Category: Cəmiyyət

  • “İdrak” liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI

    “İdrak” liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI

    “İdrak” liseyində bir müddət əvvəl baş vermiş silahlı insident zamanı yaralanan müəllimə ilə bağlı yeni məlumat yayılıb.

    Median.Az Modern.az-a istinadla xəbər verir ki, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb.

    Silahlı insidenti törədən şagirdə gəlincə isə, iddialara görə, istintaq yekunlaşdıqdan sonra təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən onun Londona göndərilməsi planlaşdırılır.

    Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimənin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbdən də şagirdin azadlığa buraxılacağı gözlənilir.

    Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. “İdrak” liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllimə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimənin boyun nahiyəsindən 16 qırma çıxarıblar.

    Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

  • AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi

    AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi

    Xalq artisti, görkəmli sənətkar Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədr mövzusu gündəmə gəlib. Nizamnamənin tələblərinə əsasən qurultayın may ayında keçiriləcəyi bildirilib.


    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən rejissor-prodüsser Afaq Yusifli öz namizədinin Həmidə Ömərova olduğunu açıqlayıb.

    O bildirib ki, Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katiblərindən biri kimi fəaliyyət göstərir.

    Afaq Yusifli Həmidə Ömərovanın peşəkar keyfiyyətlərini yüksək qiymətləndirib:

    “Həmidə Ömərova həm Azərbaycan, həm də dünya kino tarixini və onun inkişaf istiqamətlərini dərindən bilir. H. Ömərova sədr seçiləcəyi təqdirdə, Azərbaycan kinosunun inkişafına, xüsusilə gənclərin bu sahəyə cəlb olunmasına və onlar üçün yeni imkanların yaradılmasına töhfə verə bilər”.


    A. Yusifli qeyd edib ki, H. Ömərova hazırda aktiv şəkildə serial və filmlərdə rol alır və bu səbəbdən mövcud kino bazarının vəziyyətindən yaxşı xəbərdardır. Onun fikrincə, bir çox tanınmış, təcrübəli aktyor və aktrisaların artıq kinoda aktiv olmaması onların sektordakı yeniliklərdən və beynəlxalq proseslərdən müəyyən qədər kənarda qalmasına səbəb olur.

    O əlavə edib ki, Həmidə Ömərovanın bu sahədə üstünlüklərindən biri də onun dəstəkləyici xarakterə malik olmasıdır. “Mən Azərbaycanda olduğum müddətdə dəfələrlə Həmidə xanımın gənclərlə, kinematoqrafçılarla səmimi münasibətini müşahidə etmişəm”, – deyə A. Yusifli vurğulayıb.

    Sonda A. Yusifli bildirib ki, Həmidə Ömərova ölkənin ən məşhur aktrisalarından biri olsa da, sadəliyi və müasir yanaşması ilə seçilir. H. Ömərova idarəetmədə köhnə sovet stereotiplərinə deyil, müasir dünya standartlarına üstünlük verir və qazandığı hörmət statusundan deyil, davranışı və fəaliyyəti ilə formalaşır.

    A. Yusifli hesab edir ki, Həmidə Ömərovanın sədr seçilməsi Azərbaycan kinosunda yeni mərhələnin başlanğıcı ola bilər. O, bunun həm də kino sahəsində qadınların rolunun güclənməsi baxımından əhəmiyyətli addım olacağını vurğulayıb və əlavə edib ki, belə bir seçim Azərbaycan Kinematoqrafçılar İttifaqı üçün yeni və müsbət dəyişikliklərə yol aça bilər.

    “Nəzərə alsaq ki, Azərbaycan kinosunun 127 illik tarixi var, bu müddət ərzində qadınlar daha çox aktrisa, qrimyor və ya geyim dizayneri kimi sahələrdə təmsil olunublar. Həmidə Ömərova kimi bir mötəbər şəxsiyyətin mötəbər quruma, Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi isə bu ənənəvi çərçivələrin dəyişməsi baxımından əhəmiyyətli addım olar.

    Hesab edirəm ki, onun seçilməsi bir ilk kimi qiymətləndirilə bilər. Belə nüfuzlu bir quruma Həmidə Ömərova kimi tanınmış və peşəkar bir qadının rəhbərlik etməsi, eyni zamanda kino sahəsində qadınların rolunun güclənməsinə dəstək verəcək.

    Bu baxımdan, mövcud stereotiplərin qırılması və yeni yanaşmaların formalaşması üçün belə bir seçimin vacib olduğunu düşünrəm”.

    Dəniz Pənahova
    Median.Az

  • Mollalar dini biznesə çevirib? – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA

    Mollalar dini biznesə çevirib? – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA

    Geniş yayılmış adətlərimizdən biri insan vəfat etdikdən sonra onun ruhu üçün “Quran” oxudulmasıdır. Mollalar bu məqsədlə “Quran” xətm etdiklərini bildirir və bunun qarşılığında 100–250 manat arasında ödəniş tələb olunur. Maddi imkanları məhdud olan bəzi insanlar belə, bunu özlərinə mənəvi məsuliyyət və borc hesab edərək bu xərci çəkməyə çalışırlar. Bu cür hallarda “Quran” xətmi üçün ödəniş tələb olunması nə dərəcədə doğru və əsaslıdır?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Quran insanlara düz yol göstərmək üçün nazil olub. Bu kitab oxunub əməl edilmək üçündür.
    Onun sözlərinə görə, Quran oxuyarkən əldə edilən savab, sədəqə verildiyi kimi mərhumun ruhuna hədiyyə edilə bilər. Lakin qəbristanlıqda Quran oxuma ənənəsi sonradan formalaşmışdır və bu, bidət hesab olunur.

    “Yəni bu, Peyğəmbərin (s) ənənəsinə aid deyil. O Həzrət heç kəsin məzarının üstündə Quran oxumamışdır. Qəbir üzərində əsasən dua etmək tövsiyə olunur; orada namaz qılmaq və Quran oxumaq isə olmaz. İstismarçı molla sinfi zamanla özlərinə asan qazanc yolu qondarmaq üçün belə ənənələri yaşadıblar. Üstəlik bundan pul da alırlar. Bu, dinlə alverdir, ticarətdir. Hələ də Quran, Yasin alveri edən ruhanilər var. Bunlar zəhmətsiz qazanc üçün əhalini aldadaraq ölü üçün Quran oxuyub vəsait alırlar. Əgər kimsə kiminsə ölüsünə dua edir yaxud Quran oxuyursa bu, təmənnasız olmalıdır. Müsəlmanın digər müsəlmanın boynunda olan haqqları var. Kim dua edib, Quran oxuyub pul alırsa bu, dini peşəyə, sənətə çevirmək olur. Amma din isə qazanc peşəsi üçün nazil olmayıb. Əslində isə ölüyə Quran oxutmaq lazım deyil, o eşitmir. Sədəqə vermək, kiməsə yaxşılıq edib niyyət etmək olar ki, onun savabı ölüyə getsin. Mollalar bunu adət salmayıb. Ona görə ki, kiminsə sədəqə verməsi onlara fayda verməz, amma Quran oxutsa onlara fayda verər, çünki pul alarlar. Yəni, ölü üçün davamlı savaba görə bir çox başqa əməllər var. Onları icra etmək daha münasibdir”.

    T.İrfan qeyd edib ki, imkanı olan bulaq tikib yol çəksin, sədəqə versin, yaxşılıq etsin, savabını ölmüş ata-babasına tapşırsın. Amma Quran xətm etmək kimi işləri də kim istəsə könüllü olaraq mərhum üçün təmənnasız edə bilər:

    “Yoxsa pulla Quran oxumaq kimi oxutmaq da günahdır. Bunu etdirənlər də günahkardır. Çünki dinin alverə çevrilməsində iştirakçı olmuş olurlar. Peyğəmbər dini təbliğ etdiyi, yaxud kiminsə ölüsünə dua etdiyi üçün heç kəsdən məvacib almayıb. Müsəlmanlara da onun özü kimi yaşamağı tövsiyyə edib. İnsanlar özləri, mollasız öz ölülərinin üstündə, məzarında yaxud istənilən yerdə dua edib rəhmət diləməlidir. Hamının ağzı da var, dili də. Quran oxuya bilən də özü oxusun, bilməyən də başqa xeyir işlər görüb onun savabını mərhuma hədiyyə etsin. İstismarçı ruhanilərə rüşvət vermək haramdır. Xüsusən əgər Quranı oxuyub pul alan kəs dini vəzifə daşıyırsa, ayda məvacib alırsa onun camaatdan aldığı pul rüşvət sayılır. Rüşvətxorun da duası əsla qəbul olmaz. Ümumiyyətlə, pulla Quran satan, Yasin alveri edən tacirin duasının qəbul olması da şübhəlidir. Ona görə ki, duanın qəbul olmasının qarşısını alan amillərdən biri də haram işləmək, günahkar olmaqdır. Quran, Yasin satıb Allahın dinini qazanc mənbəyinə çevirən kəs də günahkar və rüşvətxor olduğu üçün elələrinə müraciət etməyə gərək yoxdur. Özünü müsəlman hesab edən kəs bacardığı formada oxusun, dua etsin, sədəqə versin, molla, axund, ruhani sinfindən də uzaq olsun”.

  • Əlilliyi olanlara “yararlı” rəyi verilir? – RƏSMİ AÇIQLAMA

    Əlilliyi olanlara “yararlı” rəyi verilir? – RƏSMİ AÇIQLAMA

    Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə hərbi xidmətə yararlılığın müəyyən edilməsi ilə bağlı iddialar geniş rezonans doğurub. İddialara görə, bəzi hallarda fiziki məhdudiyyətləri olan şəxslərin sağlamlıq vəziyyəti obyektiv qiymətləndirilmədən “yararlı” kimi qeydə alınması suallar yaradır. Xüsusilə əlillik və funksional çatışmazlıqların – məsələn, ətrafların itirilməsi və ya deformasiya halları – düzgün qiymətləndirilib-qiymətləndirilmədiyi gündəmə gəlib. Məsələ cəmiyyətin həssas mövzularından biri olduğundan, bu istiqamətdə rəsmi qurumların mövqeyi və mövcud prosedurların şəffaflığı diqqət mərkəzindədir.

    Reabilitasiya Agentliyinin verdiyi qərarlarla hərbi tibbi komissiyaların qərarları arasında uyğunsuzluq yaranarsa, bu necə tənzimlənir?

    Vətəndaşlar qərardan narazı qaldıqda hansı instansiyaya və hansı qaydada şikayət edə bilərlər?

    Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Median.Az-ın suallarını cavablandırıb.

    Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanına əsasən 2024-cü ilin iyul ayından etibarən həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətlənləndirilməsi üzrə yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən aparılır.

    Pərviz Sədrəddinov əlavə edib ki, yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.

    “Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən Agentliyin “Vətəndaşların qəbulu” altsisteminə göndəriş (Forma 44) daxil edilir.

    Sonra göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir. Daha sonra növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir”, — P. Sədrəddinov qeyd edib.

    O, bildirib ki, daha sonra müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.
    Çağırışçı yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarla razılaşmadığı halda, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış “Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası”na ərizə ilə müraciət edə bilər”.

    Dəniz Pənahova
    Median.Az

  • Dövlət məktəblərində xarici dildə təhsil almaq üçün qəbul qaydası dəyişdi

    Dövlət məktəblərində xarici dildə təhsil almaq üçün qəbul qaydası dəyişdi

    Növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibə qaydası təsdiqlənib.

    Median.Az “Trend”ə istinadla xəbər verir ki, I sinfə qəbul üzrə müsahibələr ildə 1 (bir) dəfə olmaqla cari ilin may-iyun aylarında, II-XI siniflər üzrə müsahibələr 2 (iki) dəfə olmaqla cari ilin avqust və növbəti ilin yanvarında keçiriləcək.

    Müsahibələrin keçirilməsi ilə bağlı nazirlik və ya yerli bölmələrin rəsmi internet saytında və mediada müsahibələrin başlamasına azı 1 (bir) ay qalmış elan veriləcək. Müsahibə ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla, azı 20 dəqiqə müddətində keçiriləcək.

    Müsahibədə şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışma bacarığı, söz ehtiyatı, hərf və səsləri anlama və tələffüz etmə, danışma bacarığı, yazı bacarığı yoxlanılacaq.

    Müsahibədən 12 və daha çox bal toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

    Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində ərizəçinin elektron kabinetinə göndərilir. Ərizəçiyə kənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazə verilir. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda – bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (və ya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) I sinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçün müsahibələr cari ilin avqust ayında təşkil olunacaq.

    Qeyd edək ki, müsahibələr müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri tərəfindən həyata keçirilir.

  • Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ

    Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ

    I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 29 aprel saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq internet səhifəsinə (https://eservices.dim.gov.az/erizebak/cehd1/) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

    Bu barədə DİM məlumat yayıb.

    28 aprel saat 10:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 31 425, II ixtisas qrupu üzrə 25 867, III ixtisas qrupu üzrə 26 057, IV ixtisas qrupu üzrə 6 222 olmaqla, ümumilikdə isə 89 571 abituriyent qeydiyyatdan keçib.

    İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

    Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 24-də, I və IV qruplar üzrə isə iyunun 7-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-də keçiriləcək.

  • Ölkədə yağış və güclü külək davam edir – FAKTİKİ HAVA

    Ölkədə yağış və güclü külək davam edir – FAKTİKİ HAVA

    28 aprel saat 10:00-a olan məlumatına əsasən, ölkənin bəzi ərazilərində yağıntılı və küləkli hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 28, Goranboyda 23, Naftalanda 19, Şabranda 16 m/s-yə çatır.

    Düşən yağıntının miqdarı Şahbuzda 12, Qrızda 9, Xınalıqda 8, Ordubad, Tərtərdə 3, Göygöl, Şamaxı, Astara, Ağdam, Culfa, Naxçıvanda 2, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Quba, Qusar, Xaçmaz, Qəbələ, Oğuz, İsmayıllı, Şəki, Xaltan, Şabran, Bərdə, Yevlax, Göyçay, Mingəçevir, Kürdəmir, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

    Şuşa, Xankəndi, Qrız, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

  • Tikinti obyektlərində yoxlama – Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ

    Tikinti obyektlərində yoxlama – Müqaviləsiz işlədilməyə görə 2,5 milyonluq CƏRİMƏ

    Azərbaycanda son 9 ildə tikinti obyektlərində 1 677 nəfərin əmək müqaviləsi olmadan işlədiyi müəyyən edilib.

    Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi məlumat yayıb.

    Mərkəz fəaliyyətə başladığı tarixdən etibarən tikinti obyektlərində əmək münasibətlərinin vəziyyətinin araşdırılması məqsədilə 380 səyyar yoxlama həyata keçirib.

    Bu monitorinqlər çərçivəsində ümumilikdə 13 291 nəfər yoxlanılıb və onlardan 1 677 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi müəyyən olunub. Yoxlanılmış işçilərin 555 hüquqi və fiziki şəxsi təmsil etdiyi aşkar edilib.

    Monitorinqlər zamanı əmək və ya xidməti müqavilə olmadan 10 nəfərdən az işçinin cəlb olunması ilə bağlı 238 işəgötürən, 10 və daha çox işçinin cəlb olunması ilə bağlı isə 51 işəgötürən üzrə pozuntu halları qeydə alınıb. Aşkar edilmiş pozuntular üzrə ümumilikdə 2 milyon 526 min 700 manat məbləğində cərimə və maliyyə sanksiyaları tətbiq edilib.

    Qeyri-formal məşğulluqla mübarizə çərçivəsində həyata keçirilən yoxlama tədbirləri ilə yanaşı, əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqi məqsədilə geniş maarifləndirmə işləri də aparılır. Son 9 il ərzində Bakı şəhərində yerləşən 547-dən çox tikilməkdə olan çoxmənzilli yaşayış obyektində işçi və işəgötürənlərlə maarifləndirici görüşlər təşkil olunub. Görüşlər zamanı qeyri-formal məşğulluğun səbəbləri müzakirə edilib, həlli yolları təqdim olunub və metodiki tövsiyələr verilib.

    Kompleks yoxlama və maarifləndirmə tədbirləri nəticəsində Bakı şəhərinin tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm irəliləyiş əldə olunub. Təhlillər göstərir ki, ilkin dövrlə müqayisədə çoxmənzilli yaşayış binalarının inşasında qeyri-formal məşğulluğun səviyyəsi dörd dəfədən artıq azalıb. Görülmüş işlər işəgötürənlər və işçilər tərəfindən əmək qanunvericiliyinin tələblərinə daha yüksək səviyyədə riayət olunmasına şərait yaradıb və bu sahədə müsbət nəticələrlə müşayiət olunub.

    380 səyyar yoxlama tədbirinin nəticəsi olaraq yalnız monitorinq edilmiş işəgötürənlər üzrə ümumilikdə 357 040 əmək müqaviləsi imzalanıb.

    Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi bir daha bildirir ki, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda son imzalanma tarixindən müqavilə bağlanılmış yaxud ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. İşəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə ciddi riayət etmələri, işçilərə isə işə başlamazdan əvvəl əmək müqaviləsinin bağlanılmasını tələb etmələri tövsiyə olunur.

    Tikinti sektorunda səyyar monitorinqlər davam etdirilir.

  • Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək

    Keşlədə sökülən evə görə birdəfəlik maddi yardım veriləcək

    Bakı şəhəri Xətai rayonu Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.

    Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı”nda əksini tapıb.

    Sərəncama əsasən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmirbərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödəniləcək (bank xərcləri daxil olmaqla).

    Eyni zamanda Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə birdəfəlik maddi yardım ödəniləcək.

  • Paytaxtda diqqəti cəlb edən hasarlanmış ərazi: Yeni metro stansiyası tikilir? – Video

    Paytaxtda diqqəti cəlb edən hasarlanmış ərazi: Yeni metro stansiyası tikilir? – Video

    Şəhərin mərkəzində hasarlanmış metropoliten ərazisi diqqət çəkir. Ərazidə yaşayan sakinlər burada yeni stansiyanın tikiləcəyini iddia edirlər.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən qapalı ərazidən gedir.

    Araşdırma zamanı məlum olub ki, metronun “Nizami” stansiyasının yaxınlığında həqiqətən də yeni stansiya tikiləcək. Lakin bu, məhz sözügedən qapalı ərazidə deyil. “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, dövlət proqramı çərçivəsində “Nizami” stansiyasına yaxın ərazidə B5 stansiyası inşa olunacaq. Bu stansiya Mərkəzi Parkın altında yerləşəcək və oradan “Nizami” stansiyasına keçid təmin ediləcək.

    Qeyd olunub ki, hazırda “Nizami” stansiyasının yalnız bir çıxışı var və eskalatorların təmiri zamanı alternativ çıxış mövcud deyil. B5 stansiyasının tikintisi bu problemi də aradan qaldıracaq.

    Məlumata görə, 2030-cu ilədək bənövşəyi xətt üzrə “Nizami” stansiyasına paralel yerləşəcək B5 stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Bununla da stansiyaya əlavə keçid imkanı yaradılacaq.