Category: Cəmiyyət

  • Mənzil alarkən bu detalı bilməsəniz, ziyana düşəcəksiniz – Əmlak ekspertindən RƏY

    Mənzil alarkən bu detalı bilməsəniz, ziyana düşəcəksiniz – Əmlak ekspertindən RƏY

    Azərbaycanda mənzil sahəsinin hesablanması tez-tez alıcılar üçün problem yaradır. Bəzi hallarda müqavilədə göstərilən rəqəmlə “Çıxarış” və faktiki ölçü arasında fərq olur. Bu isə alıcıların narazılığına və etimadsızlığa səbəb olur. Mütəxəssislər hesab edirlər ki, sahə ölçüləri dəqiq və şəffaf şəkildə müəyyən edilməlidir. Bəs mənzil sahəsi necə hesablanmalıdır və hansı göstərici əsas götürülməlidir?

    Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Median.Az-a verdiyi açıqlamada bildirib ki, son bir neçə ildə vətəndaşlarla tikinti şirkətləri arasında mənzillərin sahəsinin hesablanması ilə bağlı müəyyən problemlər yaranmaqdadır.
    Onun sözlərinə görə, bu problemlər əsasən vətəndaşların bəzən bilmədən, bəzən isə bilərəkdən fərqli şərtlərlə mənzil almalarından qaynaqlanır. Yəni elə alıcılar var ki, müqavilə şərtlərini tam anlamadan razılaşır, digərləri isə mövcud fərqləri bilsələr də, buna şüurlu şəkildə razılıq verirlər.
    Ekspert qeyd edir ki, problemin kökündə tikinti şirkətləri ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən çıxarış (kupça) arasında yaranan sahə fərqi dayanır. Bu fərq əsasən ölçü metodologiyasındakı fərqlərdən irəli gəlir:
    “Belə ki, tikinti şirkətləri mənzili satarkən əksər hallarda sahəni xarici ölçülər üzrə hesablayırlar. Bu zaman mənzilin ümumi kvadratmetrinə yalnız yaşayış sahəsi deyil, həm də divar altları və hava boşluqları daxil edilir. Nəticədə müqavilədə göstərilən sahə real istifadə sahəsindən daha böyük görünür. Lakin çıxarış verilərkən yanaşma fərqli olur. Bu zaman yalnız mənzilin “net”, yəni faktiki istifadə olunan daxili sahəsi nəzərə alınır. Divar altları və hava boşluqları ümumi kvadrata daxil edilmir. Bu da avtomatik olaraq sahənin azalmasına səbəb olur.
    Digər mühüm məqam isə eyvanlarla bağlıdır. Tikinti şirkətləri bütün hallarda eyvan sahəsini də tam şəkildə mənzilin ümumi kvadratmetrinə daxil edirlər. Halbuki çıxarış hazırlanarkən eyvan sahəsi tam deyil, yalnız üçdə bir hissəsi nəzərə alınır. Məsələn, əgər eyvanın sahəsi 6 kvadratmetrdirsə, çıxarışda bunun cəmi 2 kvadratmetri qeyd olunur, qalan hissə isə hesaba alınmır”.
    A.Nəsirovun sözlərinə görə, bu kimi fərqlər müxtəlif amillərdən asılı olaraq dəyişə bilər:
    “Xüsusilə eyvanların sayı çox və sahəsi geniş olduqda, ümumi fərq daha da artır. Eyni zamanda, əgər mənzil ilkin satış zamanı “çöldən-çölə” prinsipi ilə hesablanıbsa, bu halda ümumi sahədə təxminən 14-15 faiz fərq yarana bilər.
    Məsələn, vətəndaş yeni tikilmiş binadan 100 kvadratmetr sahəsi olan mənzil aldığını düşünsə də, çıxarış əldə etdikdə bu sahənin təxminən 85-86 kvadratmetr olduğunu görə bilər. Yəni təxminən 14-15 kvadratmetr sahə divar altları və digər texniki amillərə görə çıxılır. Bu da alıcı üçün gözlənilməz vəziyyət yaradır və narazılıqlara səbəb olur”.
    Ekspert vətəndaşlara tövsiyə edir ki, mənzil alarkən müqavilə şərtlərinə diqqətlə yanaşsınlar, sahənin hansı üsulla hesablandığını əvvəlcədən dəqiqləşdirsinlər və mümkün riskləri nəzərə alsınlar.

  • Üzərinə spirt tökülərək yandırılan şagirdin son vəziyyəti: Həkim danışdı (Video)

    Üzərinə spirt tökülərək yandırılan şagirdin son vəziyyəti: Həkim danışdı (Video)

    İki gün öncə sinif yoldaşı tərəfindən üzərinə spirt tökülərək xəsarət yetirilən yeniyetmənin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

    Məktəblinin həkimi vəziyyəti ilə bağlı “Xəzər Xəbər”ə danışıb.

    Mərkəzin həkimi Ülviyyə Zeynalova qeyd edib ki, məktəblinin vəziyyəti ağır olsa da, huşu özündədir.

  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi

    Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi

    “Əhalinin böyük bir hissəsi ya qeyri-rəsmi işləyir, ya işsizdir, ya da gizli işsizlik vəziyyətindədir. Regionlarda 45 faizlik göstərici isə mütləq rəqəm kimi deyil, əmək müqavilələrinin ümumilikdə az olduğu bir sistem daxilindəki pay kimi qiymətləndirilməlidir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli Milli Məclisin deputatı Vüqar Bayramovun “əmək müqaviləsi ilə işləyənlərin 45 faizi regionlarda çalışır” fikrinə münasibət bildirərkən deyib.

    Ekspertin sözlərinə görə, məsələyə obyektiv yanaşmaq üçün bir neçə mühüm aspekt nəzərə alınmalıdır:

    “Rəqəmlərin özü tamamilə uydurma deyil, lakin onların seçilmiş və daha əlverişli kontekstdə təqdim edildiyi açıq görünür. Bu, klassik “texniki cəhətdən doğru, amma kontekstdən çıxarılmış” təqdimat üsuludur – göstəricilər mövcuddur, amma bütöv mənzərəni əks etdirmir. Vüqar Bayramovun açıqladığı rəqəmlər rəsmi statistikaya əsaslanır. Lakin bu rəqəmlərin kontekstdən kənar şərhi yanıltıcı ola bilər. Məsələn, 1 milyon 775 min əmək müqaviləsi ilə çalışan şəxsin ümumi əmək qabiliyyətli əhali (5 milyondan çox) fonunda payı kifayət qədər aşağı görünür”.

    Vüqar Bayramovun regionlarda yaşayan əhalinin illik gəlirlərinin 32 milyard manatdan çox olması ilə bağlı fikrinə də toxunan Akif Nəsirli bildirib ki, bu rəqəm adambaşına bölündükdə real mənzərə daha fərqli görünür:

    “Əgər regionlarda 3–4 milyon əhali yaşayırsa, bu məcmu gəlir adambaşına orta hesabla çox yüksək olmayan göstərici deməkdir. Üstəlik, bu gəlir bərabər bölünmür. İri müəssisələr və böyük sahibkarların qazancı ortalamanı süni şəkildə yüksəldə bilər”.

    İqtisadçı əlavə edib ki, Bakı ilə regionlar arasındakı fərqin azalması məsələsi uzun illərdir aktualdır:

    “Müstəqil iqtisadçıların və beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankı və Asiya İnkişaf Bankının hesabatları bu fərqin hələ də ciddi olduğunu göstərir. Bir sıra rayon mərkəzlərində infrastruktur, iş imkanları və gəlir səviyyəsi Bakı ilə müqayisədə xeyli geri qalır. Kəndlərdən isə ümumiyyətlə danışmağa belə ehtiyac yoxdur”.

    Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayının 1 milyon 775 min nəfər olduğunu bildirib. Onun sözlərinə görə, bu şəxslərin 792 min 737-si regionlarda fəaliyyət göstərir:

    “Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin 45 faizi regionlarda çalışır. Regionlarda yaşayan əhalinin illik gəlirləri isə 32 milyard manatdan çoxdur. Göründüyü kimi, iqtisadi siyasət regionların inkişafında dayanıqlılığı təmin edib və Bakı ilə bölgələr arasındakı fərqin mərhələli şəkildə azalmasına səbəb olub”.

  • Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi

    Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi

    Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri xadiməyə görə cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, bir müddət əvvəl Milli Oftalmologiya Mərkəzində M.N. adlı xadimə iş zamanı yıxılaraq burnu sınıb. Xəsarət alan xanımın təzyiqi də qalxıb.

    O, Təcili və Təxirəsalınmaz Tibbi Yardım vasitəsi ilə xəstəxanaya yerləşdirilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Milli Oftalmologiya Mərkəzinin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Milli Oftalmologiya Mərkəzinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməyiblər və bunun səbəbləri barədə məlumat verməyiblər.

    Məhkəmənin qərarı ilə Milli Oftalmologiya Mərkəzinin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2.000 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, 2006-cı ildən Mərkəzin direktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovdur.

  • Bu il Azərbaycanda dəyişdirilən adlar: Qanvoy, Ulçin, Cunaqız…

    Bu il Azərbaycanda dəyişdirilən adlar: Qanvoy, Ulçin, Cunaqız…

    Cari ilin ilk 3 ayı ərzində 261 nəfər adını dəyişdirib.

    Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, onlardan bir hissəsi yalnız adını, qalanlar isə adını və soyadını, eləcə də adını, soyadını və ata adını birlikdə dəyişdirib.

    “Qanvoy, Ulçin, Radə, Mamed, Nənəş, Kimyə, Cunaqız kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib”, – məlumatda qeyd olunub.

  • Azərbaycanda ən az və ən çox doğum qeydə alınan rayonlar (SİYAHI)

    Azərbaycanda ən az və ən çox doğum qeydə alınan rayonlar (SİYAHI)

    2025-ci ildə Azərbaycanda doğum əmsalının ən aşağı və ən yüksək olduğu rayonlar müəyyənləşib.

    Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkə üzrə ən aşağı göstərici Abşeron rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə düşən doğum əmsalı 5,4 (2 328) təşkil edib.

    Belə ki, siyahıda növbəti yerlərdə Bakı şəhərinin Nəsimi rayonu (5,5) və Ordubad rayonu (5,7) qərarlaşıb.

    Ən aşağı göstəricilər sırasında həmçinin Sumqayıt şəhəri (5,9) və Naxçıvan şəhəri (6,4) də yer alıb.

    Bundan əlavə, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Yardımlı (14,2), Qobustan (14,0), Cəlilabad (13,9), Kəlbəcər (12,9), Xocalı (12,8), Astara (12,6), Laçın və Biləsuvar (12,3), Şamaxı (12,0), Ağcabədi, Ağdam, Xocavənd və Lerik (11,7), Ağsu və Bərdə (11,6), Tovuz, Sabirabad və Salyan (11,5), Göygöl, Ucar və Yevlax (11,3), Füzuli, Quba və Zərdab (11,2), Daşkəsən və Kürdəmir (11,1), Goranboy və Ağstafa (11,0), Samux, Ağdaş və Qəbələ (10,6), Şabran və Saatlı (10,5), İsmayıllı, Siyəzən və Göyçay (10,4), Tərtər, Şəmkir, Xaçmaz, Beyləqan və Hacıqabul (10,3), İmişli və Qubadlı (10,1), Cəbrayıl (10,0), Qazax (9,9), Gədəbəy və Oğuz (9,8), Qax (9,7), Şuşa və Masallı (9,6) və Qusar (9,5) rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub. Digər inzibati ərazi vahidləri üzrə isə bu göstərici ölkə səviyyəsindən aşağı olub.

  • Bu yolda böyük çuxur yarandı – Avtomobilin təkəri və diski yararsız hala düşdü (Video)

    Bu yolda böyük çuxur yarandı – Avtomobilin təkəri və diski yararsız hala düşdü (Video)

    Paytaxt Bakı ərazisində yolda yaranan çuxur sürücülərdən birini ziyana salıb.

    Hadisə Hövsan yolunda baş verib. Belə ki, hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobil yolda yaranan böyük çuxura düşüb.

    Avtomobilin təkəri partlayıb, eyni zamanda diski zədələnib.

    Nəticədə sürücüyə xeyli maddi ziyan dəyib.

    Qeyd edək ki, aidiyyəti qurum tərəfindən çuxurun yaxınlığına heç bir xəbərdarlıq nişanı yerləşdirilməyib.
    //unikal.az

  • Sabah hava necə olacaq?

    Sabah hava necə olacaq?

    Aprelin 24-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

    Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

  • Bu il yol qəzalarında 140 nəfər həlak olub

    Bu il yol qəzalarında 140 nəfər həlak olub

    Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında baş verən avtoqəzalarda 140 nəfər həlak olub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, 2026-cı ilin yanvar-mart aylarında 252 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 319 nəfər zərər çəkib.

    Onlardan 140 nəfər həlak olub, 179 nəfər isə yaralanıb. Hadisələrin 42,9 faizi gecə, 37,7 faizi gündüz, 19,4 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 32,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

    Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib. Bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,6 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,7 faizini, yaralananların isə 71,5 faizini kişilər təşkil edib.

  • Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? – AÇIQLAMA

    Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? – AÇIQLAMA

    “Bəzən deyirlər paytaxt köçürülsün, amma biz paytaxtın köçürülməsini rasional hesab etmirik”.

    Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarklıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.

    O bildirib ki, paytaxtın köçürülməsi əvəzinə regionların inkişafı həyata keçirilməlidir: “İşğaldan azad edilmiş ərazilərimizə Böyük qayıdış regionların inkişafını tamamlayan böyük sənəddir. Eyni zamanda Naxçıvanda regional idarəetmə təkmilləşir, bələdiyyələr inkişaf edir”.

    Komitə sədri qeyd edib ki, iqtisadi rayonlaşma sahəsində yeniliklər həyata keçirilir: “İqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb ki, bu da regionların inkişaf etdirimləsi tədbirlərinin daha kompleks şəkildə inkişaf etdirilməsinə imkan verir”.