Category: Avto

  • Çindən iki “Changan Qiyuan” gətirən “Otoqallery” MMC cərimələndi

    “Otoqallery” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

    Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

    Məhkəmədə məlum olub ki, “Otoqallery” MMC Çindən gələn 2 ədəd 2025-ci il buraxılış “Changan Qiyuan” markalı nəqliyyat vasitəsi barəsində qısa idxal bəyannaməsi vaxtında verməyib. Məhkəmənin hökmü ilə MMC 1500 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə olunur.

    Xatıradaq ki, nizamnamə kapitalı 50100 AZN olan “Otoqallery” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Rəşidov Rəşad Aydın oğludur.

  • Dünyada elektromobillərə tələbatın artdığı bir vaxtda Azərbaycanda niyə azalıb? (Video)

    Dünyada elektromobillərin alışı artır, Azərbaycanda isə əksinə – hər keçən gün azalır.

    Median.Az “Xəzər TV”yə istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında Avropa İttifaqında yeni qeydiyyata alınan avtomobillərin 16.4 faizini elektrik mühərrikli avtomobillər təşkil edib. Bu rəqəm ötən ilin eyni dövründəki göstəricidən 13.2 faiz çoxdur. Amma Azərbaycanda göstəricilər azalma istiqamətindədir. Belə ki, ölkəmizə bu ilin 10 ayı ərzində 1 732 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50 faiz və 33.2 faiz azalma deməkdir.

    Avtomobil ustası Sahil Ağabəyli hesab edir ki, istehsalçıların vəd etdiyi kilometrajla real istifadə arasındakı fərq elektromobillərə marağı azaldan başlıca səbəblərdən biridir.

    Usta deyir ki, soyuq havada kilometraj ümumiyyətlə çox az olur.

    Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı isə bildirir ki, ölkəmizdə hazırda 3-5 min civarında elektromobil var. Ekspert əlavə edib ki, əgər həmin növ nəqliyyat üçün lazımi səviyyədə infrastruktur olsaydı, maraq azalmazdı.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • 30 mindən çox “Lada” geri çağırılacaq

    “AvtoVAZ” konserni 6 iyun – 26 noyabr 2025-ci il tarixləri arasında istehsal olunmuş “Lada Granta” avtomobillərinin müəyyən modifikasiyaları üzrə əlavə yoxlama keçirmək qərarı qəbul edib.

    Bu barədə məlumatı “Rosstandart” Mətbuat Xidməti yayıb.

    Məlumata görə, 33 450 ədəd “Lada Granta” modeli yoxlanacaq:

    “Aparılan kampaniya çərçivəsində servis mərkəzlərində onun bərkitmə elementinin zəifləmə risklərini aradan qaldırmaq məqsədilə avtomobilin funksional qovşaqlarından birinin diaqnostikası aparılacaq. Zərurət olduğu halda qovşaq dəyişdiriləcək”.

  • Gürcüstan üzərindən gətirilən avtomobillər bahalaşa bilər – Video

    Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti arta bilər.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi tərəfindən hazırlanmış qanun layihəsinə əsasən, bu ölkədə xarici vətəndaşların aldığı və ya təkrar ixrac etdiyi nəqliyyat vasitələri ilə bağlı rüsumların artırılması nəzərdə tutulur. Mövcud qaydalara əsasən, tranzit nömrə nişanı üçün rüsum 50 laridən 370 lariyə qaldırılacaq. Bu isə hazırkı məzənnə ilə 32 manat əvəzinə 233 manat təşkil edir.

    Bundan əlavə, avtomobillər üçün ekspertiza aktının hazırlanması üzrə ödəniş 100 laridən 180 lariyə yüksəldiləcək ki, bu da 63 manatdan 113 manata qədər artım deməkdir. Eyni zamanda, ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə tutulan rüsum 130 laridən 200 lariyə qaldırılacaq. Bu məbləğ təxminən 126 manata bərabərdir.

    Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Gürcüstan tərəfi bu addımı artan tələb fonunda atmağı planlaşdırır.

    ABŞ-dən gətirilən avtomobillərin böyük əksəriyyəti Poti limanı vasitəsilə qeyd olunan prosedurlardan keçir və rüsumların artırılması birbaşa alıcılara təsir göstərir. Bu halda, Gürcüstan yolu ilə Azərbaycana daxil olan avtomobillərin qiymətlərində də ciddi bahalaşma gözlənilir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

  • “Yaxşı sürücü qışda tanınar” – Yolda qalmaq istəməyənlər üçün vacib qaydalar

    Ölkədə keçən cari mövsümünə xarakterik olmayan hava şəraitindən sonra artıq bir neçə gündür payız-qış mövsümü özünü hiss etdirməyə başlayıb. Payız-qış mövsümünün gəlişi ilə isə hava şəraiti sürücülər üçün əlavə risklər yaradır. Soyuq, qar, buzlu və dumanlı hava şəraiti yalnız sürüş təhlükəsini artırmır, eyni zamanda avtomobilin texniki hazırlığının da vacib olduğunu aktuallaşdırır. Bu səbəbdən, yola çıxan hər bir sürücünün həm öz təhlükəsizliyini, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün müəyyən qaydalara riayət etməsi çox böyük əhəmiyyət kəsb edir.

    Qaynarinfo belə havalarda yola çıxan sürücülər ekspertlərin açıqladığı bir neçə əsas təhlükəsizlik qaydasını təqdim edir: 
     
    Maşında daha az istifadə edin

    Ekspertlər ilk olaraq vurğulayırlar ki, hava və yol şəraiti çətinləşdikdə ən təhlükəsiz davranış vacib olmadıqca maşından istifadə etməməkdir.

    Onlar bildirir ki, asfalt sürüşkən olduğu vəziyyətlərdə sürəti azaltmaq, ani sükan hərəkətləri, ani sürətlənmə və ani əyləc istifadə etmədən sabit bir sürüş təmin edin etmək lazımdır.  Xüsusi ilə yenicə avtomobil idarə etməyə başlayan sürücülər üçün hava və yol şəraiti çətinləşdikdə ən təhlükəsiz davranış avtomobil istifadə etməməkdir.
    Əgər işiniz səbəbilə avtomobil ilə çıxmaq məcburiyyəti yoxdursa, ən yaxşısı, belə havalarda ictimai nəqliyyatdan istifadə etməkdir.

    Qış təkərləri vacibdir

    Artıq mövsüm başlayarkən avtomobilinizin təkərlərini mövsümə uyğun dəyişmək lazımdır. Bəzi ölkələrdə bu hətta məcburi bir qaydadır. Qış təkərlərinin diş hündürlüyü minimum 4 mm olmalıdır. Qarlı havada yarana biləcək qəzanın qarşısını almaq üçün ən yaxşı vasitələrdən biri də təkər zəncirinin olmasıdır. Bu zəncirlər işlək vəziyyətdə olmalıdır. Qeyd edək ki, bütün qar zənciri növlərinin istehsalçılarına görə maksimum sürət adətən 30 mph (48,28 km/s) təşkil edir. Bu, qarla örtülmüş yollarda təhlükəsiz sürüş təmin edir. Sürət həddinə riayət etmək, zəncirlərin yol səthinə zərər verməsinin qarşısını da alır.
     
    Elektromobillərdə diqqət edilməli məqamlar

    Ekspertlər mövsümlə bağlı elektrikli avtomobil istifadəçilərinə də xəbərdarlıq edir.  Onlar bildirir ki, avtomobilin isitmə sistemini yoxlamaq çox vacibdir. Həmçinin tamamilə enerjisiz yolda qalmamaq üçün şarj stansiyalarının ünvanlarını əvvəldən müəyyən etmək lazımdır.
     
    Səhər saatlarına diqqət edin

    Nəqliyyat ekspertləri vurğulayır ki, xüsusi ilə səhər saatlarında asfaltın sürüşkən olduğu vaxtda təhlükənin qarşısının alınmasında ən yaxşı üsullardan biri sürət həddinin aşağı salınmasıdır. Unutmayın, sizin üçün çətin olan şərait, digər sürücülər üçün də çətindir deməkdir.  Asfaltın sürüşkən olduğu vaxtlarda sürətinizi azaldın, ani sükan hərəkətləri etməyin, ani sürətlənmə və ani əyləc etmədən sabit bir sürüş təmin edin. Özünüz üçün təhlükəsizlik məsafəsi saxlayın. Təhlükəsiz məsafə üçün sürətinizin yarısı metr hesabı çətin ola bilər, amma qanuni sürət limitlərində və quru, açıq havada 3–4 saniyə sayaraq önünüzdəki avtomobildən uzaqda olmalısınız. Yerin yaş, sürüşkən və ya bərbad olduğu, havanın dumanlı olduğu hallarda bu məsafə 6–8 saniyəyə qədər artırılmalıdır.
     
    Diqqət rula – kənar maneələrdən uzaq durun

    İstər qarlı havalarda, istərsə də digər günlərdə sürücülərin diqqətini dağıdan əsas maneələrdən biri mobil telefonlardan istifadədir.  Çünki telefonlardan istifadə zamanı ani diqqət yayğınlığı baş verir ki, bu da ölümlə nəticələnən qəzalara da səbəb ola bilir. 

    Unutmayın, avtomobilinizi qış mövsümünə hazırlamaq sizin və insanların həyatı üçün çox vacibdir.  Soyuq havalarda yola çıxarkən ilk olaraq avtomobilinizin təhlükəsiz sürüş üçün hazır olduğundan əmin olun. Yola çıxmazdan əvvəl avtomobilinizi diqqətlə yoxlayın.
     
    Bundan başqa, yola çıxarkən avtomobilinizin şüşə silənlərinin işlək olmasına və suya antifriz qatılmasına diqqət edin.. Qışda antifrizsiz su donar və sürücünü çətin vəziyyətə salır. Antifrizdən sonra ön və arxa şüşələri təmizləyin. Avtomobilin üstündə qalan qar sürüş zamanı ön şüşəni bağlaya bilər, bunu üçün uyğun vasitələrdən istifadə edin.”

    Avtomobilinizi yola çıxmağa hazırlamaq üçün ayıracağınız vaxt və xərclər qəza və ya yolda qalma zamanı çəkəcəyiniz vaxt və xərclərdən çox az olacaq. 

  • Elektromobil sürücüləri bu qaydalara əməl etsəniz, maşının ömrünü uzada bilərsiniz – ARAŞDIRMA

    Elektrikli nəqliyyat vasitələrində batareya həm ən bahalı, həm də ən həssas hissə hesab olunur. Bir sıra avtomobillər üçün bateryaların qiyməti 5-8 min manatdan başlayır.

    Avtosfer.az xəbər verir ki, mütəxəssislər batareyanın ömrünün əsasən şarj vərdişlərindən və istifadə tərzindən asılı olduğunu bildirirlər. Bir çox sürücü mobil telefonda olduğu kimi akkumulyatoru tam doldurub tam boşaltmağa üstünlük verir ki, bu da batareya tutumunun gözləniləndən daha tez azalmasına səbəb olur.

    Mütəxəssislərə görə, ən sağlam şarj intervalı 20–80% aralığıdır. Bu aralıq hüceyrələrin stabil işləməsinə və həddindən artıq qızmanın qarşısının alınmasına kömək edir. Bir çox istehsalçı da bu səbəbdən istifadəçilərə şarj limiti təyin etmək imkanı təqdim edir.

    Batareyanın daim 100%-ə qədər doldurulması hüceyrələrdə gərginliyi artırır və daxili quruluşa zərər verən çöküntülərin yaranmasına səbəb olur. Bu səbəbdən, tam şarj yalnız uzun yol və xüsusi ehtiyac yaranan hallarda tövsiyə olunur.

    Batareyanın tam boşalması da risklidir. Şarj səviyyəsi çox aşağı düşdükdə hüceyrələrdə zədələnmə ehtimalı artır və batareya daha az enerji saxlamağa başlayır. Mütəxəssislər şarja təxminən 20 faiz səviyyəsində başlamağın daha düzgün olduğunu bildirirlər.

    Batareyanın ömrünü qısaldan digər səhvlərə sürətli şarjdən həddindən artıq istifadə, çox isti və ya çox soyuq havada şarj etmək, eləcə də avtomobili tam dolu və ya tam boş batareya ilə uzun müddət park vəziyyətində saxlamaq daxildir.

    Elektrikli nəqliyyat vasitələrinin artması fonunda batareya sağlamlığı həm təhlükəsizlik, həm də xərc baxımından daha vacib məsələ kimi ön plana çıxır. Mütəxəssislər düzgün şarj vərdişlərinin batareyanın ömrünü əhəmiyyətli dərəcədə uzatdığını vurğulayırlar.

  • Heç kimin almadığı ən yaxşı 10 avtomobil – SİYAHI

    Avtomobil bazarında həmişə güclü rəqabət hökm sürüb. Çin istehsalçılarının meydana çıxması ilə isə seçim daha da genişlənib. Bu isə elə bir vəziyyət yaradıb ki, hətta məşhur brendlərin çox yaxşı modelləri belə tələb olunan marağı görmür.
    Valyuta.az xəbər verir ki,  “Topspeed” portalı açıq mənbələrdə mövcud olan satış məlumatlarını təhlil edərək, əslində alıcıların diqqətindən əsassız şəkildə kənarda qalan ən az satılan 10 avtomobilin siyahısını tərtib edib. Siyahı belədir:
    “Mini Hard-Top 2-Door”:  Bazarda kompakt şəhər avtomobillərinə tələbat olsa da, bu model öz alıcısını tapa bilməyib. Maşın əsasən darlığı və qeyri-praktikliyi səbəbindən tənqid olunur.
    “Jeep Compass”: Kompakt krossover seqmentində rəqabət çox böyükdür və müştərinin ehtiyacından asılı olaraq model üçün həmişə daha yaxşı alternativ tapmaq mümkündür.
    “Mercedes-Benz SL”:  “Mercedes”in model xəttində uzunömürlü modellərdən biridir. Lakin bu avtomobil, eləcə də brendin digər məhsulları bir problemə görə əziyyət çəkir – olduqca yüksək qiymət.
    “Nissan Versa Sedan”: Ən əsas texnologiyaları təklif edən yaxşı büdcə avtomobilidir. Amma bəzən bazis komplektasiya hamının ehtiyacına cavab vermir. Xüsusən də bir qədər əlavə ödəniş etməklə daha təkmil model əldə etmək mümkün olduğu halda.
    “Ford Mustang”: Son illərdə “Ford Mustang” satışlarında tənəzzül müşahidə olunur. Əsas səbəb qiymətdir.
    “Volvo XC90”: BMW və “Lexus” kimi rəqiblərin geniş reklam fonunda diqqətdən kənarda qalan premium seqmentin gizli incisi.
    “Audi A6”: Bu modelin əsas problemi bazarda ümumilikdə lüks sedanlara marağın azalmasıdır.
    “Audi A4”: Son illər modelin populyarlığının zəifləməsi etibarlılıqla bağlı problemlər və digər çətinliklərlə əlaqələndirilir. Bundan başqa, BMW və “Mercedes-Benz” kimi alman istehsalçılarının daimi uğuru da öz təsirini göstərib.
    “Maserati Grecale”: Şirkətin SUV bazarına çıxmaq cəhdi, görünür, bir qədər gecikmiş addımdır. Bu “pasta” çoxdan bölünüb və “Maserati” üçün artıq yer qalmayıb.
    “Jaguar F-PACE”: Bu avtomobildə, əslində, hər şey qaydasındadır. Alıcıların nədən onu bəyənmədiyi isə hələ də sirr olaraq qalır.

  • Azərbaycanda avtomobillərin bahalaşması gözlənilir

    Gələn ildən Azərbaycanın avtomobil bazarında vergilərin və aksizin tətbiqi ilə bağlı yeniliklər gözlənilir. Məlum olduğu kimi, hazırda qüvvədə olan qaydalara görə, hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər tətbiq olunur.

    Bu imtiyazlar hibrid və elektrikli avtomobillərin bazarda daha münasib qiymətlərlə satılmasına imkan verir. Yeni ildən etibarən bu güzəştlər qüvvədən düşəcək və hibrid də, elektriklə işləyən avtomobillər də digər nəqliyyat vasitələri ilə eyni vergi rejiminə daxil ediləcək. Bununla yanaşı, idxal zamanı həm gömrük rüsumu, həm də ƏDV tətbiqi bərpa olunacaq. Güzəştlərin ləğvi artıq geniş müzakirələrə yol açıb. İndi hamını düşündürən əsas sual budur ki, güzəştlər ləğv edildikdən sonra avtomobil bazarında vəziyyət necə dəyişəcək? İnsanlar yenidən ikinci əl avtomobillərəmi yönələcəklər?

    Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, bu dəyişikliklərdən sonra gələn ildən avtomobillərin qiymətlərində artım olduğu göz qabağındadır: “Hibrid avtomobillərlə bağlı hələ qərar təsdiqlənməmiş qiymətləri qaldırdılar. Hazırda əvvəlki qiymətlərlə müqayisədə avtomobillərin 2-3 min manat civarında bahalaşdığı hiss olunur. Avtomobil ticarətçiləri bu xəbərlər çıxana kimi ölkəyə 22 min manata gətirdikləri maşınları artıq 25 minə satırlar. Hətta qiymət artımı ikinci əl avtomobil bazarında da özünü göstərməkdədir. İşlənmiş avtomobillərin də qiyməti 1000-2000 manat civarında qalxıb. Elektrikli avtomobillərdə vəziyyət hələ ki əvvəlki kimi qalsa da, onların da bahalaşması qaçılmazdır. Nəzərə alaq ki, hələ 2026-cı il deyil və qiymətlər qalxıbsa, bu o deməkdir ki, gələcəyə doğru qiymətlər daha da artacaq. 2026-cı ildən sonra isə qiymətlərin kəskin bahalaşması gözlənilir”.

    A.Nəbiyevin fikrincə, indidən ikinci əl avtomobil bazarına meyillənmə mövcuddur: “İnsanların Çin maşınlarına bu qədər həvəs göstərməsinin səbəbi onların nisbətən ucuz olması idi. 30 min manata işlənmiş mexaniki avtomobili alırdısa, həmin qiymətə daha komfort Çin maşını sifariş etmək mümkün idi. Artıq bu avtomobillərin bazarı da formalaşdı. İkinci əl maşınlar da bazara çıxır. Hətta alıcıları da var. Düşünürəm ki, dəyişikliklərdən sonra ikinci əl bazarına tələbat daha da artacaq. Bir neçə aydan sonra qiymətlərdə xeyli fərq olacaq. Hətta yeni avtomobillərlə ikinci əl avtomobillərin satışı bir müddət bərabər səviyyədə olacaq”.

    Ekspert düşünür ki, qiymət artımından sonra ənənəvi avtomobillərin bazarı canlanacaq: “Hibrid avtomobillərin qiymətində yüksəlmə baş verdikdən sonra ənənəvi avtomobillərə də maraq arta bilər. Halbuki son vaxtlar insanların həmin avtomobillərə marağı ölmüşdü”.

    İqtisadçı-ekspert Asif İbrahimov da indidən bazarda avtomobil qiymətlərinin yüksəldiyini təsdiq edir: “Ölkəmizə sürətlə hibrid və elektromobil avtomobillər daxil oldu. Bu proses bütün dünyada gedir. Daha ucuz başa gəldiyi üçün insanlar bu avtomobillərə yönəldilər. Ölkəmizdə də həm qiymətlərinin ucuz olması, həm gətirilmə şərtlərinin asanlığı, ƏDV olmaması, rəsmi mağazalardan alarkən kredit şərtlərinin əlverişli olması bu bazarı canlandırdı. Lakin artıq yeni ildən bu avtomobillər üçün olan güzəştlər ləğv edilir. Güzəştlər hələ ləğv edilməyib, amma qiymətlərin dəyişdiyini müşahidə edə bilirik. İstehlakçılar artıq qiymətlərin 4-5 min civarında bahalaşdığını bildirirlər”.

    A.İbrahimovun sözlərinə görə, ümumi avtomobil bazarında qiymətlər kökündən formalaşacaq: “Hibrid və elektromobillər ölkəyə gətirildikdən bəri ənənəvi avtomobil bazarında qiymət enmələri müşahidə edildi. Düşünürəm ki, güzəştlərin ləğvindən sonra onların da qiymətində müəyyən dəyişiklik baş verəcək. Bahalaşma olacağı gözlənilir. Qiymətlərin bahalaşması ümumi avtomobil bazarına da öz təsirini göstərəcək”.

    İqtisadçının fikrincə, qiymətlər nə qədər bahalaşsa da, bu avtomobillərə olan tələb tamamilə azalmayacaq: “Amma düşünmürəm ki, güzəştlərin ləğvi bu avtomobillərin gətirilməsini tamamilə dayandırsın. Çünki istehlakçılar qiymətlər yüksəlsə də, komfort üçün bu avtomobilləri seçməyə davam edəcəklər. Alıcılıq azala bilər, amma tamamilə dayanması gözlənilmir. Bu avtomobillərlə bağlı kredit şərtlərində müəyyən dəyişikliklər ola bilər”. (“Kaspi” qəzeti)

  • “Tesla” strategiyasını dəyişir

    “Tesla” Hindistanda zəif satışlar fonunda strategiyasını dəyişir.

    “Tesla” Hindistanda satışların gözləniləndən aşağı olması fonunda ölkədə fəaliyyət strategiyasını yeniləyir. Şirkət Gurqraam şəhərində özünün ən böyük satış və xidmət mərkəzini açıb. Mərkəz şou-rum, şarj stansiyası və satış sonrası xidmətləri özündə birləşdirir.

    “Tesla” iyuldan bəri Hindistanda cəmi 100-dən bir qədər çox avtomobil sata bilib. İyul-sentyabr dövründə qəbul edilən 600-ə yaxın sifarişin çox az hissəsi real satışa çevrilib. Rəqiblər – BMW, BYD və Mercedes-Benz – isə eyni dövrdə daha yüksək satışlar əldə edib.

    Mənbələrə görə, “Tesla” ölkədə satışları artırmaq üçün üç istiqamətə fokuslanır:
    – daha çox şarj stansiyasının quraşdırılması,
    – EV ekosisteminin gücləndirilməsi,
    – müştəri təcrübəsinin yaxşılaşdırılması.

    Hindistanda yüksək vergilər və zəif infrastruktur elektrikli avtomobillərin yayılmasını ləngidir. “Tesla”nın Model Y avtomobili bahalı hesab olunsa da, şirkət dörd il ərzində yanacaq və servis xərclərinə görə 2 milyon rupi qənaət mümkünlüyünü vurğulayır.

    “Tesla” bu çətinlikləri qlobal satış zəifləməsi fonunda yaşayır. Şirkətin oktyabr açıqlamasına görə, rekord gəlirə baxmayaraq, xalis mənfəət 37% azalıb.

    Elon Musk hələlik Hindistanda yerli istehsal açmağa maraq göstərmir və idxal strategiyasını davam etdirir.

  • Ekspertlərin seçimi: Qış səyahətləri üçün ən yaxşı 5 elektromobil

    Elektromobilin qış səyahətləri üçün seçimi ən asan tapşırıq deyil. Soyuq hava şəraitində tam elektrikli modellərin mənzili əhəmiyyətli dərəcədə azalır və avtomobilin idarə edilməsi daha çətinləşir.

    BGR qış səyahətləri üçün ən yaxşı 5 elektromobili seçib. Ekspertlərin sözlərinə görə, bu modellər mürəkkəb istismar şəraitinin öhdəsindən gələ bilir.

    Audi e-tron

    Nəşrdə qeyd olunub ki, 2022-ci ildə “Audi” şirkəti öz elektrokrossoverinin sərt qış şəraitinin öhdəsindən gəlib-gələ bilməyəcəyini yoxlayıb. “Norveç qışının öhdəsindən gəlirik” adlı tədqiqatda avtomobil istehsalçısı 36 yaşlı yerli sakin Lizelott Lundanın “Audi e-tron 55 quattro” almasından danışıb. Qadın bölüşüb ki, bu model gecə görmə sistemi və tam “Audi Quattro” sükanı də daxil olmaqla bir çox faydalı funksiya təklif edir.

    Bundan əlavə, Lunde bildirib ki, “Audi e-tron 55 quattro” qış səyahətləri üçün kifayət qədər olan böyük mənzil təklif edir. “Audi”nin işçisi Pyer Voltman danışıb ki, bu elektrokrossover intellektual istilik tənzimləmə sisteminə malikdir ki, bu da salonu və batareya qabını lazımi temperatur rejimində saxlamağa imkan verir.

    Tesla Model X

    Həmçinin nəşrdə “Tesla Model X”ə diqqət yetirmək tövsiyə olunub. Jurnalistlər qeyd ediblər ki, bu model müasir texnologiyalar təklif edir və tam ötürmə sayəsində qarlı yollarda səyahət üçün uyğundur.

    Xatırladılıb ki, “Tesla Model X”də hava şassisi var ki, bu da yol klirensinin hündürlüyünü tənzimləməyə imkan verir. Bunun sayəsinde elektrokrossover dərin qarda və ya təmizlənməmiş qış yollarında sürüş üçün qalxa bilir.

    Bundan əlavə, “Tesla Model X”in böyük mənzili var. Nəşrdə qeyd olunub ki, sınaqlar zamanı model sıfırın altındakı temperaturda elan edilmiş mənzilin təxminən 89%-ni qoruyub saxlayıb.

    Hyundai Ioniq 5

    Nəşrdə deyilib ki, “Hyundai Ioniq 5” müəyyən edilmiş güc üçün cərəyanı azaldan, rezistiv itkiləri azaldan və soyuq şəraitdə doldurma səmərəliliyini yaxşılaşdıran 800 voltluq arxitektura malikdir. Təxminən -6,6 dərəcə Selsi temperaturunda keçirilən sınaqlar zamanı tam ötürməli Ioniq 5, 314 kilometr məsafə qət edə bilib.

    Nəşrdə xəbərdarlıq edilib ki, “Hyundai Ioniq 5″in soyuq havada doldurma sürəti əhəmiyyətli dərəcədə azala bilər. Lakin, batareya qabının optimal temperaturuna çatdıqdan sonra doldurma sürəti daha sürətli olur.

    Kia EV9

    Nəşrdə qeyd olunub ki, böyük elektrokrossover “Kia EV9” qışda səyahəti daha rahat edən qış paketi ilə təklif olunur. Bu model qış sınaqları zamanı batareyanın 80% doldurulma vəziyyətində 311 kilometr məsafə qət edib ki, bu da kifayət qədər yaxşı nəticədir.

    Bundan əlavə, “Kia EV9” batareya qabını optimal səviyyəyə qədər qızdırmaq sistemini əldə edib. Üstəlik, tam ötürmə sistimi sürüşkən yolda yaxşı sabitlik təmin edir.

    Polestar 2

    Nəşrdə təsdiq edilib ki, “Polestar 2” rəqibləri arasında qış şəraitində mənzili nə qədər yaxşı qoruyub saxlaması ilə fərqlənir. Kanada Avtomobil Assosiasiyası tərəfindən həyata keçirilən qış mənzili testinə görə, bu model ətraf mühitin -7 ilə -15 dərəcə Selsi arasında dəyişdiyi temperaturda elan edilmiş mənzilin cəmi 14%-ni itirib.

    “Polestar 2″nin idarəolma keyfiyyəti yüksək qiymətləndirilib. Bu model qışda belə əla sabitlik təmin edən tam ötürmə ilə təklif olunur.
    //valyuta.az