərdən atmosferə atılan tullantılar məsələsinə də toxunub:

    “Hazırda Azərbaycana hibrid avtomobillərin gətirilməsi təşviq edilir. Bununla da atmosferə atılan zərərli qazların təsirini azaltmaq istəyirik”.

  • Ən etibarlı avtomobillərin siyahısı açıqlandı

    ABŞ-ın “J.D. Power” şirkətinin Britaniya şöbəsi araşdırma çərçivəsində 3 yaşına qədər olan etibarlı avtomobillərin reytinqini hazırlayıb.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, araşdıma zamanı 11,5 min britaniyalı avtomobilçinin fikrini öyrənilib. Sorğuya 25 brendin avtomobilləri çıxarılıb.

    Nəticədə mütəxəssislər müxtəlif kateqoriyalar üzrə 170-dən çox şikayət qeydə alıb.

    Reytinin ilk pilləsində 100 avtomobildə 77 nasazlıqla ilə Peugeot qərar tutub. İkinci yerdə Skoda (88), üçüncü yerdə isə Hyundai (90) yer alıb.

    İlk beşliyə Nissan və Suziki (94) də daxil olub. İlk onluqda isə Opel (95), Kia (101), Mini (103), Ford və Volvo (106) yer alıb.

    Siyahıda sonuncu yerdə BMW (181) qərarlaşıb.

    Ekspertlərin fikrincə, əsas problemlər elektronika ilə əlaqəlidir. “J.D. Power” şirkətinin Avropa şöbəsinin rəhbəri Coş Hallibörton qeyd edib ki, avtomobil istehsalçılarının texnologiya arxasınca qaçması avtomobillərdə ideal olmayan və tez xarab olan yeni sistem və aqreqatların yer almasına səbəb olur.//sputnik.az

  • Avtomobilin yan şüşəsinə plyonka çəkməyə icazə varmı? – DYP-dən AÇIQLAMA

    May ayının 1-dən noyabrın 15-dək Azərbaycanda minik avtomobillərinin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanan jalüzlərin vurulmasına icazə verildiyindən Bakı şəhərində qara plyonkalı maşınların sayında artım müşahidə olunur.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, məlum icazənin qüvvəyə minməsindən sonra guya Azərbaycanda minik avtomobillərinin yan şüşələrinə plyonka çəkilməsinə icazə verildiyinə dair şayiələr yayılıb. Bununla bağlı qanuna dəyişiklik edildiyi, hətta cərimələrin ləğv edildiyi də bildirlir.

    Lakin Baş Dövlət Yol Polisi İdarəsi məlumatı təksizb edib. Bildirilib ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

    Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

    Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

    Küləyə qarşı şüşələr üçün – 75 %
    Küləyə qarşı olmayan digər şüşələr üçün – 70 %

    Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

    “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

    Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

    Digər hallarda, yəni tünd örtüklər, eləcə də plyonka vurulduqda sürücülər məsuliyyətə cəlb olunacaqlar.

  • Maşın bazarında alver “ölüb”: işbazlar imkan vermir – VİDEO

    Bakının Badamdar qəsəbəsində yerləşən maşın bazarında alıcı qıtlığının pik nöqtəyə çatdığı müşahidə olunur.

    Satıcılar 3 ay əvvəl 15-20 minə satışa çıxardıqları avtomobilləri indi 10 min manata belə sata bilmirlər.

    Bazarda alverin azalmasının bir səbəbi də Badamdar qəsəbəsində “Qurd qapısı” adlanan yerdən bazara qədər yolboyu işbazların leqal olmayan alveridir. Belə ki, işbazlar yoldan ötən maşınları bir-bir saxlayaraq onlara qiymət təklif edirlər.

    Yol kənarında alver etməklərinin səbəbinə gəlincə isə, işbazlar bazarda alverin zəifləməsini göstərirlər.

  • Bakıda baş verən dəhşətli yol qəzaları (VİDEO)

    Bakıda baş verən dəhşətli yol qəzalarının görüntüsü ortaya çıxıb.

    Median.Az xəbər verir ki, qəzalarla bağlı görüntüləri Daxili İşlər Nazirliyi yayıb.

    Videoda yol hərəkət qaydalarını pozan sürücülər və piyadaların dəhşəti qəzaya səbəb olduğu əks olunur.

    DİN vətəndaşlara müraciətdə bildirir ki, yol hərəkəti qaydalarına riayət edin: “Özünüzün və başqalarının həyatını təhlükəyə atmayın”.

  • Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

    Paytaxtda bu gün iki küçədə hərəkət məhdudlaşdırılacaq.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Kövkəb xanım Səfərəliyeva və Dilarə Əliyeva küçələrində mövcud nişanlanma xətlərinin yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq bu gün saat 23:00 – 06:00-a kimi qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə və ya qismən məhdudlaşdırılacaq.//Baku.ws

  • 2019-cu ilin ən yaxşı avtomobilinin adı açıqlanıb

    ABŞ-ın Nyu-York şəhərində “World Car of the Year 2019” müsabiqəsinin qalibləri elan edilib.

    “Jaguar I-Pace ” 3 nominasiya üzrə – “İlin avtomobili”, “İlin dizaynı” və “Ekoloji avtomobil” mükafatlarına ” layiq görülüb.

    İlin ən lüks avtomobili adına “Audi A7”, ilin hiperkarı adına isə “McLaren 72OS” seçiliblər. Şəhər üçün ən yaxşı avtomobil adını “Suzukii Jimny” qazanıb.

    “World Car Awards” — peşəkar beynəlxalq avtomobil jurnalistləri tərəfindən verilən beynəlxalq mükafatdır.

  • BMW 121 min avtomobili geri çağırır

    Almaniyanın avtomobil brendi BMW Çin bazarında satdığı 121 min 381 avtomobili elektrik sistemindəki qüsurlara görə geri çağırır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, geri çağırılan avtomobillər 2009-2011-ci illərdə Çində istehsal olunan və xaricdən idxal edilən BMW 318i, 320i, 325i and X1 model nəqliyyat vasitələridir.

    Mütəxəssislərin qənaətinə görə, konstruksiya qüsurları səbəbindən elektrik kabellərində qoşulmada problemlər ortaya çıxa bilər ki, bu da təhlükəli halların yaranması ilə nəticələnər.

    BMW-nin Çindəki tərəfdaşı “Brilliance China Automotive Holdings” qüsurlu hissələri öz hesabına dəyişəcək.

  • Yeni avtomobillərdə sürət məhdudiyyəti olacaq

    2022-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ölkələrində yeni avtomobillərdə sürət məhdudiyyəti sistemi tətbiq ediləcək. Avropa Komissiyasının təsdiq etdiyi bu təkliflər Avropa Şurası və Avropa Parlamentinin ratifikasiyasından sonra qüvvəyə minəcək.

    Median.Az BBC-yə istinadən xəbər verir ki, Aİ 2050-ci ilədək yol-nəqliyyat qəzalarında ölüm hallarını minimuma endirməyi nəzərdə tutur. Bu məqsədlə yeni avtomobillərdə “ağıllı sürət yardımı” (ISA) təcili əyləc sistemi və nəqliyyat vasitələrinin yol zolağında qalmasını təmin edən məcburi texnologiya quraşdırılması nəzərdə tutulur. ISA sürət lövhələrini qəbul edən kameralar vasitəsilə işləyəcək və GPS proqramının olduğu kompüterlər lazımi sürəti hesablayaraq motor əyləci ilə avtomatik şəkildə sürəti azaldacaq.

    Aİ Komissiyasının üzvü Elizabet Bienkovska yeni sistemlə bağlı müraciətində qeyd edib ki, hər il yol-nəqliyyat qəzalarında 25 min insan həyatını itirir. Onun sözlərinə görə, bu qəzaların əksəriyyəti sürücü xətalarından baş verir və yeni sistem onların qarşısını almağa kömək edəcək. ISA sürəti azaltmaqla yanaşı, sürücülərə yuxulamaq, mobil telefondan istifadə etməklə bağlı xəbərdarlıq da edəcək. Əlavə olaraq, sistemə avtobus və yük maşınlarında sürücülərin ətrafı tam şəkildə görməsini təmin edəcək proqram daxil ediləcək. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası bu tədbirlər nəticəsində 2038-ci ilədək ağır xəsarətlə nəticələnən 140 min qəzanın qarşısının alınacağını bildirib.

    Avropa Şurası və Avropa Parlamentinin yeni sistemi təsdiq etməsi prosesinin bir neçə ay davam edəcəyi qeyd olunur.

  • Bakıya 395 yeni avtobus gətirilib

    2018-ci ildə Bakıya 395 yeni avtobus gətirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, daşıyıcılar tərəfindən il ərzində ümumilikdə dövlət büdcə vəsaiti hesabına 300 və daşıyıcılar tərəfindən isə 95 yeni avtobus alınıb.

    Bundan əlavə 1 nəqliyyatın mübadilə mərkəzi və 1 yeni avtobus parkı istifadəyə verilib.

    İl ərzində daha 5 marşrut xətti nağdsız ödəniş sisteminə keçirilib və bununla da bu sistemlə işləyən marşrutların sayı 20-dən 25-ə qaldırılıb.

    Nağdsız ödəniş sistemi tətbiq edilən avtobusların sayı 503-ə çatdırılıb.