Category: Cəmiyyət

  • Bütün sosial ödənişlərin veriləcəyi gün AÇIQLANDI

    Bütün sosial ödənişlərin veriləcəyi gün AÇIQLANDI

    Azərbaycanda bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının aprelin 24-də ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məlumat yayıb.

    Bildirilib ki, qeyd edilən tarixdə respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq.

  • İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır

    İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır

    “27 aprel 2026-cı il tarixindən etibarən ölkə üzrə incəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin əyani imtahan mərhələsi başlanır. Qəbul prosesi müvafiq normativ qaydalara uyğun olaraq şəffaf və obyektiv meyarlar əsasında həyata keçirilir”.

    Bu açıqlamanı Mədəniyyət Nazirliyi yayıb.

    Bildirilib ki, imtahanlar musiqi, rəssamlıq və xoreoqrafiya istiqamətləri üzrə təşkil olunur və namizədlərin yaradıcılıq potensialının, estetik zövqünün, eləcə də ilkin peşə bacarıqlarının qiymətləndirilməsini nəzərdə tutur.

    Cari tədris ili üzrə 1-ci sinfə qəbul üçün elektron sistem vasitəsilə, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 14 733 müraciət qeydə alınıb. Namizədlərdən 12 954 nəfər musiqi, 1 210 nəfər rəssamlıq, 569 nəfər isə xoreoqrafiya istiqaməti üzrə imtahanlarda iştirak edəcək.

    İmtahan tarixləri, keçirilmə məkanları və digər zəruri məlumatlar valideynlər və namizədlərə qeydiyyat zamanı təqdim olunmuş elektron poçt ünvanları, SMS bildirişləri, eləcə də “MyCulture” vahid şəxsi kabineti vasitəsilə çatdırılıb.

    Qeyd edək ki, incəsənət məktəblərinə qəbul uşaqların erkən yaşlardan yaradıcılıq potensialının üzə çıxarılması, onların peşəkar istiqamətləndirilməsi və milli mədəni mühitin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

  • Bakıda bəzi təhsil müəssisələri BAĞLANIR, bəziləri DİSTANT TƏHSİLƏ KEÇİR

    Bakıda bəzi təhsil müəssisələri BAĞLANIR, bəziləri DİSTANT TƏHSİLƏ KEÇİR

    Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.

    Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

    Əmrə əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.

    Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.

    Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.

  • Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH

    Azərbaycanda kimlərə ömürlük həbs verilmir? – Hakimdən cəzalara dair İZAH

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.

    Ali Məhkəmədən Oxu.Az-a verilən məlumata görə, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev izah verib.

    Hakimin sözlərinə görə, cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır olmaqla təsnif edilir. O bildirib ki, qəsdən adam öldürmə cinayətləri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və bu əməllərə görə nəzərdə tutulan cəzalar kifayət qədər sərtdir.

    Qeyd olunub ki, qəsdən adam öldürmə hallarında yalnız azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Belə ki, sadə adam öldürmə (yəni qanunda göstərilən heç bir ağırlaşdırıcı və ya yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə – red.) cinayətlərinə görə cəza 9 ildən 14 ilədək müddəti əhatə edir. Əgər cinayət tamah və ya xuliqanlıq niyyəti ilə törədilərsə, bu halda 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.

    Nahid Mirzəyev əlavə edib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilik daha humanist yanaşmanı nəzərdə tutur. Belə ki, 14 yaşdan 18 yaşadək şəxslər qəsdən adam öldürmə cinayəti törətdikdə, cinayətin ağırlığından asılı olmayaraq, onlara maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

    Hakim həmçinin vurğulayıb ki, ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən kateqoriyadan olan şəxslərə tətbiq edilmir. Bunlara yetkinlik yaşına çatmayanlar, qadınlar və barəsində məhkəmə hökmü çıxarılanadək 65 yaşı tamam olmuş şəxslər daxildir.

    Məlumata görə, qəsdən adam öldürməyə görə məhkum olunan şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Əgər şəxs əvvəllər də cinayət törədibsə və residiv halları mövcuddursa, cəza xüsusi rejimli müəssisədə icra oluna bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslər isə cəzalarını həbsxanada çəkirlər.

  • Kür çayı daha bir rayonda BƏNDİ UÇURTDU

    Kür çayı daha bir rayonda BƏNDİ UÇURTDU

    Ağcabədi rayonunda Kür çayı bəndi yarıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Kür çayının rayonun Nəcəfqulubəyli kəndi ərazisindən Qarqarçayla qovuşduğu yerdə qeydə alınıb.

    Buna səbəb bir neçə gündür yağan aramsız yağışlardan sonra Kür çayında suyun səviyyəsinin artması olub.

    Məlumata görə, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib.

    Hazırda ərazidə vəziyyət nəzarətə götürülüb.

    Xatırladaq ki, iki gün əvvəl Kür çayının Zərdab rayonundan keçən hissəsində daşqın baş verib.

  • Laçın kanat yolunun inşası nə vaxt tamamlanacaq? – Video

    Laçın kanat yolunun inşası nə vaxt tamamlanacaq? – Video

    Laçın kanat yolunun inşası 2026-cı ilin sonunadək tamamlanacaq.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Belə ki, Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam edir.

    Layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

    Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

  • Qəbələdə 463 abonentin qazı kəsiləcək

    Qəbələdə 463 abonentin qazı kəsiləcək

    Sabah, aprelin 24-də saat 10:00-dan etibarən Qəbələdə 463 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsinin (RQİİ) məlumat yayıb.

    Bildirilib ki, buna səbəb Qəbələ şəhəri, 20 Yanvar küçəsində Eldar Telman oğlu Əhlimanlıya məxsus torpaq sahəsinin qarşısından keçən diametri 108 millimetr olan qaz xəttinin yerinin dəyişdirilməsidir.

    Qeyd olunub ki, təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa ediləcək.

  • Daşınmaz əmlak üçün sığorta məbləğləri dəyişir? – VİDEO

    Daşınmaz əmlak üçün sığorta məbləğləri dəyişir? – VİDEO

    Sığorta şirkətlərinin yaşayış sahələrində baş verən hadisələrə görə etdiyi ödənişlər gündəmdədir. Hazırda sığorta məbləği Bakıda yerləşən əmlak üçün 25 min manatadək, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manatadək, digər ərazilərdə isə 15 min manatadək müəyyənləşdirilib.

    Bu barədə Baku TV-nin videomaterialında deyilir.

    Gözlənilir ki, yeni mexanizm əsasında sığorta məbləğləri yenidən hesablanacaq. Bu zaman hadisə üzrə ödəniş edilərkən daşınmaz əmlakın yerləşdiyi ərazi, sahəsi və bazar dəyəri nəzərə alınacaq.

    İqtisadçı Xalid Kərimli bildirib ki, hazırda yaşayış sahələri üzrə daşınmaz əmlakın icbari sığortası bazar prinsipləri əsasında həyata keçirilmir:

    “Hazırkı icbari sığorta sistemində bazar elementləri yoxdur. Daşınmaz əmlakın yerləşdiyi yer, sahəsi və qiyməti kimi amillər nəzərə alınmır. Həm sığorta haqqı, həm də ödəniş məbləğinin yuxarı həddi vahid qaydada, standart şəkildə müəyyən edilir”.

    Maraqlıdır ki, hadisələrə görə ödənişlərin artırılacağı gözlənilsə də, sığorta haqlarında dəyişiklik nəzərdə tutulmur.

    Qeyd edək ki, yaşayış sahələri üzrə daşınmaz əmlakın icbari sığorta haqqı Bakıda 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər şəhər və bölgələrdə isə 30 manat təşkil edir.

  • Azərbaycanda məktəblərdə KÜTLƏVİ YOXLAMALARA başlanıldı

    Azərbaycanda məktəblərdə KÜTLƏVİ YOXLAMALARA başlanıldı

    Azərbaycanın bir neçə rayonunun məktəblərində yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara start verilib.

    Median.Az “Trend”ə istinadla xəbər verir ki, yoxlamalar, əsasən, Abşeron rayonu, Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəblərdə şagirdlərin çantalarını və üzərilərində olan əşyaları yoxlayaraq qadağan olunmuş predmetlərin olub-olmamasını araşdırırlar. Bu predmetlərə kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəli vasitələr daxildir.

    Son günlər müəllimlər valideynlərə müraciət edərək uşaqların məktəbə getməzdən əvvəl çantalarının yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu tədbirlər məktəblərdə son vaxtlar baş verən insidentlərin artması ilə əlaqədardır.

    Gözlənilməz yoxlamalar çərçivəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxil olaraq şagirdlər üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalar aşkar edilən şagirdlər əlavə söhbət üçün ayrılır, hadisə ilə bağlı məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.

    Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli orta məktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

  • Tibbi-meteoroloji proqnoz açıqlandı

    Tibbi-meteoroloji proqnoz açıqlanıb.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Məlumatda qeyd edilib ki, aprelin 23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.